1993-2003-cü illər Ulu
Öndər Heydər Əliyev tərəfindən Azərbaycan
dövlətçiliyinin və dövlət quruculuğunun
möhkəmləndirilməsi və inkişaf
etdirilməsi
Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası Azərbaycan dövlətini modernləşdirmək, möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Fəzail Ağamalı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki müstəsna rolunu üç hissəyə bölür:
a) 70-ci illərin qeyri-leqal hazırlıq mərhələsi
b) 90-cı illərin birinci yarsından fəal mübarizə mərhələsi
v) dövlət quruculuğunun başa çatdırılması və möhkəmləndirilməsi mərhələsi idi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının təbliği fundamental mahiyyət kəsb etməyə başladı. Eyni zamanda, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində də Heydər Əliyev Azərbaycan dövlətçiliyinin taleyini xilas edə bildi. Bu dövrün əsas xüsusiyyəti həm də ondan ibarətdir ki, Heydər Əliyev siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Bu baxımdan, həmin illərdə Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizə daha çox maraq və heyranlıq doğurur. O da məlumdur ki, siyasi sabitlik təmin edilmədən hüquqi və demokratik dövlət modelinin qurulması mümkün deyil. Bu faktoru nəzərə alaraq Heydər Əliyevin ölkədə siyasi sabitliyi təmin etməsini Azərbaycan dövlətçiliyinə qarşı çıxan anarxist qüvvələrin məhvi kimi dəyərləndirmək olar. Siyasi sabitlik imkan verdi ki, Azərbaycan dövlətinin iqtisadi və hüquqi əsasları formalaşdırılsın. Təsadüfi deyil ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra hüquqi, iqtisadi və demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verdi.
Bu baxımdan Heyder Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması olub. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşüb. 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmiş, SSRİ dağıldıqdan sonra müstəqilliyinin ilk dönəmində hakimiyyətdə təmsil olunan qüvvələr dövlətçiliyin əsasını təşkil edən bu sənədin hazırlanması və qəbul olunması istiqamətində heç bir əməli iş görməmişdir. Yalnız Heydər Əliyevin təşəbbüsü nəticəsində 1995-ci ilin may ayında müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlamaq üçün müvafiq komissiya təşkil edilmiş və dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. İnsan hüquqlarına xüsusi önəm verilən, hakimiyyətin ayrı-ayrı qanadları arasında qarşılıqlı əlaqənin səlis mexanizmi təsvir olunmuş Konstitusiya haqlı olaraq dünya müstəvisində nəzəri baxımdan ən mükəmməl hüquqi sənədlərindən biri hesab olunur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması dövlətçiliyin əsaslarını möhkəmlətməklə yanaşı, həm də "müstəqilliyin dövlətləşməsi" istiqamətində görüləcək işlərin yeni mərhələsinin başlanğıcını qoydu. 1995-ci ildə müstəqil Azerbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Və bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirməyə və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsası qoyuldu.
Müstəqilliyinin dövlətləşdirilməsi, yəni nəzəriyyədən praktikaya keçid Heydər Əliyev siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər, bütünlüklə, müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlimişdir. Bu istiqamətdə Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsi olub. Azərbaycanın neft strategiyasının əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır və bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına əsaslanır. Bu baxımdan Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəldilmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş və zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun strategiya müəyyənləşdirməyə nail olmuş Heydər Əliyev son nəticədə Azərbaycanın hegemon supergüclərdən asılı vəziyyətə düşməsinin qarşısını nəinki ala bilmiş, eyni zamanda, Azərbaycanın bu subyektlər arasında mübarizənin xarakterini müəyyənləşdirməyə yönəldilmiş dövlət statusu qazanmasına nail olmuşdur. XX əsrin sonlarından başlayaraq beynəlxalq aləmdə gedən proseslərin əsas mahiyyəti güc mərkəzlərinin qlobal enerji resurslarına nəzarəti təmin etməsi üzərində qurulub və mübarizənin əsas nəticəsi də məhz bu nəzarətin hansı formada təmin olunmasından asılı olacaq. Heydər Əliyev bu mübarizədən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün bacarıqla istifadə etmişdir.
A.Mirzəzadə yazır: "Başa çatmış onilliyin (1993-2003) mahiyyətini bu dəyər kontekstində dərk etməyə imkan verən ən mühüm ideyalardan biri - Azərbaycan cəmiyyətində islahatlar keçirmək ideyasıdır və bu kitabın əsas mövzusu da məhz həmin ideya olacaqdır. Bizim "modernləşdirmə" termini ilə ifadə etdiyimiz islahatların obrazının və praktikasının çoxaspektli təqdimi bu əsərin başlıca vəzifəsinin ən ümumi ifadəsidir.
On illik bir dövrü (1993-2003) əhatə etmiş islahatların gedişində Azərbaycan Respublikasının dövlət administrasiyası Prezident Heydər Əliyevin ölkədəki böhranlı menecment şəraitində qarşıya qoyduğu vəzifələrin səmərəli şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulan rasional sistemə, yaxud irimiqyaslı mütəşəkkil struktura çevrilmişdir. Ötən onillikdə Azərbaycan cəmiyyəti dövlət mənafelərini, yəni xalq üçün, xalq naminə və xalqın dəstəyinə güvənməklə ölkədə hökm sürən asayişin həyati mənafelərini reallaşdıran siyasi idarəetmə məmurlarının ilk baxışda o qədər də diqqəti cəlb etməyən, lakin məhsuldar fəaliyyətinin şahidi olmuşdur. Prezidentin İcra Aparatının fəaliyyəti bunu əyani şəkildə sübut edir. Bu aparata rəhbərlik edən Ramiz Mehdiyev - zəngin praktik təfəkkürə, nəzəri uzaqgörənlik istedadına və icaretmə münasibətlərinin tənzimlənməsi sahəsində çox böyük təcrübəyə malik olan dövlət xadimidir. İdarəetmə xarakterli qərarların üslubun müəyyən edən isə, əlbəttə, Heydər Əliyevdir. Öz siyasi aktivində həm tarixi, həm də elektoral əhəmiyyətli siyasi kapitala millətin etimadı kimi əvəzsiz bir kapitala malik olan Prezident idarəetmə münasibətlərinin əsaslarını müəyyənləşdirir. Məhz Prezidentin sayəsində XX əsrin son qərinəsində Azərbaycanda peşəkar dövlət qulluqçuları uzun illər boyu hazırlıq keçmiş yüksək səviyyəli mütəxəssislər yetişmişdir. Azərbaycan dövlətçiliyinin dövlət stabilliyinin və sabitliyinin müasir milli (tradisionalist) məktəbini də məhz Heydər Əliyev yaratmışdır. Dövlət idarəçiliyinin bütün sahələrində nəsillərin bir-birini əvəz etməsi tamamilə təbiidir, çünki bunsuz heç bir ölkənin sabit və layiqli inkişafı uzun müddət davam edə bilməz.
Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, 90-cı illərin əvvəlindəki oxlokratiya bəlkə də qarşıdakı universal demokratik dəyərlərə transformasiyanın mühüm elementi idi və yəqin ki, cəmiyyət dövlətçiliyin inkişafının bu dərəcədə ağrılı dövrünü keçməliydi. Ernst Nikiş haqlı olaraq yazır: "Hakimiyyətdə olanların təsir göstərmək imkanları kölgədə qalaraq iflic olduğu və ya neytrallaşdığı vaxtda avam kütlənin hakimiyyəti yaranır, bu hakimiyyət kütlələri azad edir, onları yüksək təbəqəyə tabe olmağa məcbur etmir və beləliklə, demokratiyanın özünün məqsədindən yan keçir."
Bu, bizim bu və ya digər şəkildə üzləşdiyimiz labüdlük idi. Lakin sonradan kobud səhvlərə və siyasi risklərə yol vermədən elitanı təkamül yolu ilə transformasiya etməyə müvəffəq olduq. Bu, çox vacib məsələdir və elitanın özünün daxilində dinamik inkişafın olmasını, oxlokratiyanın mövcud qaydasını apriori, təsdiq kimi qəbul edən komformist təbəqələrdən "azad olmağı" nəzərdə tuturdu. Heydər Əliyevlə birlikdə hakimiyyətə gəlmiş elita bu yolla dövlətçiliyin möhkəmlənməsi və siyasi sabitliyin təmin olunması missiyasını uğurla yerinə yetirə bildi və perspektivdə onun vəzifəsi sabitliyin təmin edilməsinin bərqərar olmuş bu formatını qoruyub saxlamaqdan və idarəçilərin yeni nəslinə verməkdən ibarətdir.
Qloballaşma və ölkənin inkişafının sürətlənməsi şəraitində elita özü təkbaşına yüksək intellektual potensial yaratmaq və onu saxlamaq iqtidarında deyildir. Qlobal miqyaslı dəyişikliklər, təfəkkürün transformasiyası və postmodernin gətirdiyi yeni davranış normaları keyfiyyətcə yeni idarəçilər - menecerlər tələb edir. Ona görə də, qarşıdakı illərdə iqtidarın vəzifəsi bir növ "millətin intellektual və yaradıcı resersunu", insan kapitalının bazisini formalaşdırmaqdan ibarətdir. İnkişaf etmiş demokratiyalar bu yolu çoxdan keçmişdir və biz "Amerika kəşf etmirik". "İnsan kapitalı" ideyasının gerçəkləşdirilməsi bizə gələcəkdə azərbaycanlı məmurun, tələbənin, sahibkarın, ictimai xadimin və s. obrazını və formasını əhəmiyyətli dərəcədə dəyişməyə imkan verəcəkdir. Beləliklə, bizim vəzifəmiz innovasiya təfəkkürünə malik və cəmiyyətin, dövlətin daha intensiv və dinamik transformasiyasına kömək edəcək kadrlar yetişdirməkdir.
Tarixçi-alim İ.Quliyev yazır: "Azərbaycanın əsaslı, qüdrəti, milli dövlətçilik tarixi Heydər Əliyevdən başlanır. Heydər Əliyev Azərbaycan və dünya dövlətçilik ənənələri sistemində son dərəcə şanlı, milli və sosial gedişlər edən, Azərbaycan dövlətçiliyinin elmi-nəzəri və təcrübi əsaslarını yaradan, gələcək üçün işıqlı yollar açan böyük insan, qüdrətli dövlət xadimi, böyük siyasətçi və xüsusilə də, dünya ölkələri-dünya dövlətləri sisteminin yeni dahisidir. Heydər Əliyevdə olan ilahi qüdrət, tükənməz fəaliyyət, paklıq, alicənablıq Onun Vətənə-xalqa olan böyük məhəbbəti ilə bağlıdır. O, böyük siyasətçi, dövlət xadimi olduğu qədər də böyük humanist və alicənab insandır.
Cənab Prezidentimiz Heydər Əliyevi bütün dünya tanıyır. Özü də Onu tarixdə görünməyən ən müqqədəs, ülvi bir insan kimi, yaşadığı dövrün dahi şəxsiyyəti kimi tanıyır. Bu baxımdan, Heydər Əliyev indiyədək söylənmiş böyük kəlamlardan, müdrik sözlərdən də ucada durur."
Azərbaycan dövlətçiliyini möhkəmləndirən və inkişaf etdirən Ulu Öndər Heydər Əliyev onun müstəqilliyinin əbədiliyinə inanaraq dönə-dönə deyirdi: "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək."
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 29 dekabr.- S.14.