Azərbaycan milli mətbuatının banisi

 

Prezident İlham Əliyevin Sərəncamı ilə naşir, maarifçi, filosof, etnoqraf, təbiətşünas Həsən bəy Zərdabinin 170 illik yubileyi keçiriləcək

 

XIX əsrdə yaşayıb-yaratmış işıqlı ziyalılar sırasında çoxsahəli yaradıcılığı ilə fərqlənən, həyatını, yaradıcılıq fəaliyyətini xalqının inkişafına, zənginləşməsinə, elmə, təhsilə həsr edən Həsənbəy Zərdabi yaratdığı məktəblə əbədi abidəsini nəsillərin yaddaşına köçürmüşdür. Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır.

XIX əsrdə yaşayıb-yaratmış işıqlı ziyalılar sırasında çoxsahəli yaradıcılığı ilə fərqlənən, həyatını, yaradıcılıq fəaliyyətini xalqının inkişafına, zənginləşməsinə, elmə, təhsilə həsr edən Həsənbəy Zərdabi yaratdığı məktəblə əbədi abidəsini nəsillərin yaddaşına köçürmüşdür. Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır.  Xalqını, millətin sevən, onun gələcəyi yolunda hər cür əzab-əziyyətlərə qatlaşan, cəhalət, zülm girdabında çarpışan Zərdabi naşir, maarifçi, filosof, etnoqraf, təbiətşünas, torpaqşünas olaraq şöhrət tapmışdır. Novatorçu olaraq tariximizdə yer alan Zərdabi böyük ensiklopedik zəkası, irsi ilə diqqətdə olmuş və yaradıcılığı daim müxtəlif aspektlərdən tədqiq olunur. Onun yaratdığı məktəb bir əsrdən artıq zamanda inkişaf yolu keçib təkmilləşərək, düşüncə tərzimizə, tərəqqi yolunda xalqın maariflənməsinə böyük təsir göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan xalqının maarifləndici missiyasını yerinə yetirən simalar onun ənənələrinə sadiq qalaraq, milli mətbuatımız yolunda yorulmadan çalışırlar. Azərbaycançılıq ideyalarını təbliğ edən, böyük amalları yaradıcılıq yolunda reallaşdıran və milli mətbuatımıza töhfələrini verən Zərdabi məfkurəsi müasir dövrümüzdə davam etdirilir. Buya digər şaxəli fəaliyyəti ilə Həsən bəy Zərdabi xatırlanır. Belə bir amal sahibi olan Həsən bəy Zərdabi zamanın ziyalısı olaraq xatırlanır.

Gündəlik həyatımıza daxil olan yenilikərin milli mətbuat vasitəsi ilə bizlərə çatdırılmasında əməyi olan ziyalı xalqın gələcək inkişaf yoluna doğru addımlar atmışdır. Belə maarifpərvər ziyalının həyat yolu, fəaliyyəti zaman-zaman öyrənilir və məhəbbətlə qarşılanır. 2012-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin 170 illiyi tamam olur. Azərbaycan xalqı qarşısında xidmətləri olanömrünü şam tək xalqın işıqlı gələcəyi naminə əridən Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncam məhz görkəmli ziyalımıza verilən böyük qiymətdir. Sərəncama əsasən, xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin layiqincə keçirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

O, Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Rusiyada ilk türkdilli qəzetin - "Əkinçi"-nin naşiri, Azərbaycan mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur.

Qeyd edim ki, Moskvada ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək, burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.

Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli artmışdır. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətirtdirdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın millimüasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçidemokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən, onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Həsənbəyin qoyub getdiyi elmi irs hərtərəfli araşdırılmış, elə bu səbəbdən respublikanın ictimaiyyətşünaslığında zərdabişünaslıq elmi təşəkkül tapmış və zərdabişünas tədqiqatçılar ordusu meydana çıxmışdır.

Həsənbəy Zərdabi öz əməlləri və qoyub getdiyi irsinə görə zirvədə dayanan ziyalı, mütəfəkkir, naşir, xeyriyyəçi və ən nəhayət, xalqının böyük təəssübkeşi olmuşdur. Həsənbəy xalqının qəlbində bu gün də yaşayır və əbədi olaraq yaşayacaqdır.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.-2012.-6 iyun.-S.11.