Azərbaycançılıq
və milli şüur
Hər bir xalqın
milli varlığının əsas
atributlarından biri milli şüurdur. Azərbaycan xalqının
milli şüuru və azərbaycançılıq
ideyası vəhdət təşkil edərək, onun
mövcudluğunu və inkişafını şərtləndirən
amillərdən birini təşkil edir. Azərbaycan milli
şüuru ümumtürklüyü, Şərq islam və milli özünəməxsusluğu,
ümumbəşəriliyi, müasirliyi, azərbaycançılığı
ilə fərqlənir. Alimlər arasında
milli şüuru daha geniş anlayış kimi təqdim edənlərə,
milli şüurun milli-mənəvi dəyərlər silsiləsinə
daxil edənlərə də təsadüf olunur.
AMEA-nın müxbir
üzvü Səlahəddin Xəlilov çox düzgün
olaraq milli dövlətçiliyin milli şüurun
qorunmasını da təmin edən əsas amil olduğunu
göstərməklə, dövlətçilik
ideologiyasının azərbaycançılıq milli
ideologiyasının milli şüur, milli fəlsəfi fikir təməli
üzərində foromalaşdığını və milli
şüur inkişafında əvəzsiz xidməti olmuş
Ulu Öndər Heydər Əliyev milli şüurun və
milli ideologiyanın eyni məqamda - gələcəyi
formalaşdırmaq kimi tarixi bir məqamda birləşdiyini dəfələrlə
qeyd etmişdir. Ulu Öndər azərbaycançılıq
ideologiyasını formalaşdırarkən, milli
şüurun qorunmasına və dövlət siyasətində
ehtiva olunmasında xüsusi önəm verirdi: “Hər
xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi
dəyərlərimizlə, adət-ənənələrimizlə
fəxr edirik”.
Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonra azərbaycançılıq
aparıcı ideya kimi həm Azərbaycanda, həm də
bütün dünyada yaşayan azərbaycanlılar
üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında
birləşməliyik. Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onun ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir. Arzu edərdim ki, hər bir
ölkədə Azərbaycan icmasında azərbaycanlılar
həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə
yardım etsinlər, bir-birinin dərdinə yansınlar və
bizim milli adət və ənənələrimizi, milli dəyərlərimizi
birlikdə gözləsinlər.
Professor Qoşqar Əliyevin Ulu Öndərin azərbaycançılığa
və milli şüura bağlılığı ilə əlaqədar
fikirləri diqqəti cəlb edir: “Heydər Əliyev intellekti
xalq düşüncəsinin, milli təfəkkürümüzün
qaynaqlarından bəhrələnən, daha mürəkkəb,
dinamik reallıqlarımızın mənimsənilməsini və
dərkinin qüdrətli fenomeni, dərin fəlsəfi
düşüncələrin nəticəsi, siyasətçi
şəxsiyyətinin özünütəsdiqinin vacib vasitəsidir.
Heydər Əliyev təfəkkürü ətrafda
baş verən ən mürəkkəb və ən ziddiyyətli
sosial-siyasi hadisələrin mahiyyətinə nüfuz etmək,
bunlara vaxtında və çevik reaksiya vermək qabiliyyətinin
bariz nümunəsidir”.
Politoloqlar milli ideologiyanın milli
şüurla bağlı cəhətlərinə xüsusi
önəm verirlər.
Professor Məcid Əfəndiyev “Siyasi elmin əsasları”
kitabında yazır: “Müasir dünyada təzahür edən
və böyük rol oynayan ideoloji cərəyanlardan biri də
milli ideologiyadır. Onun inkişafı tarixən
orta əsr strukturlarının dağılması və yeni
ictimai-iqtisadi quruluşun təşəkkülü ilə əlaqədardır.
Bu mənada, millət ideyası yeni
dövrün demokratiyasının hüquqi və ideoloji-əxlaqi
cəhətdən əsaslandırılmasıdır. Milli birliklərin təşəkkülü
prosesinin təzahür etdiyi ölkələrdə mono və
ya yarımetnik əsasda dövlətin möhkəmləndirilməsi
həyata keçirilir. Praktika təsdiqləyir
ki, həmin prosesdə milli ideologiya ciddi siyasi rol oynayır”.
Milli ideologiyalar hər bir ölkənin,
xalqın inkişafının müəyyən mərhələsi
üçün - milli birliyin yarandığı, milli
psixologiyanın, milli şüurun və özünüdərkin
formalaşdığı, monoetnik və ya polietnik əsasda
dövlətçiliyin yarandığı mərhələ
üçün önəmli ideologiyadır. Təsadüfi deyil ki,
müstəmləkəçilikdən azad olmuş və ya
imperiyanın dağılması nəticəsində müstəqilliyini
qazanmış xalqların (keçmiş SSRİ ərazisindəki
bir çox xalqların, Yuqoslaviya Federasiyasında yaşayan
xalqların) milli özünütəsdiqi və milli
özünüreallaşdırması üçün milli
ideologiyaların rolu sıçrayışla artdı.
Bu prosesdə dini-konfessional amilin də rolu var (“xristian
qardaşlığı”), “islam qardaşlığı”,
Hindistanda siqhizm və s. Hazırkı şəraitdə
postsovet məkanında - Yuqoslaviyada, Rusiyada, keçmiş
SSRİ-nin əksər respublikalarında milli ideologiya cəmiyyətin
siyasi həyatında müəyyənedici rol oynayır. Bütövlükdə, ideologiyanın milli tipi vətəndaşların
siyasi tələblərini ifadə edir, onların sosial
statusunu milli mənsubiyyətlə yüksəltməyə
istiqamətlənir.
Millətçilik ideologiyası - millətin,
xalqın özünü vahid tam kimi dərk etməsi, hər
bir fərddə onun etnosa mənsubiyyəti hissinin meydana gəlməsi
və güclənməsini şərtləndirir. Millətçilik
ideologiyası rasional-pozitiv çalardan tutmuş mürtəce-şovinist
çalarlaradək çox mürəkkəb və
qeyri-yekcins təbiəti ilə fərqlənir. Milli mənafeləri obyektiv şəkildə əks
etdirən mütərəqqi xarakterli milli ideologiyalar etnik
birliyin sosial-siyasi və mənəvi yüksəlişini
güclü ifadə edən, şovnist-mürtəce,
separatçı məqsədlər güdən millətçilik
ideologiyaları isə əksinə, xalqlar arasında nifaq
salaraq ictimai-siyasi sabitliyin, sülh və əmin-amanlığın
dayaqlarını laxladır, sosial tərəqqinin
qarşısında əngələ çevrilir. Q.Əliyev
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq
və milli şüurun formalaşmasındakı roluna
toxunaraq yazır: “Heydər Əliyev tarixə müraciət
edərək, milli mədəniyyətin müxtəlif
dövrlərdə yaranmış güclü laylarına
toxunaraq, millətin mənəvi sağlamlığı
üçün məhsuldar axtarışlar apararaq Azərbaycan
xalqının tarixində əzəmətli ruhu axtarır. O,
məhz milli “Mən”, milli şüur və milli ruh kimi
fundamental dəyərləri xüsusi fərqləndirərək,
tarixən formalaşmış, lakin bu gün tədqiq edilməmiş
vəhdətdə olan üç ünsürlü sistem kimi
nəzərdən keçirir.
Milli və tarixi həyatın bu və ya
digər problemini nəzərdən keçirərək, Heydər
Əliyev nəsə qapalı sərt sistem yaratmağa cəhd
göstərmir. O, dərindən
düşünüb-daşınır, ifadə edəcəyi
formulaları axtarır, aşılayır, əvvəlki
fikirlərini tamamlayır və zənginləşdirir. Milli ləyaqət
probleminin çoxcəhətliliyini və bu fenomenin tarix və
milli mədəniyyətlə çoxsaylı əlaqələrini
nəzərə alan Prezident Heydər Əliyev
diqqəti digər subyektiv amillər üzərində də
cəmləşdirir. Bu, Onun milli ləyaqət,
milli “Mən” kontekstində nəzərdən keçirdiyi vətənpərvərlik
hissi, milli qürur hissi fenomenidir.
Keçmiş - bizim əvəzsiz sərvətimiz,
həm də bununla yanaşı, tarixin sərvəti,
yaddaşıdır. Öz tariximizi nə qədər sevsək də, ona
ən doğma münasibət göstərsək də, biz həmişə
və daim arxaya baxmaqla heç zaman irəli gedə bilmərik.
Millət üçün, eləcə də,
şəxsiyyətdən ötrü özünütəsdiq
və özünürealizə etmək şansı bu gün
və gələcəkdədir, keçmişdə artıq
bu, mümkün deyil, necə deyərlər, olan olub, keçən
keçib. Buna görə də sivilizasiyalı
özünütəsdiq yollarında sivilizasiyalı dünya
tərəfindən milləti yalnız bu gün, sabah daim tanımaq mümkündür. Müəllif
milli və ümumbəşəri dəyərləri vəhdətdə
götürən Ulu Öndərin fəaliyyətini yüksək
dəyərləndirir: “Görkəmli dövlət xadimi və
nadir şəxsiyyət olan Heydər Əliyevə ana təbiət
hər bir konkret halda nəyə - milli, yoxsa bəşəri
dəyərlərə üstünlük vermək
üçün qibtəediləcək elmi intuisiya və
siyasi həssaslıq bəxş etmişdir. Suverenliyini qurub və
möhkəmlədən, tarixi yaddaşını və tarixi
şüurunu bərpa edən, keçmiş dövrlərin
mənəvi simasını canlandıran, öz milli
ideyasının mənşəyini axtaran, çox zəngin mədəniyyəti
və böyük ənənələri olan Azərbaycan
xalqı üçün milli dəyərlərin
üstünlüyü tarixi prosesin məntiqi ilə diktə
edilir. Və Heydər Əliyev bunu başqalarından çox
yaxşı başa düşür, incəliklə hiss edir”.
Azərbaycan xalqının qəlbinə hakim olan milli
şüur və azərbaycançılıq ideyası mərhələlilik,
milli qürur, milli ləyaqət, etnik və milli mənsubiyyət,
milli vətənpərvərlik və tarixi ədalət hissilə
vəhdət təşkil edərək, onu dünya
xalqları içərisində fərqləndirmişdir. Ulu
Öndər öz fəaliyyəti dövründə milli və
ümumbəşəri dəyərləri düzgün əlaqələndirərək
tərbiyəvi, ideya yönümdə inkişafı təmin
etdi, milli şüur və azərbaycançılıq
ideyasını mədəni-tarixi milli özünüdərk,
Azərbaycanın siyasi-iqtisadi, mənəvi-mədəni
uğurlarla qovuşduraraq, bu sahədə yeniliklərə
imza atdı. Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dahi
şəxsiyyətin yolu ilə gedərək, milli
şüur və azərbaycançılıq
ideyasının inkişafına öz töhfələrini
verir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 25 fevral.- S.14.