Azərbaycançılıq
vətənə xidmətin, vətəndaşlıq mövqeyinin təzahürü kimi
Azərbaycançılıq
vətənə xidmət göstərmək, vətənin mənafeyi
naminə çalışmağın, vətən, xalq naminə vətəndaşlıq mövqeyinin təzahürüdür. Olduqca qürur ediləsi haldır ki,
indiki gənc nəsil vaxtilə “Həmişə
fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, Mən Azərbaycanlıyam”
deyən Ulu Öndərin və Onun layiqli siyasi
varisi, ölkə Prezidenti
cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi vətənə xidmət və
Azərbaycançılıq ruhunda tərbiyə
alır.
Akademik Mahmud Kərimov və mərhum professor
Rövşən Mustafayevin azərbaycançılıq
təliminə dair yazdıqları bir məqalədə doğru
olaraq göstərir: “Azərbaycançılıq
cəmiyyət və dövlət mənafeyinə xidmət edən
rasional işlər barədə təlimdir”.
Azərbaycançılıq xalqın milli-mənəvi keyfiyyətlərinin
təcəssümü kimi
formalaşmış tarixi bir
kateqoriya hesab edən professor Mübariz Hüseynov “Heydər Əliyev və azərbaycançılıq
ideologiyası” əsərində göstərir ki, Azərbaycanda müstəqil dövlətçilik
olmayan dövrlərdə milli-mənəvi
keyfiyyətlərimizin ümumiləşdiricilik prinsipləri mövcud olmamışdı. Başqa
sözlə, bu keyfiyyətlər
bütövləşib milli
ideologiyamızın bazasına çevrilməmişdi. Ona görə də azərbaycançılıq
anlayışının özü dərk
olunmuş həqiqətə çevrilə
bilməmişdi. Bunun nəticəsində azərbaycanlılara məxsus xarakter əlamətlər - qonaqpərvərlik, comərdlik, abır-həya, ismət, dönməzlik, sözü bütövlülük,
dostluğa sədaqətlilik, torpağa bağlılıq və s. kimi mənəvi keyfiyyətlər
ancaq xalqın fərqləndirici və
özünəməxsus mənəvi-psixoloji keyfiyyətləri
kimi dərk edilmişdi.
Bu xarakter əlamətlər
ancaq
müstəqillik bazasında özünə münbit şərait qazanıb ümumiləşə
bilərdi, bütövləşə bilərdi və millətin
ideologiyasına çevrilə bilərdi. Müstəqil
olmadığımız tarixi dövrlərdə
azərbaycançılıq ideyaları daim
yad ideologiyaların təsiri altına
düşdüyündən, o sərbəstləşə
bilməmiş və milli mütəşəkkilliyin
bazasına çevrilə bilməmişdir. Müstəqillik əldə
olunduqda isə, milli-mənəvi keyfiyyətlərimiz
bütövləşib milli
ideologiyamızın təməlinə çevrilə bilmişdir. Azərbaycançılıq
ideologiyası bütövlükdə milli-mənəvi bütövlüyümüz, birliyimiz
və mütəşəkkiliyimiz deməkdir.
Tədqiqatçılar
haqlı olaraq, azərbaycançılığı
bütöv ideoloji bir baza kimi,
müstəqil dövlətçiliyin yaranması ilə, bu dövlətçiliyə xidmətlə əlaqələndirirlər.
Azərbaycançılığın cəmiyyətdə
mənəvi və əxlaqi birliyi tənzimləyən
bir ideologiya kimi öz təməlini
müstəqil dövlətçilik zəminindən
alması ideyası artıq, ümumiyyətlə, birmənalı
şəkildə qəbul edilir. İndi tədqiqatçılar XX əsrdə
azərbaycançılığın əsas etibarı ilə,
üç mərhələdə təzahür
tapması barədə fikirlər irəli sürürlər.
Azərbaycançılıq
ideyalarının bərqərar olunmasında Heydər Əliyevin
fəaliyyəti dövrü xüsusi bir mərhələdir.
Çünki bu mərhələdə
Azərbaycan özünün sosial, mədəni, iqtisadi
sahədəki inkişaf perspektivləri
ilə, habelə, elm və texnika sahələrindəki nailiyyətləri
ilə ziyalı mövqeyinin genişlənməsi
ilə, milli-mənəvi tərbiyə və təhsil sahəsindəki
uğurları ilə yeni bir
təkamül dövrü keçdi.
Sənayenin, kənd təsərrüfatının
və sosial həyatın digər sahələrindəki
inkişaf perspektivləri o
zamankı müttəfiq respublikalar
içərisində daha da
artmağa başladı. Bütün
bunlar Heydər Əliyevin xalqa
xidmətinin təzahürü idi.
Azərbaycançılıq ideologiyasının ölkədəki
inkişafla həmahəng olaraq
dirçəldilməsindən ibarət idi.
Sovet
dövləti, şübhəsiz, müttəfiq
respublikaların sərbəst inkişafının tərəfdarı
deyildi. Çünki
sərbəst inkişaf yollarına nail olmaq sonrakı mərhələdə
müstəqilliyə aparan istiqamət olmaqla, sosialist prinsiplərinə
uyğun gəlmirdi. Lakin
Heydər Əliyev xalqın mənafeyindən
çıxış edərək, ölkədə inkişafa aparan
qapıların xalqın üzünə açılması üçün bütün
imkanlarını sərf edirdi.
Heydər Əliyev sərbəst
inkişafa aparan bütün yolları kəşf etməklə,
ölkənin müstəqilləşmə imkanlarını əvvəlcədən
görürdü. Ona
görə də, əslində, elmin,
texnikanın, təhsilin, mədəniyyətin, mənəvi tərbiyənin,
bütövlükdə fəal həyat mövqeyinin inkişaf etdirilməsində əldə edilən
nailiyyətlərlə xalqı mənəvi və psixoloji sərbəstliyə və ondan sonrakı mərhələdə sərbəstliyin
qorunub saxlanmasına hazırlayırdı.
Heydər Əliyevin azərbaycançılıq təlimi belə
bir real zəmin üzərində
qurulmuşdu. Bu hərəkat xalqın
içərisində formalaşırdı, Onun
mənəviyyatına keçirdi,
dünyagörüşündə həkk olunurdu,
ictimai şüurda
şaxələnərək möhkəmlənirdi.
Şübhəsiz, o zamanlar
azərbaycançılıq anlayışının
adını çəkmək mümkün
deyildi, ancaq Heydər Əliyevin
dərin siyasi biliyi
və uzaqgörənliyi sayəsində bu
ideologiya yetişirdi,
formalaşırdı, tarixdə özünün
həlledici anını gözləyirdi.
Məhz bu mənada,
milli azadlığımızın təməli
olan azərbaycançılıq
anlayışı özünün
açıq təzahürünü müstəqillik əldə
edildikdən sonra, xüsusən, xalqın
birliyinin və mütəşəkkiliyinin
təminatçısı olan Yeni Azərbaycan Partiyasının
yaradılmasından sonra tapmağa başladı. Görkəmli
ideoloq Ramiz Mehdiyevin XX əsrin sonu,
XXI əsrin əvvəllərində yeni dünya nizamlı milli ideya adlı məqaləsində haqlı olaraq yazır ki, “Azərbaycançılıq
termini ölkənin siyasi
həyatında yaxın illərdən başlayaraq
istifadə olunur. Lap əvvəldən
o, ölkədə yaşayan
bütün etnik
qrupları və xalqları ümumdövlət mənafeləri
əsasında real surətdə birləşdirmək
ideyası, xüsusilə, 1992-1993-cü illərdə geniş yayılmağa başlayan
şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri
ilə mübarizəyə yönəldilmiiş ideya kimi irəli sürülmüşdü. Sonralar
bu ideya ölkədə
geniş dəstəkləndi, yeni elementlər və atributlarla
dolğunlaşaraq ideologiya
xüsusiyyəti kəsb etdi”.
Ramiz
Mehdiyev azərbaycançılıq
ideyalarının mahiyyətindən, milli
özünəməxsusluq cəhətlərindən bəhs
edərək, belə nəticəyə gəlir ki, azərbaycançılıq ideyaları,
tarixən sabit və özünəməxsus
hadisə kimi, ölkədə
yayılaraq, bütün əhali
qruplarının həmrəyliyini, onların
qarşılıqlı əlaqəsini əhatə edir. Azərbaycançılıq
ideyalarına mənəvi və psixoloji cəhətdən
belə bir qiymət verilir:
“Məruz qaldığı bütün
sınaqlara baxmayaraq, milli-dövlət
ideologiyası kimi “Azərbaycançılıq”
bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu
ideyanın tarixlə və onlarca
xalqın qədimdən bəri bir ərazidə
yaşaması onların ümumi mentalitetə
və təlabat strukturuna söykənən
ümumi psixologiya ilə
şərtlənən öz bölgüsü var”.
Hüquqi cəhətdən,
azərbaycançılıq ideologiyasının,
yaradıcı qüvvəsi müstəqil dövlətçilik
mənafelərinin qorunmasına xidmət edir.
Bununla əlaqədar, Ramiz
Mehdiyevin məqaləsində göstərilir
ki, “Azərbaycançılıq ideologiyası
mühüm funksional
elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni
mənəvi və fiziki baxımdan zəiflətmək
cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik
dövlət kimi Azərbaycanın
möhkəmləndirilməsinə və inkişafına
yönəldilmişdir. “Azərbaycançılıq”
müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına
çıxaracaq bir yoldur”.
Azərbaycançılıq
ideologiyası tarixən yaranmışdır. Bu
ideologiya Azərbaycan xalqına, Azərbaycan
etnosuna məxsus bütün
milli və mənəvi keyfiyyətləri
özündə ümumiləşdirir və bütövləşdirir.
Ramiz Mehdiyevin göstərdiyi
kimi, “Azərbaycançılıq”
xalqımızın çox əzab-əziyyətlə
nail olduğu tarixi sərvətdir. O, real
müstəqilliyə nail olmaq,
vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və
möhkəmləndirmək üçün
vasitədir. Bu gün “azərbaycançılıq”
milli həyatın, konfessiyaların
harmoniyasının çəxəsrlik ənənəsi,
ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı,
qarşılıqlı əlaqə və təsirinin tarixi onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü
uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.
Bütün
milli-mənəvi, psixoloji, tarixi, dünyəvi keyfiyyətləri və məntiqi-hüquqi
əsasları ilə milli dövlətçiliyimizin
sabitləşməsinə, qorunub
saxlanmasına və yeni ənənələrlə
zənginləşməsinə təminat verən azərbaycançılıq
ideologiyasının yaradıcısı dahi
rəhbərimiz Heydər Əliyevdir. Hələ
1992-ci ildə hazırlanmış Yeni Azərbaycan
Partiyasının proqramının əsas qayəsini məhz milli ideologiyamız və azərbaycançılıq
ideyaları təşkil edirdi. Burada, birmənalı olaraq,
belə bir fikir
aparıcı xətt təşkil edir ki, xalqın bütövlüyü
onun mütəşəkkilliyində və
birliyindədir. Məhz Yeni Azərbaycan
Partiyası həmin ideyanın bərqərar edilməsinə
nail olduğuna görə
qələbə çaldı, müstəqilliyimizi dərk olunmuş həqiqətə çevirə bildi. Möhtərəm Prezidentimiz Yeni Azərbaycan
Partiyasının altıncı ildönümünə həsr
olunmuş təntənəli
yığıncaqdakı nitqində dediyi
kimi, “Azərbaycanın müstəqil
dövlət kimi, milli
ideologiyası, mən bu gün
cəsarətlə deyə bilərəm ki,
Yeni Azərbaycan Partiyasının məramnaməsində
öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə,
həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz
işlər həmin bu milli
ideyanın üzərində qurulur. Yeni Azərbaycan Partiyası yaşayacaq,
inkişaf edəcək,
xalqımızı, müstəqil dövlətimizi xəşbəxt
gələcəyə aparacaqdır”.
Heydər
Əliyev azərbaycançılıq ideyalarını
ümumiləşdirərkən, bu
anlayışın tərkib hissələrinin dövlətçilikdən,
milli-mənəvi dəyərlərdən, ibarət olduğunu göstərir.
Azərbaycançılıq
ideyalarının reallaşması, hərəkətverici
qüvvəyə çevrilməsi, şübhəsiz, milli və müstəqil dövlətçilik
zəminində özünə münbit
şərait əldə edir. Bu ideologiya Azərbaycan
xalqının qədimlərdən
bəri qazandığı milli-mənəvi dəyərlərdən
güc alır. Milli-mənəvi dəyərlərin ümumbəşəri
dəyərlərlə birləşməsi xalqın mənəvi
aləminin zənginləşməsinə, sosial-siyasi,
demokratik proseslərin inkişaf
etdirilməsinə təkan verir. Heydər
Əliyev tövsiyə edir ki, “...biz tarixi
köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz
tarixi köklərimizi vətənə iftixar hissi ilə qiymətləndirməliyik
və tarixi köklərimizin mənasını
dünyaya bəyan etməliyik,
yaymalıyıq, təbliğ etməliyik, onunla
fəxr etməliyik. Eyni zamanda,
öz milli-mənəvi dəyərlərimizi
ümumbəşəri dəyərlərlə birləşdirib,
zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini
yaratmalıyıq. Yenə də deyirəm, bunun içərisində həm demokratiya, həm hüquq
normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan
haqlarının qorunması, plüralizm,
sərbəst ticarət, insan sərbəstliyi,
sərbəst bazar ticarəti, sərbəst
bazar iqtisadiyyatı var
- bunlar hamısı ümumbəşəri
dəyərlərin bizim milli-mənəvi
dəyərlərlə vəhdətindən meydana
gələn müddəalardır. Bunlar bizim milli
ideologiyamızın böyük bir hissəsini təşkil edir”.
Azərbaycançılıq təkcə müstəqil Azərbaycan
Respublikasında yaşayan vətəndaşlara
şamil edilən ideologiya
deyildir. Bütün kökləri ilə ulu vətənimiz
Azərbaycanla bağlı olan azərbaycançılıq
ideyaları dünyada yaşayan
azərbaycanlıların hamısının
bütövlükdə milli və mənəvi
sərvətidir, onların hamısının birlikdə ideya amalıdır. Ən sonuncu
məlumatlara görə hazırda müstəqil
respublikamızda 8 milyondan çox
əhali yaşadığı halda planetimizin 70-dən artıq ölkəsində
yaşayan azərbaycanlıların
sayı 50 milyona yaxındır. Professor Qoşqar Əliyev
göstərir ki, Heydər Əliyevin vətən
amalı ideyasını dərk etməyə
çalışanlar bilməlidirlər ki,
Vətənə məhəbbət hissi,
bəlağət sevmir. Vətən
amalının daşıyıcı olan
hər bir kəs Vətənə sədaqətini
onun çiçəklənməsi naminə
göstərdiyi konkret fəaliyyəti ilə
nümayiş etdirilməlidir. Müdrik dövlət başçısı Heydər
Əliyevin fəaliyyətində konkret meyar bundadır ki, Onun sözü ilə işi arasında vəhdət vardır. Onun Vətən amalı ideyasını, xarakterizə
edən budur ki, məhz
sözlə işin vəhdətini
başlıca əxlaq, meyar seçməklə
vətənpərvərlik hissinə sahib
olmaq mümkündür,
yalnız bunun sayəsində vətənə xidmət etmək mümkündür. Müasir
Azərbaycanın ictimai
inkişafının durumu elə vəziyyətdədir
ki, hazırkı dünyagörüşümüzü
vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi
olmadan təsəvvür etmək mümkün deyildir.
Sarsıntılı sınaqlar keçirən xalqımız milli dirçəlişə, siyasi
həyatının dönüşlü
mərhələsində, milli yetkinlik çağında labüd
olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin
ehtiyac duyur. Belə bir sosial
tələbatın ön plana
çəkilməsini təsadüfi hesab
etmək uzun illər boyu
totalitar rejim şəraitində
ideoloji tələbatın aparıcı
istiqaməti SSRİ-ni bu
ərazidə yaşayan bütün
xalqlar və millətlər üçün yeganə vətən kimi təbliğ etmək olmuşdur.
Hər bir millətin özünəməxsus
xüsüsiyyətləri tam nəzərə
alınmır, beynəlmiləl dəyərlərlə üstünlük verilirdi.
Bu ziddiyyətli
irsin mahiyyəti bunda idi ki, xalqımız əsil
vətənpərvərliyin formalaşması üçün
ümdə şərtlər olan arzu ediləcək səviyyədə milli qürur hissi və layaqət, tarixi
yaddaş, milli adət
və ənənələri, lazımi hörmət kimi hissləri qoruyub saxlaya bilmirdi. Lakin hazırda xalqımızın tarixi taleyi lazımi imkanlar
açdığından təcrübəli dövlət
başçısı Heydər Əliyevin müdrik
rəhbərliyi sayəsində tarixi-siyasi
əhəmiyyət kəsb edən vəzifələr yerinə
yetirirdi. Ölkəni iqtisadi
çətinliklərdən çıxarmaq, yoxsulluğu
aradan qaldırmaq, müxənnət
qonşularımızın zəbt etdikləri torpaqları geri almaq məhz bu qəbildən olan taleyüklü məsələlərdir. Məhz Ulu Öndər Heydər
Əliyevin ətrafında birləşməyin nəticəsidir
ki, xalqımız bütün
səylərini, intellektual potensialını
səfərbər edərək, vətənpərvərcəsinə
vətənin bütün sağlam
demokratik ovqatlı və əqidəli
qüvvələri həmin taleyüklü
vəzifələrin həllinə nail olmağa istiqamətləndirmişdi.
Bu gün
Ulu Öndərin layiqli
siyasi varisi ölkə
Prezidenti cənab İlham
Əliyevin rəhbərliyilə vəzifələr daha uğurla yerinə yetirilir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2012.- 15 fevral.-S.10.