Azərbaycan beynəlxalq aləmdə zəngin ölkə kimi tanınır

 

Leyla xanım Əliyevanın həyata keçirdiyi layihələr milli dəyərlərimizin uğurlu təbliğinə şərait yaradıb

 

Azərbaycan beynəlxalq aləmdə, ekoloji hərəkatın, qlobal memarlığın, avanqard rəssamlığın növbəti dalğası ilə əlamətdar olan ölkə kimi tanınır. Ölkənin bu şəkildə təqdimatında Heydər Əliyev Fondunun rolunu xüsusi olaraq qeyd etməliyik. Fondun həyata keçirdiyi layihələr həqiqətən şaxəli və çoxsaylıdır.

Azərbaycan beynəlxalq aləmdə, ekoloji hərəkatın, qlobal memarlığın, avanqard rəssamlığın növbəti dalğası ilə əlamətdar olan ölkə kimi tanınır. Ölkənin bu şəkildə təqdimatında Heydər Əliyev Fondunun rolunu xüsusi olaraq qeyd etməliyik. Fondun həyata keçirdiyi layihələr həqiqətən şaxəli və çoxsaylıdır. Filmlər, xeyriyyə tədbirləri, heyvanların hüquqlarını müdafiə kampaniyaları, gənclərlə bağlı aksiyalar və digər tədbirlər fondun qarşıya qoyduğu tədbirlər sırasındadır. Ölkəmizin çox qədim və zəngin tarixə malik olması bu və ya digər tədbirlərin həyata keçirilməsində önəmlidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva da bu və digər dəyərlərdən qaynaqlanaraq, Azərbaycanın hüdudlarından kənarda belə tanınması istiqamətdə böyük işlər görür. Leyla xanımın həyata keçirdiyi layihələr və gördüyü genişmiqyaslı tədbirlər bu günlər Azərbaycan, rus və ingilis dillərində təqdim olunan yeni saytda - "www.leyla-aliyeva.az" da öz əksini tapıb. Bu sayt vasitəsi ilə Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün istiqamətlərilə bağlı dolğun məlumatlar əldə etmək mümkündür.

Bölmədə yer alan materiallarda bir daha aydın olur ki, Leyla Əliyeva Azərbaycanın dünyada daha geniş tanınması və təqdim edilməsi məqsədilə həyata keçirilən layihələr dəyərlərimizin uğurla təbliğinə şərait yaradıb. Saytda Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa və həvəsləndirməyə xidmət edən İDEA Ətraf Mühit Kampaniyası ilə bağlı geniş məlumatlar var. Qeyd edək ki, İDEA kampaniyasının təsisçisi Leyla xanım Əliyeva gənclərin yeni qlobal ekoloji kampaniyasına start verdiyi zamandan artıq uğurlu nəticələri əldə edib. Bu kampaniya çərçivəsində BMT İnkişaf Proqramı ilə saziş imzalanıb. Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. Bu ideya gənclər arasında böyük əks-səda doğurub. Müasir dövrün çağırışlarına cavab verən təşəbbüs ekologiya və ətraf mühitin qorunmasında əhəmiyyət kəsb edir. Qısa müddətdə gələcək fəaliyyət üçün daha genişmiqyaslı zəmin əldə olunub. Heydər Əliyev Fondu Azərbaycan gənclərinin "Rio+20" sammitinin məqsədlərinə hazırlıq üçün səfərbər edilməsi barədə BMT İnkişaf Proqramı ilə saziş imzalayıb. Bu sammit davamlı inkişafın və dünyanın ekoloji təhlükəsizliyinin təməlini qoyub. Bu layihə çərçivəsində "Rio+20" sammitinin məqsədləri barədə gəncləri məlumatlandırmaq üçün çoxlu tədbirlər həyata keçirilib. Artıq orta və ali məktəblərdə uğurlu işlər görülüb. Bu gün ətraf mühitin yaxşılaşdırılması naminə böyük layihələr icra olunur. Belə ki, "Bir planet - bir gələcək" devizi altında Azərbaycanda çoxlu sayda ağac əkilib. İDEA-nın növbəti illər üçün geniş planları vardır.

Saytda Leyla xanım Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan "Baku" jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür. Rus və ingilis dillərində çap olunan jurnal artıq təkcə Böyük Britaniyada deyil, digər Avropa ölkələrində də tanınır. Bu jurnal vasitəsilə  Azərbaycan paytaxtının mədəni həyatında baş verən hadisələr haqqında oxucular məlumat əldə edirlər. Leyla xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, bu jurnal bizim qədim tariximizi, mədəniyyətimizi, ənənələrimizi, musiqimizi və ədəbiyyatımızı fəal təbliğ etmək, onları dünya ictimaiyyətinə çatdırmaq üçün daha bir imkandır.

Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki əvəzsiz və yorulmaz fəaliyyəti, "Xocalıya ədalət" kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumatlar saytda ayrıca bölmədə yer alıb. Bundan başqa, sayta daxil olanlar Leyla xanım Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.

Saytda Leyla xanım Əliyevanın fotoları və videoları da yer alıb. Bu ayrıca "Şəkillər" və "Video" bölməsində yerləşdirilib. Burada Leyla xanım Əliyevanın iştirak etdiyi tədbirlər yüksək keyfiyyətlə və peşəkarlıqla əks olunub. Saytın "Yaradıcılıq" bölməsində Leyla xanım Əliyevanın şeirləri, rəsm əsərləri də yerləşdirilib. Bu bölmədə isə Onun ictimai fəaliyyəti deyil, yaradıcı düşüncəsi ilə tanış olmaq imkanı yaranır. Rənglərin dili ilə fikirlərini tablolara və misralara  köçürən Leyla xanım şaxəli fəaliyyətində milli dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi əsas tutaraq, geniş layihələrində fərdi görüşlərini də əks etdirir.

Yüksək peşəkarlıq və bədii zövqlə hazırlanmış sayt Leyla xanım Əliyevanın fəaliyyətini tam dolğun əks etdirir. Dinindən, irqindən asılı olmayaraq, hər kəs Azərbaycanla bağlı təsəvvürlərə malik olacaq. Gənc bir azərbaycanlı xanımının həyata keçirdiyi layihələr vasitəsi ilə ölkəmizi daha da yaxından tanıyacaq, səyahət edəcəklər.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs .- 2012.- 12 iyul.-  S. 14.