XOCALI SOYQIRIMI - BƏŞƏRİYYƏTƏ QARŞI YÖNƏLMİŞ CİNAYƏT

 

 Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatı 20-ci əsrin sonlarında Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçrilərək sonrakı proseslərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerli sakinlərə-azərbaycanlılara qarşı soyqırımı cinayətləri ilə müşayiət olunub. Bu soyqırımı cinayətlərinin tərkib hissələrindən biri də Xocalı faciəsidir ki indiyə qədər bəşəriyyət əleyhinə olan bu cinayət beynəlxalq səviyyədə hüquqi qiymətini ala bilməyib. Çünki ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ərazimizin 20 faizinin itirilməsi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından zorla çıxarılması, minlərlə insanın öz həyatını itirməsi, uşaq, qoca və qadınların, ümumiyyətlə, müharibəyə aidiyyəti olmayan dinc sakinlərin ən müxtəlif formalarda erməni terroru və zorakılığının qurbanına çevrilməsi faktını nə ermənilər, nə də beynəlxalq ictimaiyyət qəbul etmək istəmir. Ancaq danılmaz faktıdır ki, Dağlıq Qarabağ müharibəsində ermənilər bütün beynəlxalq hüquq normalarının, eləcə də, müharibə qanunlarının ziddinə olaraq insanlığa və bəşəriyyətə qarşı cinayətlərə əl atıblar.

 

BEYNƏLXALQ HÜQUQUN TAPDANMASI

 

Bəşəriyyət əleyhinə olan bu cinayətlər həm Azərbaycan qanunvericiliyəndə, həm də beynəlxalq hüquqda soyqırımı hadisəsi kimi hüquqi şərhini tapıb. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırım milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlüklə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür. Beləliklə, soyqırımın hüquqi aspektdə izahı bu kimi cinayətlərin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaranması, habelə, həmin qrupların tarixi, mədəni, mənəvi dəyərlərinin yer üzündən silinib getməsi ilə xarakterizə olunur. İstər sülh, istərsə də müharibə şəraitində mülki əhaliyə qarşı genişmiqyaslı sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq, sülh və bəşəriyyət əleyhinə olan cinayət hesab olunur və bu cinayət “əhalini məhv etmə” adlanır. Beynəlxalq hüquqa görə, soyqırımı əməli yalnız milli, etnik, irqi və dini qruplara qarşı yönəldilir və hər hansı konkret məkan və coğrafi ərazi ilə əlaqələndirilə bilməz. Ona görə, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri qətliamlar bütövlükdə azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməli, Xocalı da daxil olmaqla, ayrı-ayrı yaşayış məntəqələrində baş verən qətliamlar isə onun tərkib hissəsi kimi göstərilməlidir. Çünki ermənilərin mülki əhaliyə qarşı yönəlmiş belə cinayətlərinin niyyəti azərbaycanlıları bir millət kimi məhv etmək olub. Bu bir faktdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı Ermənistan dövləti və hökuməti tərəfindən biləvasitə dəstəklənib və bu dövlətin müxtəlif strukturları tərəfindən təşkil edilib. Konkret olaraq, Qarabağın dağlıq və aran hissəsində dinc əhalini məhvə məruz qoyan silahlı qruplaşmaların əksəriyyəti məhz Ermənistan Respublikasının tabeçiliyində olub. Soyqırımı əməllərinə bəraət qazandıranlar isə Ermənistan hökumətində təmsil olunan dövlət başçıları və parlamentdir. Deməli, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına yönəlmiş cinayət əməllərinin bilavasitə təşkilatçısı, təhrikçisi və iştirakçısı Ermənistanın dövlət strukturları olub.

 

BAŞ VERƏN CİNAYƏTLƏR AZƏRBAYCANLI MİLLİ QRUPA QARŞI YÖNƏLİB

 

Qeyd edək ki, ermənilərin əlində konkret hüquqi faktlar olmadığından və iddia etdikləri “erməni soyqırımı” BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya uyğun gəlmədiyindən, onlar soyqırım cinayətləri ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət etmək fikrindən vaz keçiblər. Ona görə də bütün güclərini yalançı “erməni soyqırımı”nın ayrı-ayrı dövlətlərin parlamentlərində tanınmasına yönəldiblər. Lakin parlamentlərdə soyqırımı faktının tanınması heç bir hüquqi nəticəyə malik deyil. Soyqırımın beynəlxalq cinayət kimi tanınması üçün xüsusi niyyətin olması zəruri faktor sayılır. Məhz soyqırımı cinayəti bu obyektiv cəhətinə görə, oxşar beynəlxalq cinayətlərdən fərqlənir. Soyqırımı cinayətini təşkil edən əməllərdən biri öz xarakterinə görə şüurlu, bilərəkdən və diktə edilən əməllərdir. Bu əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Bu məsələdə cinayətkarın fikrinin xüsusi istiqaməti və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyətin olması sübut olunmalıdır. Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin odlu silahlarla gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. Digər bir məqam ondan ibarətdir ki, soyqırımı cinayəti azərbaycanlı milli qrupuna qarşı yönəlməsidir ki, bunun üçün də tutarlı hüquq əsaslar mövcuddur. Belə ki, sözügedən Konvensiaya uyğun olaraq demək mümkündür ki, baş verən cinayətlər azərbaycanlı milli qrupa qarşı yönəlib, bu qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti olub. Onu da qeyd edək ki, Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün kifayət qədər beynəlxalq hüquqi sənəd mövcuddur. Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Statutundan ibarətdir. Məhz bu sənədlərin müddəalarına əsasən ermənilər tərəfindən Xocalı əhalisi olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər soyqırımı kimi qiymətləndirilə, beynəlxalq hüquq prinsiplərinə əsasən bəşəriyyətə qarşı cinayət hesab oluna bilər.

 

 R.HÜSEYNOVA

 

 Səs.- 2012.- 15 fevral.- S. 7.