Qədim
Azərbaycan Manna dövlətinin ictimai-iqtisadi həyatı
Qədim Azərbaycan Manna dövlətində əkinçilik,
maldarlıq, atçılıq inkişaf etmişdi. Manna
dövlətinə dair mənbələrdə bu barədə
məlumatlar var: Mannanın vadi və dağətəyi yerlərinin
əhalisi əkinçiliklə məşğul olur, müxtəlif
dənli bitkilər əkirdilər. Qazıntılar zamanı
burada arpa, buğda, darı qalıqları aşkar
edilmişdir. Əkinçilər torpağı şumlamaq
üçün həm dəmir toxa, həm də
xışdan, biçində dəmir oraqdan istifadə edirdilər.
Qədim Azərbaycan Manna dövlətində əkinçilik,
maldarlıq, atçılıq inkişaf etmişdi. Manna
dövlətinə dair mənbələrdə bu barədə
məlumatlar var: Mannanın vadi və dağətəyi yerlərinin
əhalisi əkinçiliklə məşğul olur, müxtəlif
dənli bitkilər əkirdilər. Qazıntılar zamanı
burada arpa, buğda, darı qalıqları aşkar
edilmişdir. Əkinçilər torpağı şumlamaq
üçün həm dəmir toxa, həm də
xışdan, biçində dəmir oraqdan istifadə edirdilər.
Assur mixi yazılarında Mannada taxıl anbarlarının
olması barədə məlumat vardır. Taxıl saxlamaq
üçün xüsusi binalar tikirmişlər. Adətən,
böyük anbarlar dövlətə, yaxud hökmdara məxsus
idi. Yəqin ki, quraqlıq, yaxud aclıq vaxtı dövlət
anbarlarından əhaliyə taxıl paylanırmış. II
Sarqon Mannanın Sanqibutu vilayətinin taxıl
anbarlarını ələ keçirmişdi. Bu haqda o, belə
məlumat verir: "Ölkənin və əhalinin
yaşayışı üçün onun uzun müddət ərzində
anbarlara yığdığı çoxlu arpa və buğda
ehtiyatlarını at, qatır, dəvə, ulaqla aparmağa
bütün ordumu vadar etdim və öz düşərgəmə
təpə boyda yığdırdım. Adamlarımı zəngin
və doyumlu yeməklə təmin etdim". Eyni zamanda, II
Sarqon Tarui və Tarmakisu istehkamlı şəhərlərinin
anbarlarını da taladı və öz ordusunu yedizdirdi. O,
Aniaştaniya məskənində arpa ehtiyatı olan
anbarları da ələ keçirərək, xeyli məhsulu
və heyvanlar üçün toplanmış samanı
yandırıb məhv etdi. Taxıl anbarları Mannanın
Uişdiş vilayətində də tikilmişdi. Müxtəlif
taxıl növlərinin becərilməsi mannalıların təsərrüfatında
mühüm yer tuturdu. Bəzi hallarda, məsələn, II
Aşşurnasirpal Mannanın Zamua ölkəsindən
taxıl və samandan ibarət vergi alırdı. II Sarqonun
yürüşü zamanı Ullusunu onun ordusunu yeməklə
təmin etmək üçün xüsusi un və şərab
anbarları düzəltdirmişdi. Şərab iri həcmli
küplərdə saxlanırdı. Əkinçilik təsərrüfatının
bir sahəsi kimi, Mannada bağçılıq inkişaf
etmiş, üzümçülük geniş
yayılmışdı.
Solmaz Qaşqay öz əsərində göstərir
ki, yazılı mənbə və maddi mədəniyyət məlumatları
nə qədər lakonik olsa da, biz e.ə. I minilliyin əvvəllərində
Urmiyayanı hövzə əyalətlərində
istehsalın səviyyəsi və təsərrüfat
formaları haqqında müəyyən təsəvvür əldə
edə bilərik. Əsas təsərrüfat növləri hələ
qədimdən əkinçilik və maldarlıq olmuşdur.
Zaqroş dağ sistemi, onun su ehtiyatı və iqlim
şəraiti, indi olduğu kimi, qədimdə də demək
olar ki, özündə təsərrüfat məqsədli
istifadə üçün tükənməz imkanlara malikdir
və münbit çökəklikləri əkinçiliklə
məşğul olmağa şərait yaradırdı.
İranın qərb
hissəsinə, əsasən, qış və yaz fəsillərində
ildə 500 mm-dək yağıntı düşür. Atlantik
qütb hava kütləsinin bu rayona axını sayəsində
yayda dağlara yağış yağır. Silsilənin qərb
yamacları daha rütubətli olduğu üçün
burada dəmyə əkinçiliyi xeyli geniş inkişaf etməli
idi. Min metrdən daha yüksəklikdə yerləşən qəhvəyi
və qara-boz torpaqlarla səciyyələnən ərazi
yağıntı ilə yaxşı təmin olunmuşdur. Beləliklə,
yüksək dağ çökəkliklərində və maili
qərb yamaclarında dəmyə əkinçiliyinin
yayılması mümkündür.
Şərq yamaclarında iqlim xeyli qurudur. Belə ki, Xəzər
dənizindən gələn rütubətli hava kütləsinin
qarşısını Elburs dağının qolları kəsir.
Burada suvarma və su təchizatında kəhriz sularından istifadə
olunur. Elburs, Talış və Boqrovdağ silsilələri Xəzər
dənizinə yönəlmiş şərq yamacları hədsiz
yağmurlar nəticəsində güclü kəsintilərə
məruz qalmış və enliyarpaqlı sıx meşə zərlə
örtülmüşdür. Urmiya gölünə
tökülən Cağay və Tatay çaylarının
vadiləri çox münbitliyi ilə fərqlənir.
Assuriya çarları basqın etdikləri ərazidən
bol qənimət ələ keçirdiklərini, yerli
hökmdarlardan hər il bac topladıqlarını bildirirlər.
Birdəfəlik bac, adətən, taxılla
alınmırdı, çünki kənd təsərrüfatı
məhsulları ehtiyatından yürüşün
özündə qoşunu dolandırmaq üçün
istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara,
metal və metaldan hazırlanan məmulat daha çox
maraqlandırırdı. Lakin illik bac olaraq, hər il başqa
şeylərlə yanaşı, taxıl da
alınırdı.
Həsənluda aparılan qazıntı işlərinin
nəticələri rayonun iqtisadiyyatında əkinçiliyin
çox mühüm yer tutduğunu söyləməyə
imkan verir. Burada iki və altı cərgə arpa, bir neçə
növ buğda və darı yetişdirilirdi. Digər tikintilər
sırasında burada içərisində müxtəlif kənd
təsərrüfatı məhsullarının
qalığı olan anbarlar da aşkar edilmişdir.
Əkinçilik qədim əhalinin əsas peşələrindən
biri olduğuna görə, əkinçilik texnikası
yüksək səviyyədə inkişaf etdirilməli idi. Dəmir
dövrünə keçdikdən sonra əkinçilik alətləri
təkmilləşdirilməyə başlandı. Tarlalar
ağac kotanla, dəmir toxa ilə şumlanırdı.
Taxıl dəmir oraqla biçilirdi. Həsənluda
qazıntı zamanı dəmir toxalar və dəmir oraq tiyələri
tapılmışdır.
Təsərrüfat haqqında xüsusilə çox
məlumatı II Sarqonun e.ə. 714-cü ildə Urartuya
qarşı yürüşünün müfəssəl təsvirindən
almaq mümkündür. Bu təsvirdə Mannada və onun
tabeliyindəki vilayətlərdə arpa ilə dolu
anbarların ələ keçirilməsindən, zəngin əkinçilik
rayonlarının var-yoxdan çıxarılıb xaraba
qoyulmasından danışılır.
İstilaçının keçdiyi bütün yol boyunca
mannalılar onun qoşununu ərzaqla təmin etməyə məcbur
idilər. Məsələn, deyilir ki, Manna çarı
Ullusunu Zirdakka qalasında "mənim (II Sarqonun) qoşunumu
yedirib- içirmək üçün anbarlara un və şərab
doldurmuşdur".
Zikirtu ilə döyüşə hazırlaşanda II
Sarqon Mannanın Panziş qalasını möhkəmləndirmişdi:
"Onun (Ullusununun) qalası Panzişə...
yaxınlaşdım. Bu şəhəri daha da möhkəmləndirdim,
onun içərisinə yağ, dən, şərab və
döyüş ləvazimatını qaldırdım".
Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli
bağlar və üzümlüklər salmağa imkan verirdi.
Bizə məlum olduğuna görə, Urartu çarı I
Rusa mannalılardan zəbt etdiyi Sanqibutu vilayətinin Ulxu şəhərinin
ətrafında kanallar çəkdirmişdi. "O axar su
aparan kanal qazmış və onu Fərat çayı kimi gur
axmağa məcbur etmişdir. Kanaldan saysız-hesabsız
arxlar ayırmışdı... zəmiləri həqiqətən
suvarırdı". Bu təsvir Tuşna şəhərinə
çəkilmiş Minuanın yaxşı qalmış
kanalını xatırladır.
Solmaz Qaşqay daha sonra qeyd edir ki, əkinçiliklə
yanaşı, maldarlıq da təsərrüfatın ən
mühüm sahələrindən biri idi.
Cənubi Azərbaycanın şimali-qərb hissəsi
- Qaradağın ətəklərinin Muğan düzü ilə
qovuşduğu yerlər yaxşı qış
otlağıdır. Zaqros dağları sistemində geniş təbii
otlaqlar vardır və burada ayaqaltı yemlə milyonlarla
mal-qara saxlamaq mümkündür.
Manna ərazisində qaramal, davar, at
saxlanılması mixi yazılardan bəllidir. Burada köçəri
maldarlıq (yaylaq maldarlığı) inkişaf etmişdi.
Mal-qara yazda dağlara sürülür, payızda vadilərə
gətirilirdi. B.B.Piotrovskinin fikrincə, ola bilsin ki, Urartu
çarlarının yürüşlərinin vaxtı yaylaq
maldarlığı ilə bağlı imiş. Daha çox qənimət
ələ keçirmək mümkün olsun deyə,
yürüşlər ya mal-qara dağlara sürülənə
qədər, ya da dağdan qaytarılandan sonra edilirdi. Bu
mülahizənin düzgünlüyünü o da təsdiqləyir
ki, Həsənlu ərazisinə yürüş və qədim
qalanın dağıdılması yayın sonuna təsadüf
etmişdi: buradan üzümlə dolu qablar
tapılmış, görünür, şərab çəkmək
üçünmüş.
II Sarqon bildirmişdi ki, düuzu ayı (iyun-iyul
aylarına müvafiqdir) "qoşun yığmaq və
düşərgə salmaq üçün" buyurulubdur.
Yürüşlərin təsvirinin sonunda adətən
çoxlu qaramal və davar aparıldığı haqqında
məlumat verilirdi.
II Aşşurnasirapal Daqara ölkəsindən və
bütün Zamuanın çarlarından bac alaraq, "at,
qaramal və davar" tələb edirdi. III Salmanasar
Mannanın adını ilk dəfə çəkəndə,
buradan "saysız-hesabsız qaramal və qoyun" ələ
keçirdiyini söyləyir.
I Argişti Aza vilayəti və Mannada külli miqdarda
mal-qara ələ keçirir. O, məlumat verir ki, 2411 baş
qaramal, 6140 baş davar, 170 at və 62 dəvə
aparmışdır. Aza vilayətində, əsasən, əkinçilik
və bostançılıq geniş yayıldığına
görə, mal-qaranın hesabı bütövlüklə
Mannaya aid edilir.
I Argiştinin oğlu II Sardurinin kitabəsində bir
neçə vilayətdən, o cümlədən, Puluadidən
ələ keçirilən mal-qara sadalanır və sayı
göstərilir. Puluadi ölkəsinin payına təkcə bir
yürüş zamanı ələ keçirilən təqribən
1400 baş at, 1200 başdan çox qaramal və 18 min
başdan çox davar, 115 baş dəvə düşür.
Manna çarlığının vilayətlərində
atçılığa çox böyük əhəmiyyət
verilirdi. Qafqazda və Ön Asiya vilayətlərində at ən
azı e.ə. III minillikdən məlum idi. Bizim III minilliyin
birinci yarısına aid Elam təsərrüfat sənədləri
arasında ayğır, madyan və dayçalara aid məlumatlar
vardır.
Kassilər dövrünə aid Babil sənədlərində
və incə-sənətində at
xatırlandığına görə, onun əhliləşdirilməsini
kasirlərlə əlaqələndirirlər.
Atçılıq tədricən daha geniş yayılır.
O, iqtisadiyyat və hərbi işdə aparıcı mövqe
tutmağa başlayır, bəzi əyalətlər
atçılığın inkişafı üzrə
ixtisaslaşır. Mannanın təsərrüfat həyatında
atın əhəmiyyətinin güclənməsini
köçmə maldarlığın inkişafı ilə
bağlayırlar. Mal-qaranın sayının çoxalması
otaqların genişlənməsini, maldarların get-gedə
öz yaşayış məskənlərindən daha da
uzaqlaşmasını tələb edirdi. At köç
yurdlarını yaşayış məskənləri ilə
birləşdirən əsas nəqliyyat vasitəsinə
çevrildi.
E.ə. II-I minilliyin ayrıcında və xüsusilə
I minilliyin əvvəlində minik atından hərbi məqsədlərlə
istifadə edilməsi, süvariliyin yayılması irandilli əhalinin
məskunlaşması ilə əlaqədar idi.
Görünür, qonşu xalqların süvari
qoşunları məhz öz silahlı süvariləri ilə
güclü olan irandilli tayfalarla mübarizədə təşəkkül
tapmışdı.
Atçılıq sürətlə yayılır,
iqtisadiyyatda və hərbi işdə getdikcə daha
böyük yer tuturdu. Urmiya gölünün şimal-şərq
əyalətlərinin təbii şəraiti - təbii otlaqlar
olan alp çəmənləri və münbit vadilər
atçılığın inkişafına imkan
yaradırdı.
Assuriya qaynaqlarında Urmiyaboyu vilayətlərdən
alınan bac sadalanarkən, tədricən at birinci göstərilir,
bəzi vilayətlərdən bac olaraq ancaq at
alınırdı. Mannaya yürüş etmiş
çarların demək olar hamısı belə məlumat
verirdi: "Mannalılardan qoşqu atları bac aldım".
Zamuadan, Gilzandan, Messidən, Gizilbundadan Assuriya çarına
qoşqu atları göndərirdilər. I Rusa zamanında
urartulular tərəfindən tutulan, lakin Assuriya
çarının köməyilə yenidən Mannaya
qaytarılan Manna vilayəti Subinin əhalisi at yetişdirməkdə
xüsusilə mahir idi. II Sarqonun kitabəsində bu barədə
ətraflı danışılır: "Həmin vilayətdə
yaşayan adamların bütün Urartuda süvari qoşun
üçün at əhliləşdirməkdə tayı-bərabəri
yoxdur. Öz geniş ölkəsində, öz çar alayı
üçün bəslədiyi və hər il vergi kimi
aldığı kiçik dayçaları, Urartu
adamlarının mannalılar ölkəsi
adlandırdıqları Subi vilayətinə gətirirdilər,
boy-buxununa baxmayınca, minib səyirtməyincə, gərdişə
gəlməyi, dövrə vurmağı, dönməyi,
döyüş üçün vacib olan bütün vərdişləri
öyrətməyincə, bu dayçaları yəhərləmirdilər".
Urartu hökmdarı I Rusanın döyüş
zamanı minik atlarından istifadə etməsi II Sarqonun:
"öz qoşununu sıraya düzdü, onları
qaçağan minik atlarına mindirdi və silah verdi" məlumatından
da bəlli olur.
Subi vilayətinin Sanqibutu ilə həmsərhəd
zonasında Uşkaya ilə Tarmakisa (indiki Təbriz)
qalaları arasında yerləşən Aniaştaniya məskənini
II Sarqon "ilxılar evi" adlandırır.
Gizilbunda vilayəti qəsəbələrin rəisləri
Mannanın Zirdiakka qalasına II Sarqona qoşqu atları, sayagəlməz
qaramal və davar gətirirdilər.
Mannalı Ullusunu da II Sarqona "qoşqu ləvazimatı
ilə birlikdə qoşu atları" bəxş etmişdi.
Həsənludan tapılan müxtəlif əşyaların
üzərindəki rəsmlərdən görünür ki,
təkərli nəqliyyat da, atminmə də geniş
yayılmışdı. Qızıl və gümüş
camların üzərindəki təsvirlər biratlı və
ikialtı arabaların mövcud olduğunu göstərir.
Bunların bəzisi çox tutumlu idi: ikiatlı arabada
üç adam yerləşirdi. Arabanın dalınca iki
döyüşçü yəhərsiz at aparırdı. Hər
iki arabanın təkərlərində Assuriya və Urartu
arabalarında olduğu kimi, altı dəndənə
vardı.
Həsənluda e.ə. IX əsr layından üzərində
at və atlı təsviri olan ağac relyef
tapılmışdır. Qazıntı zamanı aşkar
edilmiş əşyalar arasında at, qoç və buzov
başı formasında məharətlə
hazırlanmış ritonlar (su içmək üçün
qablar) vardır. Buradan kəm və bər-bəzəkli
qoşqu şeyləri ilə birlikdə dəfn edilən at da
tapılmışdır. At dəfn etmək Naxçıvan
diyarında da geniş yayılmış bir adət idi. Qədim
Şahtaxtı qəbiristanının bir çox qəbirlərində
çoxlu qab-qacaqla birlikdə at skeletlərinə də rast gəlinir,
lakin insan sümüklərinin izləri yoxdur. Mərlik mədəniyyəti
daşıyıcılarının dəfn adətlərindən
də ata xüsusi münasibət bəslənildiyini, ona hətta
müəyyən dərəcədə sitayiş edildiyini
görmək olar. Döyüşçülərin məzarları
ilə yanaşı, atlar üçün ayrı-ayrı dəfn
kameraları qurulurdu. Bu kameralardan at dişləri və tunc gəmlər
tapılmışdır. Kaluraz məhəlləsində
ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər
bir qəbirdən bütün qoşqu ləvazimatı və
bəzək şeyləri ilə birlikdə üç at
skeleti çıxmışdır. Beləliklə,
görürük ki, bu vilayətlərdə əkinçiliklə
yanaşı, maldarlıq və atçılıq da geniş
surətdə inkişaf etmişdi.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs .- 2012.- 28 iyul.-
S.14.