Xəlil
Rza Ulutürk-80Azərbaycan ədəbiyyatının
üsyankar ruhlu şairi
Kim qorumur öz dilini
İtsin mənim gözümdən qoy ilim-ilim!
Vətənpərvərlik duyğuları ilə zəngin
ictimai-siyasi mövzulu yaradıcılığı
xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini
təşkil edən Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı
tarixinə üsyankar şair olaraq daxil olub.
Yaradıcılığı boyu qələmə
aldığı misaralarında vətən məhəbbəti,
torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər
ana xətt olaraq davam etmişdir. Əzəmət, məğrurluq,
qürur misralarından sezilərək ədəbi nümunələrini
bəzəmişdir. Azərbaycanı sevən, onun müstəqil
dövlət olması arzusu ilə yaşıyan və
çarpışan, bütün buxovları qırmaq, zəncirləri
yox etmək, müstəmləkə və zülmün
qarşısına sədd çəkmək istəyi onu
azadlıq şairinə çevirdi. Bu məqsədlə
yaradıcılıq yolunu davam etdirən Xəlil Rza
Ulutürkün bu il 80 yaşı tamam olur. Onun 80 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin imzaladığı Sərəncamı
böyük sənətkara, onun yaradıcılıq irsinə,
sənət dünyasına, şəxsiyyitinə olan məhəbbətin,
hörmətin təzahürüdür. Sərəncama əsasən,
Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər
Akademiyası ilə birlikdə Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla Xəlil Rza Ulutürkün 80 illik
yubileyinə dair tədbirlər planı hazırlayıb həyata
keçirəcək.
XX əsr Azərbaycan poeziyasının
tanınmış nümayəndəsi, xalq şairi, filologiya
elmləri doktoru, professor Xəlil Rza Ulutürk müasir Azərbaycan
ədəbiyyatının inkişafına töhfələr
verən ziyalılardandır. Azərbaycanın sevimli
şairinə çevrilən Xəlil Rza Ulutürk kiçik
yaşlarından, elə məktəb illərindən öz
çalışqanlığı, fərasəti və
davranışı ilə müəllimlərin, valideynlərin
rəğbətini qazanıb. Onun yaradıcılıq və
həyat yolu salnaməsində qeyd olunduğu kimi, Xəlil Rza
Ulutürk orta məktəbdə oxuduğu illərdə ədəbiyyata
həvəs göstərib, elə Salyan şəhər
kitabxanasının ədəbiyyat dərnəyinə üzv
yazılıb. 1939-1949-cu illərin məktəb həyatı
Xəlil Rzanını bədii ədəbiyyat aləminə,
necə deyərlər, poeziyanın əzablı, romantik
yaradıcılıq meydanına çıxması
üçün hazırlıq dövrü olur. Onun şifahi
xalq ədəbiyyatını, klassik və müasir
yazıçıların əsərlərini mütaliə
etməsi, istər-istəməz şairdə
yazıb-yaratmağa güclü həvəs oyadıb.
Xəlil Rza Ulutürk onu həyəcanlandıran,
düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə
çalışırdı. Elə ilk mətbuatda
dərc olunan şeiri
"Kitab" da elə
onun hiss və həyəcanı
içfadəsini tapıb. 1949-cu ildə Xəlil
Rzanının Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsinə
daxil olması, eləcə də, Bakı
ədəbi mühiti onun
yaradıcılıq imkanlarına geniş
yol açdı. Universitetdə ədəbiyyatşünas
alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar
Vahabzadənin rəhbərlik etdiyi ədəbi
dərnəkdə, Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı
ilə keçirilən "Gənclər günü"
məşğələlərində fəal iştirak
etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərdi.
Ali təhsilini başa vuran Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan
qadını" jurnalı redaksiyasında başlayıb. O, burada ədəbi işçi
vəzifəsində çalışdığı iki ildə dövri mətbuatda
çap etdirdiyi məqalə
və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini
cəlb edib. Gənc şair
1954-cü ildə SSRİ Yazıçılar
İttifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu -
"Bahar gəlir" kitabı da nəşr olunur. 1957-ci
ilin avqust ayında Azərbaycan
Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu
nəzdində olan ikiillik
ali ədəbiyyat kurslarına göndərməsi
də gənc şairin gələcəyinə
inamla bağlı idi.
Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı
Pavel Antokolskinin rəhbərlik
etdiyi bölmədə poeziyanın nəzəri
əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olub. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə
kollektiv səfəri, Nazim
Hikmət və Mixail Şoloxovla
görüşləri gənc şairin
xatirəsində dərin izlər buraxıb.
Xəlil Rza
Bakıya qayıtdıqdan sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun
aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən
sonrakı Azərbaycan sovet ədəbiyyatında
poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib,
filologiya elmləri namizədi elmi dərəcəsinə layiq
görülüb. Müəllim kimi çalışdığı ilk illərdə Xəlil Rza
dərs proqramı çərçivəsi ilə məhdudlaşmayıb,
vətənpərvərlik ruhlu mühazirələrində
qədim milli-bəşəri dəyərlərimizdən və
doğma dilimizdən ürək
yanğısı ilə söhbət açıb.
Kim qorumur öz
yurdunu-yuvasını
Udmasın yurd
havasını!!!
Kim qorumur öz dilini
İtsin mənim
gözümdən qoy ilim-ilim!
O sahili, bu sahilə birləşdirən,
Polad körpüm qılıncımdır, günəşdimdir
Mənim dilim!!!
Ötən əsrin 80-ci illərinin axırlarında
xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil
Rzanın gur səsi Azərbaycanın bütün məkanında
eşidilirdi. O,
bütün varlığı ilə xalq hərəkatına qoşularaq,
hər yerdə rus şovinist
siyasətini, Dağlıq Qarabağ
torpağına təcavüz edən erməni
daşnaklarını odlu-alovlu
çıxışları ilə ifşa
edirdi:
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan
bizik,
Dar gözləri
ovan bizik.
Yetər meydan
suladılar,
Yurdumuzu taladılar.
Son günlərini
yaşayan sovet
imperiyası ömrünü uzatmaq üçün
1990-cı ilin yanvarında Azərbaycanın
paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə
divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının
iradəsi ilə icra edilirdi.
Bütün dünyanın açıq fikirli adamları bu
aksiyanı, bəşər tarixində misli
görünməmiş qətliamı lənətlə
qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər
və müasir silah
növləri ilə yaraqlanıb xüsusi
tapşırıqla Bakını gülləbaran edənlərin
törətdiyi cinayətlər Xəlil Rzanı
sarsıtmışdı. O, bütün
qüvvəsi ilə gecə-gündüz dinclik
bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə
qarşı mübarizəyə səsləyirdi. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun
və onun əlaltılarının
qanlı əməllərini dünya
ictimaiyyətinə çatdırmağa
çalışırdı.
1990-cı il
yanvarın 26-da Xəlil Rza SSRİ
Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən
həbs edilib, Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual,
ağır ittiham şairin
iradəsini qıra bilmir, o,
zindanda da mübarizəsini
davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında
"Lefortovo gündəliyini", 200-dən
çox şeir, poema və məktubunu qələmə
alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü
əks etdirməklə yanaşı, öz
siqləti, bədii dəyəri, məzmunu cəhətdən
milli- poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo
gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün
vəsiqəsidir. Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik
ədəbi-bədii yaradıcılığı
dövründə əsərlərini "Xəlil Xəlilov",
"Xəlil Xəlilbəyli", "Xəlil Odsevər",
"Xəlil Rza" təxəllüsləri
ilə çap etdirib.
"Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi
mübarizə yolunun, ədəbi-mənəvi
axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində,
dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi
ikisinədək - dünyasını dəyişən günədək yazdığı şeirlərdə
və nəşr etdirdiyi kitablarda
Xəlil Rza Ulutürk
imzasını qoymuşdur. Şairin vəfatından sonra,
onun ömür-gün
yoldaşı Firəngiz xanım XX əsrin axırlarından
bu günədək Xəlil Rzanın
şeirlərini, gündəliklərini və tərcümələrini
sahmana salıb sanballı kitab
halında Xəlil Rza Ulutürk
imzası ilə nəşr etdirir. O, Xəlil
Rzanın yarımçıq qalan işlərini,
işıq üzü görməyən küll halında qalmış əsərlərini
nəşr etdirməklə mənən rahatlıq tapır. Bu və ya digər işlər
onu yaşadır, ölməzliyə, əbədiyyətə
qovuşdurur.
Xatırladım
ki, Lefortovo həbsxanasında
şəkər xəstəliyi olan Xəlil
Rzanın səhhəti pozulmuşdu.
1990-cı il oktyabrın 9-da qatarla Moskvadan Bakıya gətirilən
Xəlil Rza, bir ay davam edən məhkəmə
prosesindən sonra azadlığa
buraxılır.
Bədii
yaradıcılığının barlı-bəhərli
çağında şairin vətən eşqi, xalq məhəbbəti
ilə çırpınan ürəyi döyünməkdən
qalır.
ZÜMRÜD
Səs.-2012.- 28 iyun.-S. 12.