İlham Əliyev - Dünya Azərbaycanlılarının
Lideri
Fevralın 26-da Azərbaycanımız,
xalqımız, millətimiz XX əsrin ən qanlı qətliamını
- Xocalı soyqırımının 20-ci
ildönümünü andı və həmin gün bir həqiqət,
bir gerçəklik və bir mövcudluq bütün dünyaya
agah oldu. Agah oldu ki, Azərbaycan xalqı sarsılmazdır,
yekdildir və həmin birliyinin önündə dönməz,
xarizmatik, xalqına xidmət edən mütərəqqi Lider
var. O Lider Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Yüz minlərlə insanı
arxasınca aparan mütərəqqi Lider
O gün bütün dünya birliyi bir daha şahid
oldu ki, Azərbaycanda xalq-lider və lider-xalq prinsipi dəyişməzdir,
əbədidir. Çünki həmin vəhdəti əldə
saxlayan, onu dönməz edən, xalqına güvənən,
eyni zamanda, xalqının güvənc yeri olan dövlət
başçısı var. O gün Azərbaycan ictimaiyyəti
siyasi mənsubiyyətindən asılı olmayaraq, yalnız
bir nöqtəyə doğru baxırdı, ona görə ki,
həmin nöqtənin baxış bucağını vahid
Lider müəyyənləşdirmişdi. Həmin
baxış bucağı bizlərdən o qədər də
uzaqda olmayan dağılmış, xaraba qalmış, bu
gün də qətlə yetirilən insanlarımızın
ah-nalələrinin, ruhlarının dolaşdığı
Xocalı şəhəri idi. Azərbaycan xalqının
Lideri Prezident İlham Əliyev Onun arxasınca axın edən
nəhəng xalq kütləsinin önündə qətiyyətlə
addımladı və hər addımında bu qanlı faciəni
törədən erməni qaniçənlərinə mesaj
yolladı. Həmin mesajın mükəmməlliyi, qətiyyətlilyli
isə ondan ibarət idi ki, bu gün işğalçı
Ermənistanın rəhbərliyi yekdil tərzdə
yürüşə çıxan xalqdan çəkindi,
qorxdu və susmağı üstün tutdu. Dünya birliyi
qarşısında növbəti dəfə öz
“günahsızlıq prezumpiyasını” qondarma məzlumluqları
ilə sübuta yetirməyə cəhd göstərmədilər.
Çünki həmin susqunluğun arxasında qəzəb
mesajı dayanmışdı. Azərbaycan xalqının Ali
Baş Komandanı İlham Əliyev Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı xalqa etdiyi müraciətində deyib: “Sizi əmin
etmək istəyirəm ki, Xocalı soyqırımını
həyata keçirənlər gec-tez ədalət məhkəməsi
qarşısında cavab verərək layiqli cəzalarını
alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”.
Bu müraciət Onun həm də doğma xalqına
olan Lider sözü idi. Həmin söz özünü məhz
26 fevral tarixində paytaxt Bakıda doğrultdu. Azərbaycan
xalqı öz Liderinin arxasınca Qarabağa, əzəli və
əbədi torpaqlarını erməni
işğalçılarından azad etməyə hazır
olduğunu bir daha nümayiş etdirdi.
Böyük Türk dünyası və
dünya birliyi Xocalını andı
Bu
qanlı-qadalı faciənin 20-ci ildönümü
yalnız Azərbaycanda deyil, qardaş Türkiyədə, eləcə də,
bütün dünya
miqyasında izdihamlı etiraz mitinqləri ilə anıldı.
Türkiyədə yüz minlərlə
insanın qatıldığı yürüş-mitinqlər,
kütləvi tədbirlər, müxtəlif istiqamətli aksiyalar bütün dünyaya səs saldı,
xocalılıların 20 il öncəki
ah-naləsini bəşəriyyət eşitdi.
Həmçinin, ayrı-ayrı ölkələrdə yaşayan nəhəng türk
toplumu da Xocalıda dinc insanlara qarşı bu bəşəri cinayəti törətmiş
erməni cinayətkarlarını lənətlədilər. Dünya ictimaiyyəti, nüfuzlu
mətbuat səhifələri, nəhəng media
qurumları həmin gün Xocalıdan
danışdı, Xocalıdan bəhs etdi.
Bu, həm də Qarabağın işğaldan azadlığı,
torpaqlarımızın suverenliyinin təhlükəsizliyinə
yönəlmiş təcavüzkar
erməni siyasətinə qarşı başlanılan qətiyyətli
ümumxalq mübarizəsinin növbəti
uğurlu fazası kimi
dəyərləndirildi.
Bu yerdə Prezident İlham Əliyevin
andiçmə mərasimindəki sözlərini
xatırlamamaq olmur: “Mən bütün dünya azərbaycanlılarının
Prezidenti olacağam”.
Bəli, bu gün Prezident İlham Əliyev
həm də bütün dünya
azərbaycanlılarının Prezidentidir,
Lideridir.
Və bu gün istər qardaş Türkiyədə, istər ABŞ-da, istər İngiltərədə,
istər Pakistanda, istər Meksikada,
istərsə də Azərbaycanda müxtəlif cəmiyyətlər,
təşkilatlar Prezident İlham
Əliyevin amalı ətrafında birləşərək,
erməni faşizminə etirazlarını bəyan etdilər. Bütün dünyanı bəşər
övladlarının “Xocalıya ədalət”,
“Hamımız Xocalılıyıq” şüarları bürüdü. Prezident İlham Əliyev beynəlxalq aləmə Azərbaycan
xalqının səsini duydurdu. Təbii ki, bütün bu önəmli hadisələrə təkan
verən böyük güc,
böyük qüdrət və tükənməz
inam mövcuddur. Və bu gün
bütün bu önəmli
işləri həyata keçirməyə,
reallaşdırmağa müvəffəq olan,
Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandan
İlham Əliyev, nəinki Azərbaycanın,
o cümlədən, bütün
Türk dünyasının haqq səsini dünyaya
çatdıra biləcək Lider kimi qəbul olunmaqdadır.
BƏHRUZ
QULİYEV
Səs.-
2012.- 29 fevral.- S.6.