Azərbaycançılıq və Azərbaycan
mentaliteti
Azərbaycan xalqının milli xarakteri və
mentalitetinin təsiri altında formalaşan milli ideologiyanı
- azərbaycançılıq ideologiyasını Ulu Öndər
Heydər Əliyev azərbaycanlıların milli ruhunun
qoruyucusu, ümumdünya sivil məkanında milli
özünütəsdiqin əsas amili hesab edirdi. Ulu Öndər Heydər Əliyevin
ictimai-siyasi görüşlərində azərbaycançılıq
və milli mentalitet fəlsəfəsinin mahiyyətini dərindən
aça bilən Q.Əliyev yazır: “Heydər Əliyevin
ictimai-siyasi görüşlərində işlənib
hazırlanmış, ölkə əhalisinin rəğbətlə
qarşıladığı azərbaycançılıq vətən
amalının milli dərki kimi təqdim edilir... Heydər Əliyevin təsəvvüründə azərbaycançılıq
ideologiyası milli-mənəvi sərvətlərimiz sistemində
ən önəmli yer tutur və mübaliğəsiz demək
olar ki, müstəqilliyin möhkəmlənməsi əqidəsində
olan bütün azərbaycanlıların milli ideologiyası
kimi funksional əhəmiyyət daşıyır”.
Q.Əliyev Ulu Öndər Heydər Əliyevin
müstəqillik dövründə milli ideologiya və
milli-siyasi şüur tərəfindən sosial-siyasi və mənəvi
sistemin dərk olunması və öyrənilməsinin vahid
sinkretik forması olan milli-siyasi mentalitetin
qarşılıqlı əlaqəsinə dair dəyərli,
dahiyanə fikirlərini də üzə çıxarıb.
Məlumdur ki, milli-siyasi mentalitetin
yaradıcısı xalq və siyasi elitadır. Təbii mədəniyyət
zəminində formalaşan siyasi mentalitet ənənə ilə
bağlı olub siyasi həyatda gerçəkləşir.
Çox düzgün
olaraq müəllif Ulu Öndər Heydər Əliyevin
dövlətçilik konsepsiyasında bir sıra problemlərin
həllinə onun kompleks yanaşdığını, onun
milli yanaşdığını, onun milli-hüquqi dövlət
konsepsiyasının mənəvi əsaslarını
açıb göstərmişdir: “Bir tərəfdən
xalqın rifahı, həyatının real səviyyəsi və
keyfiyyəti, digər tərəfdən isə milli və bəşəri
dəyərlərlə zənginləşmiş mənlik
şüuru xalqın dövlətçiliyinin məzmununu
müəyyənləşdirən amillərdir. Azərbaycan
xalqı Qafqaz xalqları arasında xüsusi yer tutan
xalqlardandır. Qafqaza xas olan bir çox etnik birliklərin
sivilizasiyalararası dialoqu şəraitində hər bir Qafqaz
xalqlarının mentaliteti özlərində əsrlərin dərinliklərindən
gələn ideya və xüsusiyyətləri, tarixi təsəvvürləri,
sosial və əxlaqi norma və dəyərləri
əks etdirir. Bu mentallıq özündə həm
də Qafqaz ənənəviliyini və mənəvi
qohumluğunu, ümumqafqaz tarixinə
bağlılığı birləşdirir”.
Qafqazdakı xalqların milli mədəniyyətləri,
milli xarakteri, mentaliteti, ideologiyası özündə
türk, slavyan, kartvel, vaynax, Dağıstan, digər dil
qruplarını, islam və provaslav dini dəyərlərini,
qədim fars, yunan-Roma, ərəb sivilizasiyalarından
qidalanmış dağlıq və düzən mədəni
adət-ənənələrini birləşdirən və əhatə
edən mədəniyyətin ayrılmaz bir hissəsidir.
Sosiomədəni fenomen olan mentalitet
xalqların, tayfaların xarakteri, psixologiyası adət-ənələrinin
öyrənilməsi ilə bağlı anlayışdır. Şərqin görkəmli siyasətçisi
Nizamülmülk özünün “Siyasətnamə” əsərində
dövlət başçılarına idarə etdikləri
ölkənin xalqlarının və tayfalarının
xarakterini, adətlərini öyrənməyi məsləhət
görürdü: “Ölkə daxilində uzaqdan-yaxına,
böyükdən-kiçiyə qədər heç bir
şey onların gözündən qaçmasın”.
Mentalitetin fəlsəfi-etik, mədəni-etnik
və tarixi səviyyələrdə öyrənilməsi
xalqların tarixi həyatının, sosial, mədəni, dini,
təbii, bioloji aspektlərinin vəhdətdə
götürülməsini tələb edir. Mentalitet sosial-fəlsəfi
fenomen olmaqla yanaşı, həm də adətlərin, əxlaqi
sərvətlərin, dini etiqadların, şüurun vərdişlərin
sayəsində formalaşmışdır.
Mentalitet
fenomeninin tədqiqatçısı H.Quliyev mentalitetin
xüsusiyyətlərindən bəhs edərkən, onun
arxitip ünsürlərinin geniş zaman diapazonunda dəyişməz
qaldığına işarə edərək, bunun sayəsində
“mentalitetin tərəqqiyə münasibətdə xüsusi
immunitetə malik olduğunu, ənənəvi ictimai təsisatlara
daxil olduğunu” göstərirdi.
Q.Əliyevin fikrincə, mentalitet milli xarakterin
başlıca təzahürü olduğundan, onun tarixi
inkişaf mərhələləri və mahiyyəti təbii
zərurət sahəsinə daxildir. Yəni
ictimai şüurun yaranması və inkişafı tarixi zərurət
olduğu kimi, millətin də şüuru və mentaliteti
onun sosiomədəni formalaşma mərhələlərini əks
etdirir, labüd olaraq praktikada insani münasibətlərdə
üzə çıxır. Ona görə
də xalqın millətə çevrilməsi
üçün zəruri olan tarixi keçid mərhələləri
vacib şərtlər olub şüurun və mentalitetin məzmununu
tarixi ideyalarla zənginləşdirir. Müəllif Ulu Öndər Heydər
Əliyevin fəlsəfəsində
azərbaycançılıq ideologiyasının başlıca qayəsindən
söhbət açmazdan öncə göstərmək istərdik
ki, azərbaycanlılar, onların şüuru, xarakteri də
özlərinə məxsus tarixi inkişaf mərhələləri
keçmişdir. Tarixilik baxımından
yanaşsaq, deməliyik ki, azərbaycançılıq
ideologiyasının ən mühüm ideyalarını
“Kitabi-Dədə Qorqud” eposunda, xalqımızın milli
mifoloji təsəvvürlərində
izləmək mümkündür. Təbii ki, biz azərbaycanlıların
dərin etnomədəni, tarixi-siyasi kökləri barədə
ətraflı
söhbət açmaq
niyyətində deyilik, məqsədimiz Ulu Öndər
Heydər Əliyevin ictimai-siyasi görüşlərində
azərbaycançılıq ideologiyasının önəmli
yer tutmasından bəhs etməkdir. Lakin ən qısa şəkildə
qeyd etmək istərdik ki, Azərbaycan etnosunun
formalaşmasında hun-qıpçaq türklərinin
psixologiya və mentalitetinin yayılması (I mərhələ),
oğuz türklərinin sosiomədəni dəyərlərin
yayılması (II mərhələ) aparıcı rol
oynamışdır, Azərbaycanda
yaşayan qeyri-türk mənşəli xalqlar yalnız
Azərbaycan türkcəsi deyil, həmçinin, Azərbaycan
türklərinin tarixi birləşdiricilik ideyası əsasında
ünsiyyətə girərək, müəyyən tarixi zaman
kəsiyində Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini
yaratmışlar. Ulu Öndər
Heydər Əliyev milli varlığımızın ideya təməli
olan azərbaycançılıq haqqında Azərbaycan mentaliteti haqda
demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə,
mentalitetinə görə qürur hissi keçirməlidir və
biz azərbaycançılığı -Azərbaycanın
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adətlərini yaşatmalıyıq”. Azərbaycançılıq
elə bir meyardır ki, hər bir azərbaycanlı bunun vasitəsilə
özünü qavrayışını, identikliyini qiymətləndirir.
Öz tarixi yaddaşına hörmətlə
yanaşır, Vətən amalını uca tutur.
Orteqa-de-Qasset
göstərir ki, insan “Mən” ilə onun ətraf
mühitinin məcmusundan ibarətdir. İnsan
ona görə şüur və idrak subyektidir ki, şəraitə
söykənərək, o, ətraf aləmi müəyyən
fərdi perspektivə çevirir. Azərbaycançılıq
ideyası özünüidentifikasiya üçün fəlsəfi
örnəkdir, dövlətçilik, müstəqillik
ideyalarını ehtiva edən mentalitetimizi saflaşdıran
ideologiyadır, millətin mənlik şüuruna uyğun
sağlam sosial mühitini yaratmaq ideologiyasının nüvəsidir.
Xalqın psixologiyasının və mentalitetini
yaxşı bilən və buna ehtiramla yanaşan Ulu Öndər
Heydər Əliyev
özünün hüquqi dövlət təlimində milli
psixologiyanı və xalq mentaliteti fenomenlərini real gerçəkliyə
müncər etmir, milli mənlik şüurunun mühüm
elementlərindən biri olan demokratik inkişaf ideyalarına
bağlılıqla sosiumda transformasiya hadisələrinin
gedişini dərk etmək qabiliyyəti arasında dialektik vəhdəti
göstərir. Onun aşıladığı mühüm
sosial-psixoloji dəyər budur ki, öz şərəf və
ləyaqətini qiymətləndirə bilən xalq, hər
şeydən əvvəl, bu keyfiyyətlərə hörmət
edə bilən dövlətini qurmalı və onun işlərində,
mühüm siyasi-hüquqi qərarların qəbul edilməsində,
başqa sözlə, demokratik proseslərdə fəal
iştirak etməlidir. Ulu Öndər Heydər Əliyev
belə bir ideyaya üstünlük verirdi. Milli dövlət və onun başında duranlar
yüksək mənəviyyata, mədəniyyətə
söykənməlidirlər. Onun əqidəsincə,
yalnız öz tarixi və mədəniyyəti ilə
yanaşı, bəşəri dəyərləri də milli
şüur və milli ideya prizmasından mənimsəyən
vətəndaş öz dövlətini möhkəmləndirə
bilər. Bir sözlə, Ulu Öndərin dövlətçilik
konsepsiyası Vətən, suverenlik, müstəqillik, milli mənəviyyat,
vətənpərvərlik kimi bəşəri məna və
əbədi əhəmiyyət kəsb edən sərvətlərdən
qidalanır, xalqın bu dəyərləri öz sosial-siyasi
dünyagörüşünün ayrılmaz tərkib hissəsi
kimi dərk etməyi aşılayır”.
Ulu Öndər Heydər Əliyevin
xalqına müstəqillik, tarixi yaddaşı unutmamaq, vətən
amalı, həmrəylik, azərbaycançılıq kimi
müqəddəs ideyalar aşılayan siyasət məktəbi
yeni formasiyada fəaliyyət göstərəcək milli siyasətçilərimiz
üçün örnəkdir. Dünya siyasətçilərinə bir
daha göstərdi ki, Onun siyasi fəaliyyəti ölkəsinin
milli mənafelərini üstün tutan dövlət
başçısı, həmçinin, xalqının sivil
obrazını yaratmaq, onu müasir
dünyagörüşlü millət kimi tanıtmaq
üçün nəhəng enerji sərf etməklə, bəzən
də siyasi riskə getməli olur.
Məlumdur ki, mentalitet şüur fenomeni
kimi, hər şeydən əvvəl, sosiomədəni dəyərlərin
sintezinin təzahürü olmaqla cəmiyyət və insan həyatının
bir çox sahələrinə nüfuz etdiyindən
çoxlu ölçülərdə və xarakteristikalarda
üzə çıxır. Əgər belə demək olarsa, o, intellektlə iradədə
əksini tapmış ruhi və fəhmi qavramanın
ittifaqının fərdin mənfi şüurunda,
düşüncə tərzində təcəssümüdür,
buna görə də insanın formalaşmış fikirləri
və ideyaları praktik siyasət üçün hələ
kifayət deyildir, başlıca
şərt bunların sosial
reallaşmasıdır.
Bu mənada, Ulu Öndər Heydər Əliyev
siyasət məktəbinin layiqli davamçısı ölkə
Prezidenti cənab İlham Əliyev ölkə daxilində və
bütün dünyada azərbaycançılığı
uğurla həyata keçirən istedadlı siyasətçi
kimi şöhrət qazanmışdır. Heydər Əliyev siyasi məktəbi
İlham Əliyevin, simasında XXI əsr Azərbaycan siyasəti
və diplomatiyasında özünə mühüm yer tutan
qloballaşma dövründə ölkəmizin inkişaf
strategiyasını bacarıqla həyata keçirən siyasi
lider və istedadlı siyasətçi yetişdirmişdir.
Cənab İlham Əliyev Azərbaycan milli
mentalitetinə və Azərbaycançılığa sıx
bağlı olan müasir milli elitanın formalaşmasında
və inkişafında əsas rol oynayan bir dövlət
başçısıdır. Beləliklə,
tarixən milli, irqi, dini tolerantlığı ilə fərqlənən
azərbaycanlı mentaliteti və milli xarakteri milli mənlik
şüuruna uyğun olaraq azərbaycançılıq
ideologiyasının formalaşmasında mühüm rol
oynamışdır. Azərbaycançılıq
ideologiyası xalqın milli şüurunu səfərbər
edərək, milli vətənçilik ideyasını
şüurlara yeridərək, dövlət quruculuğu
prosesində güclü amilə çevirmişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2012.- 7 fevral.- S. 10.