Hüseyn Cavid və milli ideya: türkçülüklə azərbaycançılığın vəhdəti

 

 Türkçülük ideyalarının alovlu tərənnümçülərindən biri də Hüseyn Cavid idi. Onun əsərlərində türkçülüklə azərbaycançılıq vəhdət təşkil edirdi. Filologiya elmləri doktoru Aybəniz Kəngərli yazır: "XIX yüzilin sonu, XX yüzilin əvvəllərində yetişən türkçülər nəslinin görkəmli nümayəndələrindən biri kimi Hüseyn Cavid təkcə Azərbaycan türkləri üçün yazmırdı, bütün türk dünyası üçün yazırdı, Cavid üçün türklük bir bütöv idi, tam idi. Ümumtürk ədəbi dilinin nə olduğunu anlamaq üçün Hüseyn Cavid əsərlərinin dilinə baxmaq kifayətdir.

Türkçülük ideyalarının alovlu tərənnümçülərindən biri də Hüseyn Cavid idi. Onun əsərlərində türkçülüklə azərbaycançılıq vəhdət təşkil edirdi. Filologiya elmləri doktoru Aybəniz Kəngərli yazır: "XIX yüzilin sonu, XX yüzilin əvvəllərində yetişən türkçülər nəslinin görkəmli nümayəndələrindən biri kimi Hüseyn Cavid təkcə Azərbaycan türkləri üçün yazmırdı, bütün türk dünyası üçün yazırdı, Cavid üçün türklük bir bütöv idi, tam idi. Ümumtürk ədəbi dilinin nə olduğunu anlamaq üçün Hüseyn Cavid əsərlərinin dilinə baxmaq kifayətdir. Hüseyn Cavid üçün vahid türk ədəbiyyatı, vahid türk mədəniyyəti vardı və o ədəbiyyatın, mədəniyyətin içində Hüseyn Cavid vardı. Şəxsən mənə görə, Hüseyn Cavidsiz türk mədəniyyəti ola bilmədiyi kimi türk milləti də ola bilməz. İsmayıl Qaspıralını, Məmməd Əmin Yurdaqulu, Ziya Göyalpı oxuyan, tanıyan, canü-könüldən sevən Osmanlı türkünün Hüseyn Cavidi də onlar qədər tanımaması nə qədər acıdır, ağla, məntiqə sığmayan bir şeydir...

Cavid ömrü türklük üçün, türklük yolunda yaşanmış ömürdü və bu həqiqəti hər bir türkün anlaması gün işığı kimi aydın bir zərurətdir...

Millət öz böyüklərini tanıyanda, böyük olur. Millət Hüseyn Cavid kimi dahilərə malik olduğunu anlayanda, onları sevməyi, dəyərləndirməyi bacaranda millət olur".

XX əsrin 60-cı illərində pantürkist, "pantürkist" damğası vurulduğu zaman Azərbaycan mühacir ədəbiyyatşünası Mustafa Haqqı Türkəqul "Azərbaycan türk şairi Hüseyn Cavid" adlı dəyərli bir əsər yazıb, onu bir daha Türkiyəyə tanıtdı. Bu barədə Aybəniz xanım Kəngərli yazır: "60-cı illərdə Mustafa Haqqı Türkəqul Osmanlı türkünün də türklüyün Hüseyn Cavid adlı böyüyünü, türk qanlı, türk imanlı əzəmətli dahisini tanımamasını yolverilməz saymışdı və gec də olsa, Cavidi Osmanlı türkünə tanıtmaq işini boynuna götürmüşdü.

Müəllif kitabı, sadəcə, "Azərbaycan türk şairi Hüseyn Cavid" adlandırmışdı və o tamamilə haqlı idi. Çünki Cavid təkcə Azərbaycan şairi deyil və sayıla da bilməz, Cavid bütün türklüyə məxsusdur, Cavid türk şairidir, bütün türklərin də onu öz milli şairi kimi tanıması, sevməsi təbiidir, vacibdir.

Mustafa Haqqı bəy "Azərbaycan türk şairi Hüseyn Cavid" əsərini yazanda, bu işi görmək o qədər də asan deyildi - ən azı Cavid haqqında elementar qaynaq, bilgi əldə etmək problemi buna imkan vermirdi. Yəni, müəllif bu əsəri bizə  məlum olan zəngin qaynaqlar əsasında yazmayıb. Amma bütün o məhdud imkanlar daxilində Mustafa Haqqı bəyin əsəri uğurlu alınmışdı və o, Hüseyn Cavidi olduğu kimi tanıtmağa, qismən də olsa, müvəffəq olmuşdu.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Hüseyn Cavidin pantürkist damğası ilə 1937-ci ildə həbs edilib sürgün edildiyinə işarə edərək, onu ümumiləşmiş hadisə kimi təqdim edərək yazır: " -O dövrdə yaşayan dahilərin simvolikləşmiş qürub məqamına - 1937-ci ilə nəzər salmaq istərdik. Nə qədər işıqlı həyatların sonu olan, özü ilə nə qədər parlaq simaları yaradıcı dünyadan qoparıb aparan tarix salnaməsində şəxsiyyətlərin və milliyyətlərin taleyinə qəsd məqamı kimi qalan acılı-ağrılı həmin 37-ci il, sən demə təkcə, Sovetlər çərçivəsində yox, bütün planetdə - Şərqdə və Qərbdə, Şimalda və Cənubda - hər yerdə öz məşhum missiyasını yerinə yetirirmiş.

Həmin bu dəhşətli ildə Avropada faşizmin timsalında gələcək faciələrin təməli qoyulurdu. Hərbiləşmiş qüvvələr təpədən-dırnağa qədər silahlanmış, beyni zəhərli gənclər təkcə yəhudiləri deyil, bütün parlaq düşüncə sahiblərini sıxışdırıb qovmaqdan, qətlə yetirməkdən həzz alırdılar. Haqq sözünü deməyə çalışanlar Avropanın mərkəzində bir yolla, sovetlərdə isə başqa yolla təqib olunurdular; mahiyyət isə eyni idi. İşıqlı simalar qaba qüvvətin, diktaturanın qəzəbinə tuş gəlmişdi. Böyük düşüncə adamları, söz sahibləri ya qətlə yetirilir, ya da Avropanın mərkəzindən Qərbə, oradan da Amerikaya - uzaq Qərbə doğru, sovetlərin mərkəzindən isə uzaq Şərqə - Sibir çöllərinə doğru sıxışdırılırdılar.

Lakin hadisələr formaca eyni, simmetrik olsa da, nəticələr fərqli oldu. Uzaq Şərqə sürgün edilənlər "qaranlıq" dünyasına, uzaq Amerikaya qaçıb gedənlər isə "işıq" dünyasına düşdülər. Kimlərsə yaradıcılıqdan məhrum edildi, kimlərsə yaradıcılıq üçün daha əlverişli bir mühitə düşdü. Qərbin yeni inkişaf potensialı yarandı və onun ağırlıq mərkəzi Avropadan Amerikaya köçdü. ABŞ-ın timsalında bu gün dünyada ən böyük güc mərkəzi olan ifrat Qərb ideologiyası və texnologiyası formalaşdı. Sibir sindromu isə qoca Şərqin dərdlərinə daha bir dərd gətirdi.

Bu gün nə Hitler var, nə də Stalin. Lakin parlaq simaların Şərqdən Qərbə axını yenə də davam edir. "SS" və "ÇK" öz işini gördü, getdi. Lakin əsası hələ o vaxt qoyulan proseslərin təsiri hələ də tam silinib getməmişdir. Bu gün dünya ikiqütblü yox, birqütblüdür. Şərqə sürgün edilənlər yoxdur, ancaq Qərbə "könüllü" gedənlər var və bu yolun yolçuları yenə də işıqlı simalar, parlaq zəka sahibləridir. Bu gün bu prosesin adı dəyişmiş -"ağılların axını" olmuşdur.

Həmin 1937-ci ildə Cavid Uzaq Şərqə sürgün edilmiş, könüllü Uzaq Qərbə gedən M.İqbal isə ömrünü könüllü başa vurmuşdu. Cübran və Cabbarlının isə bu müdhiş ili gözləməyə hövsələləri çatmamışdı. Lakin bu şəxsiyyətləri birləşdirən sadəcə il deyil, həyat amalı, tale yolu, ideya yaxınlığıdır.

Şərqin böyük mütəfəkkirləri ilə müqayisə etdikdən sonra Cabbarlı və Cavidi müqayisə edərək, S.Xəlilov daha sonra yazır: "Biri ideyalar, mahiyyətlər dünyasında qərar tutur və yerdəkilərə sadə bir təzahür kimi baxır, o biri yerdə olanların zahiri pərdəsini götürməklə mahiyyəti də, ideyanı da gerçək həyatın özündən intixab etməyə çalışır.

Əslində, hər iki dahi eyni bir yolu qət edir. Biri səmadan enir, o biri səmaya yüksəlir. Biri həyatın ali məna zirvəsindən həyatın dibinə işıq salır, o biri həyatın dibindən onun ali mənasına doğru insanlarla birlikdə çox çətin bir yüksəliş yolu keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər bir birinin əksinədir. Əvvəlcə özü nura çatıb, insanlara nurdan pay verməklə, insanlarla birlikdə nura doğru yürüş etmək fərqli hadisələrdir. Lakin istiqamətlər fərqli olsa da, məqsədlər, məramlar eynidir.

Bəli, hər iki ədib həm böyük mütəfəkkir, filosof, həm də gözəl sənətkardır. Lakin kim əvvəlcə filosofdur, kim əvvəlcə sənətkar? Bax, əsas fərq də burada üzə çıxır.

Cavid isə əvvəlcədən filosof idi. O, yüksək təhsil görmüş, bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi konsepsiyası, ideyaları olan və bu ideyaları bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid birbaşa yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb həyatın özünə doğru gəlir.

Cabbarlı bir təbiətşünas alim, eksperimentator səyi, entuziazmı ilə yaşadığı maddi dünyanın iç üzünü axtarır; qırır, dağıdır, sökür, yenidən qurur, yenidən sökür, bütün daxili qatları alt-üst edir, açıb bizə göstərir, lakin yenə əsil mahiyyət deyil, yeni bir pərdə, yeni bir illüziya, yeni bir riya, yeni bir saxtakarlıq, haqsızlıq üzə çıxır... Bəs haradadır həqiqət? Bəs mahiyyətə necə çatmaq olar? Bax, bu suallar bütün aydınlığı ilə gözlərimiz önündə canlanır, lakin elə bil ki, cavab tapılmır. "Sevil"də çadranın atılması və guya mahiyyətin, həqiqətin üzə çıxarılması, "Oqtay Eloğlu"nda pərdənin sökülməsi, divarların iç üzünün göstərilməsi, "Od gəlini"ndə, hətta paltardan da xilas olmaq, adət-ənənənin də buxovlarından azad olmaq, islamın da ehkamlarına qarşı çıxmaq cəhdləri - mütləq azadlıq axtarışları... Bütün bunlar, təbii ki, uğurla nəticələnmir. Onda nədir bu axtarışların mənası? Məna elə axtarışın uğursuzluğundadır. Mənfi cavab da bir cavabdır.

Cavid isə lap əvvəlcədən mahiyyət qatında əyləşib bizim bu fani (maddi) dünyada kölgələrin oyununu izləyir. Lakin oxucu həmin bu fani dünyanın içində olduğundan, onu mahiyyət qatına qaldırmaq, ideyalar aləminə yüksəltmək və buradakı mətləbləri ona çatdırmaq o qədər də asan iş deyil.

Cavid üçün əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii üsul və təhkiyə, ola bilsin ki, hətta təsadüfi seçilmiş vasitələrdir. Yəni əsas inkişaf xətti ideya ilə bağlı olduğundan, hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uyğunlaşdırılır. Cavid irəlicədən qoyduğu bir fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə müraciət edir. Bu mövzular ümumbəşəri mövzulardır. Konkret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqətən məlum olan hadisələr də konkret zaman-məkan müəyyənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli etnoqrafik mündəricədən azad olunur, bütün bunlar ancaq rəmzlərlə təqdim edilir və təhkiyə ancaq ideyanın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq üçün bir fon rolunu oynamaqla kifayətlənir. Yəni Caviddə hadisələr ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı detalın elə bir əhəmiyyəti yoxdur. Məhz ona görədir ki, maddi realizm müstəvisində, konkretlik prizmasında Cavid yaradıcılığı tənqidə tab gətirmir.

Mustafa Haqqı Cavidin sovet rejimi zamanı milliyyətçi və vətənpərvər ideyaları təbliğ etdiyinə görə təqib edildiyini göstərir: "Leninin Çarlıq Rusiyası məhkumu millətlərə "Təyini-müqəddərat" haqqı vəd etməsinə rəğmən, məlum olduğu üzrə, bolşevik orduları 1920-ci ilin aprelində Azərbaycanı işğal etdilər." Bu zaman Cavid Azərbaycanın mərkəzi Bakı şəhərində idi. Buna görə də işğalın ilk anından etibarən Azərbaycanın mərkəzində cərəyan edən hadisələrin bizzat şahidi olmuşdur. Azərbaycanın rus orduları tərəfindən yenidən işğalı hər kəs üçün gözlənilməz bir hadisə oldu. Bu hadisə yalnız Cavid kimi milliyyətçi və vətənpərvər münəvvərləri deyil, hətta Azərbaycanın işğalında bolşeviklərə ön ayaq olmuş yerli kommunistləri belə şaşırtdı. Çünki işğalın ilk günlərindən etibarən, Azərbaycanın muzeyləri, kitabxanaları, bank və s.-ləri yağma edilib Moskvaya daşınır, Azərbaycanın minlərcə yurdsevər övladları sorğusuz-sualsız öldürülürdü. Kommunist işğalçıların ilk gördüyü işlərdən biri də bütün mətbuata əl qoymaq və nəşr edilən hər dürlü qəzet, dərgi, proşur və kitabları sıxı senzuraya tabe etmək oldu. Belə bir vəziyyətdə bir çox azərbaycanlı yazarlar kimi Cavidə də susmaqdan başqa bir şey qalmırdı.

Kommunist tənqidçilərinin atəş püskürmələrinə əhəmiyyət verməyərək, Azərbaycan münəvvərlərinə güvənən Cavid daha sonra "Peyğəmbər" və "Topal Teymur" dramlarını yazdı. Bir-birindən gözəl və qüvvətli olan bu əsərlər o zaman bir bomba təsiri yaratdılar. Bu əsərlər dəfələrlə səhnədə nümayiş etdirildi və kitab halında nəşr edildi. Bilxassə, Teymur rolunu ifa edən aktyorun səhnədə dəqiqələrcə alqışlanması o dövrü yaşamış hər azərbaycanlı seyrçinin xatirindədir. Seyrçilər, xüsusilə, münəvvər seyrçilər məmnun ikən kommunistlər cin atına minmişdilər. Məmləkətin bütün mətbuatı Cavid əleyhinə çevrilmiş, çəkişdirən-çəkişdirənə həftələr və aylarla davam edən bu tənqid və küfrlərlə kifayətlənməyən dövrün maarif komissarı Mustafa Quliyev bizzat işə müdaxilə etmək lüzumunu hiss etdi.

Azərbaycan kültür və ənənələrinə düşmən olmaqla məşhur Mustafa Quliyev "İnqilab və mədəniyyət" məcmuəsində nəşr etdirdiyi bir məqaləsində əzcümlə, belə deyirdi: "Hüseyn Cavidlər, Əhməd Cavadlar, Cəfər Cabbarlılar və daha digər bir çox şair və yazarlar ilhamlarını ya əski türk ərəb çöllərindən, ("Peyğəmbər"ə işarədir.- M.H.T.), və yaxud istilalarının ("Topal Teymur"a işarədir - M.H.T.), ya əski Qız qalaları və ya Göy-göllərin füsunkar və simvolik mənzərələrindən alırlar. Bu adamlar məmləkətdəki böyük başarılı işləri görmək istəmirlər.

Bu sözlər, sadəcə, bir tənqidçinin və ya qəzetçinin sözləri deyil, qoca bir nazirin, daha doğrusu, rəsmi bir məmurun sözləri idi. Demək, sovet hökuməti Cavidi rəsmən təqdir etmir, onun tutduğu yolu bəyənmirdi.

Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil edən 1937-ci il başladı. Kremldə Azərbaycan ədəbiyyatı sənəti və ümumiyyətlə, Azərbaycan kültürü əleyhinə tarixin hələ bənzərinə rast gəlmədiyi vəhşi bir plan hazırlanırdı. Azərbaycan xalqının uzun sənələr yetişdirdiyi ən güzidə yazarlar, sənətkarlar, müəllimlər, bir sözlə, məmləkətini, millətini sevən, ona xidmət etməyi şərəfli bir vəzifə bilən münəvvər təbəqə bir anda yox ediləcək və bu sürətlə məmləkət ədəbiyyat və kültür sahəsində ən az bir əsr geri atılacaqdı. Bu cinayəti etmək üçün Kremlin qatillərinə, ələlxüsus, xaricə və daxilə qarşı maskalanmaq lazım idi. 1937-ci ilin başında partiya mərkəzi komitəsi yerli partiya təşkilatlarına, partiya xətti hərəkatına zidd fəaliyyət göstərən yazar və sənətkarları "ifşa" etmək və xalqın nəzərində suçlu çıxarmaq əmrini verdi. Bununla da Cavid və Cavid kimi Azərbaycan ədəbiyyat, sənət və maarifinin mümtaz şəxsiyyətlərinə qarşı "soyuq hərb" açılmış oldu. Artıq Azərbaycanda intişar edən hər dildəki qəzet, məcmuə və başqa yayın vasitələri yazılarının əksəriyyətini "Türkçü", "Turançı", "Panislamist", "İmperialist casusu", "Satqın", "Vətən xaini", daha bilmirəm nə olan bu yazar və sənətkarları suçlu çıxarmağa həsr edirdilər. Universitetlər, institutlar, teatrlar, fabriklər, dövlət müəssisələri və dövlətin hər dürlü təşəkkülündə saatlarca sürən toplantılar bir-birini təqib edir, kürsüyə gələn hər natiq Cavidlərin "əks-inqilabı", "vətən xainliyi" və s. fəaliyyətlərindən basmaqəlib və yıldızlı sözlərlə bəhs edib kürsüdən enir, salondakı alqışlarla onu təsvib edirdilər...

Xülasətən, deyə bilərik ki, kommunist imperialistləri Cavidi vəhşicəsinə öldürsələr də, onun əsərlərini yasaq edib qeyb olmalarına səbəb olsalar da, nəşr etdikləri əsərlərini təhrif və tədil etsələr də, yenə də Cavidi Azərbaycan münəvvərləri və xalqının ona qarşı olan sevgisindən ayıra bilməzlər. Azərbaycan xalqı və Azərbaycan ədəbiyyatı yaşadıqca, Cavid də Azərbaycan ədəbiyyatının dəyərli bir müməssili olaraq yaşayacaqdır".

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 19 iyun.-S.14.