Azərbaycan
multikulturalizm siyasətini dünya ictimaiyyətinə təqdim
edir
Mehriban
Əliyeva: “Qəbələ IV Beynəlxalq Musiqi Festivalı
xalqlar arasında qarşılıqlı anlaşma və
dostluğun möhkəmləndirilməsi işinə xidmət
edir”
Müasir dövrümüzdə
Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirildiyi məkana çevrilib. Bu dövlətin həyata
keçirdiyi mədəniyyət siyasətinin əsasında
formalaşıb. Bakıda keçirilən “Eurovision” Mahnı
Müsabiqəsi ölkəmizin təbliği baxımından
əhmiyyətli tədbirlər sırasındadır.
Müasir dövrümüzdə
Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirildiyi məkana çevrilib. Bu dövlətin həyata
keçirdiyi mədəniyyət siyasətinin əsasında
formalaşıb. Bakıda keçirilən “Eurovision” Mahnı
Müsabiqəsi ölkəmizin təbliği baxımından
əhmiyyətli tədbirlər sırasındadır.
Paytaxtımızda təşkil olunan “Eurovision-2012” mahnı
yarışması təkcə xalqımızın zəngin
mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin,
turizm potensialının təbliği üçün
geniş imkanlar açmaq baxımından deyil, həmçinin,
qısa müddət ərzində əldə etdiyi yüksək
inkişaf səviyyəsini, demək olar ki, bütün
dünyaya nümayiş etdirmək baxımından
böyük əhəmiyyətə malik oldu. Təkcə
Avropada deyil, bütün dünyanın mədəni hissəsinin
diqqət mərkəzində olan mahnı
yarışmasının yüksək səviyyədə
keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin,
müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyevanın böyük səyləri nəticəsində
reallaşdı.
Azərbaycan milli dəyərlərini,
tarixi zənginliyini dünya ictimaiyyətinə təqdim edən
təkcə “Eurovision” musiqi yarışması deyil. Belə ki,
bu yaxınlarda Şəkidə keçirilən “İpək
Yolu” Beynəlxalq Musiqi Festivalı da Azərbaycan milli mədəniyyətinin
təbliği baxımından önəmli olan hadisəyə
çevrildi. Eyni zamanda, Üzeyir Hacıbəyli, Mstislav
Rostropoviç adına Beynəlxalq Musiqi festivalları da nəinki
Bakıya, həm də Azərbaycanın regionlarına
dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının
böyük axınına səbəb oldu. Ölkənin
ictimai-mədəni həyatında nüfuzlu, dünya
miqyaslı layihələr ardıcıl olaraq həyata
keçirilir. Qısa bir müddət ərzində
dünyanın müxtəlif ölkələrində Azərbaycan
mədəniyyəti günləri keçirildi. Onu da
vurğulamaq vacib məqamlardandır ki, İtaliya, Ukrayna,
Qazaxıstan və Türkiyə kimi ölkələrdə təşkil
olunan Azərbaycan Mədəniyyət Günləri dövlətimizin
xarici siyasətində mühüm yer tutan ölkələrdir.
Onu da qeyd edim ki, İtaliya, Qazaxıstan və Türkiyədə
Azərbaycan Mədəniyyəti Günləri ilk dəfə
olaraq keçirilirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamlarla dünyaşöhrətli
ədəbiyyat xadimlərinin, böyük söz
ustadlarının yubiley tədbirlərinə start verilib.
Nizami Gəncəvinin 870, Mirzə Ələkbər Sabirin 150,
Mirzə Fətəli Axundzadənin 200, Xurşidbanu Natəvanın
180, Əhməd Cavadın 120, Hüseyn Cavidin 130, Məmməd
Səid Ordubadinin 140, Mirvarid Dilbazinin 100, Xəlil Rza
Ulutürkün 80 illik yubileyləri keçirilir. TÜRKSOY təşkilatı
2012-ci ili bütün türk dünyasında “Axundzadə ili”
elan edilib.
Beynəlxalq əhəmiyyətli
tədbirlərin ölkə daxilində, eləcə də,
xarici ölkələrdə təşkilində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələri
xüsusi olaraq vurğulamaq vacibdir. Bu yaxınlarda Mehriban
xanım Əliyevanın təşəbbüsü və dəstəyi
ilə İtaliyada keçirilən Mədəniyyət
Günləri Azərbaycan üçün əhəmiyyət
kəsb edə bilən rəmzi sonluqla - Roma şəhərinin
“Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə
yekunlaşması milli dəyərlərimizə, ədəbiyyatımıza
töhfə oldu.
Heydər Əliyev Fondunun layihələri
sırasında Milli İncəsənət Muzeyində təşkil
edilən “Fransanın inciləri” sərgisi də diqqəti
çəkən tədbir kimi əhəmiyyətli oldu. Qeyd
etmək istərdim ki, belə bir zəngin eksponatlı nadir sərgi
Fransanın da təcrübəsində ilk dəfə məhz
Bakıda nümayiş etdirildi. Ölkəmizin tarixi və mədəniyyətinin
Roma şəhərində layiqincə təqdim edilməsi
üçün Roma Sivilizasiyası Muzeyində “Azərbaycan
- Odlar Yurdu İpək Yolunda” adlı sərgi təşkil
edilmişdir. Bu sərgi üç ay müddətinə nəzərdə
tutulsa da, çoxsaylı tamaşaçıların və
Roma şəhər meriyasının arzusu nəzərə
alınaraq daha iki ay uzadılmışdır.
Bütün bunlar Azərbaycan
dövlətinin sülhsevər olduğunu və multikulturalizm
siyasətini dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan
mədəniyyətinin inkişafı, təbliği, dünya
müstəvisində daha əhəmiyyətli yer tutması,
eyni zamanda, yeni-yeni yaradıcılıq nümunələrinin
meydana çıxması, mədəni irsimizin qorunması
istiqamətində genişmiqyaslı işlər
görülməkdədir. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət
bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı
öz işinə başlayıb. Artıq dördüncü
dəfə Azərbaycanda baş tutan festival mədəni irsimizin, milli incəsənətimizin
inkişafına böyük töhfələrini verməkdədir.
Bu layihələr milli mədəniyyətimizin, o cümlədən,
musiqi sənətimizin dünyada təbliğində müstəsna
rol oynayır, mədəniyyətlərin
qarşılıqlı təmasına, Şərqlə Qərbin
qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası
dialoq məkanı kimi tanınmasına mühüm zəmin
yaradır. Dünya miqyasında mədəniyyət layihəsi
olaraq geniş əks-səda doğurub. Festivalda Böyük
Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə,
Fransa, Polşadan və digər dövlətlərdən
dünya şöhrətli musiqiçilər iştirak edirlər.
Təbii ki, Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
çoxsaylı mədəniyyət layihələri mədəni
irsimizin, milli incəsənətimizin inkişafına
böyük töhfələr verməkdədir.
Mehriban xanım Əliyeva Qəbələ
IV Beynəlxalq Musiqi Festivalının açılış mərasimində
qeyd edib ki, qədim zamanlardan tolerantlıq ənənələrinin
qorunub saxlandığı müxtəlif xalq və dinlərin
nümayəndələrinin əsrlər boyu sülh
içində yaşadığı, mədəniyyət və
sivilizasiyalararası təbliği və inkişafına daim
öz töhfəsini verən Azərbaycan son illər musiqi və
incəsənət festivallarının, konfrans və sərgilərinin
keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici
haldır ki, müxtəlif mədəniyyətlərin
qarşılıqlı zənginləşməsinə səbəb
olan bu tədbirlər ildən-ilə daha böyük vüsət
alır.
Mehriban xanım 2009-cu ildən
Azərbaycanın gözəl guşələrindən biri
olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının
keçirilməsi ilə milli musiqi mədəniyyəti
tarixində yeni ənənənin təməlinin
qoyulduğunu diqqətə çatdırıb: “Beynəlxalq
mədəni əlaqələrinin genişləndirilməsi,
zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə
çatdırılması, xalqlar arasında
qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi
işinə xidmət edən bu festival gözəl bir ənənəyə
çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə
artırır. İnanıram ki, hər il olduğu kimi, bir
çox dünya şöhrətli musiqi xadimlərinin
iştirakı ilə keçirilən builki festival da unudulmaz
musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti
tariximizdə mənalı səhifələrdən biri kimi
qalacaq”.
Azərbaycanın ev sahibliyi
etdiyi festival - Qəbələ IV Beynəlxalq Musiqi
Festivalı bu dəfə də milliyyətindən, dinindən
və siyasi baxışlarından asılı olmayaraq,
bütün musiqisevər insanları Qəbələyə -
gözəl məkana cəmləşdirib.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2012.-26 iyul.-S.3.