Prezident seçkilərində İlham Əliyevdən başqa alternativ seçim yoxdur

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

- Siyavuş müəllim, artıq daha bir ili geridə qoyuruq. Yeni Azərbaycan Partiyası (YAP) hansı uğurları ilə yadda qaldı və 2013-cü ilə hakim partiya hansı ümidlərlə gedir?

- Bu il Yeni Azərbaycan Partiyası (YAP) 20 illik yubileyini qeyd etdi. İyirmi ildir ki, YAP Azərbaycan xalqına xidmət göstərir və hakim partiyanın sədrinin rəhbərliyi ilə ölkədə çox böyük işlər görülür. Belə ki, həm iqtisadi, həm sosial həyatda, siyasi sistemin möhkəmləndirilməsində, qanunvericilik bazasının yaxşılaşdırılmasında, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə mütərəqqi işlər görülür. Məsələn, ötən il Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi keçirildi, bir sıra beynəlxalq tədbirlər reallaşdırıldı, həmçinin dövlətimiz BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Uğurlarımız sırasına 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarını əlavə edə bilərik. İlk dəfə olaraq bu oyunların Azərbaycanda keçirilməsi göstərdi ki, YAP iyirmi illik fəaliyyətində ölkədə ictimai-siyasi sabitliyin yaranması ilə yanaşı, Azərbaycan xalqının maraqlarına xidmət edərək həm xarici, həm də daxili siyasətdə uğurlara imza atıb. Eyni zamanda partiyanın maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. 2013-cü il seçki ili olduğu üçün hakim partiya bütün proqramını və əsas istiqamətlərini bu istiqamətə yönəldib.

- Ötən gün Prezident İlham Əliyevin imzaladığı Əfv Fərmanı insanlarda hansı müsbət dəyişikliklərə səbəb olacaqbu kimi sərəncamlar mütəmadi olaraq davam etdirilə bilərmi?

- Əfv Fərmanı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası yaradılıb. Müxtəlif  sahələrdə təmsil olunan insanların cəlb olunduğu komissiyaya ayrı-ayrı məhbuslardan, onların ailə üzvlərindən, hüquq müdafiə təşkilatlarından və digər bu səpkili orqanlardan müraciətlər daxil olur. Bütün bu müraciətlərə baxılır və ölkə başçısına təqdim olunur. Bu sərəncamlar əsasən əlamətdar günlərə təsadüf edir. Bütün bunlar prezidentimizin humanist siyasətinin bariz nümunəsidir. Belə fərmanların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu bir daha onu göstərir ki, Azərbaycan hökumətinin məramı humanistliyi hər zaman əldə rəhbər tutmaqdır. Hesab edirəm ki, bu kimi sərəncamlar dəvamlı olacaq.

- Gürcüstanın baş naziri Bidzina İvanişvilinin ölkəmizə səfəri qarşılıqlı münasibətlərə müsbət təsir göstərəcəkmi?

- Gürcüstan baş nazirinin ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir edəcək. Azərbaycanla Gürcüstan arasında strateji, iqtisadi, siyasi əlaqələr mövcuddurbu əlaqələr daha da genişlənir. Azərbaycan hökuməti mütəmadi olaraq Gürcüstana dəstək verib, onların çətin vaxtlarında hər zaman yardım əlini uzadıb. Bundan əlavə bir çox iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycan şirkətləri yaxından iştirak edib. O cümlədən, Azərbaycanın neftqaz, dəmiryolu sahələrində müttəfiqləri ilə əlaqələri getdikcə gücləndirilir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına canfəşanlıq göstərən qüvvələr var. Bunun üçün müxtəlif təxribatlar, Gürcüstanda yaşayan azərbaycanlıların evlərinə basqınlar, seçkidən sonra qarışıqlıqlar və digər addımlar atılır. Bəzi qüvvələr belə hesab edirlər ki, bu təxribatlar yeni hökuməti gözdən salmağa çalışan köhnə hökumət tərəfindən edilib. Ancaq bütün bunlar Gürcüstanın daxilində gedən mübarizənin nəticəsidir ki, Azərbaycanla belə bir konflikt yaransın. Ancaq həmin qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Gürcüstan baş nazirinin Azərbaycana səfəri, ikitərəfli görüşlərin keçirilməsi, müxtəlif məsələlərin müzakirəsi və Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfərə dəvət olunması yenidən Gürcüstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafının göstəricisidir. Abxaziyaya dəmiryol xəttinin açılması Azərbaycanın maraqları ilə bağlı olan məsələdir. Bu yol açıldığı təqdirdə Ermənistan bütün yüklərini həmin yol vasitəsilə daşıya bilər. Bunun nəticəsində müxtəlif ölkələrlə əlaqələr qura bilər. Ancaq Gürcüstan hökuməti artıq səhvini anlayıb və bu məsələ gündəmdə deyil.

- Siyavuş müəllim, bəzi mənbələr Azərbaycanla Rusiya arasında gərgin münasibətlərin davam etdiyini bildirirlər. Qeyd olunur ki, Gürcüstan Rusiyaya daha çox meyllidir. Bu barədə fikirlərinizi bilmək istərdik?

- Azərbaycan və Rusiya münasibətlərində heç bir gərginlik yoxdur. Təbii ki, müəyyən dairələr vardır ki, bu münasibətləri gərgin vəziyyətdə saxlamağa çalışırlar. Amma nəticədə onların da bu əməlləri baş tutmayacaq. Digər tərəfdən Azərbaycan hər bir dövlətlə bərabər səviyyəli müstəqil siyasət qurur. Gürcüstan Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Təbii ki, adıçəkilən ölkədə istənilən siyasətçi Gürcüstanın bu əraziləri itirməsinə razılıq versə, onun hakimiyyətdə siyasətçi kimi qalması qeyri-mümkündür. Hətta Rusiyanın keçmiş prezidenti Vladimir Putinöz müsahibələrində dəfələrlə qeyd edib ki, geriyə heç bir yol yoxdur.

- Bildiyiniz kimi, müxalifətin seçkilər öncəsi vahid namizəd məsələsi hələ də gündəmdədir. Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi haqqında hətta erməni mətbuatında da yazılar dərc olunub. Sizcə, AXCP sədri Əli Kərimli onun lider kimi fəaliyyətinə göz yuma biləcəkmi?

- Təbii ki, müxalifətdən heç vaxt vahid namizəd olmayacaq. Çünki müxalifətdə olan liderlərin iddiaları o qədər böyükdür ki, onlar sonda heç biri-birilərinə də güzəştə getməyəcəklər. Son dövrlərdə onlar mətbuatda belə açıq mübarizəyə başlayıblar. İsa Qəmbər Əli Kərimlini qəbul etmədiyinə görə AXCP sədri də ona qarşı öz kompaniyasını davam etdirir. Ümumilikdə onlar mütəmadi olaraq hər hansı bir təşkilat, qurum adından fikirlər səsləndirir, lakin həmin qurumlar onları qəbul etmir. Bütün bunlarla yanaşı, İctimai Palata da artıq dağılmaq üzrədir. Cəmiyyətdə bu təşkilat haqqında ancaq mənfi fikirlər söylənilir. Çünki həmin təşkilata müxtəlif səpkili dəstə qrupu toplaşıb. Onlar çox gözəl dərk edirlər ki, gələn il keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa alternativ seçim yoxdur. Sadəcə onlar bu seçkilərə qatılmaqla maddi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar.

 

Elvin Abdulqədirov

Səs.- 2012.- 28 dekabr.- S.8.