“Xocalı
XX əsrin soyqırımı”
1992-ci il fevral ayının 25-dən
26-na keçən gecə baş verən
Xocalı soyqırımı tariximizin
qanlı səhifəsi olaraq qan yaddaşımızda iz
buraxan səhifəyə çevrilib.
Dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı Xocalı
soyqırımının dəhşətlərini anır, bu hadisəni dinindən, irqindən
asılı olmayaraq, ətrafdakı insanlara çatdırmağa
çalışır. Bununla
bağlı aparılan araşdırmalar, tarixə söykənən
faktlar və digər amillər nəşrlərin,
kinofilmlərin ərsəyə gəlməsinə səbəb
olmuşdur. Hər yazılan nümunədə
Xocalı sakinlərinin başına gətirilən oyunlar, bir gecənin
içərisində məhv olan şəhərin
acı taleyi, müdhiş
gecənin od saçan
alovu və s. diqqətə
çəkilir. Bu günlərdə çapdan çıxan “Xocalı XX əsrin
soyqırımı” adlı kitabı da məhz
bu nəşrlərin davamıdır. Kitab Azərbaycan Respublikası Prezident
Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin və “AzərTac”ın birgə layihəsi
əsasında hazırlanıb. Layihənin rəhbərləri
Prezident Administrasiyasının şöbə
müdiri, professor Əli
Həsənov və “AzərTac”ın baş
direktoru Aslan Aslanovdur. 6 dildə - Azərbaycan, rus, ingilis, alman,
fransız və ərəb dillərində nəşr olunan kitabda Xocalı
soyqırımı günü baş verən hadisələr arxiv
materialları əsasında diqqətə
çatdırılır. Burada yer almış fotoşəkillər artıq
hadisənin hansı formada törədilməsini
sözə ehtiyac olmadan
belə diqqətə çəkir. Milli Təhlükəsizlik,
Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun, Hərbi
Prokurorluğun, Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Əsir və itkin
düşmüş, girov
götürülmüş Vətəndaşlarla
Əlaqədar Dövlət Komissiyasının, Milli Arxiv İdarəsinin,
Xocalı, Şuşa, Xocavənd
rayonları icra hakimiyyəti və “AzərTac”ın
arxivlərindən götürülmüş
sənədlər əsrin faciəsinin fotoşəkillərin
gözü ilə təqdiminə imkan verir. Miqyasına və
dəhşətinə görə Xocalı
soyqırımı təkcə Azərbaycan xalqının deyil, insanlıq əleyhinə, bəşəriyyətə
qarşı törədilmiş bir
soyqırım, olaraq diqqətə
çatdırılır. Bu soyqırımı aktı geniş
şəkildə Azərbaycan dövləti, Heydər Əliyev
Fondu və digər qeyri-hökumət təşkilatları,
diaspor qurumları tərəfindən dünya ictimaiyyətinə daha
geniş coğrafiyada
çatdırılması və onun
soyqırımı aktı kimi
tanıdılması istiqamətində mühüm
işlərin görülür.
Kitabda Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Milli Məclisin Xocalı
soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi
iclasında 26 fevralın “Xocalının soyqırımı” kimi qeyd olunması barədə
qərar qəbul olunduğu göstərilir.
Həmin zamandan etibarən, respublika səviyyəsində kütləvi
şəkildə Xocalı soyqırımı qeyd
edilir.
Kitabda Xocalı
hadisəsinin baş verməsi və ondan bir gün
əvvəl Xocalıda olan ictimai-siyasi vəziyyətlə bağlı
müəyyən məqamlara da nəzər
salınır. “Soyqırımın statistikası”nda həmin gün dünyasını dəyişən, yaralanan, girov
götürülən insanların siyahısı verilib. Bu faktlar,
rəqəmlər erməni cəlladlarının hansı
hisslərə malik olduğunu
və Xocalıda hansı siyasəti həyata keçirdiklərinin
məntiqi olaraq hər şeydən xəbər
vermiş olur.
Dağlıq Qarabağın yeganə hava
limanı olan Xocalıda tarixən azərbaycanlılar
məskunlaşmışdılar. “Faciənin xronikası”nda
Xocalıya sonuncu vertolyotun
1992-ci il yanvarın 28-də gəldiyi qeyd olunur: “Şuşa
şəhərinin səmasındakı mülki
vertolyotun vurulması və nəticədə
40 nəfərin həlakından sonra isə
bu əlaqə də kəsilmişdi. Yanvarın 2-də şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq
əhalinin qəhrəmanlığı və müdafiəsinin
cəsurluğu sayəsində yaşayır və müdafiə
olunurdu. Şəhərin mühafizəsi,
əsasən, atıcı silahlarla
silahlanmış yerli
özünümüdafiə dəstəsi, milis,
və milli ordunun
döyüşçülərindən təşkil olunmuşdur. Fevralın ikinci
yarısından başlayaraq, Xocalı erməni
silahlı dəstələrinin mühasirəsinə
alınmışdır və hər gün
toplardan, ağır texnikadan
atəşlərə, erməni dəstələrinin həmlələrinə
məruz qalırdı”. Belə bir şəraitdə
yaşayan Xocalı sakinlərinə
fevralın 25-də axşam bütün istiqamətlərdən hücum edilmişdir. Bu vəhşiliklər dünya
mətbuatının diqqətindən
yayınmamışdır. “Xocalı XX əsrin
soyqırımı” kitabında qeyd olunur ki, dünyanın
tanınmış mətbu orqanları “Sandi
Tayms”, “İzvestiya Tayms”, “Le Mond”
və digər xarici mətbuat bu faciəyə biganə qala
bilməmişdir. Həmin illərdə mətbu orqanlarda dünyada analoqu olmayan hadisə ilə
bağlı materiallar dərc olunmuşdur.
“Xocalı XX əsrin
soyqırımı” kitabının sonunda
soyqırımı aktı zamanı qətlə yetirilmiş insanların siyahısı verilmişdir. Bu kitab maraqlı sənədlər və faktlar əsasında tərtib olunmuş
nümunədir. Dünya ictimaiyyətinə
təqdim ediləcək nəşr Xocalı sakinlərinin
başına gətirilən hadisələrin, onların vəhşicəsinə
qətlə yetirilməsini sübut edən
faktların təqdimi baxımından əhəmiyyətli
nümunədir. Yaşından asılı olmayaraq
qoca, cavan, uşaq, qız, gəlin hadisənin
qurbanına çevrilmişdilər. Bu
şəkillərdə soyuq bir qış günündə el-obasından
vətən harayı qoparıb, düşmənə nifrətlə
çıxan insanların hansı formada
meşələrə, düzlərə üz
tutması özünü göstərir.
Bir güllə yarası ilə deyil, onlarla güllə
yarası ilə məhv edilmiş
zavallı insanların taleyi damarlarında
qan axan kəslərə
təsirsiz qala bilməz. Yüksək
tərtibatla hazırlanmış və dünya
dillərinə tərcümü edilmiş
kitab bəşəriyyətə
soyqırımı günü od-alov içində yanan
Xocalı şəhərinin taleyi ilə
bağlı həqiqətlərin
çatdırılmasında bir ötürücü missiyanı yerinə
yetirəcək. Xocalı soyqırımı heç zaman unudulacaq bir hadisə deyildir. Kitabda göstərildiyi kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin
2012-ci ilin yanvarın 17-də
“Xocalının soyqırımının 20-ci ildönümü
haqqında” Sərəncamı əsasında ölkəmizin
hər bir məkanında Xocalı
soyqırımı anılır və onunla
bağlı silsilə tədbirlər təşkil
olunmaqdadır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2012.- 25 fevral.- S.13.