Azərbaycan Xalq Cümhuriyyəti dövrünün nəsrində azərbaycançılıq ideyasının təbliği

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə poeziya ilə yanaşı, nəsrdə də milli problemlər, o cümlədən, azərbaycançılıq ideyası təbliğ olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında göstərilmişdir ki, dünyanın ən zəngin ədəbiyyatlarından birini yaratmış, Azərbaycan xalqı tarix boyu haqq-ədalət, bərabərlik, azadlıq idealları ilə yaşamış. bu ideallar uğrunda daim mübarizə aparmışdır. Həmin ideallaronlar uğrundakı mübarizə xalqın əsrlərcə yaratdığı ədəbiyyatda istər folklorda, istərsə də yazılı bədii əsərlərdə əksini tapmışdır.

"Kitabi-Dədə Qorqud". "Koroğlu" eposlarında, digər qəhrəmanlıq dastanlarında, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulib. ədəbiyyat korifeylərinin əsərlərində ümumbəşəri ideallar, humanizm, haqq-ədalət, o cümlədən, insan haqları, azadlıq və vətənpərvərlik ideyaları tərənnüm edilmişdir. Bütün bunlar IX əsrdən etibarən azərbaycançılıq ideyalarının meydana gəlməsinə zəmin yaratmışdır. Bu dövrdə milli birlik, müstəqil dövlətçilik idealları üzərində daha ardıcıl, daha dərindən düşünmə - milli özünüdərk Azərbaycan xalqının daxili ehtiyacı idi. IX əsrin sonu - XX əsrin əvvəllərində, hətta sonralar da, bütün milli azadlıq hərəkatlarının ideoloji əsasında Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi və bu dövrün digər görkəmli yaradıcı ziyalıları dayanırdı. Bu ideyalar, nəhayət, XX əsrin əvvəlində azərbaycançılıq ideologiyasının təşəkkülünə daha güclü təkan verdi. Azərbaycançılıq ideologiyası, Azərbaycanda milli dövlətçilik təfəkkürü dövrün Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli və onlarca digər yazıçı-publisist və maarif xadimlərinin əsərlərində, konkret fəaliyyətlərində əksini tapdı. Bu dövrün ədəbiyyatında xalq kütlələrinin azadlıq istəyi, inqilabi hərəkatın güclənməsi, milli şüurun güclü oyanışı ilə əlaqədar olaraq tənqidi realizm aparıcı istiqamətə çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət alan istiqlaliyyət uğrunda siyasi mübarizə ilə bağlı azərbaycançılıq ideologiyası məzmunca və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə yüksək zirvəyə çatdı. Azərbaycanın şimalında müstəqil dövlətçilik ənənələrinin dirçəlişi və xalqın milli təfəkküründə baş verən oyanış, mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, ədəbi mühitdə də böyük canlanmaya səbəb oldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün nəsrində  təbliğ olunan milli ideyalar, o cümlədən, azərbaycançılıq haqqında filologiya elmləri doktoru Alxan Bayramoğlu yazır: "Dövrün ictimai-siyasi, milli-mənəvi problemlərinin bədii əksində poeziya müəyyən operativliyə malik olsa da, bu işdə nəsrin spesifik imkanlarını inkar etmək olmaz. Milli nəsrimiz Azərbaycan Demokratik Respublikası dövründə ictimai-milli-mənəvi problemlərin bədii əksi üçün öz imkanlarını səfərbər etməyə çalışırdı. Düzdür, o zaman dövrün ictimai-siyasi və milli-mənəvi problemlərinin bədii həllini özündə əks etdirən romanlar "meydana atılmadı" (Bu, əslində, birdən-birə bəlkə də mümkün deyildi. Vaxt və hadisələrin gedişi imkan versə idi, şübhəsiz, bu cür əsərlər yaranacaqdı.). Lakin bədii nəsr təfəkkürü dövrün hadisələrinin mahiyyətinə nüfuz etməyə cəhd göstərir və hələlik, bəzi "xırda-para" bədii nəsr nümunələrini "meydana atırdı". Həmin əsərlər, əsasən, kiçik hekayələrdən, özüpublisist ruhlu hekayələrdən ibarət idi ki, bunu da dövrün tələbində axtarmaq lazımdır. Belə ki, hadisələrin sürətli və dəyişkən inkişafı zamanı lakoniklik; həm də publisist ruhoperativlik bədii ədəbiyyatdan da tələb olunurdu. Nəsr dövrün bu tələbi ilə hesablaşmaqla yanaşı, mövzu dairəsinin genişliyi qayğısına da qalırdı".

Bu dövrün nəsrində öz əksini tapan milli ideyalar haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasında yazılır: "Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları" romanında Azərbaycan gənclərinin həyatı, arzu və amalları, dünyabaxışı və əməlləri ön plana çəkilir. Müəllifin ilk bölümlərini hələ 1909 ildə yazdığı bu əsərə 9 ildən sonra, 1918 ildə yenidən qayıtmasının bir səbəbi də bu dövrdə milli istiqlal arzularının gerçəkləşməsi imkanının güclənməsi və bu yolda gənclərə olan ümidi, inamı ilə bağlı idi".

Ağababa Yusifzadənin romantik ruhlu "Sınıq qanad" əsəri 1918-20-ci illərdə Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları"ndan sonra meydana çıxan ikinci roman nümunəsidir. Əsər ənənəvi məhəbbət mövzusunda olsa da, burada örtülü şəkildə ictimai məsələlərə də toxunulur. Müəllif göstərirdi ki, dövlətin milli kadrlara ehtiyacını ödəmək, istedadlı gənclərə arxa durmaq üçün varlılar da vətəndaşlıq qeyrəti göstərməli, onlara arxa olmalıdırlar. Millətin müstəqilliyi və xoşbəxtliyi hamının birliyindən, bir-birinə yardımından asılıdır.

Azərbaycanın müstəqilliyə can atması Antanta dövlətlərini, rus bolşeviklərini və daşnakları təşvişə salmışdı. Bolşevik Rusiyası hər tərəfdən Azərbaycana qarşı fitnələr törədir, erməni daşnaklarından istifadə edirdi. Belə fitnələrdən ən böyüyü 1918-ci ilin martında erməni daşnaklarının Bakıda, həmçinin, Azərbaycanın başqa yerlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımları idi. Bakı Sovetinin, əsasən, daşnak quldurlarından ibarət olan qoşunları Bakıda minlərlə azərbaycanlını qətlə yetirdilər, qədim binaları, məscidləri dağıtdılar, əlyazmalarını, kitabxanaları yandırdılar. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq kimi qabaqcıl Azərbaycan ziyalıları öz əsərlərində bu vəhşiliyi lənətləyirdilər.

Bakıda erməni daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən birimilyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaltdırdığı  İsmailiyyə binası idi. Binanın  yandırılması bir bir yana, millətə qənim kəsilən daşnaklar İsmailiyyənin sökülməsinə çalışırdılar.

Azərbaycanlılara qarşı, hazırlanan bu qəsdin üstünü açmaq üçün Seyid Hüseyn "Həzin bir xatirə İsmailiyyə" hekayəsini yazmışdı. Dərin lirizmi, güclü vətəndaş  duyğusu publisistik ruhu ilə seçilən bu hekayə İsmailiyyənin həqiqi bədii salnaməsidir. Vətəndaş yazıçıya görə, binanın xalq qarşısındakı bir-birindən dəyərli xidmətlərindən ən qiymətlisi onun siyasi cərəyanlar meydanına çevrilərək, xalqın milli-mənəvi tarixində əvəzsiz rol oynamasıdır. Qabaqcıl Azərbaycan ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Hekayənin sonluğu son dərəcə həyəcanlı və dərin vətəndaş narahatlığı ilə dolu çağırış notları ilə bitir: "Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Coş! İsmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl. Onu səndən ayırırlar. Onu lüzumsuz bir meyit kimi dəfn ediyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir".

Maraqlıdır ki, Seyid Hüseynin bu hekayəsindən sonra "Yaşıl qələm" ədəbi birliyi "İsmailiyyə" müsabiqəsi elan edərək, həmin mövzuda, həmçinin, Azərbaycan bayrağına həsr olunan bir neçə poetik əsərin də üzə çıxmasına nail olur, başlıcası isə, "İsmailiyyə"nin dağıdılmasının və onun timsalında azərbaycanlıların azadlıq və milli istiqlaliyyət duyğularının qırılmasının qarşısı alınır.

Bu mövzuya bir də qayıdan Seyid Hüseyn 1920-ci ildə "İsmailiyyə" adlı yeni hekayə də yazmışdır. Həmin yazıda da binanın xaincəsinə və alçaq niyyətlə yandırıldığı, bundan doğan vətəndaş qəzəbi və hiddəti dərindən duyulmaqdadır. "İsmailiyyə" Cümhuriyyət dövrü ədəbiyyatında zamanın ən başlıca probleminə toxunmaqla milli dövlətçiliyi, milli hökuməti,  "üçrəngli, səkkizguşəli ulduzlu" bayrağı belə böyük ürəklə  alqışlayan, xalqı onun qədrini bilməyə çağıran yeganə bədii nəsr əsəri idi.

Alxan Bayramoğlu Seyid Hüseynin əsərdəki əsas məqsədini açarkən yazır: "Gözlərimə inanmaq istəməyirdim. "İsmailiyyə", o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyəti və istiqlaliyyəti məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz. O gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq, məcburiyyətdən dolayı qəzəbli bir qəhrəman kimi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda  idi".

Buradan bir daha aydın olur ki, "İsmailiyyə"nin taleyi ilə əlaqədar narahalıq, sadəcə olaraq bir binanın uçurulub-uçurulmamasından irəli gəlmir. Bu narahatlığın kökü milli və bəşəri duyğulardan qidalanır. Ona görə də qələbə çalır. Bu uğuru S.Hüseyn iftixar hissi ilə belə təqdim edir: "... Tək bir həqiqət işin hər tərəfini bana kəşf etdi. Bənim bu xüsusdakı məruzələrim dişarı çıx...xatalıdır...başına uçar..." - deyib bəni oradan (İsmailiyyənin yanmış binasının içərisindən-A.B.) konara dəvət edən biganə hami xeyirxahımı sükuta məcbur etdi.

Bilmirsiniz, "İsmailiyyə"nin yandırıla bilmədiyini aləmə isbat edən bir həqiqət hansıdır?

Azərbaycan parlamanı üzərində üç rəngli və səkkiz guşə yıldızlı təmus üçün Azərbaycan bayrağı".

"İsmailiyyə"nin qorunub saxlanılması ilə nəticələnən həmin əsərlər bədii sözün düşmən üzərində qələbəsi idı. Bu qələbə milli özünüdərkdən, milli istiqlaliyyət, milli azadlıq duyğusundan qüvvət alan vətənpərvər yazıçılarımızın, bədii söz sənətimizin təntənəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin dövrünün nəsrində öz əksini tapmış əsas ideyalardan bəhs edən Alxan Bayramoğlu fikrini yekunlaşdıraraq yazır: "Bütün bunlar göstərir ki, Azərbaycan Demokratik Respublikası dövründə nəsr sosial-siyasi, milli-mənəvi və ictimai-əxlaqi problemlərə cəsarətlə müdaxilə edə bilmişdir. Odur ki, onun mövzuproblematika dairəsi rəngarəng olmuşdur. Lakin toxunulan problemlərin ideya-bədii əksinin dərinliyinə gəlincə, bu əsərlərdə ədəbiyyatın və qoyulan problemin ideya-estetik həllinin hələ zəif olduğunu qeyd etməliyik. Bütün bunlar mövcud ictimai-siyasi problemlərin və cəmiyyətdə gedən milli-mənəvi proseslərin hələ dövrün ədəbiyyatı tərəfindən dərketmə və mənimsəmə prosesinin yenicə başlanması ilə əlaqədardır. Çünki Demokratik Respublika dövründə yeni həyatın, yeni düşüncə və yaşayış tərzinin formalaşması hələ təzə başlamış, öz yolunu və istiqamətini kifayət qədər aydınlaşdıra bilməmişdi. Buna ictimai-siyasi, beynəlxalq vəziyyətin mürəkkəbliyi, habelə, ölkədaxili təsərrüfat həyatının və siyasi vəziyyətin tam qaydasına düşə bilməməsi də təsir göstərirdi. Odur ki, bədii söz hələ daha çox üzdə olub fəal cərəyan edən, dövlətin və xalqın istiqlal ideallarının müqəddəratında mühüm rol oynayan problemlərin mümkün qədər operativ işıqlandırılmasına fikir verməli olurdu. Təbii ki, bütün bunlar yaranan əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərinə, mövzunun ideya-estetik həllinə öz təsirini göstərirdi. Təsadüfi deyil ki, nisbətən üzdə olub, qabarıqlığı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqlaliyyət arzusu və idealından irəli gələn vətənpərvərlik hissi dövrün poeziya və nəsrində özünün dolğun bədii əksinii tapmış, lakin sosial-siyasi problemlər bir növ diqqətdən kənarda qalmış, mənəvi-əxlaqi məsələlərin işıqlandırılmasına isə az diqqət yetirilmişdir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 2 iyun.- S. 14.