XOCALI
SOYQIRIMINI TANIDAQ”
“Səs” qəzeti ölkəmizin
həyatında mühüm əhəmiyyət
kəsb edən, günün aktual və prioritet
mövzuları ətrafında silsilə dəyirmi masalar təşkil edir.
Dünən təşkil olunan dəyirmi
masanın mövzusu Azərbaycan
xalqının ən böyük faciələrindən
biri olan Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü,
YAP Səbail rayon təşkilatının
sədri Zahid Qaralov, Milli Məclisin deputatı Musa
Quliyev, Milli Məclisin
deputatı Sahibə Qafarova, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, politoloq Cümşüd Nuriyev,
Beynəlxalq Diaspor Mərkəzinin əməkdaşı
Samir Adıgözəlov, YAP Gənclər
Birliyinin sədr müavini
Samirə Quliyeva, YAP Gənclər Birliyinin sədr müavini
Aytac Əliyeva, YAP Gənclər Birliyinin İdarə Heyətini üzvləri Bəxtiyar Nəbiyev, Mehman
İsmayılov, YAP Sabunçu rayon gənclər birliyinin
üzvü Rəşad Abbasəliyev, YAP
Suraxanı rayon gənclər birliyinin sədri Zəkiyyə Musayeva
və başqa tanınmış
ziyalılar, ictimaiyyət nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri,
Xocalı soyqırımının şahidləri iştirak edirdilər.
Dəyirmi masada giriş sözü ilə çıxış edən
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, bugünkü tədbir
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyi və “Səs” qəzetinin birgə
təşkilatçılığı ilə Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunub. Tədbiri keçirməkdə
məqsəd Xocalı soyqırımını xatırlayıb,
bunun acı nəticələrini gələcək
nəsillərə ötürməkdir. Beynəlxalq
ictimaiyyətə, dünya xalqlarına
Xocalı soyqırımını və həmin gün baş verən
hadisələri çatdırmağın hər birimizin borcu olduğunu vurğulayan B.Quliyev tədbirdə “Səs” qəzeti tərəfindən
hazırlamış filmin nümayiş
etdiriləcəyini bildirdi. Filmin dünyanın bir çox dillərinə tərcümə
olunacağını diqqətə çatdırdı. O,
vurğuladı ki, bu film Xocalı soyqırımını tam şəkildə əks etdirməsə də,
bizi orada baş verən müəyyən məqamlarla
tanış edir: “Bu dəhşətli faciəyə diqqət
etdikdən sonra insanın qəlbində intiqam hissi oyanır.
1992-ci il fevralın 25-dən 26-sına
keçən gecə ermənilər tərəfindən
Xocalıda insanlığa və bəşəriyyətə
qarşı soyqırımı həyata keçirilib.
Erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı
alayının ağır hərbi texnikasının dəstəyilə
Xocalıya hücuma keçib.
Beləliklə, erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
xüsusi qəddarlıqla divan
tutub. XX əsrin genosidlər və
soyqırımlar siyahısına Xocalı soyqırımı
da daxil oldu”.
Baş redaktor bu gün
Ermənistanda hakimiyyətdə olan əli
qana batmış cəlladların və bu cinayətdə günahı olan
şəxslərin qanun
qarşısında cavab verəcəklərini
dilə gətirdi. Sonra filmin
təqdimatı keçirildi. Film sona yetdikdən sonra tədbir iştirakçıları tərəfindən
Xocalı soyqırımında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu.
Sonra baş redaktor o dövrün qanlı
olayları və Xocalı soyqırımı ilə
bağlı dəyirmi masa
iştirakçıları arasında müzakirələr aparılmasının vacibliyini vurğuladı.
Vahid Əliyev:
- Ümummilli Lider Heydər Əliyev
el-obasından qaçqın düşmüş,
köçkün olan
insanlara hər zaman
qayğı ilə yanaşırdı. Onların güzəranının,
rifahının yaxşılaşdırılması istiqamətində
əhəmiyyətli addımlar atdı. Bununla
yanaşı, tarixi hadisələrin
üzə çıxarılması önəmli məsələlərdən
biri olduğundan Heydər
Əliyev bir sıra Sərəncam və
Fərmanlar imzaladı.
Bu gün Azərbaycan vətəndaşı
yaşadığı tarixdən ibrət dərsi alır və
geniş bir şəkildə
təbliğat işləri aparılır. Bu,
hadisə zamanı qətlə yetirilənlərin
sayıdır. Amma bu
hadisəni yaşayıb və bunun zərbəsindən
dünyasını dəyişən yüzlərlə vətəndaşlarımız
da var.
Xocalı
soyqırımının dünya ictimaiyyətinə
çatdırılması məsələsi ilə
bağlı müxtəlif illərdə dünyanın bir sıra ölkələrində
keçirilən tədbirlərdə mən iştirak
etmişəm. Bu günlərdə bu soyqırımı ilə bağlı tədbirdə
iştirak etmək üçün
Çexiyaya səfər edəcəyəm.
Həmin ölkədə Liditsa adlı bir şəhər var. Bir dəfə bu şəhərdə
artıq olmuşam. Şəhərin taleyi
Xocalıya bənzəyir. Amma etiraf edim ki,
tədbirə gələn həmin şəhərin sakinləri,
yalnız tədbir xatirinə buraya üz tutmuşdular. Bunu onların simalarından hiss
etmək mümkün idi.
Amma bizim
çıxışımız, apardığımız
fotoşəkillər və faktlar əsasında
söylədiyimiz ifadələr şəhər sakinlərinin
göz yaşlarına səbəb oldu. Xocalı soyqırımının nəticələrinə
tab gətirə bilmədilər. Onlar “əsil müsibəti siz
yaşamısınız”, - deyərək salonu
tərk edirdilər. Liditsa şəhərinin
başına gələn faciə qətliam olub.
Belə ki, əhalinin yalnız güllə
yağışına tutublar. Azərbaycanlıların
başına gələn faciə isə misli
görünməmiş bir
soyqırımı aktıdır. Biz 2011-ci ildə Liditsa ilə əməkdaşlıq
haqqında memorandum imzalamışıq. İndi isə bu şəhərə
getməkdə məqsədim buna oxşar - belə hadisələr yaşayan şəhərlər haqqında məlumat
toplayıb, əməkdaşlığın qurulmasına nail olmaqdır. Liditsa, eləcə də,
digər şəhərlərin küçələrinə
Xocalı lövhələri assaq və
Xocalı abidəsini ucaltsaq, hər gün bu məkanları
ziyarət edən insanlar Azərbaycanın
Xocalı şəhərində baş
verən hadisənin təfərrüatından məlumat ala bilərlər. Bütün bu
və digər addımları atmaqda məqsəd
yalnız və yalnız dünya ictimaiyyətinə
Azərbaycan soyqırımının dəhşətlərini
və erməni işğalçılarının dinc əhalinin başına gətirdikləri
hadisələri təqdim etməkdir.
Sahibə
Qafarova:
- Bu gün Xocalı soyqırımı haqqında
həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq üçün hər birimiz səy göstərməliyik. Gənclərimiz
bu işdə daha fəal
olmalıdırlar. Hazırkı dövrün
informasiya-kommunikasiya texnologiyaları əsri
olduğunu nəzərə alıb, bütün imkanlardan
istifadə edərək, təbliğatımızı yüksək
səviyyədə qura bilərik. Azərbaycan
Parlamentinin nümayəndələri olaraq, bizlər bu istiqamətdə
hələ bundan sonra
da çox işlər
görməliyik. Onu da qeyd edim ki, il
boyu həm Xocalı soyqırımı, həm
də Dağlıq Qarabağ
münaqişəsinin ədalətli formada
həlli ilə bağlı beynəlxalq təşkilatlarla,
dünyanın nüfuzlu dövlətləri
ilə əhəmiyyətli işlər aparılır.
Məhz bunun nəticəsi olaraq dünyada nüfuzlu beynəlxalq təşkilatlara
Xocalı faciəsi, Xocalı soyqırımı,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı münasibət bildirilib.
Eyni zamanda, Azərbaycanın
Ermənistan tərəfindən işğal
edilmiş 20 faiz ərazilərinin
işğal edilməsini və
işğalçılıq siyasətinin pislənilməsi
ilə bağlı qərarlar və qətnamələr də
çıxarılır. BMT-də qəbul edilmiş
qətnamə, ATƏT Parlament
Assambleyasının çıxarmış olduğu
qərar və s. görülən işlərin
məntiqidir. Bütün bunlar,
təbii ki, dövlətimizin rəhbərinin
möhtərəm cənab Prezident İlham Əliyevin
apardığı siyasətin nəticəsi kimi
parlamentdə də bu istiqamətdə zəruri
işlər görülür. Amma bu istiqamətdə
bizlər hələ də öz üzərimizə
düşən vəzifələri daha da artırmalı, səylərimizi daha da gücləndirməliyik.
Zahid Qaralov:
- Mən deyərdim ki, əsas olaraq Azərbaycanda
baş verən soyqırımı Ümummilli Lider Heydər Əliyevin
Moskvada işdən azad
olunması günündən başlanılıb. Həmin illərdə
mən təhsil nazirinin müavini
vəzifəsində işləyirdim. Bütün
proseslərdən xəbərdar idim.
Bu gün biz
qarşımıza bir nömrəli məqsəd
olaraq faciənin dünya
ictimaiyyətinə çatdırılmasını
qoymamalıyıq. Bu, bir o qədər
də böyük bir problem deyil. Əsas problem başqadır. Soyqırımı məsələsinin
bir neçə tərəfi var. Tarixi tərəfi var ki, bununla tarixçilərimiz
məşğul olmalıdır,
ikinci tərəfdən,
bunun siyasi tərəfi var. Ümummilli
Liderimiz Heydər Əliyev buna siyasi qiymət verdi. Üçüncü tərəfi isə hüquqi məsələdir.
Bütün bunlarla yanaşı,
mənəvi tərəfini
də qeyd etməliyik. Bütün
bu sadaladığım
amillərin hər biri üzərində ciddi iş aparılmalıdır.
Əsas olaraq cinayətin törədilməsinin səbəbkarının
kimliyini hallandırmalıyıq.
Bu sırada Mixail
Qorbaçov başda olmaqla, Qorbaçov fondu, ikincisi, Qarabağda olan sovet rus ordusunun
rəhbəri, üçüncüsü,
Ermənistanda olan son iki prezidentin adları var. Aqabekyanın
da adı qeyd edilməlidir. Nəhayət, onu da bildirim ki, 4 ay müddətində mühasirədə
olan Xocalıya Azərbaycanın birinci şəxsləri reaksiya vermədilər. Bu və ya digər
faktların hüquqşünaslar
tərəfindən açılıb
ortaya qoyulması mütləqdir. Bu işdə əli olan hər bir
şəxs cəzalandırılmalıdır.
Baltikyanı ölkələrdə hücum zamanı cəmi 9 nəfər öldürülmüşdü. Onlar bu saat özləri
Mixail Qorbaçovu mühakimə edirlər.
Biz də, ilk olaraq, adlarını sadaladığımız insanları
çağırıb, mühakimə
etməliyik. Əgər sıradan
çıxanlar varsa,
ölümündən sonra
onlara cəza hökmü verilməlidir.
İkinci Dünya müharibəsi başlayandan
bu günə kimi, aradan 70 il keçməsinə
baxmayaraq, hələ də bu araşdırmalar
davam edir. Mən təklif edirəm ki, hazır olan materiallar əsasında bu iş gündəmə
gətirilsin. Bu məhkəmə ölkəmizdə
başlamalı və
nəticələri isə
dünya ictimaiyyətinə
çatdırılmalıdır. İstərdim ki, bunun hüquqi müstəvisi bir qədər genişləndirilsin. Bəli, mən
bilirəm ki, həmin hadisələr baş verən zaman bizim ordumuz
yox idi, mütəşəkkillik olmadığı
halda, saxta ifadələr yayımlanırdı.
O dövrdə Xocalı-Laçın
hadisələri baş
verəndə dövlətin
televiziya, radio və qəzetlərində səhv
informasiyalar verilirdi. Onlar haqqında da ölçü götürülməlidir.
Səhv informasiyanın nəticəsidir
ki, bu cür
dolaşıqlıqlar yaradılır.
Bəhruz Quliyev:
- Xocalı soyqırımı
elə bir dəhşətli hadisədir
ki, bir dəyirmi
masada bunu
əhatə etmək qeyri-mümkündür. Bununla bağlı
əlimizdə kifayət
qədər faktlar, dəlillər var və sənədlər ətrafında fikirlərimizi
geniş bir şəkildə əsaslandırırıq.
Nə qədər tədbirlər
keçirilsə də,
filmlər çəkilsə
də, kitablar yazılsa da yenə də, biz Xocalı soyqırımını
təfsilatı ilə
təqdim edə bilmərik. Xocalı
soyqırımının təbliğatına
hər zaman ehtiyac var. Bir daha burada iştirak
edən hər kəsə, təşəkkür
edirik, eyni zamanda, Yeni Azərbaycan
Partiyasının Gənclər
Birliyinə minnətdarlıq
edirik ki, belə bir tədbiri
“Səs” qəzeti ilə birgə keçirməyə razılıq
verdi. Sözsüz ki, təkcə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin deyil, bütün Azərbaycan gənclərinin borcudur ki, Xocalı soyqırımını təbliğ
edib, həm Azərbaycan ictimaiyyətinə,
həm də dünya ictimaiyyətinə
çatdırsınlar.
ZÜMRÜD BAYRAMOVA,
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2012.- 25 fevral.- S.9.