Azərbaycançılıq
və milli ləyaqət
Azərbaycançılıq
xalqımızın milli ləyaqətilə
çox bağlı olan
ideyadır. Ulu Öndər Heydər Əliyev hələ 1997-ci il 25 dekabr tarixli
“Bütün dünya
azərbaycanlılarına” müraciətində azərbaycançılıq
və milli ləyaqət probleminə toxunaraq, bu dəyərlərin
dünya əhəmiyyəti kəsb etdiyini, azərbaycançılığı
vətən, dövlətçilik, suverenlik,
müstəqillik və milli ləyaqət
anlayışları ilə vəhdətdə olduğunu
göstərirdi. “Qoy Azərbaycanın
müstəqilliyinə qəsd etmək niyyətində olan bütün xarici və daxili qüvvələr
bilsinlər ki, öz suverenliyi və ərazi bütövlüyü
uğrunda minlərlə qurban
vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər bir
qara qüvvəyə, hər bir təxribatçıya və
onların əlində alətə çevrilən şəxslərə
layiqincə cavab verəcəkdir. Əziz soydaşlarımız! Azərbaycan
bütün dünya
azərbaycanlılarının tarixi vətəni,
doğma ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, dünyanın bütün
ölkələrində yaşayan və
ürəyi doğma Azərbaycanla bir döyünən həmvətənlərimizin
də xalqımızın milli azadlıq
mübarizəsində, ölkəmizin tərəqqi və
inkişafı yolunda önəmli xidmətləri
vardır.
Bu
gün harada
yaşamasından asılı olmayaraq, Azərbaycanı
özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə
dövlətçilik ideyaları ətrafında
sıxlaşmalı, sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Vətənini,
millətini, xalqını sevən hər bir
azərbaycanlı Azərbaycanın müstəqilliyinin
dönməz olması üçün səy
göstərməlidir. Bütün azərbaycanlılarda,
bu və ya digər
tellərlə ölkəmizlə bağlı olan
hər bir şəxsə azərbaycançılıq
və vətənpərvərlik hissləri, tarixi
məhəbbət aşılamaq hamımızın ümdə
vəzifəsidir. Vətənimizin, respublikamızın taleyi hər bir
soydaşımızın taleyindən asılıdır.
Müstəqil
Azərbaycanın dövlət rəmzləri - bayrağı,
gerbi, himni ilə bütün dünya azərbaycanlıları
fəxr edə bilər. Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü,
təhlükəsizliyi, bu gün
və gələcəyi hər bir
soydaşımızı, milli mənsubiyyətindən
və dini etiqadından asılı olmayaraq, hər bir həmvətənimizi
düşündürməlidir. Bütün
dünya bilməlidir ki,
Azərbaycan xalqının müstəqillik əzmi və iradəsi
qarşılaşdığımız hər bir
çətinliyə qalib gələcəkdir.
Xalqımızın müdrikliyi, yenilməzliyi
və qəhrəmanlığı müstəqil dövlətimizin
yaşamasının və inkişafının əsasını
təşkil edir.
Müstəqil
Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar
üçün doğma
vətəndir. Hansı ölkədə yaşamasından
asılı olmayaraq, azərbaycanlı öz ana dilini,
dininin, milli ənənələrini
heç zaman
unutmamalıdır. Hər bir azərbaycanlı
fəxr etməlidir ki, onun
böyük tarixə, qədim zəngin mədəniyyətə
malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan
Respublikası kimi müstəqil bir dövlət durur”.
Azərbaycan tədqiqatçıları
Əmrəli İsmayılov və Qoşqar
Əliyev “Heydər Əliyev və milli ləyaqət
fəlsəfəsi” əsərində Ulu
Öndər Heydər Əliyevin azərbaycançılıq
və milli ləyaqətin
qorunmasındakı strategiyası və metodologiyası
haqqında qiymətli fikirlər söyləmişdir. Birincisi, Azərbaycan xalqının milli ləyaqət probleminə
yanaşmalarında Heydər Əliyev konkret
və real cəmiyyətin, iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin
bütün problem və
qayğıları ilə birlikdə real
həyatından çıxış edir.
Bu metodoloji prinsipdə
də, digər prinsiplərdə olduğu
kimi, Heydər Əliyev fenomeni,
onun şəxsiyyəti və intellekti durur. Heydər
Əliyev üçün xalqın milli ləyaqət ideyası haradasa
uzaqlarda səslənən mücərrəd
şüar deyildir. Bu nəcib ideya xalqın real həyatı cəmiyyət və şəxsiyyətin
fəaliyyətinin konkret durumu
məcrasında nəzərdən keçirilir.
Millət addımbaaddım özünün
dünyəvi, gündəlik problemlərini həll etməklə,
mədəniyyətini, iqtisadiyyatını, elmini,
incəsənətini inkişaf etdirməklə,
özünü realizə və
özünütəsdiq üçün
şərait təmin etməklə digər ölkə və
xalqlardan asılılığını
azaldır, özünün ləyaqətini
təsdiq etdirir.
İkincisi,
milli ləyaqət, bir
tərəfdən millətin ləyaqətli həyatı, digər
tərəfdən isə, onun hər bir nümayəndəsinin şüurunda
və psixologiyasında öz millətinin
keçmişi, bu günü və gələcəyi barədə
hərtərəfli və dərindən mənimsədiyi, dərk etdiyi, duyub yaşadığı, həmçinin, öz xalqının və mədəniyyətinin,
keçmiş nəsillərin və
müasirlərin siyasi və sosial təcrübəsinin şəxsiyyətin
mənəvi və əxlaqi dayağı olması haqqında
təsəvvürlərin mövcudluğudur.
Heydər Əliyev gerçəkliyi idealizə etmir, keçid mərhələsində
cəmiyyətin üzləşdiyi real
problemlərdən və çətinliklərdən
qaçmır. Lakin milli ləyaqət hissi mənəvi hadisə olduğundan,
o, daim bu
hissin fərdi və milli
şüura nə dərəcədə
möhkəm daxil olmasına və onun insanın real vəziyyəti,
həyat səviyyəsi və keyfiyyəti ilə necə
stimullaşdırılmasına diqqət yetirir.
Üçüncüsü,
Heydər Əliyev Azərbaycan xalqının milli
ləyaqəti haqqında özünün
ideya və prinsiplərini zərgər dəqiqliyi
ilə suverenlik və dövlətçilik
adlandırdığımız fundamental
fəlsəfi anlayışların əsas məzmununa daxil edir. Azərbaycan dövlətinin rəhbəri və sosial materiyanın bütün
çalarlarını və incəliklərini hiss edən siyasətçi Heydər
Əliyev üçün xalqın milli ləyaqətini təsdiq edən magistral istiqamətlər, həmçinin,
köməkçi yollar da
mövcuddur. Dövlətçilik və
dövlət suverenliyi müəyyənedici
amillərdir.
Dördüncüsü, Heydər
Əliyevə görə, Vətən hissi
və milli ləyaqət hissi
bir-birilərini şərtləndirir və bir-birilərinə
nüfuz edir. Bu, insanlarda yüksək vətənpərvərlik
hissi tərbiyə etmək və
formalaşdırmaq deməkdir. Vətənin
müdafiəsini, Azərbaycanın müqəddəs
torpağının hər qarışının müdafiəsinin
Azərbaycan xalqının, Azərbaycan Respublikasının bütün vətəndaşlarının
şərəf və ləyaqətinin müdafiəsinin
yüksək nümunələri kimi
nəzərdən keçirmək lazımdır. Buna görə Azərbaycan xalqının milli ləyaqətinin müdafiə
olunmasında ön cəbhə erməni faşizminin işğal etdiyi torpaqlar, düşmənin
zəbt etdiyi ərazilərdə qalan ulu
babalarımızın qəbirləridir. Prezident Heydər Əliyev işğal olunmuş
torpaqlarımızın sülh yolu ilə qaytarılması yolunda
geniş fəaliyyət göstərir, həqiqətən,
dövlət müdrikliyi nümayiş
etdirir. Əgər
işğalçılar yenidən özlərinin təcavüzünü
genişləndirmək cəhdləri göstərsələr,
onda hər birimiz və
hamımız birlikdə torpaqlarımızı birdəfəlik
azad etmək üçün
öz şərəf və ləyaqətlərimizi
müdafiə etməyə hazır olmalıyıq.
Beşincisi, Prezident Heydər Əliyev milli
ləyaqət probleminə bir-birini məntiqi
tamamlayan iki
baxımdan yanaşır. Bir tərəfdən
O, milli ləyaqətin müdafiəsi və
təsdiqinin magistral istiqaməti və
yollarını müəyyənləşdirir. Digər tərəfdən isə xalqın intellektual potensialı, mədəniyyəti, mənəvi
və əxlaqi həyatı haqqında məhsuldar ideyalar irəli sürür
və əsaslandırır. Çünki
bunsuz müasir şəraitdə
millətin ləyaqəti problemi mənasını
itirmiş olardı. Söhbət ondan gedir ki,
millət özünün hansı intellektual və mədəni resursları ilə
sivilizasiyalı xalqlar səviyyəsinə
çıxır, nə ilə özünü
tanıtmaq istəyir. Buna görə də, Heydər Əliyevin milli ləyaqət fəlsəfəsində
millətin mədəniyyəti, elmi, incəsənəti
və bütövlükdə, intellektual
potensialı haqqında qayğısı, Azərbaycan
xalqının milli ləyaqətinin təsdiqinin
real praktik və nəzəri
tərəfi kimi çıxış edir. Yalnız dərin təfəkkürlü
alimləri, yüksək peşəkarlığa malik rəssamları, bəstəkarları,
yazıçıları və müəllimləri,
kitabları və muzeyləri, məzmunlu kitabları və
kinofilmləri olan xalqın daha qətiyyətlə başqalarından onun ləyaqətinə hörmət etməyi
tələb etmək haqqı var. Bu, Prezident Heydər
Əliyevin milli ləyaqət fəlsəfəsində
daim diqqət verdiyi mühüm aspektlərdən biridir.
Bir sözlə, milli ləyqət azərbaycançılıq
ideyasının cövhərini təşkil edir.
Vaxtilə totalitarizm azərbaycançılığı
və milli layəqətin bəzi
komponentlərini sıxışdırırdı. Azərbaycançılıq
və milli ləyaqət ideyaları totalitarizm sisteminin
dağıdılmasında iqtisadiyyatın və ictimai həyatın
inhisarçılığından azad
olmasında, yeni siyasi
strukturlardan, yeni milli ideologiya və
ideoloqların, yeni elitaların və
Ümummilli Liderin
formalaşmasında mühüm rol oynadı. Azərbaycan xalqının milli ideologiyasında əsas rol
oynayan amillərdən biri
məhz milli-mənəvi dəyərlər - milli
hiss, milli ruh, milli ləyaqət
hissləri olmuşdur. Azərbaycançılıq
ideyası və xalqımızın milli
ləyaqətinin qorunmasında Ulu Öndər
Heydər Əliyevin əvəzsiz xidməti olmuş
və Onun layiqli siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahədə
uğurlu addımlar atır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 23 fevral.- S. 10