Azərbaycançılıq
və islam dini dəyərləri
Azərbaycançılıq
ideya sistemində islam
dini dəyərlərinin mühüm
yeri və əhəmiyyəti vardır. Azərbaycançılıq və dünyəviliyi,
müasirliyi, avropalaşmanı, tərəqqini,
milli birlik kimi ideyaları özündə birləşdirən
Azərbaycan türk-islam mədəniyəti
azərbaycanlıların əsrlərdən gələn milli dövlətçilik
ideologiyasının, azərbaycançılıq
ideyasının, dini-mənəvi dəyərlərin
bərpasını və inkişafını tələb edir. İslam dini dəyərləri azərbaycanlıların
mənəvi varlığının ayrılmaz tərkib hissəsinə
çevrilmiş, türk-islam
mədəniyyəti isə əsrlər boyu
azərbaycanlıların inkişafına güclü
təsir edən amil olmuşdur.
Azərbaycan
xalqının mədəniyyətini, mənəviyyatını, həyat
tərzini islam
dini-mənəvi dəyərləri olmadan
təsəvvür etmək çətindir. Azərbaycan
xalqı həm ümumi islam
mədəniyyəti, həm də xüsusi,
spesifik Azərbaycan mədəniyyətinin
daşıyıcısıdır: “İslam
mədəniyyəti orbitinə daxil olan xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən
ümumi, vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər üçün həmin xalqların dünyagörüşünü, ənənələrini,
həyat tərzini, mənəvi norma və
ideallarını, psixologiyasını, ictimai
təsisatlarını və davranış modellərini
müəyyən etmişdir”. İslam mədəniyyəti XIX-XX əsrlərdə
formalaşan milli mədəniyyətə,
o cümlədən, milli
ideya və milli ideologiyaya güclü təsir
göstərmişdir. Məlumdur ki, milli ideologiya yalnız millətin
yaranması ilə meydana gəlməmişdir.
Bu ideologiya Azərbaycanın
tarixi inkişaf mərhələsindəki
milli-mədəni dəyərlərin, o
cümlədən, islam dini-mənəvi
dəyərlərin təsirilə formalaşmış və
onların varisi kimi təşəkkül
tapmışdır. Azərbaycan müstəqillik
qazandıqdan sonra milli ideologiya azərbaycançılıqla
yanaşı, islam dini-mənəvi dəyərləri
də bərpa olundu. Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq
dövlət ideologiyası səviyyəsinə yüksəldi.
Azərbaycançılıq milli ideologiya və milli adət-ənənələrlə
bağlıdır. Bu ideologiyada
dini-mənəvi dəyərlər də mühüm
yer tutur. Demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa
da, dini-mənəvi dəyərlər
xalqın mənəviyyatı, dünyagörüşü,
həyat tərzi və ideologiyasından ayrılmazdar. Bir sözlə, Azərbaycanda milli
və dini ideya üstünlük təşkil edir: “Hazırda Azərbaycanın ictimai həyatında iki
başlıca kommunalist ideya
- dünyəvi milli-azərbaycançılıq ideyası ilə
dini islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə
öz sosial
bazasını gücləndirir”. R.Əliyev çox düzgün olaraq qeyd edir
ki, müstəqillik illərində Azərbaycanda
millət ideyası dirçəldi, “milli
birlik, dünyəvilik, müasirlik,
avropalaşma və tərəqqi
ideyalarını rəhbər tutan milli dövlətçilik ideologiyası siyasi nəzəriyyə və siyasət kimi hegemon qüvvəyə
çevrildi”.
Dini-islamçılıq
ideyası güclü təsirə malik olsa da,
milli və dini ideya bir-birilə birləşə bilməz.
“Azərbaycanda dövlət dindən ayrıdır. Lakin intellektual-ruhi və ideoloji
komplekslər kimi milli
ideya ilə dini ideya labüd olaraq üst-üstə düşür
və çarpazlaşır. Çoxmillətli və
çoxkonfessiyalı bir dövlət kimi Azərbaycan Respublikasında həmin
ideyaların xalqın ümumi mənafeyi
naminə yaxınlığı, müəyyən hüdudlar daxilində əməkdaşlığı
və bir-birindən qarşılıqlı səmərəli
surətdə faydalanması mümkün
və labüddür. Məhz
bu səbəbdən dövlət daima sübuta yetirməyə
çalışır ki, onun
götürdüyü dünyəvi inkişaf yönümü
dinlə mənəviyyat sahəsində əməkdaşlığı
istisna etmir”. İslam dini-mənəvi dəyərləri əsrlər
boyu insanları müqəddəs əxlaq
normaları ilə tərbiyələndirmişdir. S.Xəlilov islamın iki istiqamətdə
qurulduğunu göstərir: “1. İnsandan Allaha müqəddəslik
duyğusu. 2.Allahdan insana
- necə yaşamağın konkret
yolları”. İslamda dini-mənəvi dəyərlər
dünyanı qoruyan, cəmiyyətdə
insanların davranışını tənzimləyən
nizamın cövhərini təşkil edir. İslam
cəmiyyətdə yüksək mənəvi fəzilətlər,
yaxşılıq, xeyirxahlıq, əmanətə sədaqət,
düzlük, başqalarına təmənnasız
yardım hissləri tərbiyələndirir, müsəlmanların
birliyini, nəsillərin mənəvi-ruhi
varisliyini qoruyub
saxlayır. İslamın təqdir və yasaq etdiyi əxlaqi və
qeyri-əxlaqi sifətlər aşağıdakılardır -
şücaət, ədalət-zülm, ali
təbiət-alçaq təbiət, xoşgümanlıq, bədgümanlıq,
mehribanlıq, kobudluq, həlimlik, qəzəblilik,
insaflılıq, insafsızlıq, qənaətcillik, hərislik,
acgözlük-səxavətlilik, əliaçıqlıq-simiclik
və xəsislik, əminlik-məkr, xəyanət,
ehtiramlılıq-təhqir etmək, sülh,
dostluq, ülfət yaratmaq-fəsad, ədavət
salmaq, xoşəhval-kobudluq, doğruçuluq-yalan, ixlas-riya,
səmimilik-nifaq, həyalılıq, utancaqlıq-həyasızlıq,
tövbə-günahkarlıq, vəfa-cəfa, Allaha
təvəkkül-Allaha etibar etməmək
və s.
İslam
dini insanın maddi-mənəvi həyatının
bütün sahələrinə şamil olan kamil və misilsiz bir ideologiya kimi dəyərləndirilir. İslam
“insan fitrətinin axtardığı bütün xeyir və səadət
yollarını göstərir, öz sağlam ruhuyla bəşəriyyəti
hər növ mənəvi xəstəliklərdən
xilas edir”. İnsan həyatının elə bir guşəsi tapılmaz ki,
dinimizin yol göstərən
güclü hökmləri onun haqqında düzgün
proqramlar irəli sürməsin. Onun qanunlarının əsas hədəfi
insanın hərtərəfli tərbiyə və təkamülüdür.
İslam tərbiyə insanın istək
və meyillərini tənzim edir və
saflaşdırır. Bu dinin hədəfi budur ki, insan
cəmiyyətinin bütün sahələrində
haqq və ədalət icra
olunsun. Əsrlər boyu yaranan milli-mənəvi dəyərlər, o
cümlədən, dini-mənəvi
sərvətlər cəmiyyətin sosial tənzimləmə və
ideoloji
sistemində mühüm rol oynayır. Dövlət dini-mənəvi
dəyərlərin sosial-mənəvi məzmununa varislik prinsipilə yanaşaraq,
onlardan ideoloji tərbiyədə
istifadə edir. R.Əliyev düzgün olaraq varislik prosesində irsən keçmiş
dəyərlərin yenidən dirçəldildiyini və inkişaf etdirildiyini qeyd edərək, müsəlman ölkəsi olan Azərbaycan şəraitində sosial-psixoloji varislik mexanizmi vasitəsilə keçmişin
gözəl əxlaqi dəyərlərilə yanaşı, o dövrün sosial bəlaları - dini təəssübkeşlik, mövhumat
və xurafatın da müasir
nəsillərin şüuruna və əməli
həyatına yol tapdığını,
buna görə də dini-mənəvi dəyərlərə
münasibətdə mövqeləri müəyyən edərkən,
bu amilləri də nəzərə
almağı tövsiyə edir: “Burada dövlətin bütün
ideoloji və tərbiyəvi təsir mexanizminin gücündən səmərəli
istifadə olunmalıdır...
Hər
şeydən əvvəl, müstəqillik şəraitində
adət-ənənələrə şüurlu
varislik münasibəti təbliğ edilməlidir.
Bu zaman əsas meyar kimi adət-ənənələrin
sosial-mənəvi potensialı açıqlanmalıdır”. Müəllif haqlı olaraq mədəni
irsimizin qızıl fondunu
təşkil edən ümumbəşəri ideyalar
tərənnüm edən klassik irsin görkəmli fikir
dühalarının irsinə birtərəfli
yanaşmanın bu irsin
əsil məzmunundan təcrid edilərək təhrif edilmiş şəkildə Azərbaycan ictimai fikir tarixində ateizmin müqəddəs
ideya şərtləri kimi
təqdim edilməsinə son
qoyulmasını və bu irsdə indiyə
qədər gizlədilmiş dinlə bağlı mədəni-mənəvi
dəyərlərin açıqlanıb mənimsənilməsi
zərurətini də göstərir. Azərbaycan
Respublikasında milli ideologiyanın inkişafında müstəsna
xidməti olan Ulu
Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi
və islam dini dəyərlərini
Azərbaycan xalqının milli sərvəti
hesab edirdi. Ulu Öndər ənənələri, milli, mənəvi və dini
dəyərləri ölməz, əbədiyaşar dəyərlər
kimi qiymətləndirirdi. O, fəxrlə
bəyan edirdi ki,
müstəqil Azərbaycan Respublikasında dini,
mənəvi və milli adət-ənənələr
bərpa edilmişdir.
Heydər Əliyev Azərbaycanda
dünyəvi - demokratik cəmiyyət qurulduğunu və dini-mənəvi dəyərlərə
qayıdış baş versə də,
islamın hakim ideologiya
olmasına yol verilmədiyini, sivil dövlət quruculuğu
prosesində bütün ümumbəşəri dəyərlərdən,
xalqımızın milli mentalitetinə, mənəviyyatına
uyğun cəhətləri götürüb tətbiq etməyin vacibliyini göstərirdi. O, sovet dövründə ateist
tərbiyəsinin dini-mənəvi dəyərləri
xalqın qəlbindən çıxara bilmədiyini qeyd edirdi. Çoxmillətli
dövlət olan Azərbaycanda yaşayan vahid milli ideologiya - azərbaycançılıq
ətrafında birləşmiş digər xalqlara,
millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq, islam
dininin buyurduğu kimi qardaşlıq, dostluq
əlaqələri yaradılması zərurətini diqqətə
çatdıran Ulu Öndər dinlərarası
münaqişələrə yol verilməməsini,
onların birliyində, qarşılıqlı
anlaşmasında islam dini-mənəvi dəyərlərinin
dirçəldilməsinin dövlət ideologiyası və
mənəvi tərbiyə sahəsində nəzərə
alınmasını diqqətə çatdırırdı.
Ulu
Öndər Heydər Əliyev dini-mənəvi dəyərlərə
yüksək qiymət verərək, onun
azərbaycançılıq ideologiyasına, vətənpərvərlik
tərbiyəsinə güclü təsirini
açıqlayırdı. Ulu Öndər
göstərirdi ki, islam
dini həmişə insanları
saflığa, ülvi mənəviyyata dəvət
etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir.
Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox
çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti
var. Məhz bu
dövrdə hər bir azərbaycanlı,
hər bir müsəlman, ilk
növbədə, islam dininin
tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir.
Mənəviyyatımız nə qədər
yüksək olarsa, hər bir
insanda, azərbaycanlıda, müsəlmanda
vətənə, öz amallarına sədaqət,
mənəvi saflıq əhval-ruhiyyəsi nə qədər güclü tərbiyə edilərsə, Azərbaycan
da bunun ağır böhran dövründən, çətinliklərdən
o qədər tez və
müvəffəqiyyətlə çıxar. Müasir demokratik,
hüquqi dövlət və vətəndaş
cəmiyyəti quran Azərbaycan dini-mənəvi
dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək
Ulu Öndərin layiqli
siyasi varisi ölkə
Prezidenti cənab İlham
Əliyevin rəhbərliyilə güclü
inkişaf yoluna qədəm
qoymuş və çətinlikləri
böhranları aradan qaldıraraq uğurla irəliləməkdədir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 9 fevral.- S. 10.