“Milli təhsilimizin gələcəyi: əsas
hədəflər və vəzifələr”
Dünən “Park
İnn” otelinin “Ulduz” zalında Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə dövlət
başçısı İlham Əliyevin
29 noyabr 2011-ci il tarixli “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının
hazırlanması barədə Sərəncamına uyğun olaraq “Milli təhsilimizin
gələcəyi:
əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi
masa keçirildi.YAP
İdarə Heyətinin və Siyasi
Şurasının üzvlərinin, Milli
Məclisin deputatlarının, ali
təhsil müəssisələri rəhbərlərinin,
ziyalıların, KİV təmsilçilərinin iştirakı ilə keçirilən
tədbiri giriş sözü
ilə açan Yeni
Azərbaycan Partiyasının Sədr müavini,
İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
bildirdi ki, Azərbaycan sürətlə
inkişaf edir: “Bu inkişafın çox vacib bir parametri
bütövlükdə yüksəlişdə, tərəqqidə
ifadə olunursa, digər əhəmiyyətli
tərəfi Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarını əhatə edən
sürətli yeniləşmə və modernləşmə prosesidir.
Ölkədə islahatların yeniləşmə,
modernləşmə prosesini Azərbaycanın
bugünkü inkişafının fundamental əsası kimi
qəbul edirik. Bu mənada,
dövlət başçısı İlham
Əliyevin Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş
İnkişaf Konsepsiyasının
hazırlanması ilə əlaqədar çox
əhəmiyyətli bir Sərəncam imzalanmasını
qeyd etmək istərdim. Bu
Sərəncamla dövlət başçısı, əslində,
inkişafımızın növbəti illər ərzində
əsas istiqamətlərini və
inkişaf nəticəsində
qarşıya qoyulan
hədəfləri konsepsiya şəklində
müəyyənləşdirməyi nəzərdə tutub. Azərbaycanın 2020-ci ilə hədəflənmiş İnkişaf Konsepsiyasında əhəmiyyətli yer tutmalı olan sahələrdən biri,
təbii ki, milli təhsilimizdir”.
Ə.Əhmədov onu da bildirdi
ki, təhsilin
inkişafı, yeniləşməsi, daha aydın hədəflərin
müəyyənləşdirilməsi və onlara
nail olmaq istiqamətində səylər
göstərilməsi bütövlükdə Azərbaycanın
inkişafının ən vacib istiqamətini, daha
aydın ifadə etsək, bu
inkişafın fundamentini təşkil edir: “Azərbaycanda təhsil sahəsində son
illər çox böyük
işlər görülüb. Bu işlərin
ən ümumi ifadəsini tapmağa
çalışsaq, demək lazımdır ki,
təhsilin inkişafı, təhsilə qayğı Azərbaycan
dövlətinin siyasətinin
prioritetinə çevrilib. Ölkəmizdə təhsilin infrastrukturunun
yeniləşməsi, təhsil sahəsində bir çox dövlət proqramlarının qəbul
edilməsi və onların
həyata keçirilməsi ilə əlaqədar görülən
işlər, təhsilin yeniləşməsi, modernləşməsi
sahəsində aparılan islahatlar, bütün bunların hamısı Azərbaycanın
təhsilinə böyük
qayğıdan xəbər verir. Azərbaycan cəmiyyətinin gözü
qarşısında bütün bu işlərin görülməsi bir tərəfdən
təhsil sahəsində çox əhəmiyyətli irəliləyişləri əldə
etməyə imkan verib,
digər tərəfdən isə
ölkə ictimaiyyətinin bu sahə
ilə bağlı baxışlarına öz
müsbət təsirini göstərib. Təhsilə tələbat
artıb. Bəzi hallarda bu
tələbat təhsilə olan ciddi tənqidi fikirlərlə də ifadə olunur. Beləliklə də, təhsilimiz böyük
bir inkişaf mərhələsini dəf edərək,
yeni mərhələyə qədəm qoymağa hazırlaşır. Əslində, bu gün Azərbaycan təhsili
ciddi axtarışlar mərhələsini
yaşamaqdadır. Təbii ki,
belə olan halda təhsilin
hədəflərinin də aydın ifadə olunması, təhsil
dəyərlərinin və modifikasiyasının yeniləşməsi,
formalarının müasirləşməsi, modernləşməsi
kimi çox ciddi vəzifələrin həyata
keçirilməsinə böyük ehtiyac duyulur. Sovetlər
dövründə təhsilin hədəfi və başlıca məqsədi
dedikdə, hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşması nəzərdə tutulurdu.
Bu gün milli təhsilimizin hədəfi nə
olmalıdır? Ümumiyyətlə, hərtərəfli inkişaf etmiş şəxsiyyətmi
formalaşdırmalıyıq? Bunun üçün
cəmiyyətdə ciddi diskussiyaların aparılmasına böyük ehtiyac
yaranır. Bugünkü tədbirdə Azərbaycan
təhsilinin inkişafında böyük
xidmətlər göstərmiş insanların iştirakı
məhz bu maraqdan xəbər verir. Güman edirəm ki, dəyirmi
masada aparılacaq müzakirələr
zamanı bütün bu
məsələlər ətrafında
dəyərli fikirlər səsləndiriləcək.”
YAP İdarə Heyətinin üzvü, təhsil naziri
Misir Mərdanov ölkə Prezidenti İlham Əliyevin
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə Sərəncamına uyğun olaraq keçirilən
tədbirdə təhsil sahəsinin ilk olaraq seçilməsinə görə
partiyanın rəhbərliyinə təşəkkürünü
bildirdi. Vurğuladı ki,
Azərbaycan müstəqillik əldə etdikdən sonra, hətta 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə də
təhsil ölkənin ən prioritet sahələrindən biri
olub. Təhsil
millətin gələcəyi olaraq daim diqqət mərkəzindədir: “Bir neçə il
bundan əvvəl dünyanın
aparıcı iqtisadçı alimləri sual edirdilər
ki, necə olur dünya çox böyük maliyyə
böhranı keçirir, amma
Azərbaycan kimi 20 illik
müstəqillik tarixinə malik olan ölkə bu böhrandan çıxaraq mühüm
uğurlar qazandı. Birmənalı şəkildə
ümumi nəticə bundan ibarət
oldu ki, Azərbaycanda
müxtəlif sahələri əhatə edən proqramlar qəbul olunur və
yüksək səviyyədə icra
edilirlər. Ölkəmizin son illərdəki
uğurlarının əsası kimi dövlət
başçısı İlham Əliyevin
təsdiq etdiyi çoxsaylı proqramlar qeyd edilir.”
Nazir bir məqamı da diqqətə
çatdırdı: “Hələ dünyada belə proqramlarla
bağlı addımlar atılmazdan əvvəl 2002-ci il sentyabrın 1-də (o zaman dərslər sentyabrın 1-də
başlayırdı) Ümummilli Lider Heydər Əliyev Suraxanı rayonunda yerləşən
275 saylı məktəbdə olduqdan sonra ciddi tapşırıq verdi
ki, Azərbaycanda təhsil infrastrukturunun
yaxşılaşdırılması ilə bağlı
Dövlət Proqramı hazırlanmalıdır. Azərbaycanın proqramlarla idarə olunmasının ilk addımı elə o
tapşırıqdan başladı. Tezliklə proqramlar
hazırlandı və uğurlu
icrasına başlanıldı. Bu illər
ərzində
bütövlükdə ölkənin ayrı-ayrı sahələrini
əhatə edən 60-dan çox
Dövlət Proqramı təsdiq olunub.
Bu
proqramların hər biri hazırlanarkən çoxsaylı ekspert rəyləri
öyrənilir və proqramların idarə olunmasına ciddi dövlət nəzarəti var, bu sənədlərin icrasını həyata
keçirən qurumlar ayrı-ayrı
dövlət orqanlarına mütəmadi hesabatlar
təqdim edirlər.” M.Mərdanov
onu da bildirdi
ki, təhsil sahəsində dövlət
proqramlarının sayı 10-dan çoxdur.
Bunların icrası ölkənin inkişafını sürətləndirir,
qarşıya yeni vəzifələr qoyur.
Təhsil
naziri qeyd etdi ki, bu
gün Dünya
Bankı və Avropa Birliyi
də artıq 2020-ci ilin hədəfləri
barədə ayrı-ayrı proqramlar
haqqında müəyyən məlumatlar yayırlar: “Avropa Birliyinin
ayrı-ayrı ölkələr üçün
təsdiq etdiyi strategiyada
beş əsas məqsəddən üçü təhsillə
bağlıdır. Yəni dünya özünün gələcəyini təhsildə
və elmdə görür. Avropa Birliyinin hədəfləri
bunlardır: ümumi daxili
məhsulda tədqiqatlara və innovasiyalara
ayırmaların 3 faizə çatdırılması; ümumi təhsil müddətini başa çatdırmadan məktəbi tərketmə göstəricisinin
10 faizdən çox olmaması. Bu, Azərbaycan üçün
problem deyil. Avropa bu göstəriciyə çatmağa
çalışır. Amma Azərbaycanda
bu, çoxdan həllini
tapmış məsələdir.
Sonuncu hədəf müəllimlərin
ali təhsilə cəlb olunma
səviyyəsidir. Avropa Birliyi
çalışır ki, orta məktəb
məzunu olanların 40 faizi ali məktəblərə qəbul olunsun.
Hazırda Azərbaycanda bu göstərici
30 faizdir. Avropa 2020-ci
ildə bu göstəriciyə nail olmağa
çalışırsa, ölkəmizin əldə etdiyi bu nəticə
müsbət hal kimi dəyərləndirilməlidir.”
M.Mərdanov
təhsilin cəmiyyətdə rolundan geniş bəhs etdi. Bildirdi ki, təhsil cəmiyyətdə
tərəqqinin hərəkətverici qüvvəsidir. İnsan kapitalının, intellektual
potensialın formalaşması birbaşa təhsilin
inkişafı ilə bağlıdır. Yoxsulluğun
azaldılmasında və əhalinin rifah
halının yüksəlməsində də bu
amilin rolu inkaredilməzdir.
Bu sadalananların ümumi
ifadəsi olaraq Ulu
Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”
tezisini xatırlatmaq kifayətdir.”
Tədbirdə, eyni zamanda,
2004-cü ildən 2011-ci ilə qədər dövlətin
təhsilə ayırdığı büdcə vəsaiti barədə
də məlumat verildi.
Bildirildi ki, bu müddət ərzində artım beş dəfədən
çoxdur. Təhsilə ayrılan
investisiyaların həcminə gəldikcə isə 2011-ci ildə bu rəqəm 273,2 milyon manat olub. Təhsil naziri hər proqram üzrə
görülən işlər və nəticələr barədə
ətraflı məlumat verildi.
Vurğuladı ki, hər proqram
və sahə üzrə hədəflər müəyyənləşdirilir. Nazir söylədi ki, təhsil
sahələri arasında ən ciddi
problem olan məktəbəqədər tərbiyədir:
“Diqqət yetirsək, görərik ki, bu gün Azərbaycanda uşaqların məktəbəqədər təhsilə
cəlbi cəmi 16,7 faiz təşkil edir. 5
yaşlıların məktəbə
hazırlığı 26 faizdir. Amma qanunda bütün
uşaqların cəlbinin zəruriliyi qeyd
edilir. Bu sahədə
mövcud problemlər aradan
qaldırılmalıdır.”
M.Mərdanov təhsilin
inkişafında məktəblərin rolunu
önə çəkərək, bu
istiqamətdə görülən işlərdən
danışdı. Bildirdi ki,
son illərdə
dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə təhsildə ən
yüksək nəticə məktəb
infrastrukturunun yeniləşməsi sahəsində
əldə olunub. “Bu
sahədə bir neçə Dövlət
Proqramı qəbul olunub. Proqramların əsas
məqsədi ümumtəhsil müəssisələrinin maddi-texniki və tədris bazasını
gücləndirmək və müasirləşdirməkdir: “Proqramların uğurlu
icrasının və Heydər Əliyev Fondunun
bu sahəyə diqqət və
qayğısının nəticəsi olaraq
son illərdə 550 min
şagird yerli 2200 yeni məktəb
binası tikilmiş və ya əsaslı
təmir olunmuşdur. 708 məktəb müasir avadanlıqlarla, 400 məktəb tədris
laboratoriyaları ilə təchiz edilmiş,
700 məktəbin istilik sistemi
yenidən qurulmuşdur. Aparılan
işlərin nəticəsində iki
növbəli məktəblər
73 faizdən 44 faizə, ikinci
növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş və bununla da bir milyondan artıq şagirdin təlim şəraiti
yaxşılaşdırılmışdır. Əsas hədəf
ondan ibarətdir ki,
bu proses davam etməli, nəticədə, bütün ümumtəhsil müəssisələrinin
beşgünlük iş
həftəsinə və birnövbəli iş
rejiminə keçməsi təmin edilsin.
Dövlət başçısı İlham
Əliyev bu vəzifəni qarşıya qoyub.”
M.Mərdanov məktəblərin kompyuterləşdirilməsindən
də bəhs etdi. Bildirdi
ki, 2004-cü ildə 1063 uşağa
bir kompyuter
düşürdüsə, bu gün 20 şagirdə bir
kompyuter düşür:
“Bu məsələnin kompleks
şəkildə həlli üçün bu günə
qədər 75 min nəfər müəllim
və texniki işçi
İKT üzrə təlim kurslarını keçib
və müvafiq sertifikat
alıb. Azərbaycanda sayı 4500-dən çox
olan məktəbdən 1200-nün internetə
qoşulması təmin edilib.”
Tədbirdə müəllim
seçimindən, dərsliklərin hazırlanmasından, əlavə
dərs vəsaiti problemlərinin həllindən, şagirdlərin
biliyinin qiymətləndirilməsi, ali məktəbə qəbul mexanizmlərinin
təkmilləşdirilməsindən, gənclərin xarici ölkələrdə təhsilindən,
xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsindən, dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət
Proqramından da bəhs olundu.
Ümumi qənaət bundan
ibarət oldu ki,
atılan bu addımların əsasında
təhsilin inkişafını sürətləndirmək,
qarşıya qoyulan hədəflərə
çatmaq dayanır.
Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel
Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Yusif Məmmədov,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru, Milli Məclisin
deputatı Gülçöhrə Məmmədova, Milli Məclisin deputatı Asəf Hacıyev, professor Səlahəddin Xəlilov, Zərifə
Əliyeva adına Məktəbin direktoru
Məhəbbət Vəliyeva çıxış edərək,
təhsilin və elmin bugünkü
inkişafında və perspektivlərdən bəhs etdilər.
Qeyd olundu ki, XXI əsr elm və təhsil
əsridir. YAP
İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini
Bahar Muradova bildirdi ki, bütün
sahələr Azərbaycanın inkişaf
modelinin tərkib
hissələridir. Ümumi inkişaf modelini
hazırlayarkən və gələcək hədəfləri
müəyyənləşdirirkən öncə bu sahələrin hər birinə
ayrılıqda nəzər salmaq və sonra bunu bir
tamın hissələri kimi ümumiləşdirmək, bütöv bir inkişafın hədəflərini müəyyənləşdirmək
lazımdır. Bu vəzifəni də
dövlət başçısı İlham
Əliyevin Sərəncamında qeyd olunan müvafiq qurum həyata
keçirəcək. B.Muradova
çıxışında bir daha qeyd etdi
ki, bu gün də, gələcəkdə
də prioritet
sahə təhsil olacaq. Təhsil
inkişafın ümumi
əsaslarını yaradır, şəxsiyyəti
formalaşdırır.
Ümumiyyətlə,
çıxışlarda ümumi fikir bu oldu
ki, uğurların təməlində ideya, fikir, innovasiya,
elmi-texniki tərəqqi dayanır. Azərbaycan
dövləti müxtəlif istiqamətlərdə islahatlar apararkən, müasirləşməyə,
yeniləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması isə təhsilin və elmin
inkişafı olmadan mümkün
deyil.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2012.- 17 fevral.- S.8-9.