Azərbaycançılıq
və Azərbaycanın milli mədəniyyəti
Azərbaycançılıq dünya azərbaycanlılarının, Azərbaycandakı xalqlar və etnik qrupların, azərbaycanlıların ideoloji-mənəvi, sosial-mədəni vəhdətini təşkil edən elmi-nəzəri məfkurədir. Akademik Ramiz Mehdiyevin bu məqamla bağlı söylədiyi fikirlər məqsədəuyğundur: “Azərbaycançılığ”ın mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. “Azərbaycançılığ”ın gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir.
Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissını azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır.
Mədəniyyət və ideologiyanın qarşılıqlı münasibətləri, mədəniyyətin milli-mənəvi amil kimi milli ideologiyanın formalaşmasında oynadığı rol, onun fəlsəfi aspektinin tədqiqi olduqca aktual və mühüm əhəmiyyət kəsb edir.
“Mədəniyyət” (“kultura”) sözünü ilk dəfə XVIII əsrdə İ.X.Adelunq 1782-ci ildə yazdığı “İnsan nəslinin mədəniyyət tarixinin təcrübəsi” adlı kitabında işlətmiş və mədəniyyəti “insan ruhu” kimi təqdim etmişdir. Mədəniyyəti xalqın “ağlı, zəkası, istedadı və vicdanı” kimi də səciyyələndirirlər. Mədəniyyəti “keçmişin bəhrəsi və gələcəyi formalaşdıran” mənəvi amil (E.B.Teylor), “xalqın ruhunun xarici təzahürü” (O.Şpenqler) kimi də xarakteristika edirlər. Bu mənada ideologiya və mədəniyyət bir-birinə yaxındır və eyni funksiyanı - xalqın milli-mənəvi dəyərlərini və gələcəyini formalaşdırır. Mədəniyyəti ideologiyanın tərkib hissəsi hesab edənlərlə yanaşı, ideologiyanı mədəniyyətin strukturuna daxil edənlər də var. Müasir cəmiyyətin mədəniyyətinin strukturunu belə təsvir edirlər: 1. Təhsil və tərbiyə. 2. Elm və texnologiya. 3. İncəsənət. 4. İqtisadiyyat. 5. Hüquq, təşkiletmə və idarəetmə. 6. İnformasiya, mətbuat, turizm. 7.Həyat tərzi, dil, mədəni irs. 8. Səhiyyə, ekologiya və digər həyat təminatı sistemləri. 9. Din. 10. Daxili siyasət və beynəlxalq münasibətlər. 11. Etika. 12. İdeologiya.
Mədəniyyət özündə ideologiya üçün həlledici olan əsas amilləri - vətən və xalq anlayışlarını birləşdirir. Mədəni inkişafın beş əsas amili kimi aşağıdakılar göstərilir: 1. Təbii-coğrafı şərait. 2. Bioloji kod. 3. Sosial mühit (ailə, kollektiv, cəmiyyət). 4. Tarixi şərait. 5. Mədəni mübadilə.
Millətlərin qarşılıqlı əlaqələrini tənzimləyən milli-mənəvi hüquqlarını qoruyan milli siyasətin əsaslandığı amil milli mədəniyyətdir. Milli ideologiya milli mədəniyyət vasitəsilə ümumbəşəri dəyərlərə qovuşur. Milli mədəniyyət ideologiyanı, ideyaları, dünyagörüşünü, milli psixologiyanı, tarixi, fəlsəfi, dini, əxlaqi baxışları da özündə ehtiva edir. Azərbaycanda sosialist ideologiyasına xidmət edən sovet mədəniyyəti vo xəlqi və milli ideologiyalar ifadə edən sovet dövrü mədəniyyəti mövcud olub.
Dünya ideoloji əkslikdən mədəni müxtəlifliyə keçid dövrünü yaşayır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini S.Hantinqton özünün “Sivilizasiyaların toqquşması” kitabında göstərmişdir: “Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqdədir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar on sadə suala cavab istəyirlər: “Biz kimik?” sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr - yəni mədəniyyət anlayışı ilə cavablandırırlar”. Modernləşdirmə nəzəriyyəsinin nümayəndələri T.Parsons, U.Rostou və Q.Almond dünyada liberalizm ideologiyasının möhkəmləndirilməsi üçün liberal plüralizmə əsaslanmağı iddia edirlər. Bu dövrdə mədəniyyət bir növ ideologiya ilə qarşı-qarşıya durur. S.Xəlilov bu dövrü belə səciyyələndirir: “İdeoloji qarşıdurmadan sivilizasiyaların və mədəniyyətlərin qarşıdurmasına keçid meyilləri özünü göstərir. Lakin bu, müvəqqəti haldır. Bütün sivilizasiyalar mahiyyət etibarilə eyni yönümlüdür və ictimai tərəqqiyə xidmət edir. Mədəniyyətlərin müxtəlifliyi isə qarşıdurmadan daha çox qarşılıqlı tamamlamaya aparmalıdır.”
Azərbaycanda da siyasi ideologiyadan çox sivilizasiya və mədəniyyətə daha çox üstünlük verilməsi tövsiyə olunur. Keçid dövründə liberalizmlə konservatizmin vəhdəti əsas yer tutur. Milli ideologiya ilə milli mədəniyyətin vəhdəti millətin yaşaması və inkişafı üçün həlledici amildir. Bu barədə Nizami Cəfərov yazır: “Milli mədəniyyət millətin, xalqın mənəvi xarakterini müəyyən edir və millət o zaman yaşamaq səlahiyyətinə malik olur ki, onun mükəmməl mədəniyyəti olsun”.
Azərbaycan mədəniyyəti türk-müsəlman ideologiyası və milli ideologiya - azərbaycançılıq ideologiyası əsasında formalaşıb və inkişaf etmişdir:
Azərbaycan mədəniyyətinin türk-müsəlman ideologiyası əsasında təşəkkül mərhələsi (I minilliyin sonu - II minilliyin əvvəllərindən II minilliyin sonlarına qədər);
Azərbaycan mədəniyyətinin demokratikləşməsi, milli əsaslar üzərində yenidən formalaşması mərhələsi (II minilliyin ortalarından XIX əsrin sonu -XX əsrin əvvəllərinə qədər);
Müasir Azərbaycan mədəniyyəti mərhələsi (XIX əsrin sonu - XX əsrin əvvəllərindən sonra).
N.Cəfərov Azərbaycan mədəniyyəti və ideologiyasını düzgün olaraq bütün azərbaycanlıların mənəvi dünyasının vəhdəti şəklində, daxili dialektikada götürür: “Azərbaycan mədəniyyəti (həm də ideologiyası, xüsusilə, ədəbiyyatı yalnız Azərbaycan dövlətinin ərazisində (və siyasi-ideoloji nəzarəti altında) yaranmamışdır, ümumiyyətlə, hər bir xalqın ədəbiyyatı nə qədər müxtəlif sosial-siyasi, mənəvi-ideoloji, kulturoloji, mədəni mühit, yaxud regionlarda təzahür etsə də, genotipinə (etnik tipologiyasına) görə vahid, bütöv bir hadisədir”.
Müasir Azərbaycanda mədəni yeniliklər, ideoloji yenidənqurma prosesi gedir. Dövlət humanist dəyərlərin vəhdətindən ibarət yüksək mənəvi mədəniyyətin inkişaf etdirilməsinə çalışır. Mədəniyyətin inkişafında ideologiyanın rolu getdikcə artır. Eyni zamanda, ideologiyanın əsasını mədəniyyət və milli-mənəvi dəyərlər təşkil edir. Fuad Məmmədov mədəniyyət və ideologiyanın qarşılıqlı münasibətinə toxunaraq yazır: “Elmin prizmasından mədəniyyətin vəziyyəti məntiqi surətdə araşdırılır və yeni ictimai sistemin tələblərinə cavab verən ideologiyanın əsasını təşkil edən mədəniyyətin ideallarının dəyər və normalarının - ruhi, psixoloji, estetik, siyasi yeni imperativləri elmi surətdə işlənilir”.
F.Məmmədov mədəniyyətin inkişafının ideologiya üçün mühüm zəmin olduğunu, dövlətin hüquqi, təşkilati və maddi vasitələrdən istifadə edərək, mədəniyyət siyasətinin səmərəliliyinə nail olmağa çalışdığını qeyd edir: “Dövlət mədəniyyət siyasətinin səmərəliliyi ruhi mədəniyyət sahəsinin ideoloji, texnoloji və təşkilati səviyyələrdə idarəetmə sistemlərinin səmərəliliyindən asılıdır”. Deməli, mədəniyyətin müasir mənəvi istehsalının əsasını ideologiya təşkil edir.
Müasir dövrdə keçmiş sovet mədəniyyətinin demokratik, milli mədəniyyətə, sosialist ideologiyasının isə milli ideologiyaya çevrilməsi prosesi baş verdi.
Demokratik prinsiplərə və dəyərlərə yönəlmiş yeni mədəniyyət siyasəti mədəni-ideoloji həyatda köklü dəyişikliklərə, liberalizm və milli dəyərlərin inkişafına səbəb oldu. Bu inkişaf özlüyündə aşağıdakıları ehtiva edir:
Liberalizm dəyərlərinin Azərbaycan xalqının mədəni dəyərlərilə sintezi əsasında demokratik mədəniyyətin yaranması və inkişafı;
Dövlət və qeyri-hökumət təşkilatları arasında cəmiyyətin sosial-mədəni inkişafının idarə edilməsi sahəsində bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulması;
Cəmiyyət və dövlət həyatının yüksək vətənpərvərlik, humanist sosial qayda, mülki hüquq, intizam və sosial məsuliyyət, vicdanlılıq və ədalətlilik, qanunilik, ali ruhi (mənəvi) mədəniyyət prioritetləri - ağıl, bilik və etik prinsiplərin real bərqərar olması üçün mexanizmlərin işlənməsi;
Qlobal mədəniyyət siyasətinin vahid prinsiplərinin işlənməsi.
Ölkəmizdə mədəniyyət və ideologiyanın vəhdəti kimi azərbaycançılıq milli ideologiyası çıxış edir. Azərbaycançılığa mədəniyyətlərdaxili və mədəniyyətlərarası dialoq müstəvisində yanaşılır. Azərbaycançılıq həm Azərbaycan dövlətinin milli-ideoloji əsası, həm də ümummilli ideologiyasıdır.
Ulu Öndər öz dövlət siyasətini azərbaycançılıq ideyasını həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə, qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Mədəniyyətə bir körpə kimi atalıq qayğısı göstərir, onu insanlığın mənəvi varlığı üçün qorumağı lazım bilirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət həmişə qayğı istəyir. O, həssasdır: ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.
Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev məhz buna görə də, azərbaycançılığın və milli mədəniyyətin inkişafı qayğısına qalır və bu siyasəti uğurla həyata keçirir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 2 fevral.- S. 10.