Ulu Öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirmək strategiyası
Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə ikinci gəlişilə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başlandı. M.Məmmədov yazır ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra III Respublikanın hakimiyyət maşını yeni tarixi keyfiyyət kəsb etdi: o, real xalq hakimiyyətinin təcəssümünə çevrildi. Heydər Əliyevin islahatları və siyasəti sayəsində Azərbaycanda nəinki "bərabər şərait", həmçinin, "bərabər imkanlar" da bərqərar olmağa başladı. Prezidentimizin sosial-iqtisadi siyasəti millətin ən çox təminatlı təbəqələri ilə ən az təminatlı təbəqələri arasında fərqin azaldılmasına yönəldilmişdir.
Bunun nəticəsində ilbəil elə vəziyyət yaranır ki, formalaşmış iyerarxiyanın zirvəsi hökmən, bilik və asayişin, xeyirxahlıq və ədalətin zirvəsi kimi qiymətləndiriləcəkdir. Hakimiyyət barədə bu təsəvvür Azərbaycan tarixinin baza əhəmiyyətli belə bir ideyasına əsaslanır ki, yalnız vətəndaşların hüquq və vəzifələrinin vəhdətini ifadə edən dövlət sosial asayişin və tərəqqinin qarantı ola bilər. Bu, xalqın mənəvi instinktinin təcəssümüdür, dövlətçilik və ləyaqətli liderlik ideyası ilə bağlı olan familistik münasibətlərin sevgi, dostluq, başqalarının halına acımaq, sədaqət hisslərinin təcəssümüdür va nəhayət, bu, xalqın səfərbər edilməsi sahəsində toplanmış tarixi təcrübədir. Bu səfərbərlik dövlət yaradan xalqın enerji və iradəsini milli, üzvi, yəni xalqın mentalitetinə adekvat olan, tarixi köklərə güvənən Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən ifadə edilmiş məsələlərin həlli üzərində cəmləşdirir.
Müasir tədqiqatların prinsiplərinə müvafiq olaraq, tarixi-siyasi təhlil aparmaq üçün cəmiyyətdə mövcud olan və həmin cəmiyyətin doğurduğu müəyyən "cəmiyyət modeli" və "insan modeli" olmalıdır. Zəmanəmizin dramatik özünəməxsusluğu bizim özümüzü bir millət kimi fəal dərk etməyimizin zəruri olduğunu diktə edir. Bu özünüdərk ideyası milli tariximizin köklərindən başlanır və buna görə də, o, məhsuldar ideyadır. Bizim milli şüurumuz ideal halda daxili intizama malik, mütəşəkkil, milli iradəmizin təməlindən irəli gələn bir dəyər kimi təsəvvür edilir.
Akademik Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik idarəçiliyi strategiyasından bəhs edərək, yazır ki, cəmiyyət çoxdan can atdığı müstəqilliyi əldə etmişdi, lakin müstəqillik suveren inkişafın başqa amillərinin yaranmasına səbəb olmuşdu. Hakimiyyətin prosesləri idarə etməli olduğu dövlət idarəçiliyinin səmərəli sistemini yaratmaq, yaxud qondarma "demokratikləşmənin" özünün cəmiyyət daxilində qarşılıqlı münasibətlərin qaydasını müəyyən etməsi üçün hər şeyi başlı-başına buraxmaq variantları arasında seçim etmək lazım gəlirdi. Bəzi dövlətlərin təcrübəsi göstərir ki. bu cür kor-koranə "demokratikləşmə" son nəticədə çox baha başa gəlir. Müstəqil dövlətçiliyin təşəkkülü dövrlərində mərkəzləşmiş və güclü hakimiyyətin olmaması mərkəzdənqaçan qüvvələrin fəallaşmasına şərait yaradır, bunun da nəticəsində hakimiyyətin nüfuzu və dövlətin imici itirilir. Məhz buna görə də, ötən əsrin 90-cı illərində Heydər Əliyevin dövründə ölkənin ali idarəedici təbəqəsi olan elita bütünlüklə dövlət hakimiyyətinin bərpa olunmasına, dövlətə zidd silahlı qruplaşmalara, hakimiyyətsizlik, anarxiya və özbaşınalıq dövrünün mənfi nəticələrinə qarşı mübarizəyə səfərbər edilmişdi.
Azərbaycanda hakim elita başa düşürdü ki, ölkədə bir neçə il davam etmiş anarxiya və nifaq dövründən sonra inkişaf vektorunu birdən-birə və əsaslı şəkildə dəyişmək, bütün siyasətçləri tez bir vaxtda başqaları ilə əvəz etmək çox çətin məsələdir. Yeni təfəkkürlü, qabiliyyətli və peşəkar kadrların idarəetmə sisteminə mərhələlərlə cəlb edilməsi ilə məşğul olmaq lazım idi. Buna görə də, tələsməmək, əvvəlki iqtidarın vəzifəyə təyin etdiyi bir sıra şəxslərə "möhlət vermək" və onların, əslində, kim olduğunu cəmiyyətə göstərmək üçün tələsmədən hərəkət etmək lazım gəlirdi. Elitanın bütün qrupları hiss etmirdi ki, vətəndaşların səbri tükənməz deyil və bu şəraitdə cəmiyyət həmin qruplar arasında gedən "tayfalararası dava" kimi problemli bir dövrdən keçməli idi.
Heydər Əliyevlə tez-tez bu və ya digər kadr təyinatının mümkünlüyünü müzakirə edərkən, Onun kadr seçiminə nə qədər diqqətlə yanaşmasını, onların imkanlarını həvalə olunan məsuliyyətlə müqayisə etməsini dəfələrlə görmüşəm. Bütün bunlar dövlətçiliyin formalaşmasının başlanğıc mərhələsində vəzifəyə yeni təyin olunanların səmərəli işlərini təşkil etməyə və eyni zamanda, kadr ehtiyatı perspektivləri barədə düşünməyə imkan verirdi. Lakin sirr deyil ki, kadrların heç də hamısı hakimiyyət sınağından uğurla çıxmır, tələblərə cavab vermir və qarşılarına qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirə bilmirdi. Əgər açıq danışsaq, bu və ya digər vəzifəni tutarkən öz işində kobud nöqsanlara və səhvlərə yol verənlərin adları cəmiyyətə məlumdur. İnsan materialı mürəkkəb substansiyadır və təəssüf ki, onu dərhal və bütünlüklə tanımaq asan deyildir.
Heydər Əliyevin dövründə siyasi elitanın təkamülü kadrlarda dövlətçilik təfəkkürünün gücləndirilməsi meylli ilə səciyyələnirdi, eyni zamanda, onun məqsədi bütün cəmiyyətin konsolidasiyasına nail olmaq idi. Təsirli dövlət hakimiyyəti sistemi qurmaq üçün əvvəlcə idarəetmə mexanizminin təməlini qoymaq, qarşıdakı islahatların və dəyişikliklərin institusional bazisini yaratmaq, cəmiyyətin inkişafının stukturunu formalaşdırmaq tələb olunurdu. Başqa sözlə desək, Prezidentin təyin etdiyi rəhbərlərin siyasi uzunömürlülüyü, onun komandasının səmərəliliyi qarşıda duran vəzifələri düzgün təyin etmək və komanda seçmək bacarığından asılı idi. Dövlətçiliyin möhkəmləndirilməsinin artıq növbəti mərhələsində obyektiv surətdə kadr təyinatlarının keyfiyyətinə olan tələblər daha yüksək idi.
M.Məmmədov Ulu Öndərin dövlətçilik strategiyası haqqında yazır ki, bu dövr təkcə dövlətçilərin hakimiyyətinin möhkəmlənməsi və hüquqi, demokratik dövlətin və vətəndaş cəmiyyətinin qurulması dövrü deyildi... Prezidentin seçdiyi yolun konseptual zənginliyi Onun bütün çıxışlarında nəzərə çarpır. Onun hərəkətlərinin məntiqi, xalqın qarşısında ən mühüm mövzularda çıxışlarının xarakteri bu fəaliyyət xəttini: "Heydər Əliyev layihəsi" adlandırmağa əsas verir. Millətin rəhbərinin həyat təcrübəsini və "miqyasını" dərindən dərk etməyə qadir olan görkəmli şəxsiyyətlər bu fikri təsdiq edir. "Heydər Əliyev - siyasi cəhətdən əzmkar, məntiqi təfəkkürə malik intellektual şəxsiyyət olub, öz fikrini dinləyiciyə qısa müddətdə çatdırmağı bacarır, bir sözlə, O, şəksiz liderdir" (Z.Bjezinski). "Heydər Əliyev - bizim dövrün yetişdirdiyi unikal dövlət xadimlərindən biridir, Heydər Əliyev özünün mühüm hadisələrlə zəngin olan bütün həyatı boyu daim öz xalqı haqqında, öz Vətəni haqqında düşünmüş, Azərbaycanın müstəqiliyinin möhkəmlənməsi və öz xalqının səadəti naminə çalışmışdı. Azərbaycandan ötrü ən çətin vaxtlarda Heydər Əliyev Vətəni xilas etmək üçün misilsiz fədakarlıq göstərmişdir. O, ölkəni bir sıra bəlalardan xilas etmiş dövlət başçısıdır" (İ.Doğramacı).
Heydər Əliyev nadir zəkaya və xarakterə malik dövlət xadimidir. Bu keyfiyyətlər praktikadan irəli gəlmiş və onunla şərtlənmişdir, yəni onlar xalis akademik xarakter daşımır. O, əsil dövlət adamıdır və dövlət adamı olmaqla, sözlərində və hərəkətlərində çox konkretdir. Heydər Əliyevin şəxsiyyətində ümumbəşəri dəyərlər Azərbaycan tarixinin son 200 ili ərzində bu millətin görkəmli övladlarının bir neçə nəsli tərəfindon işlənib hazırlanmış Azərbaycan maarifçilik idealları ilə qaynayıb-qarışmışdır.
Biz Heydər Əliyevin tərcümeyi-halını yazmaq niyyətində deyilik. Lakin istənilən siyasi araşdırmada dahi şəxsiyyətin bioqrafiyası və tarix problemlərinə, eləcə də, konkret sosial struktur çərçivəsində bioqrafiyalarla tarixin kəsişməsi məqamlarına toxunmaq zəruridir. Bioqrafiya, tarix, siyasət və cəmiyyət - moderləşdirmə problemlərinin öyrənilməsində başlanğıc nöqtələrdir.
İndiki halda bizi həqiqi milli dövlətin formalaşma mənbələri, Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlı olan hadisələr maraqlandırır. Milli dövlətçilik konsepsiyasının yaradılmasına, müstəqil Azərbaycanın formalaşmasına və deməli, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına Heydər Əliyevin töhfələrinin öyrənilməsi mənəvi əhəmiyyət kəsb edən məsələdir. İlk növbədə, Azərbaycan dövlətinin möhkəmlənməsini nəzərdə tutan milli marağın dərin mənasını aydın təsəvvür etsək, bu barədə başqa fikir ola bilməz. Milli dirçəliş ideyaları Heydər Əliyevin əsərlərində və çıxışlarında sistemli şəkildə açıqlanır. Bu ideyalar onun sözləri ilə ifadə edildikdə daha asanlıqla dərk edilir. Azərbaycan mənəviyyatı zəminində kök salmış müasir üzvi, milli dövrlərin tarixi 1993-cü ilin iyun ayından başlanır. Məhz həmin vaxtdan etibarən xaos və vesternləşmə proseslərinin entropiyası zəifləməkdədir. "Yalnız 1993-cü ilin yayında Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Vətəndaş müharibəsinin qarşısı alındı" (İlham Əliyev).
1993-cü ilin yay-payız aylarında Heydər Əliyev özünün bir sıra çıxışlarında Azərbaycan dövlətinin, onun siyasi quruluşunun islahatı ilə bağlı vəzifələrin konturunu cızmışdır. Bu islahatların məzmununu nəzərdən keçirsək, həmin vəzifələri siyasi modernləşmə vəzifələri adlandıra bilərik. Buraya icra hakimiyyəti, qanunverici və məhkəmə hakimiyyəti təsisatlarının fəliyyətinin intensivləşdirilməsi, əhalinin vətəndaş fəallığının artması, hakimiyyətin demokratikləşməsi, yəni hakimiyyətin müyəssərliyi, açıqlığı və şəffaflığı, dövlətin və cəmiyyətin ümumi vəzifələri barədə mənəvi konsensusun yaranması vəzifələri aiddir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 28 dekabr.-
S.14.