Azərbaycan Xalq Cümhüriyyəti dövrünün poeziyasında azərbaycançılıq

 

Azərbaycan Xalq Cümhüriyyəti dövründə bütün sahələrdə azərbaycançılıq, türkçülük, osmançılıq arasında münasibətlər tam aydınlaşdırılmamışdı. ABŞ tədqiqatçısı T.Svyatoxovski bu dövrdəki proseslər haqqında yazırdı: "Dildə  ruslaşdırma prosesi dayandırılsa da, yerli ədəbi dilin nəyə əsaslanacağı haqqında hələ də ümumi razılıq yox idi. Azərçilərlə (azərbaycançılıq tərəfdarları -V.Ö.) osmançılar (türkçülük) arasındakı mübahisələr hələ də əks-səda doğururdu...

Müəllif yazır ki, bu dövdə pantürkizm ruhu güclənmişdi, türk xalqlarının siyasi cəhətdən ayrı olmasına baxmayaraq, mədəni, dil, milli-mənəvi dəyərlər, ənənələr baxımdan yaxınlığı təbliğ olunurdu. Bütün bunlar bu dövrün poeziyasına da ciddi təsir etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatının ilk tədqiqatçılarından olan filologiya elmləri doktoru Alxan Bayramoğlu yazır ki, sovet imperiyasının ölkəmizdə hakim olduğu 70 ildən artıq bir dövr ərzində Azərbaycan Demokratik Respublikasının tarixi, dövlət quruculuğu işləri, iqtisadi siyasəti, ədəbi-mədəni həyatı əyri güzgüdə əks olunmuşdur. Siyasi və elmi ədəbiyyatda bu dövr, demək olar ki, kimlərinsə söyülməyi, döyəclənməyi lazım gələndən-gələnə yada düşmüş və hər dəfə də xalqımızın tarixində ləkəli, son dərəcə eybəcər bir səhifə kimi lənətlənmişdir. Bütün bunlar - xalqları özlərinin tarixi-etnik bağlarından qoparıb simasızlaşdırmaq, əvəzində "vahid sosialist milləti" yaratmaq cəhdləri imperiyanın müstəmləkələrdə öz hegemonluğunu əbədiləşdirmək siyasətinə xidmət edirdi. Dövrün ədəbi-tarixi və ictimai-siyasi materialları ilə yaxından tanışlıqdan bir daha aydın olur ki, Azərbaycan Demokratik Respublikası tariximizin ən işıqlı və fəxr olunmalı səhifələrindəndir. Tərəqqipərvər ziyalılarımız onilliklər ərzində uğrunda mübarizə apardıqları milli inkişaf ideyalarının həyata keçməsindən yaranan vəcd və yüksək vətənpərvərlik duyğusu ilə milli müstəqilliyimizi tərənnüm etmiş, Cümhuriyyətin qarşılaşdığı problemlərin qayğıları ilə yaşamış, onların həlli yollarını göstərməyə çalışmışlar."

Alxan Bayramoğlu daha sonra yazır: "Yuxarıda qeyd etdiyimiz kimi, ölkə həyatında gedən siyasi və mənəvi-psixoloji təbəddülat, bir çox xalqlar kimi, azərbaycanlıların da milli mənlik şüur və psixologiyasının formalaşmasına əhəmiyyətli dərəcədə təkan verdi. Tərəqqıpərvər xadimlərimizin məqsədyönlü və ardıcıl fəaliyyət və çarpışmaları da bu işdə az rol oynamadı. Xalqın milli özunüdərk prosesi ictimai-siyasi və inqilabi dəyişikliklər dövründə daha da gücləndi. Artıq hər bu millətin beynini, düşüncəsini məşğul edən məsələ baş verən proseslərdən, aparılan mübarizələrdən onun özünün və yurdunun nə dərəcədə karlı çıxacağı məsələsi idi.

Tədqiqatçı qeyd edir ki, qələm xadimlərimiz başa duşürdülər ki, bütövlükdə, xalqı bu ruhda kökləmək, yəni müstəqillik uğrunda ardıcıl mübarizəyə səfərbər etmək, onu bu haqqa çatmaq üçün milli-tarixi və mənəvi hüququnun olmasına inandırmağı ən təsirli vasitələrindən biri ulu babalanmızın keçdikləri şöhrətli yolu bu günkü nəslə örnək kimi təqdim etməkdir. Çünki hər kəs, o cümlədən, gənclik öz əcdadının, mənsub olduğu soykökün əsilli-nəsilli olmasından daxili bir qürur duyur. Bu qürür insanın həyat amalının uğurlu aqibətində müstəsna rol oynayır. Bunu dərindən dərk etdiyi üçündür ki, şairə Um Gülsüm "Ey türk oğlu" şerində üzünü bugünkü gəncliyə tutaraq deyirdi:

 

Ey türk, sən ey qəhrəman, yigit oğlu Turanın!

Şanlı, yüksək babanın ögüdünü unutma.

Sən də yürü o yolu.

Yürü, əvət özünü hər şeydən qorxutma;

Yürü, əvət bir daha təməddün, irfanın

 Ülvi duyğular versin türkün həssas qəlbinə.

 Hörmət-izzət aldırsın böyük Turan elinə...

 Tarixlərdə həp sənin rəşadətin, hünərin,

 Bildirişin, fırtınan oxunurkən sən neçin

Avropaya qarşı bir

Yersiz, yurdsuz əsir tək boyun büküb durasan?

 

Müəllif göstərir ki, özünün gənc oxucusunu ulu babasının şanlı tarixinə nəzər salaraq, ondan ibrət almağa çağıran şairənin izlədiyi ülvi məqsəd xalqın özünüdərkinə düzgün istiqamət verməkdir. O göstərir ki, bu cür şanlı keçmişə malik bir xalın varislərinin əcdadından xəbərsiz olaraq yad ölkələrin qarşısında əsil-nəcabətsiz bir varlıq kimi boyun büküb büzüşməyə mənəvi haqqı yoxdur. Əks- təqdirdə, öz qüdrətindən bixəbərlikdən doğan yazıqlıq milləti labüd uçuruma və məhvə sürükləyir.

Azərbaycan Xalq Cümhüriyyəti  Ensiklopediyasında göstərilir ki, milli intibah, hürriyyət düşüncəsi və istiqlal ovqatı Cümhurriyyət romantizminin parlaq nümayəndəsi Məhəmməd Hadinin də şeirlərinin leytmotivini təşkil edir. Milli müstəqillik və azadlıq uğrunda mübarizə aparan şair Azərbaycan Xalq Cümhüriyyətinin qurulmasını ruh yüksəkliyi ilə qarşılamış, ona "Şühədayi-hürriyyətimizin ərvahına ithaf", "Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliy-yəmiz" ("Azərbaycan dövləti-növzadımıza") şeirlərini həsr etmişdir. Məhəmməd Hadi sonuncu şeirdə xalqın milli istiqlal ruhunu və əzmini ifadə edərək yazırdı:

 

Çıxsın dilərsə, qarşımıza həp məzarımız,

 Dönməz məzaridən bu dili-əzmkarımız...

 Vicdani-millətə yazılıbdır hu ayəmiz,

Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz.

("Məfureyi-aliyyəmiz")

 

Bu əhvali-ruhiyyə şairin "Zəfəri-nahiyyəyə doğru", "Aydınlıq bir gecədə təfəkkür dəqiqələri". "Kor soqqur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızdırımalı halımda saçmalarım" şeirlərində də davam eləyir. Məhəmməd Hadi "Şühədayi - hürriyyətimizin ərvahına ithaf" şeirində "Sizinlə buldu bu millət şərəfli istiqlal" deyə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının müqəddəs ruhunu həzin təranələrlə oxşayır, "Əsgərlərimizə, könüllülərimizə" silsilə şeirlərində isə yurddaşlarını bu istiqlalın qorunmasına çağırırdı.

Müsavat və istiqlal amalları A.Şaiqin "İntizar qarşısında", "Arazdan Turana", "Yeni ay doğarkən", "Vətənin yanıq səsi", "Türk ədəmi-mərkəziyyət firqəsi" ("Marş") şeirlərində də əksini tapmışdır. "Birləşəlim, türk oğlu, bu yol millət yoludur", - deyən şair hamını milli birliyə səsləyir, Azərbaycan istiqlalının qorunmasına, vətən yolunda əzmkarlığa çağırırdı:

 

İldırımlar gurlasın.

Buludlarım hazırlansın tufana!

Dağım-daşım boyansın həp al qana,

Şimşəklərim parlasın...

"Ölüm " deyə, "Vətən " deyə coşarız.

Bu torpaqlar qanımızla boyansa,

Nəfəsimiz qalınca öc alarız.

 

Eyni motiv o dövrdə nəşr olunmuş "Milli şərqilər" (1919) adlı seçmə şeirlər toplusunun da əsas mövzusunu və vahid ideya-bədii pafosunu təşkil edirdi:

 

Türküstan yelləri öpüb alnımı,

 Söyləyir dərdini sana, bayrağım!

Üçrəngli əksini Quzğun dənizdən

 Ərməğan yollasın yara, bayrağım!

(Əhməd Cavad. "Azərbaycan bayrağına")

 

Cəfər Cabbarlının istiqlal mövzulu şeirləri 1918-20 illərin inqilabi və romantik əhval-ruhiyyəsini, xüsusilə, qabarıq ifadə edən fəlsəfi-rəmzi nümunələr idi. Şair "Yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyim" dediyi məşuqəyə eşq elan edir və onun tarixi simvolikasını belə açırdı:

 

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,

                             bir türk oğlu olmalı.

 Yaşıl boya islamlığın sarsılmayan inamı, ürəklərə dolmalı.

Al boya da azadlığın, təməddünün gümanı,

                              mədəniyyət bulmalı.

 Səkkiz guşə bu ulduz da səkkiz hərfli "Od yurdu ".

Əsarətin gecəsindən fürsət bulmuş quş kimi

                              səhərlərə uçmuşdur.

Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

                              yurdumuzu qucmuşdur.

 

Gənc şairin "Sevdiyim", "Sevimli ölkəm", "Salam" şeirlərində də müstəqil Azərbaycan, türkçülük, turançılıq ideyaları tərənnüm edilirdi.

Cümhuriyyətin ilk qadın şairi Ümmügülsümün şeirləri vətənin sabaha uçuş və döyüş cəngisi kimi səslənirdi:

 

Annəciyim, mənim bu yaşıl dağlar,

Mənsiz nəşə bulmaz çiçəkli bağlar.

Mənsiz bülbül ötməz, çəmənlər ağlar,

Yurduma buraxmam alçaq düşməni...

Ey buzlu şimaldan qopan ruzigar,

Toxunma qəlbimə, atəşi parlar.

Saqın, gəlmə, səni nəfəsim boğar,

Dəf ol, vətənimdə görəməm səni...

("Çəkil, dəf ol")

 

Bu dövr poeziyasında "Cümhuriyyət şairi" Əhməd Cavadın səsi daha gur eşidilirdi. Əhməd Cavadın həyat və yaradıcılığının on parlaq və məhsuldar dövrü XX əsrin 10-cu illərinin ortalarına və Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Bu illərdə onun "Qoşmalar" (1916) və '"Dalğa" (1919) adlı şeir topluları nəşr edilmişdir.

Daim ictimai-siyasi hadisələrin mərkəzində olan Əhməd Cavad Cümhuriyyətin qurulmasını "'Azərbaycan, Azərbaycan!" və "Canım-gözüm, gözüm-canım Azərbaycanım" şeirləri ilə alqışlamışdır. 28 May - istiqlal günü, milli ordu, türk birliyi, üçrəngli, səkkiz guşəli ay-ulduzlu bayraq onun şeirlərinin əsas atributları idi.

Azərbaycan hərbi  birlikləri  ilə  türk ordu  hissələri Bakıya daxil olduqda, Əhməd Cavad əsgər yoldaşları ilə bərabər Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşurdu. "Bismillah" şerini də o, həmin döyüş meydanında yazmışdır:

 

Atıldı dağlardan zəfər topları,

Yürüdü irəli əsgər, Bismillah.

O, Xan sarayından çiçəkli bir qız.

Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi, bizə yol ver, yol. 

Sən ey coşan dəniz. gəl türkə ram ol.

Sən ey sağa, sola qılınc vuran qol.

Qollarına qüvvət gəlir, Bismillah.

 

Şair '"Ey əsgər" şeirində Azərbaycan əsgərinin döyüşdə göstərdiyi şücaəti belə tərənnüm edirdi:

 

Dağa-daşa sancağını öpdürüb.

Duman kimi bu dağları bürüyən.

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüyən.

Yürü-yürü, batan günün izinə,

 Gülümsəyir doğan günəş izinə.

 

Əhməd Cavadın ikinci şeir kitabı olan "Dalğa"da (1919), əsasən, istiqlal dövründə yazdığı şeirləri toplanmışdı. Şair tükənməz ilhamını sonsuz, ülvi məhəbbətlə sevdiyi Azərbaycan milli istiqlalının tərənnümünə həsr etmişdi ("Nədən yarandın", "Azərbaycan bayrağına". "Al bayrağa", "Gəlmə", "Bakı deyir ki...", "Qardaş", "İngilis" və s. şeirlər).

"Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm" deyən Əhməd  Cavad  milli  azadlığı  təhdid edən şimal yelinə, azad dağları bürümək istəyən dumana, milli dövləti devirməyə çalışan təcavüzkar qüvvələrə qəzəblə xəbərdarlıq edirdi:

 

Bu dağlar mənimdir, yeni gün gördü,

 Boğar səni ahım, ey duman, gəlmə!...

 Sən ey gözlərimə batan quruntu.

Sağlam bir imanə səndən nə qorxu?!

Bəslərsə vicdanlar pək böyük duyğu,

Yıxılmaz qaladır hər vicdan, gəlmə!

("Gəlmə'")

 

Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideallarına sadiq qalmış və bu yolda şəhid olmuşdur. Bunu onun Cümhuriyyətin süqutundan, aprel işğalından (1920) sonra yazdığı əsərlər də sübut edir. 1925 ildə yazdığı "Göy-göl" şeirində şair müstəqil Azərbaycanın dövlət bayrağındakı ay-ulduza işarə edərək deyirdi:

 

Sənin gözəlliyin gəlməz ki saya,

 Qoynunda yer vardır ulduza, Aya,

 Oldun sən onlara mehriban daya,

 Fələk büsatını quralı, Göygöl.

Şair bu şerə görə həbs olunmuşdu.

 

Milli istiqlalın qorunmasına çağırış ruhu Ə.Müznibin "Azərbaycan", Balaqardaş Mürşidin "Əsgər şeirləri'" silsiləsi ("Əsgər hərbə gedərkən". "Ana deyir", "Bu günün gənclərinə", "Qarabağda həlak olmuş arkadaşımın ruhuna ithaf"), Davudun "Əsgər şərqisi", "Məqsədimiz", "Azərbaycan ordusuna", "Bir əsgərin dilindən", Ümmügülsümün "Əsgər anasına", "Bir mayıs günündə", Əli Şövqinin "Azərbaycana", Ümid Gəncəlinin "Azərbaycan vətən şərqisi", Əli Yusifin "Bayraq", "Azərbaycanlıya" əsərələrində də güclü idi. Mürşid "Şühədayi-Vətən" şerində yazırdı:

 

Sən də fəxr et, bambaşqadır bu ölüm,

 Bənzəməzsən sən bir adi ölmüşə.

 Cismin əgər gömülmüşsə məzara,

 Ruhun millət qəlbindədir həmişə.

 

İstiqlal poeziyasında orijinallığı ilə seçilən gənc simalardan biri də istedadlı şair Əli Yusif idi. İstiqlalı böyük sevinclə, ruh yüksəkliyi ilə qarşılayan gənc şair istibdad zəncirindən qurtarmağı Azərbaycan üfüqündə doğan sönməz ulduz kimi mənalandırır, ilk dəfə milli dövlət elan edilməsindən qürurla öyünürdü:

 

Ey vətəndaş, bu gün sənin taleyinə

Bir əbədi sönməyəcək ulduz doğur.

 

Bundan sonra Azərbaycan ölkəsində

Azadlığın, istiqlalın kamanısan.

Sənin dəxi bu müqəddəs vətənin var,

Bayrağın var, buludlardan yana çıxar.

 

Bir sözlə, Azərbaycan Xalq Cümhurriyyəti dövrünün poeziyasında azərbaycançılıq, milli ruh, millətçilik, türkçülük, vətənə məhəbbət duyğuları tərənnüm edilirdi.

 

 

VAHİD ÖMƏROV

 

Səs.- 2012.- 5 iyun.- S.14.