Azərbaycançılıq
və demokratik cəmiyyət quruculuğu
Ulu
Öndər Heydər Əliyev azərbaycançılığı
dövlətçiliyə tətbiq etdi,
azərbaycançılığa əsaslanan milli
dövlət yaratdı, xalqda dövlətçilik
hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda
dövlətə inam hissi,
hakimiyyətə hörmət gücləndi, demokratik
cəmiyyət quruculuğu
geniş vüsət aldı. Azərbaycan
ideologiyasının aşağıdakı mürəkkəb
hissələri göstərilir: 1. məfkurəçilik; 2.
istiqlalçılıq; 3. ittihafçılıq (birlikçilik); 4. türkçülük;
5. islamçılıq; 6.xalqçılıq; 7. Ünsiyyətçilik,
vahid dillə və mədəniyyətlə
vəhdət.
Bütün
bunlar ideologiyada boşluğu, onunla birlikdə
cəmiyyətdəki şəxsiyyətsizləşməni aradan qaldırar, ümummilli
ifadəni möhkəmlədər. Bu isə
dövlətçiliyin əsasıdır.
Ə.Tağıyev və M.Şükürov demokratik
cəmiyyətlərdə vahid ideologiya ilə yanaşı, digər
ideologiyaların da mövcudluğunu
qəbul edirlər. Onlar Qərb ölkələrində Türkiyə
və ABŞ-da müxtəlif ideoloji cərəyanların müxtəlif
dövrlərdə biri digərini əvəz
etdiyini və üstünlük
qazandığını misal gətirərək
yazırlar: “Demokratik bir cəmiyyət qurduğumuz,
ideoloji plüralizmə və fikir müxtəlifliyinə malik
olduğumuz, kommunist
ideologiyasının monopoliyasından
uzaqlaşdığımız bir
dövrdə vahid dövlət
ideologiyasının qəbul olunması demokratik
cəmiyyət quruculuğu ilə nə dərəcədə
bir yerə sığır”.
Onlar
keçid dövründə Azərbaycanın
vahid bir ideya-siyasi xətt (hətta doktrina)
ətrafında birləşməsi zərurəti
yarandığını iddia edərək,
qəbul olunacaq milli
(dövlət) ideologiyasının dövlətin siyasi xəttini həyata keçirməli olan doktrinanı əvəz etməsini göstərirlər:
“Bu ideologiya mövcud unitar dövlət
quruluşunun möhkəmləndirilməsinə,
siyasi stabilliyə, ərazi bütövlüyünün təmin
olunmasına, sosial-iqtisadi, siyasi-mənəvi
sahələrdə millətin tərəqqisinə xidmət
etməlidir...
Deməli, milli
ideologiya öz
inkişafında iki mərhələdən
- birincisi, etnik milli ideyadan, ikincisi isə milli-dövlət ideyasından keçir. Milli etnik ideyada hər bir etnosun öz
milli marağı birinci
yerdə durursa, milli
dövlət ideyasında iqtidar, ərazi
və əhali vəhdəti ön sıraya
keçir. Dövlətin mənafeyi etnosüstü xarakter
daşıyır. Millətlər və etnoslar özlərinin seçdikləri ümummilli siyasi liderlərinin
ətrafında birləşərək öz
milli dövlətlərini, vahid vətənlərini (ayrı-ayrı vətənlərin
bir Vətəndə, vahid
vətənpərvərlik şüurunda
birləşməsi) daha da
möhkəmləndirmək işinə qoşulurlar.
SSRİ dağıldıqdan və
kommunist ideologiyası süquta
uğradıqdan sonra bir
sıra Qərb ideoloqları belə bir fikir söyləyirdilər ki,
ümumiyyətlə, ideologiyaların ömrü
XX əsrdə sona
çatmışdır. S.Xaninqton “Sivilizasiyaların toqquşması” məqaləsində
yazır ki, XXI əsrdə ideologiyalara yer qalmayacaq, bu əsr dinlərin
və sivilizasiyaların mübarizəsi əsri olacaqdır. Frensis Fokuyama özünün
“Tarixin sonu. Sonuncu insan” kitabında
yazır ki, liberalizm bütün ideologiyalar
üzərində qələbə çalmışdır.
Bir
sıra Qərb ideoloqları isə islamın timsalında, yeni ideoloji düşmən
obrazı yaratmağa
çalışırlar. Şübhəsiz, bunlar
cəfəngiyyatdır. Bütün xalqlar, o cümlədən,
yenidən müstəqillik yolu seçmiş Azərbaycanda milli ideologiyaya ehtiyac vardır.
Müasir Azərbaycan şəraitində
Azərbaycan ideologiyası Azərbaycan dövlətçiliyinin,
ərazi bütövlüyünün,
müstəqilliyinin, burada yaşayan
xalqların qardaşlığı və həmrəyliyinin
daşıyıcısı kimi
çıxış edir.
Azərbaycanda milli
maraqların təkamülü, formalaşması prosesi milli ideologiya
və milli təhlükəsizlik kimi mühüm dövlətçilik
ünsürlərinin təşəkkülü ilə paralel baş verirdi. Müstəqilliyə qədər sovet Azərbaycanının SSRİ-nin
kompleks dövlət maraqlarına daxil olan respublika
maraqları var idi. Azərbaycanın
milli maraqları kölgədə
qalmış, dövlət təhlükəsizlik xidmətinin
nəzarəti altında idi. Kommunist ideologiyası milli-mənəvi dəyərlərə
söykənən milli maraqlara
xidmət edən milli ideologiya
ilə əvəz olundu.
Milli
ideologiya müxtəlif təbəqələrlə,
mədəniyyətlərlə məxsus fərdlərin
marağı ilə də bağlı olduğu
üçün konsensus,
razılıq əsasında formalaşa
bilər. İdeologiyaya “siniflərin
maraqları və baxışları sistemi”
kimi baxan marksist ruhlu müasir siyasətçilər, əslində,
milli ideologiyadan uzaqdırlar.
Çünki milli ideologiya millətin ümumi
maraqlarını əks etdirir.
İdeologiyanı qrup və ya sinfi maraqlardan asılı
hesab edənlərin fikrincə, ideologiya yalnız o zaman həqiqi olur ki, siniflərin köklü
maraqları tarixin obyektiv
gedişi ilə üst-üstə düşür, onların məzmunu gerçəkliyi
əks etdirir. Sinfi
maraqların formalaşmadığı cəmiyyətlərin
təhlilində bir qədər mürəkkəb
vəziyyət yaranır. Bəzi Qərb tədqiqatçıları
bu anlayışı Qərb dünyası üçün işlədirlər. Postsovet məkanında “sinfi
maraqlar” “qrup
maraqlarının” məzmununu açmır. İctimai maraqlarla
üst-üstə düşən sinfin
ideologiyasının məzmununda həqiqət ünsürlərinin
olduğunu iddia edirlər.
Bu maraqlar
üst-üstə düşmədikdə, ideologiya
uydurma ola bilər. İdeologiya bu və ya digər sinfin sosial maraqları
prizmasından keçməlidir.
Sosial
həyatı yalnız siniflərin fövqündə dayanan və ümumi
maraqları əks etdirən milli ideologiya obyektiv əks
etdirə bilər. Milli ideologiya müxtəlif təbəqə
və siniflərin xüsusi
maraqlarından asılı olmayaraq, cəmiyyəti
və dövləti birləşdirməyə qadir
olan ideyalar sistemi kimi səciyyələndirilir:
milli ideologiya təbəqələrin
öz ümumi
maraqlarını elə şəkildə dərk etmək
qabiliyyətidir ki, dövlət bütün təbəqələrin
maraqlarını razılaşdırır və ümummilli maraqları müdafiə edir.
Hər bir
millət öz milli
maraqlarını dərk edərkən dini
ideologiyaya, bəziləri isə ümummilli maraqlar kimi çıxış edən siyasi elitanın maraqlarına üstünlük
verir. Azərbaycanda
dini ideologiya
ünsürləri mövcuddur. Milli ideologiyada türkçülük,
islamçılıq, avrasiyaçılıq vəhdət təşkil
etməlidir ki, geosiyasi
vəhdətdən onun müstəqilliyi mümkün olsun.
Azərbaycan tədqiqatçıları
C.Əhmədli, Y.Rüstəmov, İ.Məmmədzadə, Ə.Abbasov, H.Hacıyev, İ.İsmayılov,
A.Rüstəmova, Ə.Tağıyev, R.Əzimova, A.Şükürov, M.Əfəndiyev, A.Şirinov və başqaları Azərbaycanda
keçid dövrü
və müasir şəraitində
ideologiyanın formalaşması, yaranmış ideoloji boşluğu dolduran milli ideologiya
axtarışları ilə yanaşı, mühafizəkar, liberal millətçilik və azərbaycançılıq
ideologiyası, dini və siyasi
ideologiyanın vəziyyəti ideologiya və mənəviyyat, vətəndaş
cəmiyyəti və hüquqi dövlətin
yaranması prosesində ideologiya məsələlərini
hərtərəfli təhlil etmişlər.
Azərbaycanda milli ideologiya ilə
yanaşı, cəmiyyəti fərddən öndə tutan dövlətçiliyi, millətçiliyi,
azad sahibkarlığı,
istiqlalçılığı qorumaq və
inkişaf etdirmək məqsədi güdən,
qismən fərdiyyətçilik mövqeyində və
açıq antikommunist mövqeyində duran mühafizəkarlıq (milli-demokrat
və radikal - demokratların da daxil olduğu) ideologiyası, fərdiyyətçiliyi
(qadınlara, müxtəlif dinlərə və irqlərə
məxsus şəxslərin ləyaqəti və
marağının yüksək tutulması), insan
hüquqlarını, spontan
qayda-qanunları, hüququn aliliyini, məhdudlaşdırılmış
hakimiyyəti, azad bazarı, xeyirxah istehsalı, sülhü
və maraqların təbii harmoniyasını üstün
tutan liberalizm və neoliberalizm ideologiyası özündə demokratiya və sosializm
ideyaları ilə birləşdirən, azadlıq, ədalət,
həmrəylik prinsiplərinə əsaslanan, demokratiyanın
əsası kimi demokratik
vətəndaş cəmiyyətinin tanınmasını, demokratik hüquq və
azadlıqların həyata keçirilməsində kollektivçilik tələbatları
və maraqlarının ödənilməsində iqtisadi həyatın tənzimlənməsində
dövlətin roluna xüsusi
əhəmiyyət verən, qarışıq iqtisadiyyata
üstünlük verən, cəmiyyət
həyatında fərdi və kollektiv maraqlar arasında optimal variantların tapılmasını irəli
sürən “demokratik sosializm” konsepsiyasına söykənən sosial-demokratiya ideologiyası da
Azərbaycanda yenidən bərqərar olmaqdadır. Azərbaycanda Sosialist
Partiyası, Demokratik Sosialist
Partiyası Kommunist Partiyası, ASDP və
digər sosial-demokratiya
ideologiyası daşıyıcıları zorakı
inqilabın əleyhinə çıxır, azad
sahibkarlıq, bazar iqtisadiyyatı və hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu tərəfdarı
kimi çıxış edirlər.
Azərbaycanda bütün
ideologiyalar xüsusilə milli
ideologiya milli dövlət
maraqlarını ifadə edir. Həmin ideologiyaların yaşarlığı məhz
hüquqi, demokratik
dövlət, vətəndaş cəmiyyəti, millətin,
xalqın, bütün təbəqələrin,
azad, hərtərəfli inkişaf
etmiş fərdin maraqlarını nə
dərəcədə ahəngdar təmin etməsindən
asılıdır.
Ulu
Öndər Heydər Əliyev azərbaycançılıq
ideologiyasını formalaşdırarkən demokratik
cəmiyyət quruculuğuna diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki
demokratiyadan sui-istifadə edənlərə
müraciətlə deyirdi: “Əgər insan mənsub olduğu
millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud
onları qəsdən təhrif edirsə, onda
təbiidir ki, bu, bizi narahat etməlidir. ...Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də”.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəsəfə doktoru
Səs.- 2012.- 1 fevral.- S. 10.