Mədəniyyət diplomatiyası və Heydər Əliyev Fondunun uğuru

 

Qloballaşma sayəsində kapitalizm, modernizmuniversalizm bəşər tarixində bənzəri olmayan bir inkişaf mərhələsinə, yəni zirvə nöqtəsinə çatmışdır. Bəşəriyyət “qlobal bir dövlət”in sərhədləri daxilində yaşayırmış kimi, “dünyanın daxili işlər siyasəti”nin mümkünlüyünü, qlobal cəmiyyətə aid olan qlobal şüuru önə çıxarır. Qlobal terror, yoxsulluq, ekoloji fəlakət və AİDS təhlükəsi kimi qlobal problemlər qlobal əməkdaşlıq və qlobal mübarizənin konkret nümunələrinə çevrilir. 

Qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: “sərt güc” (hard power) və “yumşaq güc” (soft power). Politoloq-alim Josef Nye “sərt güc” və “Yumşaq gücü bir-birindən belə fərqləndirir: “yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir.” Ənənəvi olaraq, beynəlxalq münasibətlərdə sərt güc dominant mövqeyə malik olmuşdur. Lakin soyuq müharibənin bitməsi, Sovet İttifaqının dağılması və dünyadakı kommunist rejimlərinin çökməsindən sonra, yumşaq güc yanaşması tədricən öz mövqelərini möhkəmləndirir. Xüsusən də, Avropa Birliyi və digər Avropa təşkilatları yumşaq gücün təbliğatçıları kimi çıxış edirlər. Belə bir şəraitdə yumşaq gücün bir forması kimi mədəniyyət diplomatiyası beynəlxalq münasibətlərdə önəmli rola malik vasitəyə çevrilir. Burada da məqsəd həm milli maraqların təbliği, həm münasibətlərin qurulması və həm də anlaşmaya nail olmaqdır. Ümumiyyətlə, mədəniyyət diplomatiyası həmin mübadilə və ünsiyyətlərə təşəbbüşsü olmaqya köməklik göstərməkdən ibarətdir. Mədəniyyət diplomatiyası müxtəlif vasitələrlə və müxtəlif səbəblərlə istifadə oluna bilər. Dövlət və hökumət təşkilatları, vətəndaş cəmiyyətini təmsil edən qurumlar və fərdlər, özəl şirkətlər mədəniyyət diplomatiyasını həyata keçirə bilərlər. Belə ki, dövlət və hökumətlər ondan milli maraqların təbliği, xalqın mədəniyyət və dəyərlərini yaymaq üçün, qeyri-hökumət təşkilatları ondan qarşılıqlı mədəni mübadiləni və mədəniyyətlərarası anlaşmanı həvəsləndirmək və inkişaf etdirmək üçün istifadə edirlər.

Bu çərçivədə Davosda Dünya İqtisadi Forumunda Azərbaycanın iştirakı, xüsusilə, cənab Prezident İlham Əliyevin Avrasiyanın gələcəyi və Azərbaycana həsr olunan interaktiv sessiyadakı dolğun şəkildə çıxışı qlobal inteqrasiya və “yumşaq gücprosesi baxımından əhəmiyyətli tezisləri ehtiva edir. Belə ki, möhtərəm Prezident öz nitqində qloballaşma prosesində Azərbaycanın iqtisadi-siyasi gücünün, eyni zamanda, lokal dəyərləri də əhatə etdiyini vurğulamışdır. “Avrasiyanın gələcəyi” adlı sessiyada cənab Prezident İlham Əliyevin nitqi “Avrasiyaçılıq” düşüncəsinin iqtisadi cəhətdən olduğu kimi siyasi cəhətdən də Azərbaycan üçün əhəmiyyətli olduğunu göstərməkdədir. Mövzu ilə bağlı cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə qloballaşma kontekstində tarixi yaddaşımızı da qiymətləndirərək, Azərbaycanın Avrasiyanın gələcəyində oynadığı yerə işarə etmişdir. Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşür. Məhz builki Davosdakı Dünya İqtisadi Forumu bir daha Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin mədəniyyətlərarası dialoq perspektivindən də inkişaf etdirildiyini nümayiş etdirdi.

 

Heydər Əliyev Fondu mədəniyyət diplomatiyasını uğurla reallaşdırır

 

Ulu Öndərin vəfatından sonra onun doğum günündə 10 may 2004-cü ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı. Fond yarandığı vaxtdan bəri böyük uğurlara imza atmaqdadır. Fond həm də Azərbaycanın mədəniyyət diplomatiyasını uğurla həyata keçirir. O, Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil surətdə həyata keçirən ilk və ən böyük təşkilatdır. Bu kontekstdə qeyd olunmalıdır ki, Almaniyanın Höte İnstitutu və ya Böyük Britaniyanın Britaniya Şurası kimi təşkilatları artıq həmin ölkələrin mühüm simvollarından biri və milli dəyərlərinin əsas təbliğatçısı kimi qəbul edilir, onlar mədəniyyət diplomatiyası fəaliyyətlərini həyata keçirən aparıcı təsisatlar rolunu oynayırlar. Həmin təşkilatlar təqribən bir əsrlik təcrübəyə və tarixə malikdirlər, onların təmsil etdikləri dövlətlər isə dünyanın ən qabaqcıl ölkələri sırasındadırlar və uzun əsrlər boyu davam edən böyük dövlətçiliyə malikdirlər. Heydər Əliyev Fondu qısa müddət ərzində mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən və Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələr həyata keçirməkdədir. Beləliklə, Heydər Əliyev Fondunun simasında Azərbaycanın mədəniyyət diplomatiyası təşkilatlanmış formada həyata keçirilməyə başlamışdır. Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri görkəmli siyasi xadimin irsinin və ideyalarının öyrənilməsi və təbliğidir. Əslində, bu məqsədi həyat keçirməklə, Heydər Əliyev Fondu mədəniyyət diplomatiyası sahəsinə novatorluq etmiş olur:  xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Çünki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirir, başqa sözlə Heydər Əliyev Azərbaycan xalqının həm də mədəniyyət və mənəvi dəyərlərinin təcəssümüdür. Buna görə də Heydər Əliyev şəxsiyyətini təbliğ etmək həm də Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın ölməz Ümummilli Liderinə olan beynəlxalq rəğbət və ehtiramdan ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini geniş təbliğ etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına yardımçı olmaq, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, xarici ölkələrin təhsil müəssisələri, QHT-ləri və digər fond və təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq konfranslar və seminarlar təşkil etmək, elmi və təhsil mübadilələri aparmaq və sair kimi əhəmiyyətli məqsədlər də daşıyır.

Bu məqsədlər, sadəcə olaraq, formal xarakter daşımır və fond məqsədlərin hər birinin aid olduğu sahələrlə bağlı çox ciddi və genişmiqyaslı beynəlxalq layihə və proqramlar, konfrans və toplantılar həyata keçirir. Bunlara misal olaraq, Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpasını, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına olan yardımı, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşasını, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirilməsini, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına göstərilən dəstəyi, Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsini, “Avroviziya” musiqi yarışmasında Azərbaycanın iştirakına göstərdiyi dəstək, və s. qeyd etmək olar. Əlbəttə ki, bu siyahını çox uzatmaq olar.

Mədəniyyət diplomatiyası Dağlıq Qarabağ münaqişəsi kimi etnik münaqişədən əziyyət çəkən Azərbaycan üçün aktualdır. Digər tərəfdən də Azərbaycanın mədəniyyət diplomatiyası üçün zəruri olan vasitələrə və zəngin mədəni irsə malik olması ilə əlaqədar olaraq bu aktuallıq daha da ön mövqeyə çıxır. Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək iqtidarındadır. Lakin münaqişənin həllində bütün dinc vasitələrdən sona qədər istifadə etmək zərurəti, Ermənistanın hazırkı status-kvonun qorunub saxlanmasında maraqlı olması və dünyada söz sahibi olan bir sıra güclü dövlətlərin münaqişənin hərbi yolla həllini dəstəkləməməsi Azərbaycanın bütün vasitələrdən, o cümlədən, və xüsusən, mədəniyyət diplomatiyasından istifadə etməsini qaçınılmaz və zəruri edir.  Heç şübhəsiz ki, böyük peşəkarlıq və ciddi təşkilatçılıqla reallaşdırılan həmin proqram və layihələr, ümumilikdə, fondun bütün fəaliyyətindəki və xüsusilə də, mədəniyyət diplomatiyası sahəsindəki uğurları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna və möhtəşəm xidmətləri sayəsində nail olunur.

 

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2012.- 2 fevral.- S. 3.