Azərbaycançılığın müasir tədqiqi: milli "mən" və azərbaycançılığın qarşılıqlı münasibəti

 

Azərbaycançılığın tədqiqində Azərbaycan MEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin xidmətləri böyükdür. Y.Qarayev "Milli "mən" şüuru və etnik yaddaş - azərbaycançılıq", "Tarixin Qarabağ yaddaşı - dünən və bu gün", "Tarix yaxından uzaqda" və s. əsərlərində azərbaycançılığı tədqiq etmişdir. Y.Qarayev azərbaycançılığa Azərbaycan, milli ideya, dövlətçiliyin sivil ideya modeli kimi baxaraq, milli ideologiya kimi azərbaycançılığın inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edir. 

Azərbaycançılığın tədqiqində Azərbaycan MEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin xidmətləri böyükdür. Y.Qarayev "Milli "mən" şüuru və etnik yaddaş - azərbaycançılıq", "Tarixin Qarabağ yaddaşı - dünən və bu gün", "Tarix yaxından uzaqda" və s. əsərlərində azərbaycançılığı tədqiq etmişdir. Y.Qarayev azərbaycançılığa Azərbaycan, milli ideya, dövlətçiliyin sivil ideya modeli kimi baxaraq, milli ideologiya kimi azərbaycançılığın inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edir.

Y.Qarayev Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılığın dövlət səviyyəsində reallaşdığını da göstərir: "Nə qərbçilik, nə türkçülük, nə islamçılıq, nə də etnik millətçilik öz namizədliyini "milli ideya" missiyasına sonralar da irəli sürə bilmədi. Xüsusən, ilk Xalq Cümhuriyyətinin təşəkkülü ərəfəsində "azərbaycançılığın" dəyəri hələ ideya halında olan bütün digər dövlətçilik dəyərlərini üstələdi. Hətta tək azərbaycançılıq tərəzinin bir gözünə, bütün digər alternativlər isə hamısı bir yerdə tərəzinin digər gözünə qoyulsaydı belə, yenə "Azərbaycan gözü" basardı, ağır gələrdi. Əgər biz "Azərbaycan" adlı çağdaş fenomeni, təkrarsız fərdi "mən"i (feno-məni) hər hansı Doğu, ya Batı - uzaq, ya yaxın super məkanda əridib-itirmək, dəfn eləmək istəmiriksə, onda etiraf etməliyik: konkret-milli imza və ünvan kimi Azərbaycan ideyasına alternativ bu gün də yoxdur.

"Azərbaycan" sözü müasir siyasi-hüquqi məzmunu Azərbaycan ideologiyası formalaşandan, rəsmi dövlət adı statusunu isə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra alıb.

İstiqlal düşüncəsinin təşəkkülündə milli-mənəvi (ədəbi-bədii-mədəni) amilin təməl rolunu sonralar milli əməli hərəkat dövrünün öz xadimləri dəfələrlə etiraf etmişlər: "Azərbaycan milli xartiyası"nın təşəkkülündə, istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycan" və "Yeni Qafqaziya"yadək hər birinin olduqca böyük və dəyərli rolları olmuşdur.

Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsə idilər, istiqlal fikri, Azərbaycan milli xartiyası da əlli il sonra meydana gələcəkdi. Bunların arasında çox sıx bir münasibət və rabitə vardır... Özünü, türkçülüyünü və azərbaycançılığını dərk etməyən bir xalq istiqlal bəyannaməsini verə bilməzdi" (M.B.Məmmədzadə).

Təsadüfi deyil ki, tarix boyu neqativ strateji qütblər də Azərbaycanda dövlətçilikdən əvvəl kültürü, mədəniyyəti məhv etmək, heç olmasa danmaq, inkar etmək yolunu əsas mübarizə üsulu kimi seçmişlər. Bu meyil özünü sosial-mədəni intibah məqamlarında, xüsusilə, hiss etdirmişdir. 1918-ci ilin tarixi may ayı ərəfəsində Bakı mətbuatında açıq erməni imzası ilə "Azərbaycan" adını və simvolikasını ələ salan yazılar peyda olmuş, İran dövləti isə Xalq Cümhuriyyətinin "Azərbaycan" (AXC) adlanmasına, hətta rəsmi şəkildə etiraz etmiş, "Aran Xalq Cümhuriyyəti" variantını təklif etmişdir.

Eyni milli müəyyənlik meyarına və sosial-tarixi motivə görə, üçüncü təklifi - "Cənubi Qafqaz Türk Respublikası" adını da Milli Şura qəbul etməmişdi. Çoxqütblü, mürəkkəb geosiyasi bir durumda, ən gərgin tarixi müqavimət, təzyiq və sınaq məqamında hələ pöhrə, kövrək Azərbaycan ideyası və adı qalib gəlmişdir.

Milli-mənəvi və bəşəri inteqrasiyada strategiyanın strukturunu, yaxın və uzaq proqramını əvvəl Azərbaycan, sonra türk dünyası və nəhayət, Şərq və islam miqyasında mənəvi-mədəni yaxınlaşmanın fasiləsizliyi, bir-birini əvəz etməsi, tamamlaması və bütün bu mərhələlərin hamısında milli kültürün istiqlalı, suverenliyi təşkil edir.

Y.Qarayev Azərbaycançılığın inteqrativ rolundan da bəhs edir: "Onu da əlavə etmək zəruridir ki, bütün bu perspektiv mərhələlər ən zəruri ilkin mərhələdən - aparıcı, hegemon etnik avanqardla digər etnik azlıqlar arasında daxili inteqrasiyadan sonrakı mərhələdir. Yalnız bütün vətəndaşların eyni səviyyədə vətəni olan çoxetnoslu Azərbaycanın uzaq və yaxın makromühitlərlə də yaxınlaşmasından, vəhdətindən və bütövlüyündən söhbət açmaq olur. Bu mərhələlərin hər üçünün gerçəkləşə bilməsi üçün zəmin - haqqında danışdığımız ideyada, çağdaş rəhbər siyasi doktrinada var.

"Azərbaycançılıq" adlı bu ideyanın ənginliyi öz tərkibində nəinki etnosları, hətta məzhəbləri, konfessiyaları birləşdirir və bütövləşdirir. Hətta dinlərin bərabər və tən gəldiyi məkan və vətən-milli ideya olur.

Belə vahid-mənəvi məkanda, vahid-milli məhvərin ortaq səması altında məskun olmayan etnik fərd, qism, qövm qalmır. Xalqların məhz belə toplusuna dərk olunmuş bir ümumiliyi, birliyi, bütövlüyü yenə də universal mənəvi dəyər - milli ideya verir.

Fitri, təbii-daxili və ruh məhrəmliyi, hətta təhtəlşüurun ümumiliyi, mənəvi dəyərlərin ortaq stixiyası və kultu, davranış, duyğu, ovqat doğmalığı - bunlar hamısı onların yaşadığı vahid-mənəvi məkanı, bədii, fəlsəfi, estetik ərazini təşkil edir. Buradakı etnik mentalitet bəşərilik səviyyəsinə qalxan milliliyin beynəlmiləlliklə vəhdətini, sintezini təşkil edir.

Azərbaycanda vaxtilə türkcədən əvvəl və türkcə ilə eyni çevrədə, təmasda yaşamış bir sıra dillər və genlər də təbii irs, tarixi miras kimi öz ömrünü türkcəyə bağışlamışlar. Həm funksional, həm də semantik və struktur baxımından onun qədim, erkən təşəkkül və tərəqqisində iz qoyub getmişlər. Həmin fraqment, epizod və izlər barədə informasiyanı da bütöv - ana türkcənin tarixinə aid edib, onlardan vəhdətdə danışmağa bizim haqqımız vardır.

Digər tərəfdən, biz həm də asiyalıyıq və ən yeni geosiyasi istilahla desək, "avrasiyalıyıq". MDB məkanında indi belə bir hərəkat, hətta belə bir partiya da var - "Avrasiyaçılar". Maraqlıdır ki, daxilində həm türk, həm də slavyan miqyasında etnik vahidləri birləşdirməyə açıq olan bu cərəyanın ideya lideri V.Putin yox, N.Nazarbayevdir. Şübhəsiz, Avrasiya da xalqların və millətlərin artıq dini-etnik yox, dünyəvi-mədəni məxrəcdə birləşdiyi müstəvi, kültürdə, sivilizasiyada bütövləşən "mənəvi Şərq"lə "mənəvi Avropa"nın miniatürdə modelidir.

İnteqrasiyanın miqyasından, zaman və məkan göstəricilərindən asılı olmayaraq, milli-mədəni və humanitar amil keçmişdə də hər cür regional və planetar birliklərin ideya təminatında həlledici rol oynamışdır.

Sona xanım Vəliyeva Yaşar Qarayevin Azərbaycançılığın tədqiqi sahəsindəki xidmətlərini xüsusi qeyd edərək yazır: "Azərbaycançılığın yeni dövrdə modernləşməsində elmi-nəzəri konsepsiya kimi formalaşmasında görkəmli ədəbiyyatşünas, professor, mərhum Yaşar Qarayevin xidmətləri xüsusi qeyd edilməlidir. O, bir tərəfdən istedadlı ədəbiyyat tarixçisi kimi ədəbi-bədii fikrimizin inkişafı kontekstində azərbaycançılığın yüksəliş xəttini diqqətlə izləmiş, ayrı-ayrı yazıçı və mütəfəkkirlərimizin yaradıcılığında bu xəttin təzahürlərinə dərindən diqqət yetirmiş, o biri tərəfdən isə, təəssübkeş bir vətəndaş yanğısı ilə müasir dövrümüzün ən ağrılı həqiqətlərini üzə çıxarmışdır. Azərbaycan cəmiyyətinin daxili vəhdəti ideyası "Tarixin Qarabağ yaddaşı - dünən və bu gün" məqaləsində müəllifi azərbaycançılığın sosial bazası haqlı olaraq narahat edən məsələdir:

Y.Qarayev ürək ağrısı və təəssüf hissi ilə yazırdı ki, "taleyüklü, ulusal bir sərvət kimi milli vəhdət ideyası ərazidən də əvvəl əhaliyə aid bir ideyadır. Milləti loxma-tikə etməyə hazır bir cəmiyyət (etnos, tayfa, qrup, tirə, qövm) gec-tez torpağın bölünməsinə, ərazinin itməsinə də gətirib çıxara bilər. Ərazi vəhdətini bir problem kimi, ümummilli vəhdət ideyasından ayırmaq qeyri-mümkündür. "Azərbaycan" sözü Azərbaycandakı bütün qövmlərin vəhdət və birliyi deməkdir. Bunu göz bəbəyi kimi qorumaq, qədrini-qiymətini bilmək lazımdır. Təkcə qövmi yox, sinfi vahidləri və qütbləri də (təbəqə, qrup, qat, silk, firqə...) mən eyni, bütöv milli vəhdətin tərkib hissələri hesab edirəm. Müxalifət dinc dövrün cah-cəlalıdır. Ayrılmağı, bölünməyi hərb vaxtı elan etmirlər. Yaxın beş ildə neçə dəfə təkrar etdiyimiz bu səhvi (müxalifət-tətil-istefa sindromunu) gəlin heç olmasa indi təkrar etməyək. Belə qütbləşmələr, şaqqalar, ayrılmalar həmişə bizimlə vuruşan cinaha xidmət edib və yenə də edir".

Demokratiya və müstəqillik dövrünün önəmli mütəfəkkiri olan Y.Qarayevin bu fikirlərini təkpartiyalılığa qayıdış çağırışı kimi qiymətləndirmək yanlış olardı, çünki bu sətirlərin qələmə alındığı dövr Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən bir-birinin ardınca işğal olunduğu, minlərlə həmvətənimizin öz doğma ev-eşiklərindən didərgin düşdüyü bir dövr idi. Bu, siyasi partiya və kütləvi təşkilatlarda, ayrı-ayrı siyasətçilərdə misli görünməmiş hakimiyyət ehtirasının yarandığı, həmin ehtirasın kor diqtəsi ilə onların ölkədə ictimai sabitliyin pozucusu kimi çıxış etdikləri və deməli, ümummilli mənafelərdən son dərəcə uzaqlaşdıqları bir dövr idi.

Sona xanım Vəliyeva daha sonra yazır ki, Yaşar Qarayevin azərbaycançılıq sahəsindəki fəaliyyəti ayrıca tədqiqat obyektinə çevrilməyə layiqdir və Qurban Bayramov və Jalə Qurbanqızının "Yaşar Qarayev: Milli yaddaş təlimi - azərbaycançılıq" kitabı bu cəhətdən ilk addımdır. Burada müəlliflər Azərbaycançılıq ideologiyasına iki aspektdən yanaşırlar. Birinci aspektdə onlar bu ideologiyanı ümummilli ideologiya kimi xarakterizə edir və onu ədəbi-bədii fikrin bariz təzahürü kimi ədəbi-bədii fikir tarixi ilə bağlayırlar. İkinci bir tərəfdən müəlliflər azərbaycançılığı rəsmi dövlət ideologiyası kimi səciyyələndirərək, onu Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun yaradıcığı ilə bağlayırlar. Bu mənada, Q.Bayramov və J.Qurbanqızı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin "türkçülük" ideologiyasını "azərbaycançılıq" kimi təqdim edirlər. Belə bir əsasla ki, "türkçülük" ideologiyasının aparıcı tərkib hissəsi məhz "azərbaycançılıq" istiqaməti olmuşdur.

Yuxarıda da qeyd etmişdik ki, Azərbaycançılıq ideologiyası istər ədəbi-bədii fikir forması kimi, istərsə də rəsmi dövlət ideologiyası kimi birdən-birə yaranmamış, əsrlərin sınağından keçərək, milli şüur, milli idrak sahiblərinin fikir və əqidə süzgəcində süzülərək, vahid ümummilli düşüncə və baxış sisteminə çevrilmişdir. Odur ki, azərbaycançılığı ümummilli ideologiya kimi, yalnız bir yaradıcılıq sahəsi - ədəbi-bədii fikir tarixi ilə eyniləşdirmək ümummilli ideologiya anlayışının mahiyyətini xeyli dərəcədə sadələşdirmək olardı. Doğrudur, azərbaycançılıq ideyasını onun ilkin təzahürlərinin əks olunduğu "Kitabi-Dədə Qorqud" boylarından başlayaraq, Şah İsmayılın yaradıcılığından ana xətt kimi keçən, XIX əsrin sonu-XX əsrin əvvəllərində fəaliyyət göstərmiş milli maarifçilərin yaradıcılığına qədər davam edən uzun bir tarix çərçivəsində ədəbi-bədii fikir tarixi üzərində izləmək mümkündür. Lakin onun ümummilli ideologiyaya, millətin kütləvi düşüncə və baxış sisteminə çevrilməsini ədəbi fikir tarixinin heç bir dövrü ilə birmənalı bağlamaq mümkün deyildir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 29 iyun.- S.14.