“Xocalı - qan yaddaşımızdır”

 

Biləsuvar

 

Yeni Azərbaycan Partiyası  Biləsuvar rayon təşkilatının tədbirlər planına uyğun olaraq 26 fevral  Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunur. Bu barədə YAP Biləsuvar rayon təşkilatından məlumat verilib. Belə ki, həmin tədbirlərdən biri  fevralın 22-də YAP Biləsuvar rayon təşkilatında “Xocalı-qan yaddaşımızdır” mövzusunda keçirilib. Tədbiri giriş sözü ilə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq, XXI əsrin ən böyük faciəsi olan Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra YAP Biləsuvar rayon təşkilatının sədri K.Mirzəyev məruzə ilə çıxış edərək Xocalı soyqrımı bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu qeyd edib: “Bu faciə hər bir azərbaycanlının qəlbində dərin izlər buraxıb. Dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasında hər bir YAP üzvünün üzərinə mühüm vəzifələr düşür”.  

 Sonra YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri K.Qurbanlı  bu qanlı tarixin dünyada baş vermiş ən böyük faciə olduğunu qeyd edib. YAP fəalları İ.Seyfullayev, X.Abıyeva və başqaları çıxış edərək Xocalı faciəsinin  təkcə Azərbaycan xalqına qarşı  deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu qeyd etdilər. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Çıxış edənlər əminliklə qeyd etdilər ki, tez bir zamanda PrezidentAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün torpaqlarımız erməni faşistlərindən təmizlənəcəkdir.

 

Lənkəran

 

Dünən Lənkəran Dövlət Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalı XX əsrin ən böyük faciəsidir” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışmış, günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

A.İsgəndərov erməni milliyyətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq, bildirdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəriyyətin faciəsidir.

Universitetin müəllimi, tarix elmləri namizədi Fəxrəddin Hüseyn “Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda məruzə edərək, Xocalı soyqırımını bəşəriyyətə, insanlığa qarşı cinayət adlandırdı.

Universitetin Valideynlər şurasının sədri Sərhad Məmmədov, pedaqogika-psixologiyafiziki tərbiyə kafedrasının dosenti Afiq Əliyev, tarix elmləri namizədi, dosent Rakif İbadov, Lənkəran Türk Liseyinin direktor müavini, Ömər Faruq, tələbələrdən Aytəkin Məmmədli, Aydan Əzimova və başqaları çıxış edərək, hadisələrə münasibətini bildirməklə yanaşı, həm də qeyd etdilər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Tədbir iştirakçılarına bildirildi ki, universitetin bütün kollektivi “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” hərəkatına qoşulmuşdur. Həmçinin, deyildi ki, universitetin veb-saytında “Azərbaycan həqiqətləri” adlı səhifə açılmışdır. Eyni zamanda, universitetdə soyqırımı qurbanlarının xatirəsini əks etdirən kitab və rəsm sərgisi açılmışdır.

 

Kürdəmir

 

Dünən Kürdəmir rayonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirlər keçirilmişdir. Tədbirdən öncə Kürdəmir rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov rayonda müvəqqəti məskunlaşmış bir qrup Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə bir daha maraqlanmış, onlara maddi yardım göstərilmişdir. Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, onların məzarları üzərinə tər çiçəklər düzmüş, mədəniyyət evinin foyesində təşkil edilmiş Xocalı soyqırımına aid rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Mədəniyyət evində təşkil olunmuş Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş videofilmə tamaşa etdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı F.Məlikov Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddar cinayətlərindən olduğunu, 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsindən olduğunu qeyd etmişdir. Natiq öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan 366 alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə 5 istiqamətdən hücum edildiyini, həmin gecə Xocalı şəhərinin yerlə yeksan olduğunu, əliyalın dinc mülki əhalinin kütləvi qətliama məruz qaldığını, uşaqların, qadınların, qocaların, xəstələrin ağlasığmaz vəhşiliklə qətlə yetirildiyini qeyd etmişdir: “Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən, Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma erməni soyqırımını qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyası barədə məlumat verərək, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu  ardıcıl tədbirlər xüsusi əhəmiyyət daşıyan amillərdəndir. Hər birimiz əminik ki, yaxın zamanlarda Cənab Prezidentin apardığı uğurlu xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə geri alınacaqdır”. 

Tədbirdə şəhər 6 saylı məktəbin şagirdləri tərəfindən hazırlanmış “Xocalı yolumuzu gözləyir” mövzusunda səhnələşdirilmiş əbədi musiqili kompozisiya nümayiş etdirilib. Sonra tədbir iştirakçıları təkidlə Xocalı soyqırımına hüquqi- siyasi qiymət verilməsini, qanlı cinayətləri törədənlərə layiqli cəza verilməsini bir daha beynəlxalq təşkilatlardan tələb ediblər..

Tədbirin sonunda rayon icra hakimiyyətinin dəstəyi ilə işıq üzü görmüş Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində hadisənin mahiyyətini özündə əks etdirən müəllifi Kürdəmir rayon mədəniyyət və turizm idarəsinin müdiri V.Alıyev olan “Xocalı göyərçinləri” kitabı oxuculara təqdim edildi.

 

Səbail

 

Dünən Hilton-Baku otelinin konfrans salonunda Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanin Maqdeburq şəhərindən gəlmiş nüfuzlu ictimai xadim, Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşun  Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar alman dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbir başlamazdan öncə iştirakçılar və qonaqlar otelin foyesində təşkil edilmiş və Xocalı soyqırımına həsr olunmuş foto stendlərə baxmış, kitab ilə tanış olmuşlar. Sonra soyqırıma həsr edilmiş film nümayiş olunmuşdur.

Təqdimat mərasimini giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarından Xocalı soyqırımında şəhid olmuş soydaşlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla anılmasını xahiş etmişdir. A.Əsgərov vurğulamışdır ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər respublikanın bütün rayonlarında olduğu kimi, Səbail rayonunda da geniş şəkildə keçirilməkdədir. Belə ki, icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun bütün idarə və təşkilatlarında, ortaali məktəblərində faciə ilə bağlı toplantılar, dəyirmi masalar, sərgilər, eləcə də müxtəlif tədbirlər keçirilir: “Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətininə çatdırılması üçün görülməsi bir çox vacib işlər var və Səbail rayon icra hakimiyyəti də bu işləri hər zaman əhəmiyyətli şəkildə həyata keçirir: “Bu işlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi hüquqi qiymət verilmişdir. Məhz həmin mühüm işlərin nəticəsidir ki, hər il soyqırımın ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanları yad edilir, dünya ictimaiyyətinə ermənilərin vəhşilikləri göstərilir”.

A.Əsgərov faciənin 20-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 17 yanvar 2012-ci il tarixli Sərəncamını da tədbir iştirakçılarına xatırladaraq, bildirmişdir ki, həmin Sərəncama əsasən faciənin ildönümünün ölkə miqyasında geniş şəkildə qeyd olunması ilə bağlı müvafiq tapşırıqlar verilib: “Keçirilən bu təqdimat mərasimi ölkə başçısının Sərəncamına uyğun olaraq Səbail rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına əsasən keçirilir. Tanınmış Almaniyalı ictimai xadim, Maqdebuirq Bazar İqtisadiyyatı İnstitunun rəhbəri Rolf Kunş Almaniyanın Zaxsen-Anhalt əyalətində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə yaxından əməkdaşlıq edir, cəmiyyətin tədbirlərində fəal iştirak edir. Məhz bu kitab da cəmiyyətin dəstəyi ilə ilk dəfə olaraq alman dilində nəşr edilmişdir. Bu gün Rolf Kunş, Zaxsen-Anhalt əyaləti Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev və peşəkar boks üzrə İBO İnterkontinental çempionu Azad Əzizov da burada iştirak edirlər”. Daha sonra çıxış edənlər - Azərbaycan Yazıçılar İttifaqının katibi, xalq yazıçısı Çingiz Abdullayev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Milli Məclisin Azərbaycan - Almaniya dostluq qrupunun sədri, milllət vəkili İlham Əliyev çıxış edərək kitab barəsində öz təəssüratlarını bildirmiş, kitabın Xocalı soyqırımının dünya miqyasında tanınması, erməni vəhşiliklərinin dünya xalqlarına çatdırılması işində böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, müəllifə öz minnətdarlıqlarını bildirmişlər.

Sonda söz müəllif Rolf Kunşa verildi. R.Kunş öz növbəsində bildirdi ki, Azərbaycanda olmasından çox şaddır bu ölkənin inkişaf etməsi onu çox sevindirir: “Sevinirəm ki, Azərbaycan günü-gündən gözəlləşir, inkişaf edir. Təbii ki, burada Heydər Əliyevin zamanında yürütdüyü uğurlu siyasətini hazırda bu siyasəti davam etdirən cənab İlham Əliyevin fəaliyyətini xüsusilə qeyd etmək vacibdir. Demək istərdim ki, Xocalı soyqırımı elə bir dəhşətli hadisədir ki, onu ildə bir dəfə deyil, hər gün xatırlamaq lazımdır. Mən bu kitabı yazarkən, həmin dəhşətli hadisələrə bir alman gözü ilə baxmışam. Bu gün həmin kitab Almaniyada tədris müəssisələrində digər yerlərdə insanlara təqdim edilir. Bu o deməkdir ki, Xocalı soyqırımı heç vaxt unudulmamalıdır. Ümid edirəm ki, kitab digər dillərə tərcümə edilərək, beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.

 

 

R.RƏSULOV

 

Səs.- 2012.- 24 fevral.- S.11.