Azərbaycan Xalq Cümhuriyyətində ədəbi-bədii proseslərdə azərbaycançılığın təcəssümü

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi-bədii proses bilavasitə milli ruhun oyanışına, azərbaycançılığın inkişafına xidmət edirdi. Ulu Öndər Heydər Əliyev bu dövr haqqında demişdir: "Xalqımız bu dövrdə - XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər əmələ gəlmiş, böyük bir siyasi-ictimai proses başlanmışdır."

Nigar Ələkbərova "Mədəniyyət və siyasət" əsərində Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyətində azərbaycançılıq ideologiyasının təcəssümü haqqında belə yazır: "Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik qazandı və hər dəfə oxşar vəziyyətlə rastlaşdı. O mənada ki, həm istiqlaliyyət elan edilən 1918-ci ildə, həm də istiqlaliyyət  bərpa olunan 1991-ci ildə olduqca gərgin, ziddiyyətli, təlatümlü bir şəraitdə son dərəcə çətin və ağır problemlərlə üz-üzə qaldı. Arxasız, dayaqsız, təkbaşına əsrin sonunda çıxış yolunu tapmaq, müstəqilliyi əbədiləşdirmək, ərazi bütövlüyünü təmin etmək, tam kompleks təşkil edən siyasi, ideoloji, sosial, iqtisadi, mədəni məsələləri lazımi səviyyədə həll etmək, əsrin əvvəllərində buraxılmış səhvləri təkrarlamamaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən, milli tarixi dərslərindən faydalanmaq lazım idi və indi də lazımdır.  Ona görə ki, 1918-ci ildə yaranan ilk müstəqil respublika Azərbaycanın azadlığının, suverenliyinin, istiqlaliyyətinin və demokratiyasının təməlini qoymuş və onun bu ülvi dəyərlərinin gerçəkləşmə təcrübəsi artıq xalqımızın milli-mənəvi sərvətinə çevrilmişdir. Ümumxalq hərəkatı və düşüncəsi olan azərbaycançılıq ideologiyası həyati gerçəkliyini məhz respublikanın yaranması aktında tapmışdır. O dövrün ən böyük nailiyyəti, əlbəttə, milli mənlik, milli istiqlal şüuru, milli ədəbi- hüquqi, fəlsəfi fikrin, ümumiyyətlə, milli məfkurənin formalaşması idi. Eynilə Azərbaycanı bir mövcudiyyət, bir milli anlayış kimi doğma xalqa və bütün dünyaya çatdırılması və tanıtdırılması idi.

Bu illərdə ədəbi-bədii proses siyasi, ideoloji, sosial-iqtisadi və mənəvi mühitlə sıx bağlı olduğundan bu proses güclü inkişaf edirdi. Nigar Ələkbərova bu barədə yazır: "Bu yolda Demokratik Respublikanın öz böyük mədəniyyətinin rolu xüsusilə qeyd edilməlidir. Həmin mədəniyyət çox rəngarəng idi, lakin ümumilikdə sosial-mənəvi intibah pafosu ilə fərqlənirdi. Mədəniyyətin oyanışı bir çox sahələrdə-elmdə, təhsildə, mətbuatda, nəsrdə, poeziyada, dramaturgiyada, musiqidə, tənqiddə özünü büruzə verirdi."

Bu dövrdə milliliklə mədəni millətçilik vəhdət təşkil edirdi. Tədqiqatçılar mədəni-kultural millətçiliyin mahiyyəti haqqında geniş bəhs etmişlər. Millətçilikdə etnik (kultura) və vətəndaş (siyasi) millətçiliyi fərqləndirmək lazımdır. Belə ki, kultural millətçilik yerli dili, ənənəvi həyat tərzi, adətlər və s. saxlamaq tərəfdarı kimi çıxış edir. Vətəndaş millətçiliyi isə, hər şeydən əvvəl, siyasi muxtariyyəti və suverenliyi qoruyub saxlamaq uğrunda mübarizə aparır. Ə.Tağıyevin fikrincə, türkçülük kultural millətçiyə, azərbaycançılıq isə vətəndaş millətçiliyinə aid edilə bilər. Təqribən bu cür mövqedən çıxış edən digər tədqiqatçıların fikrincə, "milli ideologiya" və "millətçilik ideologiyası" terminlərini fərqləndirmək lazımdır. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, "milli" anlayışı ilə "millətçilik" anlayışını qarışdırmaq düzgün deyildir. Belə ki, "millətçilik" anlayışı bir millətin keyfiyyətlərini şişirtmək, nöqsanlarına isə göz yummaq yolu ilə onu digər millətlərə qarşı qoymaqdırsa, "milli" anlayışı millətin öz milli mənliyini, milli şüurunu, mədəniyyətini, dinini, tarixini, adət-ənənəsini və s. layiqincə qiymətləndirilməsini, bununla yanaşı, digər millətlərə də hörmət və ləyaqətlə yanaşmasını ifadə edir. Dar mənada "millətçilik anlayışı hər hansı bir millətə olan mənsubiyyəti, milli dili, mədəniyyəti, milli psixologiyanı, mənlik şüurunu ifadə edirsə (məsələn, milli dil, milli psixologiya, milli mənlik şüuru, milli təəssübkeşlik, milli mentalitet, milli özünüdərk, milli mənsubiyyət və s.), "milli" anlayışı "dövlət" anlayışı ilə sinonim (milli iqtisadiyyat,  milli ordu, milli sərhədlər, milli ərazi, milli komanda və s.) işlənir. Müasir mənada ideologiya cəmiyyətin onun siyasi sisteminin iqtisadi, siyasi, ictimai və mənəvi fəaliyyətində əsas kimi qəbul etdiyi və rəhbər tutduğu ideya və prinsiplərin cəmini ifadə edir. Məhz bu səbəbdən də, ideologiya heç vəchlə sözün dar mənasında tamamilə milli məzmun ala bilməz. Bu, ideologiyanın məhdudlaşdırılması və cılızlaşması, ucuz populist məzmun alması olardı. Hər bir cəmiyyətin müxtəlif həyat sahələrinin idarə edilməsi konkret ölkənin bütün spesifik cəhətləri nəzərə alınmaqla bəşəri ideya və prinsiplər, bu ideya və prinsiplərin zəminində duran sosial, siyasi və iqtisadi qanunlar əsasında həyata keçirilməlidir. Bir cəhəti də qeyd etmək lazımdır ki, milli ideologiyanın rolunu mütləqləşdirmək olmaz, o, müvəqqəti və keçicidir. Ümumiyyətlə, heç zaman, heç yerdə xalis milli ideologiya ola bilməz. Hər xalq, hər ölkə və sivilizasiyalar şəbəkəsində yaşayır, onlar bir-birindən təcrid oluna bilməzlər.

Professor Yaşar Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi-bədii prosesinə milli ruhla bağlılığı haqqında göstərmişdir ki, bədii prosesi tənzim edən və yaradanlar-başda M.Ə.Rəsulzadə, ideoloq Mirzə Bala, parlamentin sədri Ə.M.Topçubaşov, parlamentin sədr müavini Ə.Ağaoğlu, S.Məmmədzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, habelə, C.Məmmədquluzadə,M.Hadi, H.Cavid, A.Şaiq, Ə.Müznib, S.Mümtaz və b. idi. Xüsusən, "Cümhuriyyət şairi" Ə.Cavad, Əliyusif Rai, Um Gülsüm xanım (M.Ə.Rəsulzadənin qardaşı qızı, S.Hüseynin həyat yoldaşı), Əmin Abid (Gültəkin), C.Cabbarlı, David, Əli Şövqi kimi gənclərin onlarla ehtiraslı şeiri elliklə marşa, himnə, nəğməyə çevrilmişdir. Nəzirə, qəzəl, qəsidə, mərsiyyə, mədhiyyə ənənəsini isə daha çox Ə.Cənnəti, İ.Tahir, A.Müniri kimi yaşlı şairlər davam etdirirdilər.

Ümumiyyətlə, Məhəmməd Hadi və Hüseyn Cavid, Hacı Kərim Sanlı və Əhməd Cavad, Abdulla Şaiq aə Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli, Seyid Hüseyn və Cəfər Cabbarlı, Tağı Şahbazi (Simurğ), Yusif Vəzir Çəmənzəminli və Firidun bəy Köçərli, Um Gülsüm və İ.Aşurbəyli, bilavasitə, Azərbaycan  istiqlalına, milli dövlətə, bayrağa və gerbə, türklük, ictimai və ümumbəşəri dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisist, fəlsəfi-tarixi əsərlərini bu illərdə yazmışlar.

Bədii məhsul məzmunca bir neçə əsas, aparıcı sosial mövzu ətrafında mərkəzləşirdi: bayraqdakı rənglərin- türklük, islam və müasirlik idealının mədhi, türk və islam tarixinin tərənnümü, çağdaş modeldə ilk müstəqil, suveren milli dövlətin dəstəklənməsi, onun yaranması salnaməsinin, milli dövlətçilik ideologiyasının ifadəsi, təsbiti, ordunun hərbi uğurlarının bədii təminatı; ermənilərin Qarabağ davası, Azərbaycanda dinc əhalinin vəhşicəsinə qətli və ərazilərin talan olunması, daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət ocaqlarını yandırması, 18-31 mart hadisələri, millətin türk keçmişinin və islam tarixində şəhidlik və qəhrəmanlıq səhifələrinin mədhi və yada salınması; şimaldan yaxınlaşan qara dumandan və vətənin başı üstünü almaqda olan təhlükədən doğan həyəcan və təşvişin ifadəsi.

Milli intibah, hürriyyət düşüncəsi və istiqlal ovqatlı Hadinin  bu vaxta qədər  yasaqda qalan iki cümhuriyyət dövrü şeirində -"Zəfəri-nəhayəyə doğru" və "Əsgərlərimizə, könüllülərimizə" mənzumələrində, həmçinin, "Aydınlıq bir gecədə təfəkkür dəqiqələri", "Kor soqqur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım"  şeirlərində davam eləyir. Müsavat və istiqbal təranəsi, həmçinin, A.Şaiqin yasaqdan çıxan "İntizar qarşısında", "Arazdan Turana", "Yeni ay doğarkən", "Vətənin yanıq səsi", "Türk ədəmi-mərkəziyyət firqəsinin Müsavata ithaf" etdiyi (marş) şeirələrində davam edir.

Gənc Cəfər Cabbarlının istiqlal mövzulu dörd tribun şeiri uzun müddətdir ki, zorən unutdurulmuşdu. Halbuki onlar 1918-20-ci illərin inqilabi və romantik ədasını xüsusilə qabarıq ifadə edən fəlsəfi-simvolik nümunələrdir: "Sevdiyim", "Azərbaycan bayrağına", "Sevimli ölkəm", "Salam" şeirləri, Romantik aşiq "yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyim" dediyi məşuquna eşq elan edir və onun tarixi simvolikasını belə açırdı.

Cümhuriyyətin sabaha ucuz və döyüş cəngisi, fəth olunan səma və şimşək şərqisi kimi səslərin ən kövrək bədii notlarını isə yenicə açılan poeziya səhərinin ilk qadın şairəsi Um Gülsümün fərdi şeir ədası ifadə edir. Onun "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayıs günündə", kimi şeirləri üzərində ən zərif nisgildən, hürkən təşvişdən bürüntü və tül, xüsusən, "şimaldan gələn duman"dan bir çiskin var.

İqtisadi mövzusu, onun uğur və çətinlikləri, xilaskar türk mehmetciyinin (əsgərinin) obrazı, xüsusən, dövrün, mənəviyyat, məişət və əxlaqla bağlı problemləri bu illərin nəşrində daha geniş yer tutur: "Hürriyyət günəşi" (Simurğ), "Mədən sahibinin fərasəti" (B.Talıblı), "Sınıq qanadlar" (A.Yusifzadə), "Hamamçı", "Dilənçi", "Üç qardaş" (İ.Qəmbəroğlu), "Sərsəm kişi" (Ə.Fəhmi) və s.

Filologiya elmləri doktoru Alxan Bayramoğlu "Azərbaycan Demokratik Respublikası" dövründə ədəbiyyat" adlı əsərində yazır: "Azərbaycan Demokratik Respublikasının süqutundan sonra sovet imperiyasının siyasətinə uyğun olaraq bu dövr tariximizin üstünə qalın qara pərdə çəkilmişdi. Təbliğat maşını öz yalanları ilə həmin pərdənin altındakı Azərbaycan  tarixi, ədəbiyyatı və mədəniyyəti üzərinə aramsız olaraq lənət və iftira çirkabı atır, xalqın milli-tarixi yaddaşının kökü hər cür vasitələrlə və amansızlıqla qurudulmağa, xalqı manqurtlaşdırılmağa, baş məqsəd olaraq yeni tarix və  yeni, vahid sosialist milləti yaradılmağa cəhd edilirdi. Tariximizin digər şöhrətli və fəxr edilməli səhifləri kimi, cümhuriyyəti (respublika) dövrü də təhrif edilir, yalnız nəyisə lənətləmək lazım gələndə, ikrahla "Müsavat dövrü" kimi xatırlanırdı.

Ancaq imperiyanın bütün cəhdləri, dövlət səviyyəsində proqramlaşdırıb intensiv şəkildə həyata keçirdiyi manqurtlaşdırma siyasəti baş tutmadı. Ulu və şöhrətli tarixə, sağlam genetik fonda malik Azərbaycan  xalqının milli-tarixi yaddaşını, genetik əlaqə və bağlarını qurutmaq, məhv etmək mümkün olmadı."

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illik yubileyi mərasimindəki çıxışında ilk demokratik respublikanın liderlərinin, yaradıcı qüvvələrinin, onların qohumlarının ağır məhrumiyyətləri barədə demişdir: "Keçən o illərdə elə olubdur ki, yəqin ki, özünüz də onların qohumu olduğunuzu çox vaxt demək istəməmisiniz. Və təbii idi. Çünki ondan ötrü adamları incidirdilər, həbs, sürgün edirdilər. Əlbəttə, - mən bu gün dedim - bu, 70 il müddətində nə qədər insanlar sürgün olundu, həbs olundu, nə qədər adam qırıldı.

İndi mən çox məmnunam ki, bu bayram gününə siz də gəlmisiniz, iştirak etmisiniz. Mən demişdim ki, kimi tapmaq mümkündür, onları dəvət etsinlər. Siz də gəlmisiniz, iştirak etmisiniz və biz bu bayramı bir yerdə qeyd etdik. Mən sizi bir daha təbrik edirəm. Bu bayram münasibətilə sizin hamınıza cansağlığı arzu edirəm. Mən öz mitinqimdə də dedim və indi də deyirəm,- onların əziz xatirəsi bizim hamımızın, bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.-1 iyun.- S. 14.