Hacıbaba   Bağırov-80

 

    Adını sənət tariximizdə əbədiləşdirən görkəmli sənətkar  

 

    Hər bir sənətkarın ən böyük xoşbəxtliyi, nəinki sağlığında qiymətləndirilməsi, ölümündən sonra da adının hörmətlə yad edilməsidir. Azərbaycan sənət tarixinə gülüşlə, istedadı və məxsusi aktyorluq manevrləri ilə daxil olan Hacıbaba Bağırov da belə sənətkarlardandır.

    Hər bir sənətkarın ən böyük xoşbəxtliyi, nəinki sağlığında qiymətləndirilməsi, ölümündən sonra da adının hörmətlə yad edilməsidir. Azərbaycan sənət tarixinə gülüşlə, istedadı və məxsusi aktyorluq manevrləri ilə daxil olan Hacıbaba Bağırov da belə sənətkarlardandır. Milli sənət tariximizdə onun dəst-xətti, danılması mümkün olmayan yeri, obrazları ilə sənət yoluna saldığı izləri var. Bu izləri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə salıb.  1932-ci ilin bu günü iyunun 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olan Hacıbaba Bağırov kiçik yaşlarından teatr sənətinə böyük həvəsi göstərib. Bu istək onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib. Bu teatr ocağında sənət korifeylərindən dərs alan Hacıbaba Bağırovun teatra olan marağını və məhəbbətini daha da artırıb. O, 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

      Sənətə gələn yoldakı ştrixlərində Hacıbaba Bağırovun yüksələn bir xətlə aktyorluğa olan cazibəsin duymamaq mümkün deyil. Pillədən-pilləyə addımlayan sənətəkar 1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə "Almas"da Fuad, "Komsomol poeması"nda Şahsuvar, "Anacan"da Rəşid kimi müxtəlif səpgili obrazlar yaradıb. 1962-ci ildə istedadlı aktyor Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obraz onun gülüş ustası kimi püxtələşməyinə və populyar olmağına böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"də Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" trilogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

    Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala kimi maraqlı  yaddaqalan obrazları kino həvəskarlarının böyük rəğbətini qazanıb.

    Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor A.Quliyevin "Ulduz" musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: "Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən filmə heç çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oynuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, "Ulduz" mənim aktyorluq fəaliyyətimə, mənim aktyor asimanıma əsil ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi".

    Sənət dostlarının Hacıbaba Bağırovun sənət dünyası və şəxsi keyfiyyətləri ilə bağlı söylədiyi xoş sözlər maraq doğurur. Sənətkarın kimliyiteatr sənətinə, mədəniyyətinə verdiyi töhfələr     aydın olur.  Dövlət Film Fondunun direktoru, kinoşünas Cəmil Quliyev: "Xalq artisti, görkəmli teatrkino xadimi Hacıbaba Bağırov ömrünün yarısından çoxunu sənətə, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Hacıbaba Bağırovun kino fəaliyyətini vərəqləməyi özümüzə borc bilirik. Onun oynadığı filmlər çox deyil, ancaq yaratdığı obrazlar çox dəyərlidir. Hacıbaba Bağırovun çox gözəl dəst-xətti var idi. Bu gün həmin dəst-xəttə nəzər salmağı özümüzə mənəvi borc bilirik". Milli Musiqi Akademiyasının prezidenti Səyavuş Kərimi: "Hacıbaba Bağırov kimi yüksək səviyyəli sənətkarların məktəbini keçmək mütləqdir. Elə bir adam tanımaq çətindir ki, H.Bağırovu qəlbində yaşatmasın. Onun adı gələndə hamının üzündə təbəssüm oyanır. Hacıbaba müəllim qüdrətli sənətkarlar sırasına daxildir. O, böyük məktəb qoyub. Nə vaxtsa gözəl, peşəkar aktyorlar da meydana gələcək. Amma onların ən yüksək zirvəyə çatması üçün, sözsüz ki, Hacıbaba Bağırov kimi sənətkarların məktəbini keçmək mütləqdir". Kinorejissor Arif Babayev isə "Alma almaya bənzər" filmini çəkməmişdən öncə: "Əgər rejissorlar səni başqa filmə çəkmək istəsələr, razı olma. Mən səni nəzərdə tutmuşam, baş rolda çəkəcəm", - deyə bildirib. Hacıbaba Bağırov rejissorun inamını doğruldaraq həmin filmdə "bazarkom"un tipik nümayəndəsini məharətlə canlandırır.

    Hacıbaba Bağırov gözəl aktyor olmaqla yanaşı, həm də gözəl insan idi. O, pislikləri unutmağı bacarır, kin saxlamırdı. Bu, yaradıcı insan üçün böyük xüsusiyyətdir.

    Hacıbaba Bağırovun sənət yolu dövlətin diqqətində kənarda qalmamış, ən yüksək adlara, mükafatlara layiq görülmüşdür. Belə ki, o,  1974-cü ildə respublikanın əməkdar artisti, 1982-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.   Hacıbaba Bağırov 2006-cı ildə vəfat edib. Onun ölümündən altı il ötsə də, sənətkar bizim müasirimiz olaraq yaşayır.

   

 

    ZÜMRÜD

 

    Səs.-2012.- 12 iyun.- S. 12