Azərbaycan dövlətçilik
tarixində qədim dövlətlər: Lullubum və Kutuim
dövlətləri
Azərbaycan ərazisində digər qədim dövlətlər
də mövcud olmuşdur. E. ə. III minilliyin ikinci
yarısında İkiçayarası Şumer şəhər
dövlətləri süquta uğradı.
İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e. ə.
XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta
bir dövlət kimi artıq siyasi səhnədən
çıxmışdı.
Azərbaycan ərazisində digər
qədim dövlətlər də mövcud olmuşdur. E. ə.
III minilliyin ikinci yarısında İkiçayarası
Şumer şəhər dövlətləri süquta
uğradı. İkiçayarası Akkad dövlətinin
hakimiyyəti (e. ə. XXIV-XXII əsrlər) altında birləşdirildi.
Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən
çıxmışdı. Urmiya gölünün cənubunda,
keçmiş Aratta dövlətinin qərb torpaqlarında
lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi
tayfa ittifaqına, yəqin ki, nisbətən sonrakı
dövrdə siyasi səhnəyə çıxmış su
və turukki tayfaları daxil idilər. E. ə. XXIII əsrdə
Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti
yarandı. Lullubum (lullubi) dövləti cənubi Azərbaycanın
ərazisində yaranmış ikinci erkən dövlət
quruluşu idi.
Tarixi ədəbiyyatda belə
bir fikir mövcuddur ki, guya lullubilər bu zaman ibtidai-icma
quruluşu dövründə yaşayırdılar. Lakin
qaynaqların məlumatı həmin mülahizəni təkzib
edir. Çünki bu zaman Lullubumda artıq dövlət
hakimiyyəti meydana gəlmişdi. Lullubi hökmdarı Satuni
(e. ə. 2230-2200-cu illər) Akkad dövlətinə
qarşı hərbi birləşmələrdə iştirak
edirdi. Lullubum torpaqlarının qərb hüdudunda
Süleymaniyyə keçidinin cənub-şərqində indiki
Qaradağ ərazisində lullubilər müttəfiqləri
ilə birlikdə Akkad hökmdarı Naram-Suenə (e. ə.
2236-2200-cü illər) qarşı döyüşə girdilər.
Lakin döyüş müttəfiqlərin və lullubi
hökmdarı Satuninin məğlubiyyəti ilə başa
çatdı. Naram-Suen bu hadisəni yazı və təsvirlər
ilə "qələbə sütunu" adlandırılan
daş plitə üzərində əbədiləşdirdi.
Lullubum
padşahlığında xırda hökmdarların hakimiyyəti
mövcud imiş. Lullubum hökmdarı İmmaşqun (e. ə.
2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubum
dövlətinə tabe etdi. Qaynaqlarda o, "İmmaşqun,
Lullu (bum) ölkəsinin padşahlar padşahı"
adlandırılır. Beləliklə, e. ə. XXIII əsrdə
Urmiya gölünün cənubunda İkiçayarası Akkad
dövləti ilə rəqabət aparan güclü Lullubum
dövləti yaranır. Bu dövlətin qüdrəti
hökmdar Anubanininin (e. ə. 2170-2150-ci illər)
dövründə daha da artır. Məlumdur ki, Anubanini
yazılarını mixi işarələr ilə tərtib
etdirirdi. Mixi yazı sistemi buranın əhalisinə hakim dairələrinə
hələ Aratta dövründən tanış idi.
Anubanininin siyasi nailiyyətləri daş plitəsi üzərində
həkk olunurdu. Onun "Daş sütunu" abidəsində
qeyd edilir: "Anubanini, qüdrətli hökmdar, Lullubum
hökmdarı, öz təsvirimi və İştar ilahəsinin
təsvirini Batir dağında qoydurdum". Bu abidə Diyala
çayının orta axarında, Kirmanşaha gedən yol
üzərində, Zohab şəhəri yaxınlığında
Saripul adlanan yerdə aşkar edilmişdir. Bu fakta əsasən,
demək olar ki, lullubilərin hakimiyyəti cənubda Diyala
çayının orta axarınadək gəlib
çatırdı. Anubanini, eyni zamanda, cənubda Fars körfəzinə
qədərki ərazini iddia edirdi, şimalda isə onun
dövlətinin hüdudları Urmiya gölünədək
çatırdı. Ola bilsin ki, Urmiya gölü hövzəsindəki
digər torpaqlar da ona tabe edilmişdi.
Lullubum dövləti
İkiçayarası ilə iqtisadi əlaqələrə
girmişdi. Lullubilər şimali İkiçayarasının
Qasur şəhərində mal mübadiləsi edir və
mal-qaranı taxıla dəyişirdilər. Aratta
dövründə olduğu kimi, lullubi dağ sakinlərinin də
taxıla ehtiyacı var idi. Onlar maldarlıq ilə
yanaşı, dəmyə əkinçiliyi ilə də məşğul
olurdular.
Lullubilər də, Aratta
dövründə olduğu kimi, İkiçayarası mədəniyyətinin
təsirinə məruz qalmışdılar. Onlar da mixi
yazı sistemi ilə tanış idilər. Burada akkad dilini bilən
mirzələr və akkad qələbə abidələri
hazırlama ənənəsinə uyğun abidələr
yaradan ustalar vardı. Anubanininin "Daş sütunu"
İkiçayarası nümunələrinə əsasən,
lullubi ustaları tərəfindən yonulmuşdu.
Lullubilər səma, bərəkət
və məhəbbət, ay, günəş və s. allahlara
sitayiş edirdilər. Təəssüf ki, bu allahların
lullubi dilində adları qalmamışdır. Anubanininin
"Daş sütunu"nda bu allahların akkad adları
çəkilmişdir. Anum (Səma allahı), İştar (Bərəkət
və məhəbbət ilahəsi), Sin (Ay allahı),
Şamaş (Günəş allahı) və s. "Daş
sütun" abidəsində səma allahı Anunun adı
birinci çəkilir. Bu da onu göstərir ki, lullubi cəmiyyətində
ata nəsli hüququ artıq üstünlük təşkil
edirdi.
E. ə. II minillikdə vahid
Lullubum dövləti parçalanır və yerində
xırda hakimiyyətlər yaranır. Qaynaqlar bu dövrün
başlanğıcında "çoxlu lullubi
hökmdarları" ifadəsini işlətmişdi.
Tarixi mənbələrdə
digər qədim Kutium (Qutium) dövləti haqqında da məlumata
təsadüf olunur. E. ə. III minillikdə Urmiya
gölünün qərb və cənubi-qərb hissəsində
kuti (yaxud quti) tayfa birləşmələri mövcud idi. Həmin
minilliyin ikinci yarısında kutilərin dövlət
halında birləşməsi başlanmışdı. Kutilər
İkiçayarasında baş verən siyasi hadisələrə
müdaxilə edirdilər. Onlar Şumer
İkiçayarası ilə müttəfiq münasibətləri
saxlayır, lakin Akkad hökmdarlarının
işğalçılıq siyasətinə qarşı
çıxırdılar. Epik əsərlərdən məlumdur
ki, Naram-Suen Urmiya gölü hövzəsində yaşayan
tayfalara qarşı təcavüzkar siyasət
yürüdürdü. İşğala məruz qalan 70
hökmdar, o cümlədən, Urmiya gölü hövzəsinin
etnosları hərbi ittifaq yaradırlar. Urmiya gölü ətrafı
etnoslar Ummanmanda - "Manda ordusu"
adlandırılmışdır. Müttəfiqlərə
qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə
uğradıldı. Naram-Suen, eyni zamanda, şumerlərin dini mərkəzi
olan Nippur şəhərinə ordu göndərir və
buradakı Enlid məbədini dağıtmaq istəyir. Lakin o
buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin
köməyinə gəlirlər. Ummanmanda və kuti hərbi
dəstələrinin başında hökmdar Enridavazir (e. ə.
təxminən 2225-2205-ci illər) dayanmışdı. Onun
şərəfinə Nippur şəhərində mixi
yazılı abidə qoyulmuş və orada Enridavazir
"qüdrətli, Kutium və dünyanın dörd səmtinin
hökmdarı" adlandırılmışdı.
Kuti tayfaları Naram-Suenin hakimiyyəti
illərində Akkad dövlətini tez-tez narahat edirdilər.
Kutilər ilə mübarizədə ona Elam hökmdarı
Kutik-İnşuşinak (e. ə. 2240-2220-ci illər) yardım
göstərirdi. Elam bu dövrdə Akkad ilə tarixdə məlum
olan ilk beynəlxalq müqavilə bağlayır. Müqaviləyə
uyğun olaraq Kutik-İnşuşinak Zaqroş dağları
səmtə yürüş təşkil edir və kutilərin
ölkəsinə gəlib çatır. Bu müvəqqəti
qələbə kutilərin İkiçayarasına
axınının qarşısını ala bilmir və
onların Akkad dövlətinə təzyiqi getdikcə
artır. Kuti hökmdarları İmta (e. ə. 2204-2197-ci illər)
və İnqeşauşun (e. ə. 2198-2192-ci illər) hakimiyyəti
illərində kutilərin İkiçayarasına müdaxiləsi
daha da güclənmişdi. Qaynaqların məlumatına
görə, kutilərin İkiçayarasına
basqınları mal-qaranın şəhərlərə gətirilməsinə
əngəl törədir və çöl-əkin işlərinin
pozulmasına səbəb olurdu. Naram-Suenin vəfatından
sonra Akkad dövləti əvvəlki qüdrətini itirir.
Hakimiyyətə gəlmiş Şarkalişarri (e. ə.
2200-2175-ci illər) Kuti basqınlarının
qarşısını almaq məqsədilə onlara
qarşı yürüş təşkil edir. Bu zaman kutilərin
hökmdarı Sarlaq (e. ə. 2191-2185-ci illər) idi. Kutilər ilə
döyüş İkiçayarasının ərazisində
baş verir və kutilər məğlubiyyətə
uğrayır. Sarlaq əsir düşür. Sarlağın
varisi Yarlaqaş (e. ə. 2184-2178-ci illər) ola bilsin ki,
İkiçayarasına müdaxiləni gücləndirmiş
və Akkad dövlətinin süqutuna şərait
yaratmışdı. Onun
varisi Elulumeş (e. ə.
2177-2171-ci illər) İkiçayarasında baş vermiş
daxili hərc-mərclikdən istifadə edərək burada
kutilərin hakimiyyətini bərqərar edir. Qaynaqda göstərilir
ki, "hakimiyyət kuti dəstələrinin əlinə
keçdi". E. ə. 2175-ci ildə İki
çayarasında hakimiyyətə kuti sülaləsi gəldi.
E. ə. III minilliyin ikinci yarısında Urmiya
gölünün qərb və cənubi-qərb
torpaqlarında (Qərbi Azərbaycan) Kutium dövləti
meydana gəlmişdir. Kutilər İkiçayarasını zəbt
etməmişdən əvvəl dövlət qurumu
yaratmışdılar. Bu dövlətin yuxarıda göstərilən
ilk hökmdarlarının adları müvafiq qədim qaynaqda
("hökmdarlar siyahısı") əks olunmuşdur.
Kutilərin İkiçayara-çayarasında təxminən
80-100 illik hakimiyyəti zamanı onlara qarşı heç bir
çıxış olmamışdır. Ancaq sonuncu kuti
hökmdarı Tirikanın adı ilə bağlı
narazılıq qaynaqda əks olunmuşdu. Kutilər
İkiçayarasında mövcud olan idarə sistemini dəyişmədilər.
Ölkəni canişinlər vasitəsilə idarə edirdilər.
Kutilərə tabe olan Şumer şəhər hakimləri
ensi rütbəsini daşıyırdılar və müstəqil
daxili siyasət yürüdürdülər. Yəqin ki, kuti
hökmdarlarının İkiçayarasında da iqamətgahları
varmış. İkiçayarasının Şumer şəhərləri
kuti hökmdarlarının şərəfinə yazılar tərtib
edirdilər. Kuti hökmdarı Laharabın (e. ə.
2135-2133-cü illər) Sippar şəhərində akkad dilində
yazısı aşkar edilmişdir. Kuti hökmdarları
Yarlaqanda (e. ə. 2120-2113-cü illər) və Siumun (e. ə.
2112-2105-ci illər) şərəfinə Umma şəhərində
yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.
ə. 2127-2120-ci illər) möhürü üzərində
Ur şəhərinin adı göstərilmişdir. Kutilərin
hakimiyyəti bütün Ur şəhərini
bürümüş, Nippur, Sippar, Umma, Ur kimi şəhərlər
isə onların dayaq məntəqələrinə
çevrilmişdi. Kutilərin uzunmüddətli hakimiyyəti
illərində İkiçayarasının iqtisadiyyatı və
ticarəti yeni inkişaf mərhələsinə qədəm
qoyur.
Kutilərin
İkiçayarası mədəniyyəti dairəsinə cəlb
olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli
kitabələri mixi yazılar ilə tərtib olunurdu. Onlar da
aya, bərəkət və məhəbbət ilahəsinə
sitayiş edir və kitabələrində bu allahların ancaq
akkad adları (İştar və Sin) çəkilmişdir. Yəqin
ki, bu dövrdə kuti panteonuna ilahə
başçılıq edirmiş. Məlumdur ki, sonralar assurlər
kuti və lullubi allahlarının Assur panteonuna daxil edirdilər.
Ola bilsin ki, bu panteonda adı çəkilən
Assara kuti allahlarından olmuşdur. Eyni ad kuti hökmdarı
Aşşarlaqın adında əks olunmuşdur. Siumun vəfatından
sonra kuti taxt-tacına Tirikan (e. ə. 2104-cü il) sahib olur.
Tirikanın İkiçayarasında hakimiyyəti cəmi 40 gün
sürür. Uruk şəhərində ona qarşı qiyam təşkil
olunur. Qiyama Uruk ensisi Utuhenqal başçılıq edir.
Utuhenqalın adına çıxılan kitabədə kutilərin
ünvanına mənfi ifadələr işlədilmişdir.
Kitabə onları "dağların zəhərli ilanı
(yaxud əjdahası), allahlara əl qaldıran, Şumer
hakimiyyətini dağlara aparan, Şumeri ədavətlə
dolduran, arvadı ərindən, övladı valideyndən
ayıran, ölkədə ədavət və hiddət
yayan" adamlar kimi qələmə verir. Lakin kutilərin
ünvanına deyilmiş ittihamları təsdiq edən
heç bir əlavə tarixi sənəd qalmamışdır.
Əksinə, kutilərin hakimiyyəti illərində
Şumerdə məbəd tikintisi və bərpası davam
edir. Kuti hökmdarı Sium da özünü "Ur məbədinin
əbədi işçisi" adlandırırdı. Kuti
canişini və yerli hakim Nammahani Yarlaqan Kutiumun
hökmdarı olan zaman ...Ninurta (allahının məbədini)...
bərpa etdi". Kutilərin hakimiyyəti illərində
Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə
(Fars körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq
bərpa olunmuş, İkiçayarasına xarici müdaxilələrin
arası kəsilmiş və Urmiya gölü hövzəsi
ilə dinc əlaqələr yaradılmışdı.
Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə
cəlb olunurdular, lakin bu da ədavət üçün
şərait yaratmamalı idi. Yəqin ki, kutilər yerli
qız və qadınlarla nikah bağlayırmışlar ki,
bu da "arvadı ərindən ayırma" kimi qələmə
verilmişdi. Şumerdə ədavət salan siyasət ilə
Kuti sülaləsi İkiçayarasında uzun müddət
hökmranlıq edə bilməzdi. Kutilər və Şumerlər
arasında ənənəvi sülh münasibətləri
mövcud olmuşdu. Məhz buna görə
İkiçayarasının Şumer hissəsi kutilərdən
asılı olsa da, müstəqil siyasət
yürüdürdü.
Tarixçilərin bir qismi kutilərin adına
çıxılan mənfi əməlləri həqiqət
kimi qəbul etmiş, digər qismi isə bunu müstəqil
Şumer dövləti yaranandan sonra kutilərin hakimiyyətini
pisləyən təbliğat adlandırm{şlar.
İkiçayarası cəmiyyətinin ictimai-iqtisadi
quruluşundan doğan mənfi hallar kutilərin adına
çıxılmışdı.
Utuhenqalın adından yazılmış kitabə kuti
sülaləsi hakimiyyətinin ləğv olunmasına bəraət
qazandırmaq məqsədini güdürdü.
Utuhenqal allah Enlilin adından Uruk əhalisini kuti hökmdarı
Tirikana qarşı çıxmağa sövq edərək
"Şumer padşahlığının
qaytarılmasını Enlil mənə etibar etmişdir"
ifadəsini işlədirmiş. Utuhenqal Tirnkana qarşı
döyüşə urukluların qüvvəsilə
hazırlaşır. Muru yaxınlığında (Umma şəhərindən
bir günlük məsafədə yerləşirdi)
döyüş baş verir. Hücum qəflətən
olduğundan Tirikanın dəstələri məğlub olur və
o, Dubrum şəhərindəki iqamətgahına
qaçır. Tirikan burada ailəsi ilə birlikdə əsir
düşür. Mənbə bu haqda belə yazır:
"Kutium hökmdarı Tirikan tək qaçdı.
Sığınacaq tapdığı Dubrumda onu mehriban
qarşıladılar. Dubrum əhalisi biləndə ki, Enlilin
iradəsilə Utuhenqal hökmdar olmuşdur, Tirikanı buraxmadılar. Utuhenqalın göndərdiyi adamlar Tirikanı və
onun ailəsini Dubrumda tutaraq əllərini ağac buxova
saldılar və gözlərini (?) bağladılar.
Tirikanı Utuhenqalın yanına gətirərək, onun
ayaqları altına atdılar, Utuhenqal ayağını onun
boğazına qoydu. O, (belə) alçaldıldı və
...Kutium, dağların zəhərli ilanı onun ərazisindən
uzaqlaşdırıldı..., (beləliklə o)
padşahlığı Şumerə qaytardı". Utuhenqal
e. ə. 2104-cü ildə kutilərin hakimiyyətini
asanlıqla ləğv edə bildi, çünki kutilər
İkiçayarasında böyük hərbi qüvvə
saxlamırdılar. Maraqlıdır ki, Tirikan
öldürülməmiş, ancaq ölkədən
çıxarılmışdı. Tirikanın məğlubiyyətinin
əks-sədası tarixdə uzun müddət
yaşamışdı. Sələvkilər dövründə
tərtib edilmiş sənəddə Tirikanın məğlubiyyəti
onun üçün əlverişsiz təbii əlamət -
ayın tutulması ilə izah olunmuşdur.
İkiçayarasında kutilərin ağalığına
son qoyulduqdan sonra Kutiumun özündə də dövlət
süquta uğrayır, xırda hakimiyyətlər yaranır.
E. ə. III minilliyin sonunda
Kutium, eləcə də, Lullubum dövlətləri süquta
uğrayaraq xırda hakimiyyətli vilayətlərə
parçalanırlar. Bu hal e. ə.
I minilliyin əvvəlinə kimi davam edir. Azərbaycanın
erkən dövlətlərini türk mənşəli
sülalələr idarə edirdilər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs .-
2012.- 12 iyul.- S. 14.