Müstəqillik dövründə ədəbi-bədii, mədəni-mənəvi proseslər və azərbaycançılıq ideyası

 

Müstəqillik dövründə yalnız siyasi, iqtisadi ideoloji sahələrdə deyil, ədəbi-bədii, mədəni-mənəvi sahələrdə də azərbaycançılıq ideyaları öz təcəssümünü tapmışdır. Mirkazım Kazımov "Azərbaycançılıq - Heydər Əliyevin dövlət quruculuğu prinsipidir" əsərində yazır: "Müəllifi Heydər Əliyev olan Azərbaycançılıq ideologiyasının mərkəzində bütün Azərbaycan cəmiyyətinin birliyi, vəhdəti, vətəndaşların taleyi durur.

Müstəqillik dövründə yalnız siyasi, iqtisadi ideoloji sahələrdə deyil, ədəbi-bədii, mədəni-mənəvi sahələrdə də azərbaycançılıq ideyaları öz təcəssümünü tapmışdır. Mirkazım Kazımov "Azərbaycançılıq - Heydər Əliyevin dövlət quruculuğu prinsipidir" əsərində yazır: "Müəllifi Heydər Əliyev olan Azərbaycançılıq ideologiyasının mərkəzində bütün Azərbaycan cəmiyyətinin birliyi, vəhdəti, vətəndaşların taleyi durur. O, Azərbaycanın hər bir vətəndaşının Prezidenti, Lideri olduğu kimi, onun yaratdığı ideologiya da ölkənin hər bir sakininə xidmət edən ideologiyadır. Böyük Öndərin ali məqsədi, ideyası, həyat qayəsi Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkənin iqtisadi tərəqqisini, xalqın rifahını yüksəltmək idi. Dövlət başçısı, siyasi lider olaraq Heydər Əliyev milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının huquqlarının qorunmasının təminatçısı idi. Ulu Öndər qeyd edirdi ki, ölkə əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. "Azərbaycanlı" məfhumu isə çox geniş və əhatəlidir. Xalqımızın minilliklərdən gələn kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma bu insanların hamısı əsrlər boyu bir millət - azərbaycanlı kimi formalaşıb. "Azərbaycanlı" sözü bu ərazidə birləşdirici rolunu oynayıb.

"Azərbaycançılıq" məfhumunda birləşdirilən və bir sıra mühüm cəhətləri: dil, adət-ənənə, mədəni-mənəvi və dini dəyərləri və digər amilləri əhatə edən milli ideologiyamız daha yığcam və konkret olur".

Azərbaycançılığın ədəbi-bədii, mədəni-mənəvi proseslərlə bağlılığını göstərən müəllif daha sonra belə qeyd edir: "Xalqımızın milli inkişafında, özünü tanıtmasında ədəbi fikrin və milli folklorun böyük təsiri olmuşdur. Bu baxımdan, xalqın həyata və dünyaya baxışı, milli xarakteri bədii əsərlərdə və şifahi ədəbiyyatda öz əksini tapmışdır.

Azərbaycançılıq ideologiyası Qərb və Şərq dəyərlərinin sintezindən yaranan bir xəttdir. Azərbaycanın Avropa və Asiyanın qovuşuğu olan bir coğrafi məkanda qlobal və transmilli xarakter daşıyan layihələrin mərkəzində olması azərbaycançılıq ideologiyasını milliliklə yanaşı, özünəməxsus dünyəvilik səviyyəsinə də qaldırır.

Azərbaycançılıq unikal bir ideologiyadır. Bu məfhumda mədəni inteqrasiya, mədəniyyətlərarası dialoq, ünsiyyət, mədəni dəyərlərin birləşdirici xüsusiyyətləri yüksək dərəcədə kamil və cəzbedicidir. Ona görə azərbaycançılıq, ilk növbədə, öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq deməkdir. Bu baxımdan, o, milli olmaqla yanaşı, həm də bəşəridir, dünyəvidir. Azərbaycançılıq bir təlimdir. O, elə bir təlimdir ki, burada dövlətin və cəmiyyətin mənafelərinə xidmət edən məqbul amillər, əməllər və tədbirlər toplanmışdır.

Hələ milli-azadlıq hərəkatı dövründə ədəbi-bədii prosesdə azərbaycançılıq ideyasının möhkəmlənməsi xəttini diqqətə gətirən Sona xanım Vəliyeva yazır: "Ədəbiyyat adamları, həmişə olduğu kimi, milli hərəkatın yüksəliş illərində də Azərbaycan dilinin və tarixinin müxtəlif məsələlərini diqqət mərkəzində saxlayır, bunlara millətin varlığı üçün ən mühüm amillər kimi yanaşırdılar".

"Dilimiz və taleyimiz" məqaləsində S.Rüstəmxanlı ana dilinin tətbiqi imkanlarının genişləndirilməsi ideyasını önə sürür, yazıçıların 7-ci qurultayındakı çıxışında: "Sosializm ana dilinin məhvidirsə, bizə belə sosializm lazım deyil" kimi ciddi bəyanat səsləndirirdisə, "Həqiqətdən keçən yollar" yazısında yenicə çapdan çıxmış "Filologiya məsələləri" toplusuna istinad edərək, dilimizin elmi-etnoloji aspektdə tədqiqi təcrübələrini örnək göstərirdi. Bundan başqa, göstərilən əsərində Mirəli Seyidovun "Azərbaycan mifik təfəkkürünün qaynaqları", Anarın "Dədə Qorqud dünyası" kimi elmi-populyar əsərləri dilimizin, mədəniyyətimizin alt qatlarına nüfuz etmək cəhdlərinə görə S.Rüstəmxanlı tərəfindən vəcdlə təqdir olunurdu.

İctimai proseslərdə olduqca səmərəli fəaliyyət göstərən şair-publisist təhlil və təsvirlərində sırf azərbaycançılıq xəttini əsas götürməklə məhdudlaşmır, hətta bəzən milli ideologiyamızın nəzəri məsələrinin araşdırılmasına da səy göstərirdi. O yazırdı: "Turançılıq, yaxud azərbaycançılıq?" - təkcə bu günün söhbəti deyil. Mübarizə hərəkatımızın, demək olar ki, bütün yolu bu iki anlayışdan paralel keçir. Bu ikiqatlı idealın torpağa yaxın olan birinci qatı vətənçilik, azərbaycançılıqdırsa, buludlara yaxın ikinci qatı türk birliyinə əsaslanan turançılıqdır". Bir qədər obrazlı ifadə vasitəsi ilə olsa da, S.Rüstəmxanlı milli ideologiyamızın bu iki tərkib hissəsinin sıx bağlılığını, dialektik asılılığını düzgün müəyyənləşdirmiş, həmçinin, maraqlı bir təklif də irəli sürmüşdür: "Görünür, islamçılığı, turançılığı mənəvi, tərbiyəvi bir kateqoriya kimi, birləşdirici vasitə kimi təbliğ etsək də, azərbaycançılığı əməl kimi, bu günün işi kimi qəbul etməliyik. Türkçülüyü biz yalnız müstəqil, güclü türk dövlətlərinin mənəvi birliyi kimi təsəvvür edə bilirik və bu da ilkin mərhələdə hər kəsin öz dövlətinin möhkəmləndirilməsini zəruriləşdirir".

Sona xanım Vəliyeva müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin azərbaycançılığın inkişafı ilə bağlı fəaliyyətinə toxunaraq yazır: "Azərbaycan artıq öz milli mədəniyyəti, ədəbiyyatı və incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına çıxır. Prezidentimizin müvafiq fərmanları ilə dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyinin Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada qeyd olunması, dünya şöhrətli Bülbülün 100 illiyinin Moskvada, Tbilisidə və Ankarada keçirilməsi, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, türk xalqlarının ana kitabı olan "Kitabi Dədə Qorqud" dastanının 1300 illik yubileyinin türkdilli dövlət başçılarının və nümayəndələrinin iştirakı ilə Bakıda və Parisdə - YUNESKO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmış, hər bir həmvətənimizin qəlbində milli iftixar duyğuları oyatmışdır. Mədəni irsimizə diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir, Azərbaycan mədəniyyətinin inkişafı naminə göstərilən xidmətlər yüksək qiymətləndirilir və həvəsləndirilir.

Bazar iqtisadiyyatına keçidlə bağlı kitab çapında, o sıradan bədii kitabların və ələlxüsus klassik ədəbi nümunələrin çapında yaranmış gərginlik qismən aradan qaldırılmış, müasir ədəbiyyatımızı yaşatmaq üçün Yazıçılır Birliyinin orqanlarının - "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Qobustan" jurnallarının, "Ədəbiyyat" qəzetinin dövlət büdcəsinə qəbul edilməsi məhz Prezidentin göstərişi ilə, onun bilavasitə qayğısına və diqqətinə görə olmuşdur. Azərbaycan kinostudiyasının, özəl kinostudiyaların inkişafı daim dövlət başçısının diqqət mərkəzindədir.

Hazırda Azərbaycanda 27 professional teatr, 50-dək xalq teatrı və özəl teatr, 13 konsert təşkilatı fəaliyyət göstərir. İki böyük simfonik orkestr, xalq çalğı alətləri orkestri, bir neçə kamera və estrada kollektivi var. Ölkəmiz üçün ən çətin məqamlarda Opera və Balet Teatrının, balet truppasının, Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının, Dövlət Rəqs Ansamblının qorunub-saxlanması, üstəlik də, yeni xalq çalğı alətləri orkestrinin yaradılması milli mədəniyyətimizin yüksəlişinin göstəricilərindəndir.

Mətbuat azadlığı, söz azadlığı Azərbaycan xalqının gündəlik həyat tərzinə çevrilmişdir. Ölkədə qəzet və jurnalların çapı həddən artıq asanlaşdırılmış, Azərbaycan dövlət televiziyasından başqa ANS, Speys, Lider, ATV, həmçinin, 9 regional müstəqil televiziya kanalının yayımına əlverişli şərait yaradılmışdır. Milli Televiziyanın ictimailəşdirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. İndi artıq Azərbaycançılıq ruhu qəzet, jurnal, kitab səhifələrindən çıxaraq, televiziya və radio efirinin, İnternet şəbəkəsinin sərhədsiz məkanında bütün dünyaya yayılır".

Ulu Öndər Heydər Əliyev azərbaycançılığın bütün türk xalqlarının ədəbi-bədii, mədəni-mənəvi dəyərlərlə əlaqəsini qeyd edirdi. Professor Musa Qasımlı yazır: "Heydər Əliyev hesab edirdi ki, türk xalqlarının yaratdıqları "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" dastanları, türk xalqlarına mənsub olan Nizami, Yunis Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərlərinin mənəvi dəyərləri əks etdirən yaradıcılığı nəsillərdən-nəsillərə keçib gələrək, xalqları bir-birinə daha da yaxınlaşdırıb, vətənpərvərlik və vətənə sədaqət hisslərini gücləndirib. Onun fikrincə, türk xalqlarının mədəniyyəti və ədəbiyyatı ziddiyyətli, eyni zamanda, şərəfli yol keçərək, əlaqələrin saxlanılmasında başlıca rol oynayıb".

Eyni zamanda, müstəqil Azərbaycan Respublikasında yaşayan bütün etnik qrupların ədəbi-bədii, mədəni-mənəvi fəaliyyəti də azərbaycançılığın inkişafına xidmət edir. Bu baxımdan, Mirkazım Kazımovun aşağıdakı fikirləri diqqəti cəlb edir: "Bu, ilk növbədə, müstəqil bir dövlət kimi ərazisində məskunlaşmış, burada daimi yaşayan hər bir insan üçün həyat tərzidir. Bu insan irqindən, milliyyətindən, dinindən, danışdığı dildən asılı olmayaraq, Azərbaycanın tam hüquqlu vətəndaşıdır və dövlətin konstitusiyaya və qanunlarla ona verdiyi bütün hüquq və azadlıqlardan istifadə edir.

Azərbaycançılıq milli ideologiya kimi ölkə həyatında öz yerini tutmalıdır. Dinindən, dilindən, mənsub olduğu millətdən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətini, Azərbaycan xalqını təmsil etməsindən qürur duyur, yaşadığı, vətəndaşı olduğu bu ölkənin şərəfini qoruyur. Bu zaman şəxsi və ictimai mənafelər birləşdirilir.

Sözügedən bu milli ideologiya bir millətin - ölkənin əsas əhalisini təşkil edən azəri türklərinin ideologiyası demək deyildir. Milli deyəndə, hansısa bir millətdən söhbət getmir. Milli deyəndə, bu dövlət siyasəti məfhumudur. Bu ideya ölkənin bütün vətəndaşlarının maraqlarına və mənafelərinə yönəldilmiş bir siyasətdir".

Azərbaycançılıq ideologiyası ölkədə yüz illərlə yaşayan onlarla milləti, etnik qrupları bir demokratik, müstəqil, sivil dövlətdə birləşdirən, bu xalqların vahid vətəndaş cəmiyyətində inkişafına, tərəqqisinə, mənəvi yüksəlişinə xidmət edən bir təlimdir. Bu ideologiyanın ali mahiyyəti və bəşəriliyi də məhz bundadır. Böyük öndər, Ümummilli Liderimiz Heydər Əliyev bu baxımdan demişdir: "Doğma, canım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır".

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 12 iyun.- S. 14.