QANA
SUSAMIŞ ERMƏNİ FAŞİZMİ
Xocalı soyqırımı Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olmuşdur. Azərbaycanın
Ümummilli Lideri Heydər
Əliyev Xocalı soyqırımının on
illiyi münasibətilə Azərbaycan
xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və
qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu”.
Qeyd
etmək lazımdır ki, Azərbaycan
xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə,
soyqırım siyasətinə məruz qaldı. Azərbaycan
xalqı tarixi torpaqlarından qovularaq, qaçqına, məcburi
köçkünə çevrildi və
bütün bunlar ermənilər
tərəfindən
kütləvi qırğınlarla müşayiət olundu. Azərbaycanlıların öz tarixi-etnik
torpaqlarından qovulması sovet
dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan
150 min azərbaycanlı deportasiya
olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə
isə öz tarixi
torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən
qovulmuş, bununla da, Ermənistan monoetnik dövlətə çevrilibdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan
hadisələr erməni ideoloqlarının “dənizdən- dənizə
Ermənistan” adlı sərsəm bir
ideyasını reallaşdırmaq cəhdi kəndlərin,
şəhərlərin dağılması, on
minlərə günahsız insanın ölümü, yüz minlərlə
azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi
ilə nəticələndi.
XOCALI
SOYQIRIMI BU AQRESSİV VƏ CİNAYƏTKAR ERMƏNİ
SİYASƏTİNİN NƏTİCƏSİDİR
Bütün beynəlxalq
hüquq normalarına zidd
olaraq Ermənistan dövləti
Dağlıq Qarabağı özünə birləşdirmək
istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə
hazır olduqlarını nümayiş
etdirirlər. XX əsrin faciəsi olan
Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin
nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün
insanlığa və bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin
Xatın, Xirosima, Naqasaki
və Sonqmi kimi dəhşətli
faciələri ilə bir sırada
dayanır.
Ermənilərin Xocalı şəhərini
hədəfə almaqda məqsədi nə
idi? Bu, bir tərəfdən
Qarabağın Dağlıq hissəsində azərbaycanlılardan
ibarət olan, strateji əhəmiyyətli
maneəni aradan qaldırmaq idisə, digər
tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək
məqsədi idi. Çünki
Xocalı elə bir yaşayış məskəni
idi ki, o,
Azərbaycan tarixinin qədim dövrlərindən
müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini
özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.
Xocalının kromlexləri, dolmenləri, siklopları,
kurqanları və digər abidələri, həmçinin,
müxtəlif növ məişət əşyaları
insan cəmiyyətinin inkişaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.
Erməni işğalından sonra
bütün bu maddi mədəniyyət abidələrinin məhv
ediliməsi və dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi
erməni vandalizminin bariz
nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır.
QANA
SUSAMIŞ ERMƏNİ
FAŞİZMİNİN XİSLƏTİ
1992-ci il
fevralın 26-da Ermənistan hərbi birləşmələri
7 min əhalisi olan
Xocalı şəhərində genosid
aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin
şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki
4 aydan artıq zaman ərzində
blokadada olduğu üçün əhalinin xeyli
hissəsi şəhərdən çıxmaq məcburiyyətində
qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər
ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı
güllə yarasından əlil oldu. 106 nəfər
qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü,
8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən
birini itirdi. Faciə
baş verən gecə 1275 nəfər dinc sakin girov
götürüldü, onların 150-sinin
taleyi indi də məlum
deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən
xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Belə ki,
ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici
hərəkətlər həyata keçirmişdilər.
Onların başının dərisini soymuş,
başlarını və bədəninin digər
orqanlarını kəsmiş, uşaqların gözlərini
çıxarmış, hamilə qadınların
qarnını yarmışdılar. Hücum
zamanı Xocalıda istifadəsi qadağan
olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan
istifadə edilmişdir. Bütün
bunlar Ermənistanın Cenevrə
Konvesiyasının protokollarını pozaraq,
müharibə qaydalarına zidd olaraq dinc sakinlərə
qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
XX
ƏSRİN FAŞİSTLƏRİ
Hücumda,
həmçinin, mayor Oqanyan
Seyran Muşeqoviçin
(Seyran Oqanyan
hazırda Dağlıq Qarabağda ermənilərin
qeyri-qanuni rejiminin
“müdafiə naziri”dir)
komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun
qərargah rəisi Çitçyan Valeri İsayeviç və
alayda xidmət edən 50-dən
artıq erməni zabit və praporşik iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən
düzəldilmiş pusqularda qətlə
yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin
məlumatına əsasən, dörd gün ərzində Ağdama
Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının
meyiti gətirilmiş, onlarla
meyitin təhqirə məruz qalması
faktı aşkar edilmişdir.
Ağdamda 181 meyit (130
kişi və 51 qadın, o
cümlədən, 13 uşaq) məhkəmə-tibbi
ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin
ölümünə güllə yaraları, 20 nəfərin
ölümünə qəlpə yaraları səbəb olmuş,10
nəfər küt alətlə vurularaq öldürülmüşdür.
Hüquq-müdafiə mərkəzi diri
adamın baş dərisinin soyulması
faktını da qeydə
almışdır.
BEYNƏLXALQ
ALƏM HAQQI TƏLƏB EDİR
Xocalı
soyqırımının xüsusi
amansızlıqla törədilməsi rus,
gürcü, ingilis,
fransız, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan
jurnalist və publisistləri dəhşətə
gətirmişdir.
Xocalı
qaçqınlarının BMT, Avropa Birliyi və Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına müraciətində
deyilir: “Artıq 10 ildən
artıqdır ki, biz,
qaçqın vəziyyətinə düşmüş
xocalılar, ürək ağrısı və eyni zamanda, böyük
ümidlə bütün dünyanın
sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara
müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi
təcavüzü nəticəsində bizim
başımıza gələn bəlaya laqeyd
qalmayasınız. Biz inanırıq ki,
dünyanın BMT, AB və ATƏT kimi
kifayət qədər nüfuzlu beynəlxalq
təşkilatları, sülhsevər ölkələri Ermənistan
kimi dövlətin belə təcavüzkarlığına
və özbaşınalığına qarşı tədbir
görəcəklər”.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar,
ümumbəşəri qanunlar Xocalı
faciəsi kimi soyqırımları pisləyir,
onların yolverilməz olduğunu bildirirlər.
Azərbaycan xalqı 1948-ci il
9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq
edilməsi və cəzalandırılması”
Konvensiyasını rəhbər tutaraq,
Ermənistan Respublikasına qarşı BMT-nin
Beynəlxalq Məhkəməsində iddia
qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya
bilməlidir ki, bu
cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm
dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də,
Robert Köçəryan və digərləri
baş vermiş
soyqırımın günahkarları kimi
beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Cinayət cəzasız
qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən
ittiham edilməlidir. Beynəlxalq təşkilatlar,
dünya dövlətlərinin parlamentləri
Ermənistan Respublikasının Azərbaycan torpaqlarında
törətdiyi hərbi cinayətə - Xocalı
soyqırımına, əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər.
RƏFİQƏ
HÜSEYNOVA
Səs.- 2012.- 10 fevral.- S.7.