Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində azərbaycançılığa göstərilən qayğı

 

Azərbaycançılıq ideyalarına yalnız Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində qayğı göstərilmişdir. Sona xanım Vəliyeva bu barədə yazır: "Totalitar kommunist rejimi dövründə Azərbaycana rəhbərlik etmiş şəxslər, ayrı-ayrı istisnalar nəzərə alınmazsa, demək olar ki, 70-ci illərə qədər respublikada milli mənlik şüurunun dirçəldilməsi, azərbaycançılığa və soykökə qayıdış məsələlərində Moskvanın göstərişlərinə dönmədən əməl edərək, bu  işə sərt maneələr yaratmış, özlərinin "proletar beynəlmiləlçiliyi" prinsiplərinə sədaqətini sübut etmək üçün lazım olduğundan da çox canfəşanlıq göstərmiş, antimilli mövqe tutmuşdular. Onların düşünmədən və bəzən məcburən atdıqları uğursuz addımlar milli ruhda tərbiyə işini daha da çətinləşdirmiş, bəzən də mərkəzin yerli-yersiz hücumları üçün respublikamızı hədəf seçməsinə bir növ əlverişli zəmin yaratmışdı".

Tədqiqatçı daha sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərindəki vəziyyət haqqında yazır: "Yalnız Stalinin ölümündən sonrakı dövrdə, xüsusən də, 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbər təyin edilməsindən sonra Azərbaycan xalqının, ictimai fikrinin mövcudiyyətinin, bütövlükdə, cəmiyyət həyatının ideya-konseptual prinsiplərində yenidən yavaş-yavaş milli-mənəvi dəyərlərin dirçəlişi başlanmışdır. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricilərindən biri respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi hesab oluna bilər. İndi təkcə respublikamızda deyil, həm də dünyanın digər ölkələrində Azərbaycanın intibahı dövrü kimi dəyərləndirilən 70-80-ci illərin xalqımız üçün böyük inkişaf epoxası olması faktı təsdiqlənmişdir. İnsanların qəlbində, düşüncələrində illərlə yığılıb qalmış milli ideyanın - azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli milli azadlıq hərəkatının ideya-mənəvi əsası və hərəkətverici özəyi dərəcəsinə yüksəlməsinə də məhz o illərdəki mühit, inkişaf və düşüncə tərzi əsaslı zəmin yaratmışdır".

Professor Musa Qasımov Ulu Öndərin sovet dövründəki fəaliyyəti zamanı azərbaycançılığın inkişafına imkan daxilində şərait yaradıldığını xüsusi qeyd edir: "Əlbəttə, Heydər Əliyevin fəaliyyətinə sovet dövlətinin yeritdiyi ümumi siyasətdən kənarda baxmaq doğru deyil. Amma danılmaz həqiqətdir ki, o, yaranmış ən kiçik imkanlardan xalqın mənafeləri naminə istifadə edirdi. Ümumiyyətlə, tarixi xadimlərin xidmətlərinə qiymət verərkən, müasir tələblərə nisbətən vermədikləri şeylər deyil, onların öz sələfləri ilə müqayisədə verdikləri yeni şeylər əsas götürülür. Deməli, metodoloji baxımdan Heydər Əliyevin fəaliyyətinə özündən əvvəlki xadimlərlə müqayisədə doğru qiymət vermək olar. Heydər Əliyev özündən əvvəlki rəhbərlərin bacarmadıqlarını böyük məharətlə həll etmişdir. Ondan sonra hakimiyyətə gələnlər isə, nəinki Heydər Əliyevdən irəli getmədilər, əksinə, problemləri həll etməyərək, Azərbaycanı geriyə atdılar. Nəticədə, Azərbaycan aqressiv erməni separatizmi, Ermənistan silahlı dəstələrinin hücumları, azərbaycanlıların tarixi-etnik torpaqlarından vəhşicəsinə qovulması faktı ilə üz-üzə qaldı. Azərbaycan böyük fəlakətlərə düçar oldu.

Azərbaycanlıların birliyi məsələsi Heydər Əliyevin milli dövlətçilik baxışlarının tərkib hissəsi idi. Buna görə də, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra böyük məharətlə azərbaycanlılar arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, xalqla hakimiyyət arasında uçurumun aradan qaldırılmasına nail oldu. O, azərbaycanlıları müxtəlif dövlət, partiya və təsərrüfat orqanlarında vəzifələrə gətirmək üçün onların Kommunist Partiyası sıralarına daha çox daxil olmasına çalışır, məqsədinə böyük əzmlə çatır, xüsusi xidmət orqanlarına azərbaycanlı kadrları yerləşdirir, rütbələr verdirir, siyasi hakimiyyəti möhkəmləndirir, qadınları müxtəlif vəzifələrdə irəli çəkir, milli ruhu gücləndirir, sovet hakimiyyətinin əvvəlki illərində azərbaycanlıların qırılmış inamını bərpa edərək, vətənpərvərlik və millətsevərlik baxışlarını gücləndirirdi. Onun hakimiyyəti illərində azərbaycanlılar vətən deyərkən, əsasən, Azərbaycanı, paytaxt deyərkən Bakını, rəhbər deyərkən Heydər Əliyevi nəzərdə tuturdular. Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri Azərbaycan xalqı arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, siyasi hakimiyyətlə xalq arasında vəhdətə nail olması idi. Bu isə digər sahələrdə onun millət naminə çalışmalarında uğurlar qazanmasına kömək edirdi.

Sona xanım Vəliyeva Ulu Öndərin sovet dövründəki azərbaycançılıq fəaliyyəti haqqında daha ətraflı bəhs etmişdir: "80-ci illərin sonlarından başlamış istiqlal hərəkatının genişlənməsinə aparan çətin, ziddiyyətli tarixi yolun mühüm və başlıca mərhələlərindən biri, şübhəsiz, milli özünüdərk proseslərinin dönüş nöqtəsini qoymuş 70-80-ci illər intibahı idi. Bu illərdə ümumi milli yüksəlişə nail olunmuşbunun da sayəsində xalqın mübarizlik ruhunun formalaşması daha da qabarıq şəkil almışdı.

Respublikada güclü təhsil sistemi formalaşmış, Azərbaycanın zəngin intellektual potensialı yaranmış, xalqın kütləvi maariflənməsinə nail olunmuş, savadsızlıq biryolluq ləğv edilmişdir. Bu mərhələdə, xüsusən, 70-ci illərdə, sözün həqiqi mənasında, Azərbaycan milli düşüncə, milli ruh məktəbi yaradılmışdır. Doğma Azərbaycan dilində gənclərə mükəmməl təhsil verən ortaali məktəb, güclü intellektual potensial formalaşmışdır. Bu, XX əsrin sonlarında milli müstəqilliyə aparan yolda xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir.

Doğma dilin milli psixologiyaşüurun təkamülü prosesində həlledici rolundan yuxarıda bəhs etmişdik. Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev dilimizin keşməkeşli taleyinə yaxından bələd idi. Hələ XVI əsrdə Şah İsmayıl Xətai ilk dəfə ana dilimizi Səfəvilər dövlətinin rəsmi dili səviyyəsinə qaldıraraq, dövlətlərarası yazışmaların tam hüquqlu subyektinə çevirmiş, Avropa ölkələrində tanıtmışdı. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə Azərbaycan dili öz doğma arealında ikinci dəfə rəsmi status almışdı. Sovetlər İttifaqında ideoloji rəhbərlik özünün ali vəzifəsini millətlərin aradan götürülərək, "ümumxalq sosialist dövlətinin" və "vahid sovet xalqının" yaranmasından ibarət görürdü. Odur ki, milli dillərin tətbiq arenası get-gedə məhdudlaşdırılır, məqsədyönlü şəkildə ixtisara uğradılırdı. Reallıq elə idi ki, müttəfiq respublikalar öz konstitusiyalarının hər bir yeni redaksiyasını qəbul edərkən, respublikanın milli dili ilə İttifaqın rəsmi dili arasında seçim qarşısında qoyulurdular. Bu, bir növ, respublika başçıları üçün marksizm-leninizm ideallarına sədaqət testini xatırladan bir ritual idi. Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili haqda maddə ümumiyyətlə olmamışdı. 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 37-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu haqqında bir maddə əlavə olunur. Lakin o zamankı rəhbərliyin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməməsi, hadisələri vaxtından qabaq sürətləndirmək cəhdi bu nəcib başlanğıcı uğursuzluğa düçar etmişdi. Nəhayət, mərkəzi hakimiyyətin bütün maneələrinə baxmayaraq, məhz Heydər Əliyevin rəhbərliyi dövründə ana dilimiz tədricən həqiqi dövlət dili statusu almış və bu tarixi akt Azərbaycan SSRİ-nin 1978-ci il Konstitusiyası ilə hüquqi təsbitini tapmışdı. Bu, həmin dövr üçün azərbaycançılığın əsil təntənəsi sayıla bilərdi".

Sona xanım Vəliyeva haqlı olaraq sovet dövründə azərbaycançılıq ideologiyasının etnomədəni istiqamətdə yenidən dirçəldiyini qeyd edir: "Beləliklə, saysız-hesabsız ziddiyyətlərlə əlamətdar olmuş sovet hakimiyyəti dövrünün sonlarına doğru azərbaycançılıq ideologiyasının yenidən (təəssüf ki, yalnız etnomədəni istiqamətdə) dirçəlməsi müşahidə edilməyə başlayırdı. Bu, əlbəttə ki, daha çox 70 illik müstəmləkə şəraitində kütləvi yaddaşdan sıxışdırılmış bilik və informasiyaların bərpası məcrasında gedirdi. Azərbaycanşünaslığa aidiyyəti olan tarixi, linqvistik, ədəbi-nəzəri, etnoqrafik elmi araşdırmalar güclənir, Ziya Bünyadov, Fəridə Məmmədova, Yaqub Mahmudov, Yusif Yusifov, Tofiq Hacıyev, Aydın Məmmədov, Mirəli Seyidov, Firudin Cəlilov və başqalarının əsərlərində şumer, akkad, elam kimi ölü   dillərin arsenalında, dünya mifoloji fikrinin təzahürlərində türk izlərini tapmaq istiqamətində apardıqları tədqiqatlarda get-gedə sırf elmi-nəzəri kontekstlər azərbaycançılıq faktına çevrilir, milli idraki əhəmiyyət daşıyırdı. 80-ci illərin sonlarına doğru erməni separatçılıq hərəkatının yeni yüksəlişi Azərbaycan milli şüurunun inkişafında əsil dönüş nöqtəsinin başlanğıcının qoyulmasına səbəb oldu".

Beləliklə, Ulu Öndər Heydər Əliyev hələ birinci hakimiyyəti illərində azərbaycançılıq ideyasının dirçəldilməsində müstəsna xidmətlər göstərmişdir. "Dünyanı heyran qoyan insan" kitabında göstərildiyi kimi: "Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamatuğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində o, XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Görkəmli siyasi xadim, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski dövlətimizin başçısı haqqında bu fikirdədir: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir".

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.-2012.- 7 iyun.- S.14.