Qədim Azərbaycan Manna dövləti ərazisində xırda dövlətlər (və ya şəhər-dövlətlər)

 

Manna dövlətinin meydana gəlməsinədək onun ərazisində bir çox xırda dövlətlər mövcud idi. Akademik Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır və yeni təşkil edilən dövlət Manna adlanır. Manna Assur və Urartu işğallarına qarşı mübarizədə mətinləşirdi. Manna dövləti qonşuların işğalına qarşı özünü müdafiə mövqeyində saxlayır, xarici siyasətini siyasi vəziyyətə uyğunlaşdırır, ayrı-ayrı xırda vilayət hakimlərini vahid mərkəzdə birləşdirməyə cəhd göstərirdi.

Manna dövlətinin meydana gəlməsinədək onun ərazisində bir çox xırda dövlətlər mövcud idi. Akademik Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır və yeni təşkil edilən dövlət Manna adlanır. Manna Assur və Urartu işğallarına qarşı mübarizədə mətinləşirdi. Manna dövləti qonşuların işğalına qarşı özünü müdafiə mövqeyində saxlayır, xarici siyasətini siyasi vəziyyətə uyğunlaşdırır, ayrı-ayrı xırda vilayət hakimlərini vahid mərkəzdə birləşdirməyə cəhd göstərirdi.

E.ə. IX əsrdə Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meşta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər meydana gəlmişdi.

Solmaz Qoşqay özünün "Manna dövləti" əsərində yazır ki, "tarixşünaslıq elmində Urmiya gölünə bitişik ərazilərdə yaşayan tayfaların Manna dövlətinin mülahizəsi daha çox icma quruluşunda yaşamaları mülahizəsi daha çox yayılmışdır". Lakin Urmiyanın hövzə ərazisində Manna dövlətinin təşəkkülünədək e.ə. I minilliyin əvvəllərində burada kiçik siyasi qurumların mövcudluğu barədə ümumi şəkildə olsa da mülahizələr söyləmişdi. İ.M.Dyakonov. "İstoriya Midii" və İ.Əliyev "İstoriya Midii" əsərlərində bu barədə məlumat vermişlər. Arxeoloji materialların, eləcə də, ərazinin adıçəkilən mixi yazılı mənbələrinin təhlili göstərir ki, vəziyyət heç də belə olmamalıdır. Urimiya gölündən cənubda Həsənlu qazıntıları nəticəsində aşkar edilmiş areoloji materiallar e.ə. X əsrin sonu və e.ə. IX əsrin əvvəllərinə aid olan mixi yazılı mənbələrə yeni baxımdan yanaşmağa imkan verir.

Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisinin özündə assurlarla mübarizə aparan bir neçə "çarlıq" var idi, burada ayrı-ayrı "çarlıqların" birləşməsi prosesi gedirdi, və bunun sayəsində onlar uzun müddət Assuriya işğalçılarına müqavimət göstərə bilirdilər.

Assuriya dövlətinin güclənməsinin yeni dövrü e.ə. X əsrin sonundan - IX əsrin əvvəlindən başlanır. Bu vaxtdan etibarən assurlar şimala və şimal-şərqə xüsusilə tez-tez yürüşlər edir, bir-birinin ardınca bu torpaqları tutmaq və onların sakinlərini əsarət altına almaq üçün ilk cəhdlər göstərirlər. Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə olsun adı II  Adedierari (e.ə. 911-891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir.

Y.A.Şpayzerin əsərinin ikinci hissəsi II Aşşurnasirapalın Zamuaya ikinci hərbi yürüşünün təhlilinə həsr olunmuşdur. O, aşşur mənbələrində adı çəkilən toponimləri müasir yerlərlə lokalizə etməyə cəhd göstərmişdir. "E.A.Speister. Southern Kurdistan in Annals of Ashurnasirpal and Today. AASOR, 1928, 7 səh. 14-29".

Artıq e.ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda, onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayəti şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasiraial (e.ə. 883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəmsək üçün Babit aşırımında (indiki Dərbənd-i-Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasiraial Daqara "bölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.

E.ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasiraialın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu "çar" adlandırır və paytaxtın - Zamri şəhəri olmağı haqqında məlumat verir.

Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı "çar şəhəri" Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasiraial təqibi davam etdirərək, ölkəni viran qoydusa da, çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Görünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasiraial Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.

İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Aruştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar Sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə, Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, II Aşşurnasiraial Araşturanın şəhərlərindən çıxıb getmişdir. Lakin görünür, Aruştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi.

Assurlar dəfələrlə məlumat verirlər ki, Zamirdə "onun (Amekanın) əmlakı və mülkiyyəti", çoxlu "mis əşya, vaza, qab-qacaq, mis, cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.

N.B.Kankovskaya öz tədqiqatlarında göstərir ki, yaşayış vasitələri istehsalının inkişafı, emaledici sahənin, o cümlədən, bədii sənətkarlığın yaranması ilə əlaqədar dağlıq əyalətlərin əhalisi idxalatdan asılı olmayaraq, öz xüsusi istehsallarını genişləndirə bilərdilər. N.B.Yankovskayanın fikirlərilə tam razılaşmayan S.Qaşqay göstərir ki, Zamua ərazisindən adicə xammal deyil, sənətkarlıq istehsalı əşyalarının aparılması göstərir ki, N.B.Yankovskayanın gəldiyi nəticələr ən azı e.ə. I minilliyin əvvəlləri üçün bu əyalətlərə şamil edilə bilər.

Ameka çarlığında şəhər-qalalardan əlavə, "çar" şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirində və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş proffesional sənətlər göstərir ki. Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir.

II Aşşurnasiraial Zamua zonasında uzun müddət qaldığına görə, burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsinin sonralar Zamua və ya Mazamua adlandırırlar. (Zamua su bitani).

Zamua rayonlarını işğal etməyin və orada əyalət yaratmağın assurlar üçün çox böyük əhəmiyyəti vardı. Məhz bu dayaq nöqtəsindən assurlar Şərqə yürüşlər etməyə başladılar.

Daxili Zamuada ən iri siyasi vahidlər Nikdimenin və Nikdiaranın (və ya Mikdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti idi. E.ə. 855-ci ildə Nikdiaranın hökmranlığı dövründə Urmiya gölü sahilində onun və III Salmanasarın döyüşçüləri arasında dava olmuşdu.

Nikdime və Nikdiara öz adamları ilə birlikdə gölün digər sahilinə çıxmağa çalışırdılar. Onlar dost ölkənin köməyinə ümid bəsləyirdilər. Lakin III Salmanasar göstərir ki, "mən dəniz döyüşü təşkil etdim, onlara qalib gəldim, dənizi yun kimi onların qanı ilə boyadım". Həmin məlumatda bu əyalətdə adları çəkilməyən çoxlu şəhərlərin də ələ keçirilməsindən danışılır. Tarixi mənbələrə istinad edən S.Qaşqay daha sonra qeyd edir ki, II Aşşurnasiraialın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş "ölkələri" ilə birlikdə assurlara bac verərək qarətlərini, dağıntının, kütləvi qırğının qarşısını almışlar. Assuriya hökmdarlarının Gilzai üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Ölkəni çarlar idarə edirlər. Burada e.ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmranlıq etmiş Asu e.ə. 856-cı ildə III Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır.

III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stellasını qoymağına baxmayaraq, assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdir. IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı. Yuxarıda adları çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır. Ancaq onlara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi. Aşşur mənbələri ilə rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir.

Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e.ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi-siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.

Bundan başqa, mənbələrdə Mannanın ərazisində qala-şəhər haqda məlumatlar var.

E.ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda, asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa başlayırlar. E.ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar arasına alınır və əsil qalalara çevrilir.

Arxeoloji cəhətdən bu proses Həsənulunun V və IV dövrləri arasındakı keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili qalığı aşkar edilmişdir. Onun divarları 38x38x16 ölçülü kvadrat formalı çiy kərpiclərlə hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər boyu dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir. Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür, onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə, mühasirə təhlükəsi yarandıqda, mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri burada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür, Zibia (Uzbna, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin qalıqları vardır.

R.Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan şəhər hesab etmək mümkün deyildir. A.Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Ziba ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A.Qodar 5 kilometr kənarda yerləşən Qpalantu şəhər yerini İzirtu ilə eyniləşdirir. Lakin İ.M.Dyakonov buna şübhə ilə yanaşır.

Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 18 iyul.-  S. 14.