Qədim Azərbaycan Manna dövlətində türk mənşəli toponimlər

 

Qədim Mannadakı toponimlər onun Azərbaycan dövləti olduğunu sübut edir. V.V.Bartold, İ.M.Dyakonov, O.T.Molçanov, Y.Yusifov, E.Qrantovski, Qiyasəddin Qeybullayev və başqa tədqiqatçılar Mannadakı bir çox toponimlərin mənasını açmışlar. Q.Qeybullayev yazır: "Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin Qədim Şərq dillərində olmadığını söyləyərək, izahını verə bilməmiş və onları "qədim yerli adlar" adlandıraraq üstündən keçmişlər. "Qədim yerli dillər" dedikdə, onlar süni olaraq quraşdırdıqları "Kaspi dilləri", "Zaqr-Elam dilləri" və s. adlandırdıqları dilləri nəzərdə tutmuşlar. "Kaspi dilləri", "Zaqr-Elam dilləri" ifadələri heç bir konkret mənaya malik deyil.

Qədim Mannadakı toponimlər onun Azərbaycan dövləti olduğunu sübut edir. V.V.Bartold, İ.M.Dyakonov, O.T.Molçanov, Y.Yusifov, E.Qrantovski, Qiyasəddin Qeybullayev və başqa tədqiqatçılar Mannadakı bir çox toponimlərin mənasını açmışlar. Q.Qeybullayev yazır: "Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin Qədim Şərq dillərində olmadığını söyləyərək, izahını verə bilməmiş və onları "qədim yerli adlar" adlandıraraq üstündən keçmişlər. "Qədim yerli dillər" dedikdə, onlar süni olaraq quraşdırdıqları "Kaspi dilləri", "Zaqr-Elam dilləri" və s. adlandırdıqları dilləri nəzərdə tutmuşlar. "Kaspi dilləri", "Zaqr-Elam dilləri" ifadələri heç bir konkret mənaya malik deyil. Həqiqət isə mahiyyətcə konkretdir, mücərrəd mülahizələrdən konkret nəticə çıxarıla bilməz. Aşağıda biz Manna və Midiyanın konkret toponimlərinin və şəxs adlarının mənalarını açacağıq. İndi isə məlum olur ki, bu adlar Altay-türk mənşəlidir və "yerli dillər" dedikdə, türk dilləri nəzərdə tutulmalıdır. Türk mənşəli adlara keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, əsasən, asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Ona görə aldığımız nəticələrin hamısı dəqiq olmaya da bilər. Bu, onunla bağlıdır ki, er. əv. I minilliyə aid adlar VII-XII əsrlərin qədim türk dilləri və müasir türk dilləri əsasında izah olunur. Türk dillərində bir sözün çox hallarda müxtəlif, həm də hərfi və məcazi mənaları vardır. Bundan başqa, bir söz müxtəlif dövrlərdə müxtəlif məna kəsb edə bilər. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaradır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq olmur". İndi isə tədqiqatçıların mənasını izah etdikləri aşağıdakı toponimləri diqqətinizə çatdırırıq.

Parsindu (er. əv. 881-880-ci il). E.A.Qrantovski bu adı İran mənşəli saymış və onu "Fars (Pars)" etnonimi ilə bağlamışdır. Bu, yanlış fikirdir. Mənbədə deyilir ki, Parsindu Ameka adlı bir hakimin qalasıdır. Aşağıda Ameka şəxs adının türkcə olduğunu deyəcəyik. Ehtimal ki, bu qala er. əv. 820-ci ildə Midiyada qeyd olunan Parsan (bəlkə də Parsin) qalasının eynidir. Türkcə bair, bayir "təpə", "yüksəklik", "yarğan", "sıldırım" (buryat - monqolca boori "hündür yer", "yüksəklik"), sin "dağ beli" yaxud, çin(q) "çox hallarda şaquli sıldırımlı yayla", "sıldırım", "sıldırım dağ yarğanı" və tu "dağ" sözlərindəndir. Aydındır ki, qala çətin keçidli, sıldırım yerlərdə tikilə bilərdi. Toponimin birinci komponenti Çal-Bair (Kəlbəcər rayonu), Qızıl-Bair (Zəngəzurun Mehri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarındakı "bair" sözü ilə, ikinci komponenti isə "Cindağ" (Ordubad rayonu) oronimindəki "çin" sözü ilə müqayisə olunur.

Parsindu qalasının adı ehtimal ki, Cənubi Azərbaycanda Mərənd şəhərinin 12 kilometrliyində xarabalıqları qalmaqda olan Baruc adlı qalanın adında qalmışdır. Bu qalanın türk əfsanəvi Əfrasiabın tikdirdiyi Barcuq qalasının adı ilə (erkən orta əsrlərdə uyğurlarda Barçuk-Yurt toponimi məlumdur) oxşarlığı da diqqəti cəlb edir. Yaqut Həməvi (XIII əsr) yazır ki, Səfidrud çayı Parsis dağlarından başlanır. Ehtimal ki, müəllifin "Parsis" kimi qeyd etdiyi oronim, əslində, "Parsin" kimi oxunmalıdır, başqa sözlə, katiblərin səhvi üzündən adın sonundakı "n" (nun) səsi "s" (sin) kimi yazılmışdır.

Bara (er. əv. 881-ci il). Y.B.Yusifov mətndən çıxış edərək, bu toponimi türkcə bərə (qoyun-quzu saxlanılan yer) sözü hesab etmişdir. Qeyd edilməlidir ki, sonrakı assur mənbələrində Manna və Midiya ərazisində Barrua (er. əv. 728-ci il), Uba-Bara (er. 714-cü il), Barunakka və b. toponimlər də çəkilir. Bu toponimlərin də "bərə" sözündən olduğunu demək çətindir. E.A.Qrantovskiyə görə, bu toponimlər Bara tayfasının adını əks etdirir. Maraqlıdır ki, Savalan dağının ətəyində indi də əhalisi türk-azərbaycanlılardan ibarət Bari kəndi vardır.

Arakdi. Er. 881-ci ildə Assur çarı Aşşurnasirpal Urmiya gölünün ətrafına basqın edir və Ata adlı hakimin Arakdi qalasını tutur. Toponim iki cür izah oluna bilər. Türkcə erik, xalxa - monqolca ereq, buryatca erye, kalmıkca erqe (sıldırım, yarğan, uçurum - "(qayanın, dağın) kənarı, sahili" - sözündən və - di(-li) şəkilçisindən ibarətdir. Er. əv. 728-ci ildə adı çəkilən Arakuttu toponimi də belə izah edilə  bilər.

Sanqiu (er. əv. 744 və 737-ci il). Müasir Səhənd dağı ilə lokalizə olunur. E.Qrantovskiyə görə, Avesta dilində sanqha - "əmr" sözündəndir. Aydındır ki, "əmr", "göstəriş" sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) "sıldırım dağ yarğanı", "əlçatmaz dağ", "çətin alınan zirvə" sözündəndir. Altayda "Sanqin-Dalay" toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır.

Surikaş (er, əv. 714-cü il). Türkcə sori - "alçaq, hamar dağ beli", "iki dağ zirvəsini birləşdirən dağ keçidi" və kaş - "qaya", "dağ çıxıntısı", "kənar", "sahil" sözlərindəndir. Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında indi Suridaş adlı kənd vardır. Balakən rayonundakı Soorqaş dağının adı ilə müqayisə olunur.

Uişdiş (er. əv. 714-cü il). Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır. O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi "Beşbarmaq" dağının adına əsaslanır.

Ereşteyana (er. əv. 714-cü il). Araz çayının adından və türkcə tey - "təpə", "qabarıq" sözlərindəndir. "Araz" sözünün Urartu mənbələrində çəkilən "Eriaxi" əyalətinin adından ibarət olması haqqında erməni tarixçilərinin fikri səhvdir. Eriaxi adı Urartu dilində kitabədə Eriahi (ni) adının rusca yazılışıdırsa ("hi" komponentinin "xi" kimi yazılışı), bu addan "Araks", yaxud "Araz" necə alınır? Bu toponimin mənası haqqında başqa mülahizə də irəli sürmək olar: Ereşteyana toponimi Arazdöyən (Cənubi Azərbaycanda Arazbaran mahalı adının məhz qədim Arazdöyən adından alınması, "döyən" sözünün farsca bəran - "sahil", "kənar" sözü ilə əvəzlənməsidir) və Şimali Azərbaycandakı Arazdöyən adının assur dilində yazılış forması hesab edilə bilər. Qeyd edilməlidir ki, toponimin "Ereş" forması indi də Cənubi Azərbaycanda Eris (danışıqda əvvəlinə "h" səsinin əlavəsi ilə heris) adlanır.

Arsianşi (er. əv. VIII əsr). Y.B.Yusifovun şifahi məlumatına görə, Arsi dağ adıdır və bəlkə də şam ağaclığı ilə fərqlənirmiş. Mixi yazıda qeyd edilir ki, Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi "Arsi enişi", "Arsi yanı kənd" kimi mənalandırır. Bizcə, ad türkcə arça - "ardıc kolu", "şam ağaclığı" və enşi - "malikanə", "padşahlıq mülkü" sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında "Harsi", "Arsita" və "Arsindu" toponimləri də məlumdur. Cənubi Azərbaycanda Savalan dağının ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b. yaşayış məntəqələrinin adları ilə müqayisə oluna bilər.

Durdukka (Zurzukka, Sirdakka, Zirdakka variantları da vardır). Mannada bir qalanın adı. Toponimii müxtəlif yazılış formaları onun əslinin müəyyən olunmasını çətinləşdirir. Durdukka (assur dilində "k" "səsinin qoşalaşdırılması ilə) ehtimal ki, türkcə tur, tura - "dayanacaq", "düşərgə", "şəhər" sözündən və duk (-luk) şəkilçisindən ibarətdir. Sirdakka (Zirdakka) forması isə türkcə sirt - "dağ beli" və dağ (taq) "dağ" sözlərindən ola bilər.

Sukka. Mannada bir qalanın adı. Türkcə çoku (özbəkcə çukki, qazaxca şoki), "konusvarı yüksəklik", "dağın şiş zirvəsi, təpəsi" sözündəndir.

Abitikna (er. əv. VIII əsr) Mannada bir qalanın adı. Naməlum "ba" və türkcə tiqey - "dağ zirvəsi", "tələ" sözündəndir.

Uaşdirikka (er. əv. 714-cü il). Mannada bir qalanın adı. Y.B.Yusifov "baş darak" kimi bərpa edir və onu "dişli dağ" kimi mənalandırır. Bizcə, toponim türkcə yoğuş - "yoxuş" və terek - "dişli dağ zirvəsi" sözlərindəndir. Altayda Tas-Terek, Krımda Tarak, Daş, Tuvada Saaday-Terek toponimləri ilə müqayisə olunur. Quruluşca Həmdullah Qəzvininin (XIV əsr) qeyd etdiyi Təbriz yaxınlığındakı Culandarak toponimi ilə eynidir.

İzirta (er. əv. VIII əsr). Mannada bir şəhərin adı. Türkcə izir, izer - "aşırım", "dağ keçidi", "dağ çökəyi" və tay - "tərəf" sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqayisə olunur. Y.B.Yusifov qədim toponimlərdə "ta" komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır. Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Bizcə, bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O.T.Molçanova Orta Asiya və Altay toponimiyasında "tay" sözünə xüsusi tədqiqat həsr etmişdir. O, yazır ki, Yakutiyadan Qazaxıstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz "tərəf", "yer" mənasındadır. V.V.Bartolda görə, qədim türk toponimlərində (məsələn, "Altay" bu söz "ölkə" anlamını ifadə edir.

Uauş (er. əv. VIII əsr). Mannada bir dağın adı, Assur mənbəyində bu dağ "əlçatmaz (sıldırım mənasında) dağ" adlandırılır. İ.M.Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır. Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni "dağ zirvəsi", "yüksəklik", yaxud youş, yəni "pis", "düşmən" sözlərinin təhrifidir. Fikrimizcə, İ.M.Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə, güman ki, assur mənbəyindəki Uauşdur.

Armaiti, Urmayate. Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Lakin bizcə, bu, ağlabatan deyil. Həm də qeyd edilməlidir ki, ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Bizcə, türk dillərindəki arım, irim, yəni "fal", "nişanə", "əlamət", "qabaqcadan xəbər verən", "ovsun", "cadu", "sehr" və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: "Maqlar güman edirlər ki, dinlərinin yaradıcısı Zərdüşt bu şəhərdəndir"). Zaqatala rayonunda Armatian adlı dağ vardır ki, bu da maqların özləri ilə gətirdiyi toponim ola bilər. Gürcü mənbələrində bu bölgədə Movakan, X əsrə aid ərəb mənbəyində Muqkan adlı mahalın qeyd olunması da bunu təsdiqləyir. Y.B.Yusifov Assur mənbələrində adı çəkilən bir sıra Manna toponimlərini sadalamışdır.

Sinixinu (yaşayış məntəqəsinin adı). Assurca yazılış formasında "sinix" və "in" hissələrinə ayrılır (sondakı "u" assur dilində adlıq hal şəkilçisidir). Türkcə sinq, çinq (məsələn, qazaxca şınq, tuvaca şınq və s), "sıldırım dağ yarğanı", "alınmaz dağ" (Gədəbəy rayonunda Şınıx kəndinin adı da bu sözdəndir) və in, "yarğan", "çuxur", "mağara" sözlərindəndir.

Arkaniya (dağ adı). Toponimin birinci komponenti türkcə arka (arxa), yəni "dağ beli", "suayrıcı", "dağın kölgəli tərəfi", (xakasca arğa - "dağ meşəsi", "uzanmış dağ beli"), erqə - "sıldırım yer", "yüksəklik", "düşərgə", "qala, urqa - "yüksəklik", "sıldırım yer" sözlərindən biri ilə əlaqədardır. Midiyada Arkadr (Bisütun qaya yazısında) oronimi ilə eyni mənada ola bilər: türkcə arqu - "dərə", "yarğan", və tör - "yüksək dağ örüşü" sözlərindəndir. Toponimin ikinci hissəsini, güman ki, türkcə an - "yayla yerdə kars (torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik forması) çökəkliyi (çuxuru, uçurumu)" sözü təşkil edir. Müxtəlif fonetik formalarda bu söz Midiyanın Elani (u), Kabani, Uranbarzani və b. toponimlərində də nəzərə çarpır.

İzzibia (er. əv. VIII əsr). Assur çarı II Sarqonun (er. əv. 721-705) Manna ərazisinə hərbi səfəri haqqında mənbədə qeyd olunur. Güman ki, şumercə izi - "od", türkcə issi, izzi (tuvaca iziq, altayca üzü, uyğurca izik, azərbaycanca isti) və Altay dillərində bia - "su" sözlərindən ibarət olub "isti su" mənasındadır. İndiyədək Cənubi Azərbaycanda Ziviyə yaşayış məntəqəsinin adında qalmışdır.

Bunaqiş (dağ keçidinin adı). Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində Babaqış və Zöhrqaş toponimləri məlumdur. Türkcə bun - "dağlarda keçid başlanan yer", "dağ çökəyi" və qaş (dağın qaşı) sözlərindəndir. Güman ki, "bun" sözü Midiyada "Bunisa" toponimində də əksini tapmışdır və Bunisa, əslində, Buniçay adının asurca yazılışıdır.

Qilzan. Urmiya gölünün qərb sahilinin adı. Türkcə qöl - "kol" və ezən - "vadi" sözlərindəndir. Gölün cənub sahili isə Zamua adlanırdı, Zamua hidronimi türkcə zay (say) və mua (bua) - "su" sözlərindəndir.

Aziru (dağ adı). Türkcə izer, izir - "aşırım", "dağ keçidi", "dağ çökəyi" sözündəndir (adın asurca yazılışında sondakı "u" həmin dildə adlıq hal şəkilçisidir).

Buya (Urmiya gölü ətrafında bir çayın adı). Zamua (Urmiya) hidronimindəki "mua" komponenti ilə bəlkə də eynidir. Türkcə biya - "çay" sözündəndir. Ob çayının bir qolu Biya, Tatarıstanda Biya və Muya, Başqırdıstanda Kama çayının sol qolu Bıua, Orta Uralda Vıya, Tümən əyalətində Vıya və b. çay adları ilə eynidir. Xakasiya ərazisində çay adlarında geniş yer tutan termindir.

Simaki (dağ adı). Türkcə çim (asurca "ç" səsi olmadığına görə "sim" kimi verilmişdir.) "torpağın kökləri bir-birinə sarılmış, sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi" və ık (ehtimal ki, qədim forması "ak") - "dağın soyuqdan qorunan yamacı" (oradakı ev heyvanlarının sürüsü soyuq küləkdən və tufandan gizlənir sözlərindəndir. Qazaxıstanda Çimbulak, Çim Kurqan və b. dağ adları ilə müqayisə olunur.

Simirria (Mannada toponim). Assurca yazılış formasında bu toponim simir və-ri (-li) şəkilçisindən ibarətdir. Ehtimal ki, bu ad, əslində, Sivirridir, lakin assur dilində "v" səsi olmadığına görə, onu "m" səsi ilə verirdilər. Türkcə şiver, şiber (buratka şeber, monqolca şiver) - "qalın, sıx meşə", "bataqlıq cəngəllik", "subasar kolluq" sözündəndir. Er. əv. 820-ci ilə aid "Assur mənbəyində Midiyanın Sibaru ("u" adlıq hal şəkilçisidir) qalasının adı çəkilir. Ehtimal ki, mənaca Simirria toponimi ilə eynidir və Saburxast (IX əsr) toponimində qalmışdı.

Axşura (yaşayış məntəqə adı). Türkcə ax - "ağ" və şura - türkcə "göl", udmurtca şur - "çay", türkcə - soru "bataqlıq yer", "duzlu gölməçə" sözlərindəndir. E. əv. 615-613-cü illərdə Manna Midiyaya birləşdirildikdən sonra Manna toponimləri Midiya toponimlərinin bir hissəsi kimi qeyd olunur. Oxucu nəzərə almalıdır ki, Cənubi Azərbaycan ərazisindəki toponimlərin dəqiq lokalizələri yoxdur. Ona görə onların Manna və Midiya toponimlərinə ayrılması şərtidir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru     

 

Səs .- 2012.- 27 iyul.-  S.14.