İki ölkə arasında zəngin əməkdaşlıq
imkanları reallaşacaq
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində bu ölkənin turizm və idman naziri Pyero Nyudi ilə görüşüb.
Nazir Ə.Qarayev italiyalı həmkarına Azərbaycan hökumətinin turizmin inkişafına verdiyi prioritet əhəmiyyət, turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər və İtaliya tərəfi ilə əməkdaşlığa dair məlumat verib. O, iki ölkə arasında turizm sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədi ilə nazir P.Nyudini Azərbaycana səfərə, eləcə də, bu ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə dəvət edib.
Nazir Ə.Qarayev İtaliyanın turizm operatorlarının və turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib. Səfərlərin nəticəsi olaraq, digər məsələlərlə yanaşı, italyan dilində Azərbaycan turizmi ilə bağlı müxtəlif informasiya-təbliğat materiallarının nəşr etdirilməsi də nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilmişdir.
Azərbaycana səfərlə bağlı Ə.Qarayevin dəvətini məmnunluqla qəbul edən P.Nyudi turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, turizm sahəsində təhsil istiqamətində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Həmin gün nazir Ə.Qarayev İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi ilə görüşmüşdür. Ə.Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnunluğunu bildirib. Nazir Ə.Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycanın mədəniyyət günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək ölkəmizin müasir incəsənət sərgisi haqqında məlumat verərək, həmkarını Azərbaycana səfərə dəvət edib. O, yaxın illərdə İtaliya ilə həyata keçirilməsi nəzərdə tutulan incəsənət, musiqi və kinematoqrafiya sahələrində bir sıra əməkdaşlıq layihələri ilə bağlı məlumat verib.
Nazir L.Ornaqi Romada
“Azərbaycan: İpək Yolu üzərində
Odlar Yurdu” sərgisinin
açılmasından məmnunluğunu bildirmiş,
İtaliyada Azərbaycan mədəniyyətinə,
xüsusilə də, sivilizasiyalararası dialoq,
mədəni-dini müxtəliflik və tolerantlıq
kontekstində dərin maraq göstərildiyini
vurğulayıb. O, incəsənət, musiqi,
kinematoqrafiya, mədəni abidələrin
bərpası və digər sahələrdə əməkdaşlığın
vacibliyini bildirərək, bu
istiqamətlərdə Azərbaycanla birgə işləməyə
davam edəcəklərini diqqətə
çatdırıb.
Səs.- 2012.- 17 fevral.- S. 12.