“XOCALI
SOYQIRIMINI TANIDAQ”
“Səs” qəzeti
ölkəmizin həyatında mühüm əhəmiyyət
kəsb edən, günün aktual və prioritet
mövzuları ətrafında silsilə dəyirmi masalar təşkil
edir. Dünən
təşkil olunan dəyirmi masanın mövzusu Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü,
YAP Səbail rayon təşkilatının
sədri Zahid Qaralov, Milli Məclisin deputatı Musa
Quliyev, Milli Məclisin
deputatı Sahibə Qafarova, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni
Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, politoloq Cümşüd Nuriyev,
Beynəlxalq Diaspor Mərkəzinin əməkdaşı
Samir Adıgözəlov, YAP Gənclər
Birliyinin sədr müavini
Samirə Quliyeva, YAP Gənclər Birliyinin sədr müavini
Aytac Əliyeva, YAP Gənclər Birliyi İdarə Heyətinin
üzvləri Bəxtiyar Nəbiyev,
Mehman İsmayılov, YAP Sabunçu rayon gənclər
birliyinin üzvü Rəşad
Abbasəliyev, YAP Suraxanı rayon gənclər
birliyinin sədri Zəkiyyə Musayeva və başqa
tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri,
siyasi partiya və QHT
təmsilçiləri, Xocalı soyqırımının
şahidləri iştirak edirdilər.
Dəyirmi masada
giriş sözü
ilə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, bugünkü tədbir Yeni
Azərbaycan Partiyası Gənclər Birliyi
və “Səs” qəzetinin birgə təşkilatçılığı
ilə Xocalı soyqırımının 20-ci
ildönümünə həsr olunub. Tədbiri
keçirməkdə məqsəd Xocalı
soyqırımını xatırlayıb, bunun
acı nəticələrini gələcək nəsillərə
ötürməkdir. Beynəlxalq ictimaiyyətə,
dünya xalqlarına Xocalı
soyqırımını və həmin gün
baş verən hadisələri
çatdırmağın hər birimizin borcu olduğunu vurğulayan B.Quliyev tədbirdə
“Səs” qəzeti tərəfindən hazırlamış filmin nümayiş etdiriləcəyini
bildirdi. Filmin
dünyanın bir çox
dillərinə tərcümə olunacağını diqqətə
çatdırdı. O, vurğuladı ki,
bu film Xocalı
soyqırımını tam şəkildə
əks etdirməsə də, bizi orada baş verən müəyyən
məqamlarla tanış edir: “Bu dəhşətli faciəyə
diqqət etdikdən sonra insanın qəlbində
intiqam hissi oyanır.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər tərəfindən Xocalıda
insanlığa və bəşəriyyətə
qarşı soyqırımı həyata keçirilib.
Erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı alayının
ağır hərbi texnikasının dəstəyilə
Xocalıya hücuma keçib.
Beləliklə, erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
xüsusi qəddarlıqla divan
tutub. XX əsrin genosidlər və
soyqırımlar siyahısına Xocalı soyqırımı
da daxil olub”.
Baş redaktor bu gün
Ermənistanda hakimiyyətdə olan əli
qana batmış cəlladların və bu cinayətdə günahı olan
şəxslərin qanun
qarşısında cavab verəcəklərini
dilə gətirdi. Sonra filmin
təqdimatı keçirildi. Film sona yetdikdən sonra tədbir iştirakçıları tərəfindən
Xocalı soyqırımında şəhid olanların xatirəsi
bir dəqiqəlik sükutla
yad olundu.
Sonra baş redaktor o dövrün qanlı
olayları və Xocalı soyqırımı ilə
bağlı dəyirmi masa
iştirakçıları arasında müzakirələr aparılmasının vacibliyini vurğuladı.
BU GÜN HƏR BİRİMİZ
ALİ BAŞ KOMANDANIN MÜSƏLLƏH
ƏSGƏRİYİK VƏ ƏMRİNİ
GÖZLƏYİRİK
Musa Quliyev:
- Doğrudan da, Xocalı faciəsi analoqu
olmayan ümumbəşəri bir faciədir. Nə qədər ki, ermənilər tərəfindən bu soyqırımı hadisəsini törədənlər
cəzalarına çatmayıblar, bundan sonra da bu
cür yenə də belə hadisələr
törədiləcəkdir. Bu gün Xocalını xatırlamaq vacibdir. Amma daha çox Xocalı
soyqırımının qisasını almaq
haqqında düşünmək lazımdır. Beynəlxalq
təşkilatlara yüksək bir şəkildə
bu hadisələri çatdırmaq, bu soyqırımı təbliğ etmək hər
birimizin vətəndaşlıq borcudur. Bir həqiqəti etiraf etmək lazımdır ki,
əgər biz işin
həlli məsələsini yerinə yetirmək istəyiriksə,
nə beynəlxalq təşkilatlardan, nə beynəlxalq məhkəmələrdən,
nə də HAAQA tirbunalından imdad
ummamalıyıq. Bəlkə də bu və
ya digər təşkilatlar Xocalı
soyqırımından xəbərdardırlar. Bu
gün biz öz faciəmizlə üz-üzə
qalıb intiqam almaq üçün iradəmizi, gücümüzü
ortaya qoymalıyıq. Azərbaycan
dövlətinin bu istiqamətdə
görəcəyi işlər üzərində
düşünməliyik. Nə qədər ki,
biz diplomatiyada cənab
Prezident İlham
Əliyevin elan etdiyi hüquq taktikasını keçməmişdik,
bütün platformalarda
uduzurduq və yaxud bərabər
qalırdıq. Bu gün
məlumdur ki, dünya
ölkələrində Xocalı soyqırımı ilə
bağlı erməni diasporası tədbir təşkil etməmişdən
əvvəl, azərbaycanlılar bunu həyata
keçirirlər. Havadarları olan
ölkələrdə - Fransada, Rusiyada, Amerikada artıq Azərbaycan
diasporu ardıcıl olaraq
tədbirlər təşkil edir. Biz onları qabaqlamaqla dünya ictimaiyyətinə haqq
sözümüzü
çatdırırıq. Bu da Azərbaycanın hücum
diplomatiyasının məntiqi nəticəsidir. Bu gün dövlətin də,
millətin də, gənclərin də səyləri ermənilərdən
bu qisası almağa
köklənib. Bu gün
hər birimiz Ali Baş Komandanın müsəlləh əsgəriyik
və əmrini gözləyirik. Qərar qəbul olunduqdan sonra, əminəm
ki, xalqımıza qarşı törədilmiş
bu cür cinayətlərdən
onları çəkindirəcəyik.
XOCALI
SOYQIRIMI, ÜMUMİYYƏTLƏ,
BƏŞƏRİYYƏTƏ QARŞI
YÖNƏLMİŞ BİR QƏTLİAMDIR
Vüqar Rəhimzadə:
- Ermənilər Xocalıda törətmiş
olduqları vəhşilikləri Avropanın ən nüfuzlu tribunalarından belə səsləndirdilər.
Avropanın ən nüfuzlu KİV-lərində,
BMT-də həmin bu cinayətkarlar öz dilləri ilə etmiş
olduqları qəddarlıqları dünya
ictimaiyyətinə çatdırırdılar. Sanksiyalar Ermənistana qarşı deyil, Azərbaycana qarşı yönəldildi.
Torpağı işğal olunan
da, qırılan da biz olduq. Xocalı
soyqırımı, ümumiyyətlə, bəşəriyyətə
qarşı yönəlmiş bir qətliamdır.
Xocalıda baş verən tarixi
cinayətlər bir gün
istənilən Avropa ölkəsinin və
xalqının da başına gətirilə
bilər. Bu gün Ermənistan
rəhbərliyində təmsil olunanların böyük
əksəriyyətinin əlləri Azərbaycan
xalqının qanına batıb. Vaxt gələcək
haqq-ədalət öz yerini
tapacaq.
Azərbaycan dövlətinin həyata
keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi
xətti, konstruktiv mövqeyi
mövcud problemin sülh və danışıqlar yolu ilə həlli istiqamətinə yönəlib.
Bu məqsədlə ardıcıl işlər
görülməkdədir.
HİKMƏT BABAOĞLU:
- Ermənilərin Azərbaycanın
tarixi ərazilərinə qarşı olan təcavüzü tarixi
ərazilərimizin müəyyən hissəsinin
işğalı ilə nəticələndi. Ermənilər
“böyük Ermənistan” xülyası
ilə Azərbaycanın tarixi əraziləri
hesabına yaratmış olduqları dövlətlərinin
coğrafiyasını növbəti dəfə bizim tarixi
torpaqlarımızı işğal etməklə
genişləndirmək niyyətində olublar.
Elə Xocalıda ondan əvvəl və ondan sonra həyata
keçirilən qətliamlar erməni xislətinin
açıq ifadəsi idi. Çünki zaman
yetişəcək ki, Azərbaycan öz tarixi ərazilərini
əldə edəcək. Buna istənilən
erməniyə istənilən formada arxa durub, öz
maraqlarını reallaşdırmaq niyyətində olan qüvvələr əmin olmalıdır.
Azərbaycan xalqı öz dövlətinin
gücünə və qüdrətinə arxalanaraq,
Ali Baş
Komandanın əmri ilə itirilmiş
torpaqları erməni işğalçılarından geri qaytarmağa hər an hazırdır.
Qaçqına çevrilmiş və Azərbaycanın
rayonlarında müvəqqəti sığınacaq tapan Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə
son qoyulmasını, respublikamızın ərazi
bütövlüyünün bərpa
olunmasını səbirsizliklə gözləyir,
dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa
çağırırlar. Xocalı faciəsi haqqında həqiqətin,
bu barədə obyektiv
informasiyanın dünya ictimaiyyətinə
çatdırılması və təqsirkarların məsuliyyətə
cəlb edilməsi ilə bağlı bir
sıra tədbirlər görülür.
Xocalı faciəsi və törədilən cinayət
davamlı olaraq dünya
ictimaiyyətinə çatdırılır. Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi,
Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı
Gənclər Təşkilatı
İslam Konfransı Təşkilatının
Gənclər Forumu ilə birlikdə
“Xocalıya ədalət” beynəlxalq informasiya
kampaniyası çərçivəsində ermənilərin
Azərbaycanın Xocalı şəhərində törətdikləri
faciənin ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. “Xocalıya ədalət” beynəlxalq
kampaniyasının məqsədi təkcə Xocalı
soyqırımının deyil, başqa etnik təmizləmələrin
də qurbanları üçün ədalətə
nail olmaqdır.
Heydər
Əliyev Fondu tərəfindən
dünyanın, demək olar ki, bütün ölkələrində
Xocalı faciəsinə həsr edilmiş
tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri
təşkil edir, kitablar,
bukletlər dərc edir, DVD-disklər
buraxır, filmlər çəkir. Avropa Birliyinin üzvü olan dövlətlərin, demək olar ki, hamısında,
MDB, Asiya, Cənubi və Şimali
Amerika ölkələrində konfranslar, seminarlar keçirilir. Bununla bərabər, kampaniyanın dövlət və
hökumət başçılarına, ATƏT-in Minsk Qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə,
dünya parlamentlərinə və beynəlxalq
təşkilatlara ünvanlanmış, bu
faciəni soyqırımı aktı və insanlığa
qarşı cinayət kimi tanımaq tələbi
irəli sürülən müraciətləri
yayılır.
XOCALI SOYQIRIMI BÜTÜN
BEYNƏLXALQ KONVENSİYALARA ZİDDİR
Cümşüd
Nuriyev:
- Xocalıda baş
verən hadisə heç zaman
faciə kimi qiymətləndirilə bilməz.
Faciə məfhumunun siyasi və hüququ yükü çox azdır. Bu,
bütövlükdə, soyqırımı aktıdır. Bir sıra konvensiyaları diqqətə
çəkmək istəyirəm. Bu, təkcə
Cenevrə Konvensiyası ilə əhatələnmir. Birincisi, BMT
nizamnaməsinə, ikincisi, insan hüquq və
azadlıqları haqqında 1948-ci il
Konvensiyasına, üçüncüsü,
26 sentyabr 1948-ci ildə qəbul olunmuş genosid cinayət
və ona qarşı mübarizə tədbirləri
haqqında Konvensiyasına, dördüncü
mülki və siyasi
hüquqların pozulması haqqında beynəlxalq Konvensiyaya, beşincisi, müharibə şəraitində dinc
əhalinin qorunması ilə bağlı təcavüzə məruz
qalmaması ilə bağlı 1968-ci il
Konvensiyasına, altıncısı, 1994-cü il
Ruanda Konvensiyasının birinci
maddəsinə, yeddincisi, Azərbaycan
Cinayət Məcəlləsinin 103-cü maddəsinə bu soyqırımı aktı ziddir.
İlk dəfə genosid
termini 1943-cü ildə leksikona
daxil olub. Onun hüquqi yükü ondan ibarətdir
ki, dininə,
dilinə, irqinə, mənşəyinə görə insan və yaxud da insan qrupu
təkcə öldürülməyə yox,
eyni zamanda, ərazini
tərk etməyə, mülkünün əlindən
alınmasına yönəlib. Sadaladığım
konvensiyaların maddələrinə görə, terror törədən təşkilatlar terror təşkilatları kimi
tanınmalıdır. Amerika 103 terror təşkilatı tanıyır ki, onun 4-ü erməni təşkilatıdır.
Rusiya isə 104 terror
təşkilatı tanıyır. Dörd
erməni terror təşkilatı bu hadisədə bilavasitə
iştirakçıdır və Azərbaycan Milli
Məclisində məsələ qaldırılmalıdır.
Xocalı soyqırımının siyasi və
hüquqi yükü
ağırdır. Faciə məişət müstəvisində
baş verən cinayət sayılmalıdır. Xocalı qətliamının soyqırımı aktı
olmasının bir mühüm
faktoru ondan ibarətdir
ki, ölənlər sırasında bir nəfər də olsun
hərbçi yoxdur. Cəmi 27 polis öldürülüb.
Polis insanların hüquqi
və azadlığını qorumaq vəzifəsini
daşıdığından, onlar hərbçi
hesab olunmur. Bütün bu və digər
əsaslara nəzər saldıqda, görürük
ki, artıq Xocalı
qırğınını soyqırımı kimi
tanıtmağa ehtiyac yoxdur.
Samir
Adıgözəlov:
- Bu gün Beynəlxalq Dispor Mərkəzini
narahat edən Sankt-Peterburqda
Milli-Mədəni Muxtariyyət təşkilatı tərəfindən
fevralın 27-də konsert təşkil
olunmasıdır. Bunula bağlı bizim təşkilat millət vəkillərinə
müraciət ünvanlayıb. Eyni zamanda, tədbirlər təşkil etmişik. Rusiyadakı Azərbaycan səfirliyinə,
Sankt-Peterburqdakı Azərbaycan
Baş Konsulluğuna
məktublar ünvanlamışıq. Mədəniyyət
Nazirliyinə də bu konsertin
qarşısının alınması üçün
məktub göndərilib. Çox təəssüflər
olunsun ki, bu qədər fəaliyyətin, ardıcıl
olaraq aparılan işlərin
qarşısında bizim bir
qrup özünü
“sənətçi” hesab edən insanlar Sankt-Peterburqda
konsert təşkil etmək qərarına
gəliblər. Bu addım bizim
şəhidlərimizin ruhuna hörmətsizlikdir.
Amma artıq Sankt-Peterburqdakı Konsulluqdan bizə məktub gəlib ki, təşkilata konsertin
vaxtının dəyişdirilməsi ilə bağlı
müraciət olunub. Amma
göstərilən bu cəhdlərə baxmayaraq, Milli-Mədəni Muxtariyyət Təşkilatı
bu məsələdə mövqeyini
dəyişmir. Həmin müğənnilər də
israrlı olaraq tədbirdə
çıxış etmək niyyətindədirlər. Cənab
Prezidentin Sərəncamına əsasən
fevralın son gününə qədər
tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dünyanın bir
sıra ölkələrində, eləcə də, Sankt-Peterburqda da Xocalı
ilə bağlı tədbirlərin keçirilməsi
planlaşdırılıb. Bu məqamda
belə bir konsertin təşkili
qəbulolunmazdır.
(Ardı
var)
Zümrüd
BAYRAMOVA,
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.-
2012.- 23 fevral.- S.8-9.