Azərbaycançılıq
və milli xarakter
Azərbaycanın dövlətçiliyinin daha da
formalaşmasına və inkişafına təsir edən ən
güclü amillərdən biri də milli xarakterdir. Bəzi
tədqiqatçılar milli xarakteri
millət anlayışı ilə sıx bağlı təhlil
edərək, milli xarakteri milli psixologiyanın strukturuna daxil
edirlər. Qazax tədqiqatçısı N.Candildinin fikrincə,
milli psixologiyanın strukturuna aşağıdakılar daxildir: 1)
milli xarakter, 2) milli
hisslər, 3) milli özünüdərk. Azərbaycan
tədqiqatçısı V.Abdullayev millətin
davranış nümunələrini, tarixi və sosial kökləri
olan adət və ənənələrini adi milli
şüurun komponentləri kimi səciyyələndirir və
onların milli şüur səviyyəsində milli xarakterə
xas olan emosional ünsürlər, mürəkkəb hiss
kompleksi, əhval-ruhiyyə, temperament xüsusiyyətləri və
emosional ünsürlər, iradi cəhətlər şəklində
özünü göstərdiyini qeyd edir.
Tədqiqatçılar adi şüur deyərkən
milli-etnik psixologiyanı, yaxud milli-psixoloji səviyyəni, nəzəri
milli şüur dedikdə isə adi milli şüurun müəyyən
sosial-siyasi mövqelərdən həyata keçirilən
seçmə ünsürlərin ümumiləşdirilməsini
nəzərdə tuturlar. Milli xarakter və ideologiyanın
qarşılıqlı əlaqəsi nəzəri-milli
şüur səviyyəsində özünü aydın
göstərir. Nəzəri milli şüur özündə
“...millətin bugünkü vəziyyətini və inkişaf
məqsədlərinin məcmuəsini ehtiva edən, tərkibində
milli-etnikliyin müstəsnalığı ideyası yerləşən
ideologiyadır”.
Milli xarakter, milli mentalitet, adət-ənənələr
xalqın özünümühafizə və
özünütəsdiq forması kimi əsrlərlə
yaşamış, ən dəyərli milli amillərdən
biri - millətin varlığının ayrılmaz
ünsürü olan milliyyətçilik, milli məfkurə
ilə qarşılıqlı təsirdə inkişaf
etmişdir. Türkçülük ideologiyasının banilərindən
olan Z.Göyalp milləti “dil, din, əxlaq, gözəllik
duyğusu baxımından müştərək olan, eyni tərbiyəni
almış fərdlərdən ibarət bir toplulum kimi səciyyələndirərək,
millətdə tərbiyənin, dil və din birliyinin, milli
ruhun, milli xarakter və mentalitetin, milli ideyanın
olmasını vacib hesab edir, milli məfkurənin yaranması
və inkişafında bu amilləri əsas hesab edirdi. Hər
bir millətin nümayəndəsi tərbiyəsi ilə
böyüdüyü məfkurə uğrunda “həyatını
belə fəda edə bilər”.
ABŞ filosofu Çarlton İ.N.Hayev milliyyətçiliyi
bir din kimi xarakterizə edərək, milli xarakterin milli-mənəvi
amillə bağlılığını diqqətə
çatdırır: “Bir millət öz
varlığını, xarakterini, mənliyini fiziki-coğrafi
amil və ya bioloji irqdən deyil, mədəni və tarixi
güclərdən alır.
Milli ideologiyanın formalaşmasında əsas amillərdən
biri olan milliyyətçiliyi XX əsrdə hətta millətin
ideologiyası kimi təqdim edənlər də olmuşdur.
İngilis sosioloqu A.Smit “XX əsrdə millətçilik” əsərində
keçən əsri millətçilik əsri
adlandıraraq, göstərir ki, millətçilik
ideologiyası bu dövrdəki bütün ideologiyanı əvəz
edəcəkdir. Müəllif millətçiliyə
dünyaya, mədəniyyətə və siyasətə
baxışlar kimi ünsürləri aid edərək, onu
sosial tərəqqinin hərəkətverici qüvvəsi və
müasir dövrün inqilabi qüvvəsi hesab edir: “Millətçilik,
şübhəsiz, Avropada iki dünya müharibəsindən
sonra müvəqqəti səngisə də, hazırda o, bir
çox Asiya, Afrika və Latın Amerikası ölkələrindən
gələn amansız sınaqla üz-üzə gəlib.
Lakin millətçilik bütün digər ideoloji cərəyanlara
qarşı dura biləcək və yenidən yeni simada meydana
gələcəkdir”.
A.Smit millətçiliyi millətin yeganə gələcək
ideologiyası adlandırırdı. 0, XX əsrdə millətçiliyin
iki formasının kommunizm və faşizm ideologiyaları ilə
qarşı-qarşıya gələcəyini, düzgün
olaraq “kommunist və faşist millətçiliyi”nin məhvə
məhkum olduğunu israr edirdi. Smit marksist millətçiliyinin
liberal millətçiliyin varisi olduğunu göstərirdi.
A.Smit milli idealın rolunu təhlil edərkən, onu
“milli xarakter” anlayışı ilə yanaşı və
qarşılıqlı əlaqədə işlədir. Daha
sonra ingilis sosioloqu milli ideala uyğun olaraq, əcdadlara
bağlılıq vasitəsilə milli xarakterin formalaşdığını
göstərir: “Milli ideal ayrı-ayrı millətlərə
ayrılmış dünyaya və milli xarakteri əmələ
gətirən nadir hadisə olan mədəniyyətə
baxışları, eləcə də, tarix və mədəniyyətə,
həmrəylik siyasi yönümün də daxil olduğu
xüsusi baxışları təcəssüm etdirir”. O, milli
idealı milli iftixar və vətənpərvərlik
anlayışları ilə eyniləşdirməyə
çalışır.
“Milli xarakter”i “milli
temperament” və “mnillətin psixi xüsusiyyətləri”
anlayışları ilə də eyniləşdirənlər
var. Milli temperament millətin sosial
və coğrafi amillərlə şərtlənən
emosional-iradi reaksiyası, genetik
amilin ona təsiri, milli xarakter isə sosial-iqtisadi və tarixi
şəraitin təsiri altında formalaşır. Millətin
psixi xüsusiyyətləri də milli xarakter kimi mədəniyyət və məişətin
spesifik xüsusiyyətlərində təzahür
edir.
Milli xarakter anlayışı milli
şüur, milli psixologiya, milli
özünüdərklə əlaqəli olsa
da, özünəməxsus cəhətlərilə
fərqlənir.
Milli xarakterin spesifikliyi
ondadır ki, burada maddi və mənəvi mədəniyyətin
ünsürləri millətin keçmiş
və indiki tarixini və
təcrübəsini təcəssüm etdirir.
Milli xarakterdə milliliklə ümumbəşərilik
vəhdət təşkil edir.
Milli xarakterin mahiyyəti həmin millətin milli mədəniyyətində, adət-ənənələrində,
mərasimlərində, milli
ideologiyasında açılır. P.Qnatenko
milli xarakterin mahiyyətini
və strukturunu belə açıb
göstərmişdir: “Milli xarakter xalqın tarixi və
sosial-iqtisadi inkişafı prizmasından
keçən, onun mədəniyyəti, ənənələri,
adət və mərasimlərində öz
ifadəsini tapan ümumbəşərilik
və milli spesifikliyin
dialektik tərzdə birləşdiyi
mürəkkəb və ziddiyyətli prosesdir”.
P.İ.Qnatenko milli xarakterin strukturuna ümumbəşəri,
milli-psixoloji cəhətlərlə
yanaşı, dövrün ideoloji yanaşmasına uyğun
olaraq “sosial-sinfi”
xüsusiyyətləri də daxil edir: “Fikrimizcə, milli xarakterin strukturu aşağıdakı ünsürlərdən
ibarətdir: 1) ümumbəşəri xususiyyətləri
(özündə müxtəlif növ dəyərləri
və qaydaları əks etdirir), 2) milli-psixoloji xüsusiyyətlər (yalnız həmin
xalqa xas, milli əsasda meydana gələn,
ümumbəşəri cəhətlərlə dialektik vəhdətdə olan və həmin xalqın mədəniyyəti,
ənənələri, adətləri və mərasimləri
meydana gələn xüsusiyyətlər),
3) milli psixologiya
prizmasından keçən, müxtəlif siniflərin
psixologiyasında təcəssümünü tapmış sosial-sinfi xüsusiyyətlər”. Beləliklə,
müəllif ümumbəşəri cəhətləri milli xarakterin müəyyənedici
ünsürü hesab
edir.
Sovet tədqiqatçıları
səhv olaraq ümumbəşəri və
kommunist dəyərlərini eyniləşdirirdilər.
Sovet dövründə marksizm-leninizm
ideologiyası ən kiçik milli təşəbbüskarlığı
belə millətçilik və sosial şovinizm “təzahürü” kimi
qiymətləndirirdi. Sovet dövründə
millətlərin milli psixologiyası və
xarakteri inkişafdan
dayandı, bu sahədə əyintilər
əmələ gəldi. Milli xarakter, milli mentalitet və milli şüurun dövlətdən tam siyasi
asılılığı şəraitində millətin milli qapalılıq, dünyanın təbii
inkişafından ayrı düşməsi prosesi
baş verdi.
Sovet
xalqlarında, o cümlədən, Azərbaycanda
da milli cəhətlər
deformasiyaya uğradı. Azərbaycan
xalqının milli varlığı türkçülük, milli
xarakteri, milli mentaliteti və XX əsrin əvvəllərində
formalaşmış milli ideologiyası repressiyaya məruz qaldı. Kommunist
ideologiyası azərbaycanlıları nəinki türk dünyası ilə əlaqələrdən,
hətta xariclə ünsiyyətdən məhrum etdi. Azərbaycanın milli
xarakteri, milli mentaliteti, milli
ideologiyası kosmopolit “sovet
xarakteri:” və “sovet
mədəniyyəti” içərisində əridi, xalq rəsmi ideologiyanın köləsinə çevrildi. Halbuki XIX əsrdən artıq Azərbaycan xalqının
mədəniyyətində milli ideologiya, kök
salmış, millətçilik və millət yaranıb inkişaf etməyə başlamış, XX əsrin
əvvəllərində Azərbaycanda türkçülük
ideyasına əsaslanan milli dövlətçilik
yaranmışdı.
İkinci dəfə meydana gələn milli
dövlət - Azərbaycan Respublikasında milli
xarakter və milli mentalitetin təsirilə formalaşan
millətçilik psixologiyası və milli
ideologiya milli şüurun inkişafına, milli
dirçəlişə xidmət edir.
Azərbaycan milli xarakteri və mentaliteti, milli özünəməxsusluğu, ümumbəşəri
cəhətlərilə yanaşı, həm də ümumqafqaz mədəniyyətinin ayrılmaz
bir hissəsi hesab edilir.
Göründüyü
kimi, milli inkişaf ideologiyası milli
dövlətçiliyin, milli
varlığın təhlükəsizliyinə, milli varlığımızın
qorunmasına xidmət etdiyi kimi, birləşdirici ideya
kimi bu ideologiyanın əsasını
- milli özünəməxsus ənənə,
milli xarakter, milli özünəməxsusluq və milli mentalitetə malik azərbaycançılıq
təşkil edir. “Azərbaycançılıq
ideologiyasının tərbiyəsi və təbliği sisteminin əsasında “milli
özünüdərkin və milli “mən”in
mahiyyətini qoruyub saxlamaq
səyi durur” və bu
“əsas”ın qorunub saxlanılması, daha da gücləndirilməsi
tərbiyə kimi daim
diqqət mərkəzində olmalıdır.” Bu
sətirlərin müəllifi C.Xəlilov azərbaycançılığın
formalaşmasında və təbliğində milli
ənənələrin iki aspektini nəzərə almağı diqqətə
çatdırır: “Birincisi,
xalqın özünüqoruma, daimi mövcud və mümkün təhlükə
qarşısında birləşmə stixiyasını və
bacarığını şərtləndirən
faktorların, özünəməxsusluqların sabit mentalitet keyfiyyətləri
qazanması xalqın yaşanan həyat tərzinə
əsaslı təsir göstərmişdir. Mentallığın konservativliyini
nəzərə alsaq, ən vacib, əhəmiyyətli təsirini hələ
də qoruyub saxlayar,
faktorların yerində və qədərində işlədilməsi
azərbaycançılıq ideologiyasının təbliğini
həyati güc qazanmasında əsas ola bilər. İkincisi, etnik-milli şüurun, mentalitetin şifahi,
yazılı, maddi-mənəvi sərvətlərində
əksini tapmış cəhətləri milli
ənənələr faktoru kimi”.
S.Xəlilov düzgün olaraq göstərir
ki, xarici ölkələr
Azərbaycanda öz ideologiyalarını
təbliğ edib formalaşdırmaq üçün “özləri üçün
ciddi müxalif güc hesab etdikləri azərbaycançılıq
ideologiyasını əsas bazadan - əhali
gücündən məhrum etmək məqsədi güdürlər”.
Milli xarakter və mentalitetin vətən
amalı və azərbaycançılıq ideologiyası ilə
sıx bağlı olduğunu qeyd edilməklə, vaxtilə arxa
plana keçirilən ideologiyaya
milli amilin təsiri indi “millətin real-iqtisadi, sosial-psixoloji və
mədəni həyatının
potensialını-milli şüurunun xarakterik xüsusiyyətlərini, emosional-psixoloji cəhətlərini, ictimai inkişafını hərəkətə
gətirən mexanizm kimi
nəzərdən keçirir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 4 fevral.-S. 13.