Azərbaycanda ekoloji şüur və mədəniyyətin inkişafı diqqət mərkəzindədir

 

XXI əsrin başlanğıcında, insanın təbiətlə olan münasibətinin meydana gətirdiyi çox ciddi həyati problemlərlə qarşı-qarşıyayıq. İnsan üçün ekoloji sistemin bir parçası olaraq ətraf mühitə diqqətlə yanaşma, ekoloji mədəniyyət anlayışını aktual hala gətirir. Ətraf mühit problemləri insan olaraq nəyə dəyər verdiyimiz, necə bir varlıq olduğumuz, təbiətdəki yerimizin nə olduğu, necə inkişaf edə biləcəyimiz haqqında bir çox əsaslı suallara cavab verilməsini vacib hala gətirir. Hava, su və torpağın çirklənməsi, qlobal iqlim dəyişmələri, tükənən təbii sərvətlərin azalması, böyük təbii fəlakətlərin çoxalması və atom enerjisindən həm dinc, həm də müharibələr zamanı istifadəolunma riski bəşəriyyət üçün qlobal problemə çevrilmişdir. Yaponiyada baş vermiş son zəlzələ-sunami göstərdi ki, hətta dinc məqsədlə istifadə edilən AES-lər təhlükəsizlik baxımından o qədər də etibarlı deyil və özü-özlüyündə təhlükə mənbəyidir. 

Məhz ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.

Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. BMT-nin Baş katibi Pan Gi Mun keçirilmiş ekologiya məsələlərinə dair zirvə toplantısında Yer kürəsinin gələcəyi ilə əlaqədar narahatlığını konkret şəkildə belə ifadə etmişdir: “Bəşəriyyətin planetimizdə labüd iqlim dəyişikliklərinin qarşısını almaq üçün cəmi on ili vardır”. Azərbaycanda əhalinin gələcəkdə bioloji varlıq kimi mövcudluğuna aidiyyəti olan bu mühüm məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Məhz son zamanlarda ölkəmizdə həyata keçirilən bəzi layihələr ekoloji problemlərin həll olunmasında öz bəhrələrini verir. Şəhər və qəsəbələrin abadlaşdırılması, daşqın və sel nəticəsində Kür və Araz qırağı bəzi yaşayış yerlərinin su altında qalması nəticəsində əhaliyə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi, yeni yaşayış yerlərinin salınması, bəndlərin möhkəmləndirilməsi,  yeni su və kanalizasiya qurğularının çəkilməsi və Bakı buxtasının təmizlənməsinə başlanmasını əyani sübutlar kimi qeyd edə bilərik.

Bu kontekstdə cənab Prezident İlham Əliyevin Azərbaycanda ekoloji şüur və mədəniyyətin əsaslı şəkildə inkişaf etdirilməsi baxımından söylədiyi fikirlər iqtisadi-siyasi strategiya aspektindən çox əhəmiyyətlidir: “Biz ciddi ekoloji tədbirlər görürük. İlk növbədə, ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit - biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni, bu sahəyə ciddi diqqət göstərilməlidir”.

Yeri gəlmişkən Ümummilli Lider Heydər Əliyevin “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” fikri yüksək səviyyədə elmi arqumentlərlə təhlil olunması vacib olan tezislərdəndir. Qeyd etməliyəm ki, bu fikir müasir eko-etikanın inkişafına təsir göstərən Aldo Lipoldun “torpaq etikası”- tezisləri çərçivəsində təhlil oluna bilər. Belə ki, Lipoldun torpaq etikası anlayışı məşhur ingilis filosofu Con Lokun, torpağın bir mal olduğu yolundakı görüşünə qarşıdır. Ona görə artıq biz torpağa bir obyekt və cansız bir varlıq olaraq baxa bilmərik. Çünki torpaq sırf ərazi deyildir. Bu ərazi, bitki və heyvanların daxil olduğu sahədən axan enerji mənbəyidir. Bu kontekstdə Heydər Əliyevin məşhur fikri Azərbaycanda ekoloji şüurun və mədəniyyətin inkişaf etdirilməsində əvəzsiz funksional rola malikdir.

 

Davamlı inkişaf konsepsiyası və ekoloji siyasət

 

Qaynaqların istifadəsi, əhali artımı və çoxluğu yer kürəsində tarazlı şəkildə bölüşdürülmür. Sənayeləşmiş ölkələr az inkişaf etmiş ölkələrlə müqayisədə təbii qaynaqların daha çox hissəsindən istifadə edirlər. Gələcək nəsillər üçün məsuliyyətimiz onlara müəyyən malların və mənbələrin verilməsi deyil, əksinə, onlara bərabər hüquqlu istifadə etmə imkanının yaradılmasıdır. Bu insanların əsas mənfəətləri  etik cəhətdən bizim öz mənfəətlərimizdən nə az, nə də çox əhəmiyyətlidir. Məhz son zamanlarda ortaya çıxan Davamlı İnkişaf Konsepsiyası da bu mövzuya əhatəedici, bütöv (holistic) bir prizmadan yaxınlaşır. Belə ki, Davamlı İnkişaf Konsepsiyası ətraf mühit, iqtisadi və sosial-siyasi telləri və münasibətləri bir sistemdə birləşdirir. Üstəlik, o, ağıl və mənəviyyat arasında qarşılıqlı əlaqənin vacibliyini diktə edir.

Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzinin yaradılması da Davamlı İnkişaf Konsepsiyasına və dövlətin ekoloji siyasətinə müvafiq həyata keçirilən  layihələrdəndir. Məhz Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. Qeyd olunan ərazinin təmizlənməsi və “Bakı Ağ şəhər” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunmuşdur.

2011-ci il oktyabrın 21-də  “Hilton Baku” otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanmışdır. Bunlardan biri də  2011-ci il iyul ayının 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması naminə Beynəlxalq Dialoq Kampaniyasının başlanması oldu. Məhz Azərbaycanda ekoloji şüur və mədəniyyətin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi yeri vardır. 

 Nəticə olaraq Prezident İlham Əliyevin iqtisadi siyasət kursunun əsas istiqamətlərindən biri də ölkədə həyata keçirilən ətraf mühitin təmizlənməsinə dair aparılan islahatlardır. Məhz bütün bu fəaliyyətlər və əldə olunan nəticələr xalqımızda ekoloji mədəniyyətin inkişaf etməsinə təsir göstərməkdədir. Aparılan bu dövlət siyasəti  iki səviyyəyə diqqətləri cəlb etməkdədir. Birincisi, nə etməyimiz, necə yaşamağımıza dair qərar verilən təcrübi səviyyə; ikincisi də, necə qərar verdiyimiz və nələrə dəyər verdiyimizə dair düşünməni ehtiva edən daha nəzəri və akademik bir səviyyə. Məhz Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və BDU-da ekologiya və torpaqşünaslıq fakültələrinin yaradılması da qeyd olunan dövlət siyasətinin əyani nəticələrindəndir.

 

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2012.- 4 fevral.-S.2.