Azərbaycançılığın müasir tədqiqi: milli ideologiyamız haqqında yazıçı düşüncələri

 

      Azərbaycançılıq ideologiyası haqqında Anarın "Azərbaycançılıq haqqında düşüncələr" əsəri diqqəti cəlb edir. Anar azərbaycançılığı bütün dünya azərbaycanlılarını və Azərbaycandakı xalqları birləşdirən milli ideya kimi səciyyələndirərək yazır:

      Bəs bizi - azərbaycanlıları nə birləşdirməlidir, bizim milli ideyamız nədən ibarət olmalıdı?.. Bizi birləşdirən və ayıran tarixi amilləri torpaqlarımızın bütövlüyünü və Cənuba-Şimala parçalanmasını, dinimizin təriqətlərə ayrılmasını və başqa amilləri nəzərə almaqla bizi vahid bir ideologiya çətiri, ya çadırı altında toplamaq olarmı?

      Milli ideologiyamızın yaranması haqqında ara-sıra söhbətlər qalxır və doğrusu, mən bunun tərəfdarı deyiləm. Tək ona görə yox ki, bir yazıçı kimi ideologiya sözünə müəyyən allergiyam var - ötən dövrlərin kommunist ideologiyası və onun qarşımıza qoyduğu tələblər hələ yaddaşlarımızdan silinməyib. Birki, hər hansı vahid ideologiya, zənnimcə, insanın düşüncə azadlığını buxovlayır, onun dünyagörüşünü, həyata baxışlarını müəyyən çərçivələrə salmağa, qəliblərə uyğunlaşdırmağa çalışır. Amma bu da bir həqiqətdir ki, hər kəs özü özüyçün müəyyən siyasi-ictimai, fəlsəfi-ideoloji mövqe seçir və əqidəsində sabit, inancında dəyişməzdirsə, bu seçdiyi və bəyəndiyi prinsiplərlə yaşayır. Bu cəhətdən, təbii ki, mənim də öz həyat, əxlaq, davranış prinsiplərim varömrüm boyu onlara sadiq qalmağa çalışıram. Amma indi söhbət mənim dünyagörüşümdən yox, azərbaycançılıq haqqında düşüncələrimdən gedir. Mənim Azərbaycan vətəndaşı, ziyalı və yazıçı kimi bu barədə də müəyyən fikirlərim və görüşlərim var. Təbii ki, baxışlarımı heç kəsə təlqin etmək niyyətində deyiləm. Yalnız azərbaycançılıq ideallarını necə gördüyümduyduğum barədə bir neçə söz demək istəyirəm. Azərbaycançılıq amalını beş sözlə ifadə etmək və sonra bu boş sözün mənimçün hansı anlam daşıdığını açmaq istərdim. Beş söz bunlardır: AZADLIQ,   MÜSTƏQİLLİK,  BƏRABƏRLİK, QARDAŞLIQ, DOSTLUQ.

      Bilənlər dərhal görəcək ki, bu beş kəlmənin üçü Fransa inqilabının təməl şüarlarındandır: Azadlıq, Bərabərlik və Qardaşlıq sözləri. Amma mən bu sözləri də bir qədər başqa mənada alıram.

       AZADLIQ sözünü mən ilk növbədə insan azadlığı kimi dərk edirəm. Bu mənada, insan azadlığından çox dəbdə olan insan haqları anlayışına uyğun gəlir. Amma insan haqları deyəndə, bu ifadədə bir hüquqi yöndə bu ifadədə bir hüquqi çalar var. Azadlıq isə - insanın yalnız yuridik haqları deyil, həm də düşüncə hürriyyətidir. Yəni mənim fikrimcə, azad insan yalnız öz hüquqlarını dərk etmiş insan deyil, o həm də fikir, fantaziya sərbəstliyinə yetmiş insandır. Düşüncənin, təxəyyülün, fantaziyanın hüdudsuz azadlığı olmadan nə elmdə, nə sənətdə, nə siyasətdə, nə istehsalatda, ümumən həyatın heç bir sahəsində heç bir önəmli uğur qazanmaq olmaz hər hansı bir xalqı da, ümumən bəşəriyyəti də irəli aparan işlər görməyə yalnız azad insan qadirdir. Stereotiplərin, standartların, qəliblərin əsiri olmayan sərsəbt insan.

       İNSAN AZADLIĞI -düşüncə, söz, KİV azadlığı, toplantılar, piketlər, mitinqlər keçirmək, müxtəlif təşkilatlar, qurumlar, o sıradan siyasi partiyalar yaratmaq azadlığı demokratik cəmiyyətin təməl prinsipidir. Ona görə də yuxarıda saydığım beş anlayışın birincisidir. İnsan azadlığı olmayan ölkələr də müstəqil ola bilər. Məsələn, Ənvər Xoca dövründə Albaniya, Şimali Koreya, bəzi müsəlman, Afrika, Latın Amerikası ölkələri. Amma insan azadlığı olan ölkə qeyri-müstəqil ola bilməz. Çünki azad insan öz ölkəsinin də azadlığı və müstəqilliyi uğrunda mübarizə etmək və qələbə çalmaq imkanını bulur. İngiltərədə və Fransada demokratik quruluşların, yəni insan azadlıqlarının olması bu ölkələrin müstəmləkələrində də azad fikirli insanların milli müstəqillik uğrunda mübarizə aparmasına imkan verdi. Sonucda Hindistan da, Pakistan da, Əlcəzair də, neçə-neçə ərəb və Afrika ölkəsi də müstəmləkə zəncirlərindən qurtula bildi.

       MİLLİ MÜSTƏQİLLİK. İkinciçox vacib şərtdir. Dünya cameəsi tərəfindən qəbul olunmuş sərhədləri içində, ərazi bütövlüyü və toxunulmazlığı şəraitində öz müstəqil, suveren dövlətini qurmaq, yaşatmaq, hər xalqın təbii arzusuqanuni haqqıdır. Bəzən sovet təbliğatı, hətta postsovet dövrünün bir para politoloqları belə absurd bir müddəa irəli sürürdülər ki, keçmiş sovet respublikaları müstəqil yaşaya bilməz, guya kiçik xalqların belə imkanları yoxdurona görə də SSRİ-nin dağılması ilk növbədə bu biçarə balaca xalqların fəlakətidir. Milli müstəqillik də, insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. O cümlədən, öz xalqları qarşısında məsuliyyət.

      Bütün bunlar məlum həqiqətlərdir və bu anlamda, əlbəttə, ən böyük müstəqil dövlətlər belə başqaları qarşısında məsuliyyətdən azad deyillər. Amma məhz bu adla keçmiş sovet respublikalarının müstəqillik niyyətlərini əsassız saymaq cığallıqdır, bilərəkdən kartları tay-dəyişik salmaqdır. Deyirsiniz, Hollandiya, İsveç, yaxud Avstriya da tam müstəqil deyil? Olsun. Elə bizə də bu dərəcədə müstəqillik yetər, artığını istəmirik.

       BƏRABƏRLİK. Sözdə deyil, işdə, həqiqətən, gerçəkdən əhalinin sinfi, milli, irqi, dini cinsi bərabərliyi demokratik cəmiyyətin başqa bir təməl prinsipidir.

       Sinfi bərabərliklə bir sırada milli, irqi, dini bərabərlik də demokratik quruluşun əsas şərtlərindəndir. Hər hansı millətin ölkədə yaşayan başqa millətlərə, irqlərə nisbətən hakim mövqedən çıxış etməsi, sayca çoxluğundan istifadə edərək, onların milli heysiyyətini alçaltması, milli dəyərlərinə etinasızlığı, hər hansı təqib, təzyiq formaları dözülməzdir və belə davranışın acı nəticələri hakim millətin öz başında partlayır. Faşist Almaniyasının aqibəti bəşər tarixinin faciəvi və ibrətamiz dərslərindəndir. İlk addımlarını atan, hələ də körpəlik çağlarını yaşayan Azərbaycan demokratiyasının əsas prinsiplərindən biri - bərabərlik prinsipi siniflərə şamil edildiyi təkin, milli azlıqlara da aid olmalıdır. Xalqımızın milli mentalitetinə xas olan dözümlülük, tolerantlıq ölkəmizdəki bütün millidini azlıqlara münasibətdə açıq-aydın həyata keçirilməlidir. Əlbəttə,. bu dözümlülük istər Azərbaycan türklərinin, istər milli azlıqların, istərsə də müsəlman və qeyri-müsəlman dindarların Ana Yasamıza zidd ola biləcək radikal-ekstremist təmayüllərinə yol açmaq kimi qavranmamalıdır. Bəzən ən demokratik ölkələrdə belə radikal dinçilər, ifrat sol, yaxud ifrat sağ qüvvələr demokratik konstitusiyalardan yararlanaraq, iqtidara gəlir və sonra bu qanunların özlərini ayaqlar altına atırlar. Odur ki, bərabərlik prinsipi bərabərliyin düşmənlərinə aid edilə bilməz.

     Cinsi bərabərlik ilk növbədə qadının cəmiyyətdə kişilərlə bərabər mövqe tutmasını, o cümlədən, siyasət sahəsində də mühüm mövqelər qazanmasını təmin etməlidir. Keçmiş SSRİ-də olduğu kimi, yalnız formal statistika baxımından qadınlar irəli çəkmək bu bərabərlik prinsipinin bayağılaşdırılması deməkdir. Amma qadınlar Ana kimi, övladlarının ilk tərbiyəçisi kimi, ailənin məişət qayğılarını əsasən öz çiynində daşıyan varlıq kimi kişilərə nisbətən ictimai həyatda əlavə imtiyazlara və güzəştlərə malik olmalıdır. Bu bərabərlik prinsipinin sözdə yox, əməldə ədalətli tənasübünü müəyyənləşdirər. Hər hansı idarədə, istehsalatda, təşkilatda çalışan qadınların kişilərlə bərabər tam maaşını saxlamaqla bərabər gününün müəyyən saatlarını, ailəsinə, balalarına ayırması da təmin olunmalıdır.

     QARDAŞLIQ deyəndə türk qardaşlığı nəzərdə tutulur. Tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət gözəllik, əxlaq anlayışları bir olan türk xalqlarının, ilk növbədə Oğuz mənşəli Azərbaycan və Anadolu türklərinin münasibətləri dostluqdan daha artıq qardaşlıq səciyyələnə bilər.

     Türk qardaşlığının mühüm amillərindən biri və ən çox mübahisə doğuranı dil məsələsidir. Bu barədə mən mövqeyimi dəfələrlə açıqlamışam bir daha açıqlamağa hazıram. Tarixi kökləri bir olsa da, bu gün nəinki bütün türk xalqlarının, hətta Oğuz qrupuna daxil olan Anadolu və Azərbaycan türklərinin, türkmənlərin və qaqauzların dilləri bir-birindən müəyyən dərəcədə fərqlənən müstəqil dillərdir.

     Mən yenə də, əvvəl olduğu kimi, dilimizin Azərbaycan türkcəsi, yaxud Azəri türkcəsi adlanmasının tərəfdarıyam. "Azərbaycan türk dili" və "Azəri türk dili" söz birləşmələrini də məqbul hesab edirəm. Bu söz birləşmələrində "türk" kəlməsi dilimizin əsrlərdən gələn ənənəvi adıyla bağlıdırsa, "Azərbaycan", yaxud "Azəri" kəlmələri dilimizi  Türkiyə türkcəsindən fərqləndirmək üçündür. "Azəri" kəlməsinin haçansa İran qrupuna aid olan bir dil olması bizi qulaqlarımızda artıq çoxdan doğmalaşmış sözdən çəkindirməməlidir. Slavyan bolqarlar, Qafqaz dilli avarlar xalqlarının vaxtilə türk qövmünə aid olan adından imtina etmirlər. "Azəri türkcəsi" müəyyən   dərəcədə "Azərbaycan   türkcəsi"ndən də uğurludur, çünki yalnız ərazi prinsipinə əsaslanmır. "Gürcüstanlı azərbaycanlılar, dağıstanlı azərbaycanlılar, ermənistanlı azərbaycanlılar" kimi məntiqsiz ifadələrin yerinə, Gürcüstanda, yaxud Ermənistanda yaşayan Azəri türkləri desək, daha düzgün olmazmı? Dərbənddən Həmədana,  İqdırdən Zəncana, Borçalıdan Kərkükə qədər danışılan dilimizi də Azəri türkcəsi adlandırmağımız hər cəhətdən daha uğurludur.

    DOSTLUQ deyəndə, bu ibarə sovet təbliğatı tərəfindən isbatdan çıxarılsa da, xalqlar dostluğu nəzərdə tutulur. Çünki bu yıpranmış ifadənin mahiyyəti, məğzi xalqımızın taleyi üçün son dərəcə vacib və önəmlidir. Xalqlar dostluğu - həm ərazi, tarixi tale, adət-ənənə baxımından bizə yaxın olan qonşu xalqlarla mehriban münasibətlərinə, həm də Azərbaycanın öz içində yaşayan müxtəlif millətlərin doğmalıq əlaqələrinə aid edilməlidir. Türk xalqlarıyla qardaşlıq telləri barədə yuxarıda dedim. İslam ölkələriylə dostluq münasibətlərinə gəldikdə, əlbəttə, Nigeriyaİndoneziya kimi uzaq müsəlman xalqlarıyla da yaxşı münasibətlərimiz olmalıdır, amma ən mehriban, ən məhrəm əlaqələri qonşu müsəlman ölkələriylə - İranla, Pakistanla, Əfqanıstanla, Tacikistanla, ərəb dövlətləriylə qurmalıyıq. İran istisna olmaqla, bu ölkələrin heç biriylə aramızda problem yoxdur. Hər iki ölkəni - İranı və Azərbaycanı narahat edən problem Cənubi Azərbaycan məsələsidir. Bu problemin çözülməsi üçün xəyalpərəstlikdən əl çəkib Güney Azərbaycanın bu gün İran dövlətinin tərkib hissəsi olduğunu fakt kimi qəbul etməliyik. Əgər bütün başqa dövlətlər kimi, biz də ərazi bütövlüyümüzə belə həssaslıqla yanaşırıqsa, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya tərəfindən birdəfəlik təsdiq edilməsinə çalışırıqsa, İran dövlətinin də bu haqqını tanımalıyıq. Amma əlbəttə, heç kəs bizdən Güneydəki 25, ya 30 milyon soydaşımızın taleyinə biganə qalmağımızı tələb edə bilməz. Azərbaycan türkləri İranda milli azlıq deyil, İran dövlətinin sayca farslarla tən gələn əsas ünsürüdür. Belə olan surətdə, bu ünsürün dili də rəsmi siyasət qurumlarında, mətbuatda, radioteleviziyada, tədris, elm və mədəniyyət sistemində layiq olduğu yeri tutmalıdır. QuzeyGüney Azərbaycanın mədəni ilişgilərinin genişlənməsi üçün şərait yaranmalıdır. Əlifba fərqlərimiz bu əlaqələri müəyyən dərəcədə əngəlləyirsə, televiziya efiriradio dalğaları musiqimizi, şeirimizi, sənətimizi doğma dilimizdə Arazın bu tayından o tayına, o tayından bu tayına çatdıra bilər. Bu, İran dövlətçiliyinin də xeyirinə olar: açıq, ya üstüörtülü qadağalar problemləri tıxacla qapayırsa, bir gün bu tıxacın partlayışla sıçrayıb kənara atılması daha real təhlükədir. İranın dövlət bütünlüyünə xələl gətirməyən haqlar - ana dilində danışmaq, yazmaq, oxumaq, yaşamaq azadlığı böyük bir xalqa sədəqə kimi deyil, qanuni və təbii vicdan borcu kimi verilməlidir. Bu sorun aradan qalxarsa, İran və Azərbaycanın tarixi, ənənəvi yaxınlığı, mədəniyyət, sənət, ədəbiyyat, musiqi, məişət doğmalığı tam mənasında hər iki müstəqil dövlətin yeni müstəvidə qarşılıqlı zənginləşməsini təmin edər.

    

 

     Vahid Ömərov,

     fəlsəfə üzrə fəlsəfə doktoru

 

     Səs.- 2012.- 3 iyul.-  S. 14.