Azərbaycançılıq
və Azərbaycanın dövlət
rəmzləri
Hər
hansı bir dövləti digərlərindən
fərqləndirən simvol və rəmzlər
- emblem, bayraq, gerb, orden, pul
və s. mövcuddur. Bu mənada, azərbaycançılıq əsrlər
boyu Azərbaycan dövlətinin
özünəməxsusluğunu səciyyələndirən
rəmzlərlə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti qədim
diyarımızda milli hüquqi
dövlətçiliyimizin əsasını qoymuşdur.
Yaxın Şərqdə, islam aləmində
və türk xalqları arasında ilk dəfə bəşəri və milli əsaslara istinad edən
müstəqil demokratik dövlətin
qurulması xalqımızın milli
azadlıq, milli istiqlal
naminə apardığı mübarizəsinin misilsiz
qələbəsidir. Qısa dövr
ərzində Azərbaycan hökuməti tərəfindən ali dövlət orqanları
yaradılmış, türk (Azərbaycan)
dili rəsmi dövlət dili
elan edilmiş, siyasi, iqtisadi, hərbi və
mədəni quruculuq sahəsində bir sıra islahatlar
aparılmışdır.
Azərbaycan
dövlətçiliyi bərpa olunan kimi onun
yaradıcıları dövlətin milli əlamətlərini
əks etdirəcək özünəməxsus rəmzlərin
təxirəsalınmadan yaradılması işinə başladılar.
Milli dövlətçiliyin istiqlaliyyətini,
varlığını, xalqın ən ülvi
arzularını lakonik, bədii obrazlı
dildə ifadə edən mühüm amillər-rəmzlər,
bayraq, gerb və himndir. Bundan başqa, dövlətin pulu,
həmçinin, təsis etdiyi orden və medallar da onun atributları hesab olunur. Ulu
Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan
Respublikasının bayrağı, gerbi və
himni Azərbaycan dövlətinin müstəqilliyini
təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Vətəndaşlarımıza, xüsusən, gənclərimizə
dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik
ruhunun möhkəmləndirilməsi
işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və
əhəmiyyətinin əhali arasında geniş
təbliğ olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş
cəmiyyətinin yaradılmasının mühüm
amillərindən biridir”.
Ulu
Öndər Heydər Əliyevin “Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında” 30 yanvar
1998-ci il tarixli Sərəncamında
deyildiyi kimi, “Azərbaycan
Cümhuriyyəti ölkənin daxilində və xaricində
yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət
göstərmişdir. Bu dövlətin
qısa müddətdə həyata keçirdiyi
tədbirlər xalqımızın tarixində böyük iz
buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən,
cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər
hüquqlar verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, Azərbaycan dövlətçiliyi
atributlarının qəbul edilməsi, ana
dilinin dövlət dili
elan olunması Azərbaycanın gələcək
müstəqilliyi üçün möhkəm
zəmin yaratmışdır. Demokratik
dövlət quruculuğu, iqtisadiyyat,
mədəniyyət, təhsil, hərbi quruculuq
sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini
əks etdirən istiqamətlərdir”.
Həqiqətən, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
digər tarixi işlərlə
yanaşı, milli dövlətçilik
atributlarının (dövlət bayrağı, milli himn və dövlət
gerbi) yaradılması yolunda
da uğurlu
addımlar atılmış, dövlət bayrağı qanunvericilik səviyyəsində qəbul edilmiş, himn və gerb yaradılsa da, qanunvericilik aktı ilə
təsdiq olunması o zamankı siyasi-tarixi hadisələrlə bağlı mümkün olmamışdı...
Ulu
Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin
Naxçıvan mərhələsindən danışarkən
görkəmli tarixçi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudlu haqlı olaraq yazır “...milli
dövlətçilik ənənələrimizin dirçəldilməsi,
muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 19-20 Yanvar
1990-cı il faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin
SSRİ-nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist
Partiyası yerli orqanlarının
fəaliyyətinin dayandırılması, 31 dekabr
gününün Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan
olunması, nəhayət, böyük Vətəndən
-Azərbaycandan ayrı düşmüş
Naxçıvanda amansız hərbi-iqtisadi blokada
şəraitində Vətən torpağının
düşməndən qorunub
saxlanması, bax, bunlardır böyük şəxsiyyətimizin
Naxçıvanda mühasirə şəraitində keçən
ömrünün, göstərdiyi fəaliyyətin
qısa yekunu!
Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov və Əsgər Quliyev “Azərbaycan Respublikasının
dövlət rəmzləri” kitabında göstərirlər ki, Ulu Öndər Heydər
Əliyevin Azərbaycanda həyata keçirdiyi
uğurlu milli dövlət
quruculuğu siyasəti müstəqilliyimizin
atributlarının, xüsusən, dövlət rəmzlərinin də
tam formalaşmasına, onların bütün vətəndaşlar, xüsusən
gənclər arasında təbliği və öyrənilməsi
işində yeni keyfiyyət dəyişmələrinə
keçməyə tarixi zəmin
hazırladı. Belə ki, dahi şəxsiyyət Heydər
Əliyevin müstəqil Azərbaycan Respublikasının
dövlət rəmzləri ilə bağlı tarixi xidmətlərinin ikinci
mərhələsi, hər şeydən əvvəl, Onun imzaladığı və rəhbərliyi
ilə hazırlanan müxtəlif qanunvericilik
aktlarında, eləcə də, bir
sıra çıxış və nitqlərində irəli
sürərək, əsaslandırdığı
aşağıdakı prinsipial məsələlərin
həlli və ya perspektivliyi
ilə səciyyələnir:
dövlət müstəqilliyimizin müqəddəs rəmzlərinin (bayraq, gerb, himn) müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasında (12 noyabr
1995-ci il) təsbit olunması;
ölkənin bütün
təhsil-tərbiyə müəssisələrində Azərbaycanın
dövlət müstəqilliyinin, milli
azadlığının məna və məzmununun tədrisi
ideyasının irəli sürülməsi və bu ideyanın gerçəkləşməsində
dövlət rəmzlərinin dərindən öyrədilməsinin zəruriliyi;
Azərbaycan vətəndaşlarında,
xüsusən, gənclərdə milli- vətənpərvərlik
və azərbaycançılıq hisslərinin, Vətənə
sədaqət və məhəbbət ruhunun
tərbiyə olunmasında dövlət müstəqilliyi -
atributlarının təbliğinin, öyrənilməsinin, tədrisinin
rolu və əhəmiyyətinin əsaslandırılması;
Dövlət rəmzlərinin
mahiyyəti və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin
Azərbaycanın bayrağına, gerbinə və himninə
hörmət və ehtiram ruhunda
tərbiyə edilməsi ölkəmizdə vətəndaş
cəmiyyətinin, hüquqi-demokratik və
vətəndaş həmrəyliyi cəmiyyətinin
formalaşmasının mühüm amili, şərti olması ideyasının irəli
sürülüb əsaslandırılması;
Azərbaycanın dövlət
rəmzlərinin məna, funksiya və
mahiyyətinin Azərbaycan gəncliyinə dərindən
öyrədilməsi milli
ideologiyamızın əsas təməl prinsiplərinin (milli ənənələrə və
soykökünə bağlılıq, islami
və ümumbəşəri dəyərlərə hörmət,
Vətənçilik - azərbaycançılıq,
istiqlalçılıq və azadlıq ideallarına, eləcə
də, müasirlik - dünyəvilik prinsiplərinə
sədaqət və s.) təbliğinin və
tədrisinin mühüm şərtlərindən
biri olması;
bütün
Azərbaycan vətəndaşlarında, xüsusən, gənclərdə
milli dövlətçilik rəmzlərinə
olan hörmət, ehtiram
və məhəbbətin, eyni zamanda, Vətənə, xalqa,
millətə, dövlətə olan məhəbbətə
bərabərliyi ideyasının irəli sürülüb əsaslandırılması;
hər bir Azərbaycan vətəndaşında
dövlət rəmzlərinə - bayrağa,
gerbə və himnə hörmət etməyin onun
konstitusiya ilə müəyyənləşən
vətəndaş vəzifəsi olduğunu
şüurlu olaraq dərk
etməsinə nail olunması və s.
Milli-dövlətçilik
rəmzlərinin Prezident Heydər Əliyevin
memarı olduğu Azərbaycan
Respublikasının Konstitusiyasının iki
maddəsində (23-cü və 75-ci maddə) təsbit
olunması ilə onların qanunvericilik səviyyəsində
təsdiqi və tam formalaşması prosesi başa çatmış
oldu. Azərbaycan Respublikasının
Konstitusiyasının “Azərbaycan dövlətinin rəmzləri”
adlanan 23-cü maddəsində həmin
atributların tərkibi və onları müəyyənləşdirən
qanunvericilik aktları təsbit edilmişdir:
I.
Azərbaycan Respublikasının dövlət rəmzləri -
Azərbaycan Respublikasının Dövlət Bayrağı,
Azərbaycan Respublikasının Dövlət Gerbi
və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər
enli üç üfiqi zolaqdan ibarətdir.
Yuxarı zolaq mavi, orta zolaq qırmızı,
aşağı zolaq yaşıl rəngdədir
və qırmızı zolağın ortasında
bayrağın hər iki üzündə
ağ rəngli aypara
ilə səkkizguşəli ulduz təsvir
edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
1:2 -dir.
III.
Azərbaycan Respublikasının Dövlət
Bayrağının və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Azərbaycan
Respublikasının Dövlət Himninin musiqisi və mətni Konstitusiya
Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının
Konstitusiyasının “Dövlət rəmzlərinə
hörmət” adlanan 75-ci maddəsində
isə deyilir: “Hər bir
vətəndaş Azərbaycan Respublikasının dövlət
rəmzlərinə - bayrağına, gerbinə və himninə
hörmət etməlidir”.
Deməli,
Azərbaycan Konstitusiyası vətəndaşlarımızın
hüquq və azadlıqlarına geniş təminat verdiyi kimi, onların qarşısında həm də
dövləti əhəmiyyətli ciddi vəzifələr
və məsuliyyət də qoyur. Bu mənada, dövlət rəmzlərinə
- bayrağa, gerbə və himnə dərk
olunmuş şüurlu
ehtiram və hörmət hissinin
formalaşması Vətənimizdə vətəndaş cəmiyyətinin
yaranmasının mühüm şərtlərindən
biri kimi
çıxış edir.
Ulu
Öndər Heydər Əliyev dövlət rəmzlərinin konstitusiyada təsbitinə nail
olduqdan sonra
qarşıda daha ciddi,
aktual, milli dövlətçiliyimizin
inkişafı baxımından perspektivli
məsələnin - dövlət atributlarının təbliği
və öyrənilməsinə yeni
münasibətin formalaşması üçün
əməli
iş görməyin vacibliyini
dərindən duyaraq, bu
sahədə ilk olaraq,
konstruktiv addımlar atmağa
üstünlük verdi,
bu məsələdə əsas diqqəti
təhsil müəssisələrinə yönəltdi. Ulu Öndərin
layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət rəmzlərinə yeni
baxış, onların təbliği və öyrənilməsinin
milli-dövlətçilik, milli təhsil
və tərbiyə, mədəniyyət, tarix,
milli ideologiya
baxımından rolu ilə bağlı ictimai-siyasi, mədəni-ideoloji, strateji, konseptual fikirlərinin
böyük bir hissəsi
- gənclər, şagirdlər və tələbələrlə
görüşlərindəki çıxış və
nitqlərində irəli sürülmüşdür.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 17 fevral.- S. 10.