Almas Yıldırım yaradıcılığında azərbaycançılıq ideyaları

 

Mühacirət ədəbiyyatında öz dəst-xətti ilə seçilən alovlu şairlərdən biri Almas Yıldırımdır. Almas Yıldırımın yaradıcılığında azərbaycançılıq ideyalarının tərənnümü əsas yer tutur. Abid Tahirli "Azərbaycan mühacirəti" əsərində Almas Yıldırım haqqında yazmışdır: "Haqqında bəhs etdiyimiz dövrdə (söhbət XX əsrin 20-30-cu illərindən gedir -V.Ö.)  artıq sovet sərhədlərinə dəmir pərdə çəkildiyindən, SSRİ ərazisini tərk etmək problemə çevrilmişdi. Lakin bu, nadir hallarda mümkün olmuşdur.

Mühacirət ədəbiyyatında öz dəst-xətti ilə seçilən alovlu şairlərdən biri Almas Yıldırımdır. Almas Yıldırımın yaradıcılığında azərbaycançılıq ideyalarının tərənnümü əsas yer tutur. Abid Tahirli "Azərbaycan mühacirəti" əsərində Almas Yıldırım haqqında yazmışdır: "Haqqında bəhs etdiyimiz dövrdə (söhbət XX əsrin 20-30-cu illərindən gedir -V.Ö.)  artıq sovet sərhədlərinə dəmir pərdə çəkildiyindən, SSRİ ərazisini tərk etmək problemə çevrilmişdi. Lakin bu, nadir hallarda mümkün olmuşdur. Unudulmaz şair Almas Yıldırımın həyatını (1907-ci il Bakı-1952-ci il Elaziq, Türkiyə) izləsək, fikrimiz aydınlaşar. Taleyinə, bəxtinə Hüseyn Cavid, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq kimi dövrünün tufanlarında yaşamaq düşmüş Almas Yıldırım (Almaszadə Yıldırım Əbdül Məhəmməd oğlu) Bakıda ortaali təhsilə yiyələnməş, 20-ci illərdə ədəbi fəaliyyətə başlamışdır və dərhal da "proletar" yazıçıların təzyiq dairəsinə düşmüşdür. Nəticədə, əvvəlcə Dağıstana, sonra Türküstana sürgün olunmuşdur. Burada rahatlıq tapmayan A.Yıldırım çox çətinliklə İrana, 1935-ci ildə isə Türkiyəyə mühacirət edir. Almas Yıldırım 1952-ci il yanvarın 14-də "həsrət qalıb doğma yurdun nazlı, müfiq qucağına, gözlər yaşlı, boynu bükük, vətənsiz" dünyasını dəyişir. A.Yıldırımın həyat və yaradıcılığı A.Zamanov, Ə.Cəfər, S.Rüstəm, R.Zəka, C.Rəmzi, M.Teymurov, H.Hacıyev tərəfindən öyrənilmiş, tədqiq olunmuşdur. Lakin son dövr mətbuatında A.Yıldırımla bağlı məqalələr göstərir ki, "qərib şairin həyat və yaradıcılığını bütün təfsilatı ilə öyrənməyə bir ehtiyac var" ("Odlar yurdu" 1989, may, Almaz Yıldırım, M.Teymurov)."

Göründüyü kimi, A.Tahirli A.Yıldırım haqqında qısa məlumat vermiş, yaradıcılığını geniş araşdırmamışdır. Türkiyəli tədqiqatçı Feyzi Ağüzüm hələ 1953-cü ildə yazdığı "Almas Yıldırımın hal tərcüməsi" məqaləsində şairin milli idealları təbliğ etdiyinə görə sovetlər dönəmində təqib edildiyini göstərir. O zaman Azərbaycan Nəşriyyat Şöbəsində bəyənilərək "Dağlar səslənirkən" adlı kitab halında nəşr edilən bu şeirlər kommunizmə zidd fikirlər daşıdığı üçün yasaq edilmiş və nüsxələri toplanmışdır. Bu durum qarşısında Almas Yıldırım artıq Dağıstanda buraxılmazdı. Onun ətrafına toplanan istiqlalçı qüvvələr də artıq QPU-nu duyuq salmışdı. Bu dəfə o, Türküstana sürüldü. Bu sürgün və şiddətli basqınlardan dərin bir üzüntü duymaqla yanaşı, şair bütün türk dünyasında onu addım-addım gəzdirənlərə hətta təşəkkür belə edir:

-Mənim bu şəkildə dolaşmam onlar üçün daha fəna olur. Məni yurdumun hər bucağında gəzdirirlər, hər tərəfdə yaldızlı qızıl zəncirlərin səsini duymaqdayam. Millətin boynuna asılan hər zəncir halqası mənim kinimi daha da artırır...

Türküstanda (Aşqabadda) daim göz dustağı olan Yıldırım, orada Qafqasiya və iranlı türk şagirdlərinin oxuduğu bir məktəbin tədris müdirliyinə təyin edilir. Bu təyin keyfiyyəti onu yumşaldır ümidiylə, hər fürsətdə "gəl bizim sıralara qatıl, əgər bizimlə bərabər olarsan, sənə daha böyük vəzifələr verəcəyik."

Bütün ilhamını türklük atəşindən, hürriyyət və istiqlal idealından alan şair bu yıldızlı sözlərin heç birinə qulaq asmır, yazdığı milli, atəşin şeirlər gizlicə əldən-ələ gəzir. Böyük bir zövq və həyəcanla oxunan bu şeirlər şairin ətrafında istiqlalçı bir topluluq yaradır. Aşqabad radiosunda şarqı söyləyən müğənnilər bu incə şeirlərə musiqi bəstələyirlər. Fəqət, bu hal uzun sürmür. Almas Yıldırım durumunu yaxından təqib edənlər işi mətbuatda əks etdirirlər. Bunun üzərinə QPU idarəsi Əkbər Ruhi ismində bir kommunisti Bakıdan Aşqabada göndərərək, vəziyyəti tədqiq etməyi ona tapşırır. Əkbər Ruhi Almas Yıldırımın bütün yazılarını tədqiq edərək, bu nəticəyə gəlir: "Almas Yıldırımı Azərbaycanda, Dağıstanda göz açmağa qoymadılar. Fəqət, burada rahatlıq tapmış, istədiyini yazır. Artıq buna meydan verməyəcəyik. Almas Yıldırım gəncdir. Bizim tərəfə keçmək üçün vaxt hənuz müsaiddir. Əgər keçmişindən vaz keçib, sadəcə, sözlə deyil,  felən də bizimlə bir olursa nə əla, yoxsa bundan boyla ağır zərbələrimizə dayanmalıdır..."

Sonra fikrini belə yekunlayır: "Almas Yıldırım ideolojimiz üçün zərərli bir insandır. Bizə inanmaq şərti ilə aramızda qalmaq diləyəndə isə" bu arzusunu mətbuat yolu ilə bildirməlidir (10 ağustos 1932 tarixli "Zəhmət" qəzetəsi)".

Beləliklə, vəziyyət tamamən aydınlaşmışdı. Almas üçün yalnız iki yol vardı - ya Əkbər Ruhinin tələblərini yerinə yetirib, onların səfinə keçmək, ya da milli idealın həyata keçməsi uğrunda açdığı mücadiləni davam etdirmək.

İkinci yolu seçən şair Əkbər Ruhiyə cavab vermədi. Artıq Aşaqabadda qalmayacağına qərar verdi. Orada evləndiyi azərbaycanlı qızı və üç aylıq oğlu Azərlə birlikdə 1933-cü ilin iyununda İrana doğru gedən bir qaçaqçı karvanına qatıldı. Sərhəd boyunda şair İran  hüdud keşikçiləri tərəfindən yaxalanır və ailəsi ilə birlikdə 25 gün həbsdə qaldıqdan sonra Tehrandan gələn bir əmrlə Məşhədə göndərilir.

İran şairin ruhunu oxşamadı. Orada qaldığı bir neçə ay ərzində düçar olduğu ruhi vəziyyətini "Azərin dostu" adlı şeirində bu tərzdə ifadə edirdi:

 

Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına,

Gözlər yaşlı, boynu bükük, vətənsizmi öləcəyəm?..

Göz dikərək yad ellərin şəfa verməz ocağına,

Böylə qərib, bir parçacıq kəfənsizmi öləcəyəm?..

 

Almas Yıldırımın "Əsir Azərbaycan" şeiri azərbaycançılıq ruhunun təcəssümüdür:

 

Nerdə məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə "layla balam" çağıran,

Azərbaycan, mənim baxtsız anam oy,

Neçə bir il həsrətinlə yanam, oy?..

 

Salam desəm, ruzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy!..

Hökm etsə, bu sərsəm gediş dursa oy!..

 

Xəbər alsam Muğanımdan, Milimdən,

 Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum oy!..

Ölməz eşqim, içimdəki dərdim oy!..

 

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nedəm qürbət eldə günü mən,

Sənsiz nedəm Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taxtım oy!..

Oyanmazmı kor olası baxtım oy?!.

 

Almas Yıldırımın bayatılarında da vətən həsrəti, vətənsevərlik ideyaları öz ifadəsini tapmışdır. F.Ağüzüm Almas Yıldırımın bayatılarından bəhs edərkən yazırdı: "Əfsanələrdən Qaf dağı olaraq anılan o qorxunc, divli-pərili dağların, div yapılı qəhrəmanlar gözəllikləri dünyaca tanınmış pərilər qədər ilahi gözəllər yetişdirən məkanın Qafqas dağlarından başqa bir yer olmadığını görənlər təslim edərlər. Dağlarında qanad çapan laçınlar, qartallar, tərlanlarla boy ölçüşən Şamillərin, Cavad xanların, Səlim xanların, Qaçaq Nəbilərin diyarı olan bu ölkənin göy Quzğunun mavi yaxasına yaslanan parçasında odyurdlular yaşarlar. Adlarını doğub yaşadıqları torpağın içindən fışqıran atəşdən almış olan bu qəhrəman soylular türkün beşiyi Tanrı dağından qopub gələn igid oğuzların bu gün belə qanı qatıqsız olaraq yaşayan boylarındandır.

Əsrlərdən bəri yurduna hücum edənlərlə durmadan əyilmədən çırpışdığı qüvvətin, yazıq ki,  taleyin amansız cilvəsiylə başına çökən uğursuzluq, hicran qəribliklə tükənən Azəri türkünün əvət, bu bədbəxt türkün önündə iki yol açılmışdır. Sürgün qürbət... Hər iki yolun da sonu eyni nöqtəyə çıxar, halbuki onlar bunun tam əksini demişlərdi:

 

Əzizinəm kətan yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Fəqət, onu doğma yurdunda ölməyə belə buraxmadılar, səadətlərin ən böyüyü olan bu diləkdən onu məhrum etdilər. Əcəba, kimlər? Onu özlərindən dinləyiniz:

 

Uşaqlıqda kim salardı beşiyim?

Kimə qaldı mənim evim-eşiyim?

Dörd yanımda sarı soldat keşiyim,

Bağladılar əlimi, həm qolumu...

 

Beləliklə, iki yoldan birincisində gedənlərin türküsü bu... Bunu söyləyənlərin səsi, vəhşi imansız tunduralara yayıldıqdan sonra, kim bilər hansı bir buz parçasına çırparaq, böyük bir əksi-səda şəklində qarlara gömülmüşdür.

İkinci yolda gedənlərin səssiz fəryadları daha həzindir. Qürbətin qəhri... Tanrı bunu dost başına gətirməsin...

Kitaba qonan bu bayatıları toplarkən, bu yolda sözündən ən çox faydalandığım, qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir Azəri anasının yaşlı gözlərini məchul bir nöqtəyə dikərək, söylədiyi bayatını yazdıqdan sonra, o da, mən susdum... Susmaq...

 

Əzizim Vətənə sarı,

Yol gedər Vətənə sarı,

Çıxaydım dağlar başına,

Baxaydım Vətənə sarı...

 

Ah, Vətənim, o ruyi-zəminini özünə şüar edənlər utansaydı barı bir az...

"Dönük qardaş" şeirində Almaz Yıldırım türkçülüklə azərbaycançılığı vəhdətdə təqdim etmişdir:

 

Türk deyincə, özü-sözü mərd olur,

Dost deyincə, ayrılmaz bir fərd olur,

Qardaş deyib dara düşsəm, sığınsam,

Bundan sora bu mana bir dərd olur...

Mən deyim bu vəfasız dağlara,

Öz qardaşı dönük olan ağlara.

 

Türk... O, Altayların dünki ərimi?

Yolundu can qoydum, verdim sərimi.

Düşdügü ağlardan qurtarsın deyə,

 Sərdim ayağına doğma yerimi.

Qardaş ərmağanı tökülən qanlar,

Mana mükafatmı gedən qurbanlar?

 

Mən deyərdim Kayıxandır soyumuz,

Bir qaynaqdan varlığımız, boyumuz.

Dilim dili, yolum yolu, əməl bir,

Bir bayraqda ulduzumuz, ayımız.

Azəri, türk, türkman... Varmı ayrılıq,

Hardan doğdu bu imansız sayrılıq?

 

Alnımızın yazısı qaradır, qara,

Qaradan bir yaylıq yolladım yara,

Yol uzun, yar uzaq, yetişməz əllər,

Türklüyün qanayan qəlbini sara...

Fələk qıymış bəslənən bu diləgə,

Lənət türkü xəncərləyən biləgə!

 

Bir suçumu düşmənə köks gərdigim?

Günahımı Türklügə könül verdigim?

Düşmənin açdığı yaradan dərin,

Ana yurdda öz qardaşdan gördügüm.

Səslənsəydim səs çıxardı hər daşdan,

bəklərsən sağırlaşan bir başdan?

 

Qaçdır əli qanlı çıxdı oyundan,

bilim qəhbəlik varmı soyunda?

Girdigim özyurddan döndərilərkən,

Qanımın axdığı sınır boyunda.

Açan lalələrdən bir çələng hörsəm,

Türklük dünyasına ərməğan versəm..."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

  Səs .- 2012.- 20 iyun.-  S. 14.