Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biri kimi heç vaxt yaddaşlardan silinməyəcək

 

Yaxın tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Müharibə bəşəriyyətə həmişə ağır bəlalar gətirmiş, insanları dözülməz məhrumiyyətlərə, əzab-əziyyətə düçar etmişdir. Xocalı soyqırımı - ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olmuşdur. Yuxarı Qarabağ bölgəsinin ən strateji təpələrindən birində yerləşən Xocalı o zaman Ermənistan silahlı qüvvələri üçün bir hərbi hədəf mənasını daşıyırdı. Xocalı strateji cəhətdən Qarabağ dağ silsiləsində Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolları üzərində yerləşir. Xocalı Xankəndinin cənub-şərqindən 10 km uzaqlıqda yerləşməklə, Dağlıq Qarabağdakı yeganə hava limanı məhz bu şəhərdə idi. Xocalının coğrafi-strateji mövqeyi erməni silahlı birliklərinin bura işğalçı hücum təşkil etməsi üçün əlverişli idi.

Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən mühasirədə idi. 1991-ci ilin oktyabr ayının 30-dan başlayaraq Xocalıya yalnız helikopterlə getmək mümkün idi. Xocalıya sonuncu helikopter 1992-ci ilin yanvar ayının 28-də enmişdi. Şuşa şəhərinin səmalarında mülkü helikopterin ermənilər tərəfindən vurulması və nəticədə 40 nəfər həlak olduqdan sonra nəqliyyatın bu növü ilə yaradılan əlaqə də kəsilmişdi. Yanvar ayının 2-dən etibarən şəhərə elektrik enerjisi verilmirdi. Fevral ayının ikinci yarısından etibarən Xocalı erməni silahlı birliklərinin mühasirəsində idi və hər gün toplarla, ağır artilleriya silahları ilə bombalanırdı.

936 kv. km əraziyə malik və 2605 ailədən ibarət 11356 nəfərin yaşadığı Xocalı şəhəri 26 fevral 1992-ci il tarixdə yüz ilin ən qəddar soyqırımına məruz qalmış və şəhər tamamilə yox edilmişdir. Xocalıda bu qətliam törədilərkən şəhər Azərbaycan Silahlı Qüvvələrinin mühafizəsi altında deyildi və tamamilə qorunmaz bir şəraitdə idi. Yalnız pərakəndə şəkildə 150 nəfərin əlində yüngül silahlar var idi. Belə ki, Qorbaçov hakimiyyətinin əvvəlcədən Azərbaycana qarşı yürütdüyü məkrli siyasətin nəticəsi olaraq Azərbaycanın bütün bölgələrində, ov silahları da daxil olmaqla, bütün silahlar toplanmış, Dağlıq Qarabağda isə bu vəzifə rus əsgərlərinə tapşırılmışdı. O zaman Azərbaycan ordusu Xocalı əhalisinə kömək edə bilmədi, hətta uzun müddət ermənilər tərəfindən insanlığa yaraşmayan şəkildə qətlə yetirilənlərin cəsədlərini də geri almaq mümkün olmadı.

Ermənistan silahlı qüvvələri Xocalını üç tərəfdən mühasirəyə almış, helikopter və ağır silahlı texnikanın köməyi ilə əvvəlcə şəhəri bombalamış və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə cəmi bir neçə saat ərzində bölgədəki 366-cı rus alayının da dəstəyi ilə əvvəlcədən giriş və çıxışını bağladıqları Xocalı şəhərində qadın, uşaq, yaşlı ayrımı etmədən, rəsmi rəqəmlərə görə, 613 nəfərin, o cümlədən, 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdular. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Ən şiddətli müharibələrdə belə savaşdan kənarda tutulan, toxunulmayan əhalinin bu qisminə ermənilər yaşlı, qadın və uşaq demədən amansız işgəncələr verərək qətl etmişlər. Cəsədlərə diqqət yetirdikdə, onların bir çoxunun yandırıldığı, gözlərinin oyulduğu, qulaqları, burunları, başları və bədəninin müxtəlif üzvlərinin kəsildiyi görünürdü. Bu vəhşiliklər, eyni zamanda, hamilə qadınlar və onların bətnindəki doğulmamış uşaqların başına gətirilmişdir.

Bugünü Ermənistan prezidenti Serj Sarkisyan ingilis tədqiqatçısı və yazıçısı Thomas De Vala verdiyi müsahibəsində belə deyir: “Xocalıdan qabaq azərbaycanlılar bizim zarafat elədiyimizi fikirləşirdilər, ermənilərin mülkü əhaliyə qarşı əl qaldırmayacaqlarını düşünürdülər. Biz bu stereotipi qırmağı bacardıq”.

Qətliama şahid olmuş bir jurnalist Xocalıda gördükləri barədə belə yazır: “Xocalı qətliamı ağılasığmaz bir vəhşilik idi. O vaxtkı Azərbaycan hökuməti baş verən hadisələri 4 gün ərzində əhalidən gizlətməyə çalışdı. Bütün Azərbaycan şok vəziyyətində idi. Erməni bıçaqlarından, silahlarından qurtulmağı bacaranlar: qadınlar, uşaqlar, qocalar qarlı dağlarda çovğun altında Ağdama gəlib çatanda, çoxsunun ayaqları donmuşdu. Bəzilərinin ayaqları isə qanqrena olduğu üçün sonradan kəsildi. Ermənilər hər cür vəhşiliyi sanki ibrət olsun, qisas olsun deyə etmişdilər. Ağsaqqal dədələrin, ağbirçək nənələrin üzləri ülgüclə doğranmış, gənc qadınların döşləri kəsilmiş, azyaşlı körpələrin başlarının dərisi üzülmüşdü. Xocalı ilə Ağdam arasındakı 12 kilometrlik meşə boyunca cəsədlər düzülmüşdü”.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi.

Erməni qəsbkarlarının təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilərək, 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, 380 kənd ələ keçirilmiş və soydaşlarımızın bütün var-dövləti talan edilmişdir. Bununla da respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir. Lakin ermənilərin Azərbaycan iqtisadiyyatına vurduğu ziyan bununla bitmir. Hazırda da ermənilər işğal edilmiş ərazilərdə kütləvi yanğınlar törədirlər. Bu yanğınların respublikamızın flora və faunasına, bir sözlə, ekoloji durumuna ciddi zərər vurmasını nəzərə alsaq, ölkəmizə vurulan ziyanın məbləği günbəgün artır. Ümumiyyətlə, bütün bunları nəzərə alsaq, respublikamıza vurulmuş ziyanın məbləği 60 milyard ABŞ dollarından artıqdır.

Beynəlxalq hüquqa görə beynəlxalq cinayət hesab olunan, sülh və bəşəriyyət əleyhinə yönəldilən soyqırımlar, terror və işğalçılıq aktları Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Xocalı soyqırımı da daxil olmaqla, erməni millətçilərinin Azərbaycana qarşı yönəltdiyi, 2 əsrdən artıq davam etdirilən işğalçılıq əməllərinin bir adı var: soyqırım!

Xocalım, dərd ortağım, düşmənlər aldı səni.

Ermənidə qalarkən əfv eylərsənmi məni?

Bu gün acı həqiqət hər tərəfə yayılsın!

Kimlərsə yatır-yatsın, təki xalqım ayılsın.

İllər ötüb keçsə də, dəyişməzdir fəsillər.

Əgər qaytarmasaq, xalqxain” deyəcək bizə,

Sonra gələn nəsillər qınayacaq bizləri.

Bu gün Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində intensiv aparır. Ümummilli Lidermiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə əsasını qoyduğu diaspora fəaliyyəti, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımından bəhs edən tədbirlər keçirilir, abidələr ucaldılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. 57 ölkənin gənclər təşkilatlarını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Getdikcə dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Vaxt gələcək, ermənilər günahsız Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə tarixin ədalət məhkəməsi qarşısında dayanacaqlar. Tarix heç nəyi unutmur! Biz Azərbaycan gəncləri günahsız Azərbaycan xalqının başına gətirilən bu oyunları heç zaman unutmamalı, tarixdən ibrət dərsini almalı, özümüzdən sonra gələn gənc nəsillərə dostun, düşmənin kim olduğunu düzgün təbliğ etməliyik! 

 

Vüsal Məmmədov,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

 

Səs.- 2012.- 21 fevral.- S. 6.