MİLLİ HƏMRƏYLİK VƏ BİRLİK GÜNÜ

    (Əvvəli ötən sayımızda)

   

    Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli Liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan etdi. Beləliklə, hər il bütün azərbaycanlılar üçün əziz olan 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

    Belə bir tarixi günlə bağlı "Səs" qəzetində dəyirmi masa təşkil olundu. Tədbirdə millət vəkilləri Asəf Hacıyev, Musa Qasımlı, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru İbadulla Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat-informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm, siyasi elmlər doktoru, ETM "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, Güney Azərbaycan Türklərinin Müdafiə Hərəkatının sədri Hüseyn Türkelli iştirak edirdilər.

    Tədbiri giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq, artıq neçə illərdir ki, redaksiyamızda reallaşan və  ənənəvi xarakter alan dəyirmi masanın növbəti mövzusunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunduğunu bildirdi:  "Biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsindəyik. Ümummilli Lider Heydər Əliyevin 21 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bir bayramıdır. Xalqımızın birlik və mütəşəkkiliyini, milli təəssübkeşlik və vətənə sədaqət rəmzini ifadə edən bu bayrama hər kəsin münasibətini bilmək maraqlı olardı.  Bugünkü dəyirmi masada iştirak edən tarixçilər, politoloqlar və siyasətçilər tərəfindən məhz bu günə gedən yolun dəyərli məqamlarına nəzər salaraq, diqqəti Azərbaycanın tarixindəki roluna yönəltmək istərdik".

   

    "SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

 

    - Cümşüd müəllim, siz tədqiqatçı bir alim kimi, eyni zamanda, o vaxtın siyasi elitasında rolu olan bir şəxs kimi o illəri, həmrəyliyə gedən yolu necə təhlil edərdiniz?

   

    CÜMŞÜD NURYİEV:

   

    - 1988-ci il hadisələrindən sonra Azərbaycanda siyasi-ictimai həyatda dağınıqlıq mövcud idi. Siyasi dağınıqlıqları aradan qaldırmaq lazım idi. Meydan hərəkatı qurtardıqdan sonra, meydanda olan insanlar bir-birlərini özlərinə düşmən hesab edirdilər. İkincisi, Azərbaycanda separatizm baş qaldırmışdı və millətçilik müstəqil dövlət üçün təhlükəyə çevrilmək üzrə idi. Azərbaycanda milli separatçılıq başlamışdı. Bildiyiniz kimi, erməni separatçılığından sonra, Avarıstan, Ləzgistan və digər məsələlər də gündəmə gəlirdi, eyni zamanda, Azərbaycanın daxilində də parçalanma gedirdi. Belə bir zamanda, insanları birləşdirmək üçün ideyanın mövcudluğu labüd idi. Ulu Öndərin uzaqgörənliyi bu qarşıdurmaların dayandırılmasında böyük rol oynadı. Ulu Öndər Heydər Əliyev 1991-ci il 16 dekabr tarixində Naxçıvan parlamentində qəbul etdiyi qərarı əhəmiyyətli rol oynadı. 1993-cü ilin dekabr ayında Ümummilli Lider 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Qeyd edim ki, bu gün rəmzi məna da daşıyır. Həmin gün dünyanın xristian ölkələri mövludu qarşılamaqla məşğuldur. Ulu Öndər Heydər Əliyev həm də bunu islam ölkələrinin hesabatı kimi gündəmə gətirdi. Azərbaycan həmin gün ötən ilə hesabat verir, həm də gələn il üçün özünün strateji planlarının proqramlarını tərtib edir. Bir məsələni də qeyd edim ki, həmrəyliyin vətəndaş cəmiyyətinin formalaşmasında çox böyük rolu var. Avropada vətəndaş cəmiyyətinin formalaşmasında məhz vətəndaş sülhü və vətəndaş həmrəyliyinin rolu var. Azərbaycanda vətəndaş həmrəyliyi o illərdə yox idi. 20 il bundan əvvəl, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 3-4 dünya dövlətində qeyd olunurdusa, bu gün artıq dünyanın 5 qitəsinin 100-ə yaxın dövlətində qeyd edilir. Bu, çox böyük bir göstəricidir. Dünya azərbaycanlılarının diasporası artıq Azərbaycan dövlətinin və millətinin maraqlarına xidmət edir. Azərbaycanın artıq iqtisadi gücü, inkişafı dünya dövlətlərində diaspor quruculuğunu sürətləndirdi. 

                                

    "SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

        

    - Vüqar müəllim, milli səviyyədə keçirilən bu bayram Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı vahid halda birləşdirmək məharətini bir daha nümayiş etdirdi. Xalqın bir məfkurə altında birləşməsini necə xarakterizə edərdiniz?

       

VÜQAR RƏHİMZADƏ:

   

    - İlk olaraq, belə əlamətdar gün münasibətilə təşkil etdiyiniz dəyirmi masaya görə sizə təşəkkür edir və bütün Azərbaycan xalqını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bu gün bütün azərbaycanlıların daxilində qürur hissi yaşadan tarixi bayramdır. Bildiyiniz kimi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan tarixində ağrılı-acılı illər olaraq yaşanıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 dekabr tarixində keçirilən sessiyasında Azərbaycan dövlətinin qüvvətlənməsi və gücləndirilməsi üçün çox böyük zəmin yarandı. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixinə fundamental sənədlərdən biri kimi daxil oldu. Dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspora təşkilatlarının formalaşması, eləcə də, lobbiçilik fəaliyyəti ilə məşğul olan qurumların yaradılmasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rolu vardır. Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması Ulu Öndərin diaspora quruculuğunda atdığı əhəmiyyətli addımlardandır. Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən bu ideya bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Bu məqsədin nəticəsi kimi azərbaycançılığın, həmrəyliyin möhkəmlənməsi istiqamətində konkret addımlar atılmış, azərbaycanlıların səsi dünyanın istənilən bir məkanından eşidilir. Prezidentimizin dediyi kimi, Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vətənidir. Bu ifadə dünya ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətinə stimul verən amildir.

    Bu gün Azərbaycan tarixi inkişaf dövrünü yaşayır. 2012-ci il Azərbaycan tarixində ən yaddaqalan və parlaq illərdən birinə çevrildi və eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, bütün Azərbaycan iqtidarının, eləcə də, dünya ölkələrində yaşayan azərbaycanlıların fəaliyyəti yüksək nəticələrlə yadda qaldı. Ölkəmizdə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyət kəsb edən "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi çox böyük hadisəyə çevrildi.

    31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi gün olaraq keçirilməsi Ulu Öndərin siyasətinin məntiqidir. Bu gün Cənab Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Bir faktı da qeyd etmək istərdim ki, mən mətbuat işçisi kimi Ulu Öndərlə dünyanın bir çox ölkələrində səfərdə olmuşam. Hansı ölkədə olmasına baxmayaraq, Heydər Əliyev azərbaycanlıları ətrafına toplayır, onların problemlərini dinləyir və yerindəcə həll olunmasına nail olurdu. Bütün bunlar diaspora quruculuğunun formalaşmasında mühüm amillərdəndir. Bu günlərdə möhtərəm Prezidentimizin həmrəyliyi günü ilə bağlı dünya azərbaycanlılarına ünvanladığı müraciətdə Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımızın vətəni kimi qeyd olunur. Bu bayram, bir daha demək istəyirəm ki, hər birimizdə fəxarət hissi doğurur, Azərbaycanın qüvvətlənməsində, güclənməsində diaspora təşkilatlarının rolu da qeyd edilməlidir. Dünyanın  hansısa bir ölkəsində Azərbaycanı təbliğ edən təşkilat varsa, artıq bizim uğurumuzdur. Bu gün diaspora quruculuğu yüksək bir xəttlə inkişaf dövrünün yaşayır.   

       

    "Səs" qəzetinin əməkdaşı:

       

    - Musa müəllim, diaspora quruculuğunun inkişafında və onların təşkilatlanmasında paytaxtımızda keçirilən dünya azərbaycaalılarının qurultayları xüsusi rol oynayır. 2001-ci ilin noyabr ayının 9-10-da keçirilən qurultay bu təşkilatlanma prosesində önəmli oldu. İstərdim ki, qurultayların əhəmiyyəti ətrafında fikirlərinizi bölüşəsiniz.

       

    Musa Qasımlı:

       

    - İlk olaraq, deyim ki, Ulu Öndərin diaspora quruculuğu sahəsindəki xidməti millətsevər, dövlətsevər, Azərbaycanı birləşdirən siyasətin məntiqidir. Azərbaycan xalqının, mühacirətinin dünya ölkələrində yaşamasının zəngin tarixi vardır. Bir həqiqətdir ki, tarix boyu xalqlar bir məkandan başqa bir məkana üz tutublar. 1828-ci ildə Azərbaycan iki hissəyə bölünəndən sonra, azərbaycanlılar xarici ölkələrə üz tutmuşdular. Təbii ki, o illərdə Türkiyəyə daha çox üz tuturdular. Müsəlman adət-ənənələrinin yaşandığı bir ölkə olduğundan, Qərb ölkələrinə üz tutulmadı. 1920-ci ildən sonra rus imperiyası tərəfindən Azərbaycan işğal olunandan sonra, azərbaycanlılar xarici ölkələrə getməyə başladılar. Növbəti mərhələ İkinci Dünya müharibəsi zamanında baş verdi. Bir həqiqəti də qeyd edək ki, əsrlikdə olanlar Stalinin repressiya rejimindən çəkinənlər vətənə dönə bilmədilər. Artıq o zaman azərbaycanlılar Avropada məskunlaşmağa başladılar. Bu bayram tarixin müxtəlif dönəmlərində dünya ölkələrində məskunlaşan azərbaycanlıların qürur mənbəyi kimi qeyd etdiyi bayramdır. 1918-1920-ci illər dövlət yenicə qurulurdu ki, o zaman çox qarışıq ictimai-siyasi proseslər başlandı. O zaman həmrəylik haqqında fikirləşməyə imkan  belə yox idi. Azərbaycan tarixində belə bir məsələ ətrafında nə vaxt düşünülməyə başlanıldı? Tarixi sənədə əsaslanaraq, deyim ki, Azərbaycan tarixində ilk dəfə olaraq, xarici ölkədə yaşayan azərbaycanlıların sayının müəyyənləşdirilməsi ilə bağlı göstəriş ötən əsrin 70-ci illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Mühacirətdə olan azərbaycanlının ölkəmizə gəlməsini Heydər Əliyev məqsəd olaraq reallaşdırmağa çalışırdı. Belə ki, mühacirətdə olan azərbaycanlı Sovet Azərbaycanının uğurlarını görməlidir ki, antisovet təbliğatda iştirak etməsinlər. Çünki onlar Sovet Azərbaycanını yaxşı tanıyır, təbliğatına inanırdılar. Həmin zaman arayış hazırlandı və o arayış arxivlərdə var. Heydər Əliyev həmin zaman "Vətən" cəmiyyətini yaratmaq istəyirdi. Çünki Sovet İttifaqının bir neçə respublikasında belə cəmiyyətlər yaradılmışdır. Xarici İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi arasında fikir ayrılığı mövcud idi. Qromıko başda olmaqla, Xarici İşlər Nazirliyi belə hesab edirdi ki, "Vətən" cəmiyyəti yaradılarsa, bu, İranda narazılığa gətirib çıxara bilər. Dövlət Təhlükəsizlik Komitəsi isə, belə hesab edirdi ki, xaricdə yaşayan azərbaycanlılar buraya gətirməlidirlər ki,  antisovet təbliğatında iştirakçı olmasınlar. Amma Xarici İşlər Nazirliyi bu məsələdə qalib çıxdı.

    Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə məqsədyönlü addım atdı. Azərbaycan Xarici Ölkələrlə Dostluq Mədəni Əlaqələr Cəmiyyətinin xətti ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanıldı. Bununla bağlı xüsusi göstərişlər var idi ki, onlar vətənə gəlsinlər, oxusunlar. İlk dəfə olaraq, ötən əsrin 70-ci illərinin sonunda gənclərin Cənubi Azərbaycandan  gəlib, təhsil almasına şərait yaradıldı. "Vətən" cəmiyyəti isə yaradılanda, artıq Heydər Əliyev Moskvada çalışırdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan soydaşlarımızla görüşə və diaspora quruculuğuna önəm verdi. Diaspora Komitəsinin yaradılmasına üstünlük vermək artıq dövlətin bu istiqamətdə siyasətini üzə çıxarırdı. Bu gün bir çox dünya ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzlərinin fəaliyyət göstərməsi məntiqli siyasətin nəticəsidir.

       

        "SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

       

    - Bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarlarının işğalı altındadır. Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən birinin də birliyimiz və həmrəylikdən keçdiyini söyləmək olarmı?

       

     ELŞAD MİRALƏM:

       

    -  İlk olaraq, deyim ki, hələ 1991-ci ilə qədər dünyanın müxtəlif ölkələrində 30-a yaxın azərbaycanlı diaspora təşkilatları var idi. 1991-ci ildə məlum qərar qəbul olunandan sonra, böyük bir canlanma yarandı. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra, azərbaycanlıların təşkilatlanması prosesi geniş vüsət almağa başladı. Azərbaycan icmaları ilə Heydər Əliyevin görüşü, ictimai fəallığı daha da artırıldı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu təşkilatlanmanı daha da genişləndirdi. Bu gün artıq dünya ölkələrində fəaliyyətdə olan diaspora təşkilatlarının sayı 430-dan artıqdır. Azərbaycan diasporunun fəaliyyətdə olduğu ölkələr, bu gün dünya siyasətində sözü və rolu olan dövlətlərdir.

    Bu gün Ermənistan tərəfindən işğal olunan torpaqların azad olunması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyev ardıcıl olaraq görüşlər keçirir, bu məsələnin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar aparır. Bu məsələnin həllində Dünya Azərbaycanlılarının Həmrəyliyi əhəmiyyətli faktorlardan biridir. Dünya Azərbaycan həqiqətləri haqqında lazımi dəlilləri bilməlidir. Diaspor hərəkatının üç mühüm şərti vardır. İdeoloji baza, maddi baza, könüllülər bazası həmin şərtlərdir. Bizdə bu ideologiya var və bu Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyasıdır. Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif siyasi qurumları, parlamenti, kütləvi informasiya vasitələri və s. ilə əlaqələri mövcuddur. Azərbaycan diasporu uğurlara nail olub, burada dövlətin maddi, mənəvi, ideoloji dəstəyi rol oynayıb.

       

     HÜSEYN TÜRKELLİ:

       

    - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün dünyada yaşayan azərbaycanlıları birləşdirən milli bayramdır. Ümummilil Lider tərəfindən bu günün təsis edilməsi təkcə bayram kimi qeyd edilməkdə deyil, tarixi hüquqlarımızın, torpaqlarımızın əldə olunmasında, mübarizəmizdə, birgə həmrəyliyimizdə önəmlidir. Bu, bizim mübarizədə birliyimizə çox böyük dəyərlər verir. Biz dünyada olan bütün Azərbaycanlılara həmrəylik nümayiş etdirməliyik ki, onlar da bu nümunəni bizdən götürüb xaricdə həmrəy olsunlar. Hesab edirəm ki, həmrəyliyin yolu Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalmaq, dövlətçiliyimizi, Prezidentimizi müdafiə etmək, milli maraqlarımıza sadiq qalmaq deməkdir. Ümid edirəm ki, XXI əsr bizim əsrimiz olacaq. Bütün Dünya  Azərbaycanlılarını və Azərbaycansevərləri Həmrəylik Günü münasibətilə təbrik edirəm. 

        

        Nəzakət ƏLƏDDİNQIZI,

        Zümrüd BAYRAMOVA

Səs.- 2012.- 28 dekabr.- S.10.