Qədim
Azərbaycan Manna dövlətinə dair maddi mədəniyyət
abidələri
Qədim Azərbaycan Manna dövləti haqqında
artıq kifayət qədər elmi-tədqiqat əsərləri
meydana çıxmışdır. Manna dövlətinin tədqiqatçılarından
olan Solmaz Qaşqay "Manna dövləti" əsərinin
girişində yazır: "Cənubi Azərbaycan ərazisində
yazılı mənbədə qeyd edilən ilk iri dövlət
qurumu Manna dövlətidir.
Qədim Azərbaycan Manna dövləti haqqında
artıq kifayət qədər elmi-tədqiqat əsərləri
meydana çıxmışdır. Manna dövlətinin tədqiqatçılarından
olan Solmaz Qaşqay "Manna dövləti" əsərinin
girişində yazır: "Cənubi Azərbaycan ərazisində
yazılı mənbədə qeyd edilən ilk iri dövlət
qurumu Manna dövlətidir. Manna dövlətinin təşəkkülündə
və onun möhkəmləndirilməsində iştirak
etmiş bu ərazidəki müxtəlif tayfa birliklərinin
tarixi, eləcə də, e.ə. I minilliyin birinci
yarısında Yaxın Şərqin ən güclü
dövlətlərindən birinə çevrilən Manna
dövlətinin özünün tarixi böyük maraq kəsb
edir.
Qədim Şərqə həsr edilmiş elmi ədəbiyyatda
e.ə. I minilliyin əvvəllərində Urmiya gölünə
bitişik ərazilərdə yaşayan əhalinin siyasi,
xüsusilə də, iqtisadi tarixi çox zəif
işıqlandırılmışdır. Bununla belə,
qonşu ərazilərdə mövcud olmuş Aşşur və
Urartu kimi dövlətlər barədə biz əhəmiyyətli
dərəcədə daha dolğun tarixə malikik.
E.ə. I minilliyin əvvəllərində
qonşularla müntəzəm qarşılıqlı əlaqələri
barədə məlumat verən yazılı mənbələr
olsa da, Urmiyayanı hövzə əyalətləri tədqiqatdan
kənarda qalmışdır. Xırda tayfa birliklərinin, eləcə
də, ayrı-ayrı şəhər-dövlətlərin
konsolidasiyasında Manna çox mühüm rol
oynamışdır. O, dəfələrlə Aşşur və
Urartu arasında gedən ərazi çəkişmələrindən
öz xeyirinə istifadə etmişdi. Aşşur dövlətinin
zəifləməsindən və darmadağın edilməsindən
sonra Manna e.ə. I minilliyin ortalarından Ön Asiyanın ən
qüdrətli dövlətinə çevrilən Midiyaya tabe
edildi. Lakin Midiyaya tabe olsa da, Manna iqtisadi və mədəni cəhətdən
Midiya dövlətinin ən inkişaf etmiş hissəsi kimi
qalmaqda idi.
Bu ərazinin zəif öyrənilməsinin əsas səbəbi
burada ardıcıl arxeoloji qazıntıların
aparılmaması idi. Arxeoloji materialların hamısı təsadüfən
tapılmış dəfinələrdən və ya
ayrı-ayrı əşyalardan ibarət idi".
Solmaz Qaşqay Mannanın zəif
öyrənilməsinin bir səbəbini də orada arxeoloji
qazıntıların aparılmaması ilə izah edir: "Bu
boşluq Cənubi Azərbaycanda Urmiyanı əyalətlərdə
aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar sayəsində
dolduruldu. Urmiya gölünün cənub sahilində
yerləşən Həsənlu yaşayış yerində,
yaxınlıqdakı Dinhatəpə və Göytəpə,
şimali-qərb sahilində yerləşən Həftəvantəpə,
habelə, Səfidrud çayı vadisində
tapılmış nekropollarında və başqa obyektlərdə
aparılmış qazıntılar zəngin və müxtəlif
çeşidli material vermişdir. Naxçıvan
zonasında aşkar olunmuş abidələrdən də
külli miqdarda oxşar materiallar əldə edilmişdir.
Bu materiallar sinfi təbəqələşmənin
dərinləşdiyini, əmək məhsuldarlığının
yüksək səviyyəsini, inkişaf etmiş sənətkarlıq
istehsalının mövcudluğunu və s. göstərir.
Maddi mədəniyyət dəlilləri
bizə Aşşur və Urartu yazılı mənbələrindəki
məlumatları daha geniş və hərtərəfli dərk
etməyə imkan verir.
Əsərdə imkan daxilində
e.ə. I minilliyin əvvəllərində
Urmiyayanı hövzədə yaşamış əhalinin həyat
və məişət mənzərəsini daha aydın təsəvvür
etmək üçün yazılı mənbələri və
maddi mədəniyyət məlumatlarını
tutuşdurmağa çalışırıq.
Yeni qazıntılar və
materialların sonrakı tədqiqi, kölgədə
qalmış sualları işıqlandırmağa, irəli
sürülmüş məsələləri tamamlamağa və
ya onlara bir qədər ayrı nöqteyi-nəzərdən
baxmağa imkan verəcəkdir".
Manna dövləti haqqında məlumata
mixi yazılarında təsadüf edildi.
Aşşur mixi yazılı
materiallar bir çox tədqiqatçılar tərəfindən
nəşr və tədqiq edilmişdir.
Aşşur hökmdarı II
Sarqonun (e.ə. 722-705-ci illər) e.ə. 714-cü ildə
Urartuya hərbi səfəri barədə allah Aşşura
verdiyi hesabatda Manna dövlətində baş vermiş hadisələr
haqqında nisbətən ətraflı məlumat vardır. Kitabə F.Tyuro-Danjen tərəfindən nəşr
edilmişdir. F.Thureau-Dangin. Une
relation de I huitieme campagne de Sargon Paris, 1912).
Urartu tarixinə dair kitabələrin rus
dilinə tərcüməsi və digər materiallarla birlikdə
hərtərəfli şərhlər İ.M.Dyakonovun
"Assiro-vavilonskie istoçniki politologiya istorii Urartu"
(bundan sonra AVİU) əsərində verilmişdir. Müxtəlif vaxtlarda
aşşurşünaslar tərəfindən ayrı-ayrı
Aşşur hökmdarlarının qayaüstü kitabələri
və məktubları nəşr edilmişdir.
Aşşur hökmdarlarının o
dövrə aid bütün məlum kitabələrinin toplu nəşrini
D.D.Lyükenbil həyata keçirmişdir. (D.D.Luckenbill. Ancient Records of
Assuria and Babylonia, I-II Chicago, 1926-1927; bundan sonra ARAB). Manna və onunla qonşu ölkələr
haqqında dərc edilmiş aşağıdakı mətnlər
əlavə məlumatlar verir. A.Heydelin
"A New Hexagonal Prism of Esarhaddon" ("Sumer", XII, 1956)
nəşrində "Manna əhalisinin, bu qiyamçı
qutilərin pərən-pərən salınması"
haqqında məlumat verilir, kimmerlər və başda
İşpakay olmaqla Manna ilə ittifaqa girən (sonralar
döyüş zamanı öldürüldü) skiflər
xatırlanır. Q.Q.Kameronun "The Annals
of Salmaneser III, King of Assyria" ("Sumer", VI, 1950) nəşrində
isə Daxili Zamuaya hərbi yürüş və adı indi,
Həsənludan tapılmış daş qab üzərindəki
kitabədən məlum olan İda torpaqlarındakı şəhərlərin
işğalından bəhs olunur. N.V.F.
Saqs Zamua və mannalıların adı çəkilən
Nimrudan tapılmış məktubları çap
etdirmişdir (The Nimrud Letters. "İraq",
XX, 2, 1958).
Aşşur hökmdarları III
Tiqlatpalasarın (e.ə. 744-727-ci illər) və II Sarqonun (e.ə.
722-705-ci illər) yeni kitabələri L.Levin (L.D.Levine. Two Neo-Assyrian Stelae from
İran. "Royal Ontario Museum". 23, 1972) tərəfindən nəşr olunmuşdur.
Birincinin kitabəsində Manna hakimi İranzunun və II
Sarqonun kitabələrində bizə tanış olan Elippi
hakimi Taltanın adı çəkilir, onların Hamri,
Sanqibutu ölkələrinin və bütün dağlıq
ölkələrin hakimləri üzərinə qoyulmuş xərac,
habelə, bütün bu torpaqlarda öz stellalarının
qoyulduğu barədə məlumat verilir.
Aşşur mənbələrinin xəbərlərini
Urartu hökmdarlarının məlumatları tamamlayır. Urartu mətnləri müxtəlif
alimlər tərəfindən ayrı-ayrı dövrlərdə
aşkar və nəşr edilmişdir. Onlar
ümumiləşdirilmiş şəkildə F.V.Köninq tərəfindən
çap olunmuşdur (F.W.König. Handbuch
der chaldischen İnschriften, I-II, Graz, 1955-1957).
Urartu kitabələrinin
hamısının tam toplusunu rus dilinə tərcümə,
izahlar və biblioqrafiya ilə birlikdə Q.A.Melikişvili
"Urartskie klinoobraznıe nadpisi" (M., 1960) əsərində
çap etdirmişdir.
Q.A.Melikişvili sonralar tapılmış kitabələri
"Vestnik drevney istorii" jurnalında (1971-ci il
¹ 3-4) nəşr etdirmişdir. Cənubi Azərbaycan
ərazisində tapılmış kitabələr lokalizə
üçün mühüm əhəmiyyətə malikdir.
Urartu hökmdarı Minuanın (e.ə. 810-780-ci
illər) Urmiya gölünün cənubi-şərq sahilində
yerləşən Daştəpə qayasındakı kitabəsində
meişta şəhərinin işğalı və Manna
ölkəsinə hərbi yürüş barədə məlumat
verilir. Urmiya gölündən cənubda,
Uşnu vadisindəki Qalatgah xarabalığında Minua və
İşpuininin (e.ə. 810-805-ci illər) birgə
hökmranlıqları dövrünə aid kitabəsi bizə
gəlib çatmışdır. Savalan
dağının cənub ətəyində, Sarabdan
şimali-şərqdə, Təbrizdən Ərdəbilə
gedən yolda tapılmış iki kitabə B.S.Varren tərəfindən
nəşr edilmişdir (Two Urartian İnscriptions from Azerbaijan.
JCS, XIX, 2, 1965). Biri 16, digəri isə 12 sətirdən ibarət
olan hər iki kitabə Rusanın oğlu Argiştiyə (e.ə.
714-685-ci illər) məxsusdur.
Cənubi Azərbaycan ərazisində
arxeoloji qazıntılar son vaxtlaradək çox məhdud
miqyasda aparılırdı.
Tapıntıları, əsasən, tunc
dövrünə və dəmir dövrünün
başlanğıcına aid olan Astara çayı boyunca
İran Talışına H.Morqanın ekspedisiyasından sonra,
1940-cı ildə E.F.Şmidt qədim yaşayış məskənləri
qalıqlarının təyyarədən foto-şəkillərini
çəkmişdir.
1936-cı ildə A.Styen Cənubi Azərbaycanın
cənub əyalətlərində arxeoloji kəşfiyyat
işi, sonralar 1940-cı ildə isə İran arxeoloji idarəsi
burada bir sıra qazıntılar aparmışdır; lakin bu
qazıntılar elə bir əhəmiyyətli nəticələr
vermədi.
Əgər bilavasitə mannalılara və
onların qonşularına aid əsaslı arxeoloji
qazıntılar olmasa idi, təbiidir ki, onların cəmiyyətinin
iqtisadi və mədəni xüsusiyyətlərini də
işıqlandırmaq mümkün olmazdı. Bu boşluğu məhz Manna ərazisində
- Urmiya
gölünün ətrafındakı müxtəlif məntəqələrdə
aparılmış arxeoloji qazıntıların nəticələri
xeyli dərəcədə tamamlayır. Buradan əldə
edilmiş materiallar cəmiyyətin inkişafını, onun
iqtisadi və mənəvi həyatındakı dəyişiklikləri
izləmək üçün çoxlu yeni faktlar
vermişdir.
Gölün qərb sahilində yerləşən
Göytəpə T.Berton Braunun rəhbərliyilə Britaniya
arxeoloji cəmiyyəti tərəfindən təşkil
edilmiş ekspedisiya qazıntı işləri
aparmışdır. Təpənin heç də bütün təbəqələri
tam açılmamışdır. Burada
bir neçə şüurf qızılmış və e.ə.
III minillikdən başlayaraq, İslam dövrünədək
uzun bir dövrü əhatə edən səkkiz
ardıcıl təbəqə aşkar olunmuşdur. E.ə. II minilliyin sonlarına aid edilən
"B" dövrünə aid "K" qəbrindən həmin
dövr üçün səciyyəvi olan materail əldə
edilmişdir.
Ə.O.Negahban bu qəbirləri e.ə. IX əsrə
aid edir; lakin belə hesab edir ki, onlardan tapılan bəzi əşyalar
daha əvvəllər hazırlanmışdır. Mərlik
tapıntıları Mitanni və Urartu incəsənəti, həmçinin,
Talış, Şimali-Qərbi İran, Gilan və Mazandaran əyaləti
materialları ilə oxşarlıq aşkara
çıxarır. Məhz buna görə də Ə.O.Negahban
güman edir ki, bu əyalətlərə olan bilsin ki, siyasi və
iqtisadi cəhətdən Mitanni dövlətinin tənəzzülü
və Midiya dövlətinin təşəkkülü ərəfəsində
yaranmış "Mərlik hökmdarlığı"
başçılıq etmişdir. Bu nəticə çox da
konkret deyildir; belə ki, müəlif çox uzun bir zaman
fasiləsi - təqribən min il müddət
göstərir. Bundan əlavə Mərlik
dövləti siyasi ağalıq olmayan da qonşu tayfalarla
qarşılıqlı əlaqələr nəticəsində
təsir göstərə və təsirə məruz qala bilərdi.
İran arxeoloji cəmiyyəti Əli
Hakeminin rəhbərliyi altında Qızılüzən
çayı vadisində, Mərlikin yaxınlığında
Qaluraz adlı yerdə də qazıntılar aparır. Qazıntılar nəticəsində
bünövrəsi daşdan, özü isə ağacdan olan
binaların qalıqları aşkara
çıxarılmışdır. Bu
tikintilərdən bir qədər kənarda nekropol yerləşir.
Əli Hakemi, bu mədəniyyətin antik mənbələrə
görə Qızılüzən çayı vadisində məskunlaşmış
mard tayfalarına məxsus olmasını güman edir. Qaluraz tapıntıları e.ə. minilliyin ilk əsrlərinə
aid edilir.
Ziviyə kəndi sakinləri tərəfindən
saqqız yaxınlığında tapılmış dəfinə
xüsusi maraq kəsb edir. R.Girşan hesab edir ki, bu yeri tutan skiflər
ona öz adlarını vermiş və Saqqız sözü
Saka sözündən törənmişdir.
Göytəpə keramikası Həsənlu
V və IV dövrləri ilə xeyli ümumi cizgilərə
malikdir. Burada
bir çox keramika formaları Həsənluda olduğu kimi
özündən əvvəlki dövrlərlə müqayisədə
dəyişir. Bu dövrə məxsus olan
qabların əyri dimdik formalı lüləyi uzunvari
üfüqi formaya çevrilir.
Buradan metal əşyalardan ancaq dəmir qılınc dəstəyinin
bir hissəsi tapılmışdır.
Boz daşdan yonulmuş, böyürlərində
ieroqlif işarələri olan heyvan fiqurları Göytəpə
üçün səciyyəvidir. T.Berton Braun Göytəpə
tapıntılarını Qafqaz və Aralıq dənizi
materialları ilə müqayisə edir.
Təbrizdən cənubi-şərqdə
yerləşən Yanıqtəpədə arxeoloji
qazıntılar aparılır. Lakin bu qazıntılar, hələlik, çox az material vermişdir. E.ə.
I minilliyin əvvəllərinə aid olan tapıntılar Həsənluda
"Grey Ware Phase" ("boz gil məmulatları
dövrü") dövrünə uyğun gələn boz
gil məmulatlarının üstünlük təşkil
etdiyini göstərir.
Tehran Universitetinin professoru Ə.O.Negahbanın
Qızılüzən (Səfidrud) çayının
aşağı vadisində yerləşən Mərlik təpəsində
apardığı qazıntılar zəngin və çeşidli
materiallar verməkdədir. Buradan qəbirlərdəki
zəngin dəfn avadanlığına görə Ə.O.Negahbanın
hökmdar nəslinə və əyanlara məxsus etdiyi qədim
qəbiristan aşkar edilmişdir.
Ölülər, sağlıqlarında
istifadə etdikləri hər şeylə - içərisinə
yemək və su qoyulmuş adi mətbəx
avadanlığından tutmuş gözəl ayin qabları və
bəzək şeylərinədək, ovçular və
döyüşçülər isə, hətta silahla təchiz
olunmuşlar. Bundan əlavə, Mərlik qəbiristanının
bir xüsusiyyəti də atların hər cür əsləhə
ilə birlikdə, ayrıca basdırılmasıdır.
Görünür, at Mərlikin qədim sakinlərinin
həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən zərgərlik və
keramika məmulatı o dövr sənətkarlarının
zövq və məharətləri, yüksək sənətkarlıq
texnikası haqqında çox şey deyir.
R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə
görə, Zibia, görünür, əhalinin
yaşadığı yer - şəhər yox, daha
mühüm yaşayış məskənlərinə gedən
yolu kəsən və ancaq qoşun yerləşən adi
istehkam məntəqəsi olmuşdur.
Ziviyə dəfinəsi əşyaları
e.ə. IX-VII əsrlərə aid edilir. Ziviyə dəfinəsi bu əraziyə
bir tərəfdən güclü qonşuların (təcavüzünün)
gücləndiyi, digər tərəfdən isə yeni
köçəri tayfaların daha intensiv axınının
başlandığı həmin "hərc-mərclik
dövrü"nü özündə əks etdirir. Bütün bunlar təsərrüfat formalarında
dəyişikliklərə, əhalinin təsviri sənətində
müxtəlif üslubların qarışmasına və
paralel mövcudluğuna səbəb oldu.
Kubanyanı və Şimali Qara dənizyanı
skif kurqanlarının sənət abidələri ilə
müqayisə edilən Ziviya dəfinəsinin skif üslubu
qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin
sonuna və VI əsrin əvvəllərinə aid edir.
R.B.Barnet Ziviyə dəfinəsini müxtəlif
dövrlər və ayrı-ayrı üslublarda
hazırlanmış əşyalarla birlikdə dəfn
sayır. Bütün
bu əşyaların tapıldığı sarkofaki təsvirlərinə
və formasına görə, o, e.ə. VII əsrin
sonlarına aid edir.
A.Qodar əşyaların əksəriyyətini,
R.Girşman isə onların ancaq bir qismini (digərlərini
o, aşşurlar və ya skiflərə aid edir) mənşəcə
yerli hesab edirlər.
A.Qodar ilk, eləcə də, sonrakı nəşrlərində
güman edir ki, skiflər mannalıların incəsənətini
qəbul etmiş və bu sintez sayəsində sonralar Ön
Asiya və Orta Rusiyada yayılmış "skif heyvani
üslubu"nu yaratmışlar.
S.İ.Rudenko özünün
"İskusstvo Altaya i Peredne Azii" (Moskva, 1961) əsərində
Ön Asiya incəsənəti (qismən də Ziviyə əşyaları)
ilə Altay və Şimali Qara dəniz kurqanlarından
tapılmış əşyalarda bəzi ümumi cizgilər
aşkara çıxarır. Lakin o, Ön Asiya incəsənətinin
skif tayfaları incəsənətinə təsirinin
izahını düzgün saymır. O, eyni zamanda, qeyd
edir ki, Şimali Qara dənizyanı abidələrində
qabarıq əks olunan e.ə. II minilliyin birinci yarısına
aid edilən Ön Asiya incəsənəti ünsürləri,
xüsusilə də, "skif heyvani üslubu" vaxt
ötdükcə, Qara dənizyanı skiflərin Ön Asiya
ilə əlaqələri zəiflədikcə tənəzzülə
uğrayır və sadələşir. E.ə.
V əsrdə Qara dənizyanı skiflərinin incəsənətinə
Girşman incəsənəti öz təsirini göstərir.
Skif incəsənətinin Ön Asiya incəsənətinin
təsiri altında yaranması nöqteyi-nəzərini
M.İ.Artamonov da müdafiə edir. O, belə hesab edir ki, bu incəsənət nə skif, nə
də Midiya mədəniyyəti olmuşdur; bu, gəlmələrin
qədim Mesopotamiya bədii irsini mənimsəməyə əsaslanan
İran incəsənətidir.
İndi demək mümkündür ki,
Manna incəsənəti gəlmə tayfaların incəsənətinə
təsir etməliydi, belə ki, onların gəldiyi dövrdə
Manna əhalisi oturaq həyat tərzi keçirirdi və
yüksək inkişaf etmiş sənətkarlıq
istehsalına malik idilər. Bunu Ziviyədən tapılmış əşyalardan
başqa əvvəlki dövrə aid edilən Həsənlu
tapıntıları da göstərir.
Bu zonada ən böyük arxeoloji obyekt
Urmiya gölünün cənub sahilində, Həsənlu kəndi
yaxınlığında yerləşən təpədəki
qədim yaşayış məskənidir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs .-
2012.- 13 iyul.- S.14.