Cəfər
Cabbarlı yaradıcılığında azərbaycançılıq
ideyası
Öz yaradıcılığı milli ideyaların tərənnümü
olan Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyətini
alqışlayan görkəmli dramaturq, yazıçı, vətənpərvər,
milli ruhlu ziyalılarımızdandır. Politoloq X.İbrahimli
yazır: "C.Cabbarlı ilə məktəb, sonra isə əqidə
dostu olan M.B.Məmmədzadə ədibin
yaradıcılığına, özünə yaxşı bələd
olduğundan təhrifləri, yalan və həqiqətləri ən
xırda detallarına qədər araşdıra bilmişdi.
O, bolşeviklərin C.Cabbarlı
yaradıcılığına verdiyi qiyməti
aşağıdakı kimi ümumiləşdirirdi:
Öz
yaradıcılığı milli ideyaların tərənnümü
olan Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyətini
alqışlayan görkəmli dramaturq, yazıçı, vətənpərvər,
milli ruhlu ziyalılarımızdandır. Politoloq X.İbrahimli
yazır: "C.Cabbarlı ilə məktəb,
sonra isə əqidə dostu olan M.B.Məmmədzadə ədibin
yaradıcılığına, özünə yaxşı bələd
olduğundan təhrifləri, yalan və həqiqətləri ən
xırda detallarına qədər araşdıra bilmişdi.
O, bolşeviklərin C.Cabbarlı
yaradıcılığına verdiyi qiyməti aşağıdakı
kimi ümumiləşdirirdi:
- Kütləvi hərəkat
yerinə, monarxiya və kapitalizmin atributu olan fərdiyyətçilik
var.
- İşçi hərəkatı
və proletar inqilabının nəfəsi yoxdur.
- Bolşevik partiyasının rolundan bəhs
olunmur".
Əsərlərin sonrakı variantlarını sovet
senzurasının məhsulları hesab edən M.B.Məmmədzadə
yazır: "İndi repertuarda olan "Od gəlini" və
"1905-ci ildə" əsərləri də
parçalanmış, doğranmış, kəsilmiş və
artırılmışdır".
Qeyd edək ki, bolşeviklər,
"1905-ci il" əsərinin son variantının əvvəlkindən
fərqli olaraq xeyli dəyişdiyini - proletar inqilabı, sinfi
mübarizəni, çarizmə qarşı üsyanı
ehtiva edən bir hala gətirildiyini özləri də etiraf
edirdilər.
Bütün bunlara baxmayaraq, C.Cabbarlı əsərlərini
ruhu dəyişməz qalmışdı. M.B.Məmmədzadə də göstərirdi
ki, ədibin 1921-1923-cü illərdə (müsavatçı
olduğu dövr) yazdığı "Od gəlini",
"Sevil", "1905-ci il", "Almaz" arasında əsas
motiv baxımından fərq yoxdur, hüriyyət, milliyyət,
istiqlal bu əsərlərin ruhunu təşkil edir.
Əslində, simvolizmə müraciət
etdikdə, C.Cabbarlı yaradıcılığının
mahiyyəti açılır. Məsələn, "Od gəlini"ndə ərəb
istilasını rus istilası ilə əvəzlədikdə,
hər şey yerinə düşür, mücərrəd
Elxan isə hər bir azadlıqsevər türk ola
bilər. Ümumiyyətlə, 1920-ci ildən
sonra başlanan bolşevik senzurası, yasaqları, kütləvi
represiyalar yaradıcılıqda sətiraltı mənaya,
simvolizmə meyili gücləndirdi. Simvolizm C.Cabbarlı,
H.Cavid, Ə.Cavad yaradıcılığında aydın təzahür
edir. Rus istilasını, tarixin dərin
qatlarından analogiya tapmaqla, simvollaşdırma ilə
ifşa etmək sonrakı Azərbaycan ədəbiyyatında
da yox deyil.
AMEA-nın müxbir üzvü Sülhəddin Xəlilov
problemə daha geniş kontekstdən - Şərqlə Qərbin
"vəhdət" ideyasından yanaşaraq, Cəfər
Cabbarlının mühüm mövqeyə malik olduğunu da
diqqətə çatdırır: "Fikir və cismani həyatın
dialektikası, əslində, yalnız idealist və materialist
- fəlsəfi təlimlərin deyil, həm də Şərq
və Qərb düşüncə tərzinin fərqindən
və ziddiyyətindən hasil olur. "Vəhdət"
ideyasının tərənnümçüləri nə
ardıcıl idealist, nə də ardıcıl materialist idilər.
Onlar həqiqətlər dünyası ilə
hadisələr dünyası arasında, ideya ilə
reallıq arasında, həqiqətlə nisbi həyat
arasında da vəhdət, tarazlıq və tənasüb
axtarırdılar.
Məhəmməd İqbal (1876-1937), Hüseyn Cavid
(1882-1937-1941), Cümran Cəlil Cübran (1883-1931) və Cəfər
Cabbarlı (1899-1934) təxminən eyni dövrdə
yazıb-yaratmaqla xeyli ümumi cəhətlərə malikdirlər.
Hər kəsin öz ölkəsi miqyasında konkret
problematikası olsa da, bu böyük düha sahibləri
bütövlükdə bəşəriyyətin taleyinə
biganə qalmayıb, onun yeganə nicat yolu olan "vəhdət"
ideyasından çıxış etmişlər...
Cabbarlı xüsusi fəlsəfi təhsil
görməmişdır. Onu həyatın özü
yetişdirmişdir. O, həyatdan, gerçəklikdən
çıxış edir. Onun böyük rəssamlıq
istedadı ətrafında baş verən prosesləri
bütün incəlikləri ilə təsvir etməyə imkan
verir. Təsadüfi deyil ki, Cabbarlı özü ədəbiyyatı
təsviri sənətlə müqayisə edir: "Zatən ədəbi
əsərlər də fırçası qələm
olmuş rəsmlər deyillərmi?" (C.Cabbarlı.
"Ədəbi mübahisələr").
Cabbarlı hadisələrdən
çıxış edir və onları ümumiləşdirməklə
mahiyyətə doğru addımlayırdı. Bədii ümumiləşdirmə elə
güclü idi ki, real hadisələrin təsviri arxasında
mahiyyətlər və onlar arasındakı münasibətlər
də üzə çıxırdı...
Bəli, Cabbarlı əvvəlcədən
filosof deyildi. O, əvvəlcədən
rəssam idi. Sosial və mənəvi proseslərin
rəssamı. Lakin onun getdiyi yol sadə həyat
həqiqətlərinin arxasındakı böyük mənalara
doğru aparırdı. O, hadisədən mahiyyətə,
təkcədən ümumiyə, sənətkarlıqdan
filosofluğa doğru gedirdi. Fəlsəfə Cabbarlı
yaradıcılığında təməl yox, son mərtəbə
idi... Cabbarlı isə konkretdir. Çünki ilkin olaraq ideyadan deyil, gerçək
hadisələrdən çıxış edir. Burada zaman da, məkan da müəyyəndir. Burada həm milli müəyyənlik, həm tarixi
müəyyənlik, həm də sosial müəyyənlik o
dərəcədə qabarıqdır ki, hadisələrin
gedişindən dövrün tək rəngini deyil, ruhunu da
sezmək mümkün olur. Cabbarlı rənglərdən
ruha doğru gedir. Cavid isə ruhu şəffaf
götürür. Cavid dünyasında
ruhun rəngi, yeri, ölçüsü olmur. Ruh məkan və zaman xaricindədir. Lakin o, hadisələrdə təzahür edir.
Cabbarlı dünyası çoxmərtəbəli
dünyadır. Birinci qatda təsvir olunanlar yerli-yataqlı, hadisələrdir.
Ruh hadisələrin fövqündə arxa planda
təzahür edir. Lakin Cabbarlı
gerçəklikdə cərəyan edən hadisələrin
bədii ümumiləşmə səviyyəsində real təsvirini
verməklə yanaşı, bu hadisələrin alt
qatlarını, onların daxilindəki təzadları qələmə
alır. Və nəticə etibarilə həm
də bu hadisələrin əsasında dayanan ideyalar aləminin
özündəki daxili çarpışma və təbəddülatlarını
işıqlandırmalı olur ki, bu da sonrakı, yüksək
qatdır".
Azərbaycan mühacir ədəbiyyatşünası
Mustafa Hacı hələ sovet yazıçılarının
birinci qurultayındakı çıxışında Cəfər
Cabbarlının kommunist nəzarətinin güclənməsinə
etiraz etdiyini bildirmişdir: "1934-cü ildə Moskvada
"Sovetlər birliyi yazarlarının birinci ümumi
qurultayı" toplandı. Bu qurultayın məqsədi
yazarlar üzərində partiya kontrolunu daha da
sıxlaşdırmaqdan ibarət idi. Qurultayda
müzakirə edilən başlıca məsələlərdən
birisi yazarların kafi dərəcədə partiyanın
günlük siyasətinə ön ayaq olmamaları idi. Bu qurultayda şiddətli tənqid atəşinə
tutulanlar sırasında yenə də Cavidi görürük.
Bu qurultayda diqqəti cəlb edəcək
mühüm hadisələrdən biri, Cavid qədər olmasa
belə, kommunistlər tərəfindən olduqca xırpalanan
və uzun müddət mətbuatda çəkişdirilən
Azərbaycanın mümtaz şair və dramaturqlarından Cəfər
Cabbarlının nitqi oldu. Cəfər
Cabbarlı bu məşhur nitqinin bir yerində "həqiqi sənətkarına
şanına zidd olan sosial ismarlama" üsuluna üsyan edərək,
kommunist partiyasının bu yoldakı israrına
açıqdan-açığa qarşı gəlmişdi.
Cabbarlının bu mərdcə
çıxışı tarixi bir vəsiqə olmaqdan irəli
gedə bilmədi. Partiya artıq qəti qərarını
vermişdi: yazar və sənətkarlar partiyanın gündəlik
siyasətini təbşirdə bir vasitə olmalı idilər.
Bu yoldan kiçik də olsa inhiraf edənlər partiya nəzdində
düşmən adlanırdı və bu gün də eyni təranə
davam etməkdədir".
Cəfər Cabbarlının tədqiqatçılarından,
Asif Rüstəmli onun SSRİ yazıçılarının
birinci qurultayındakı çıxışı
haqqında yazır: "Moskvada 1934-cü il avqustun 15-də
özünün Birinci qurultayına toplanan sovet
yazıçıları gənc dramaturq Cəfər
Cabbarlının bədii yaradıcılığın
müxtəlif sahələrinə aid problemlərə obyektiv
və sərt münasibətinin şahidi oldular. Cabbarlının "Yeni məzmun yeni forma tələb
edir" sərlövhəli məruzəsində ilk
toxunduğu problem - mövzu seçimi və
yazıçıya sifariş məsələsi oldu. Bu problem, əslində, sovet cəmiyyətinin
inzibati-amirlik xarakterindən yaranmışdı və
bütün respublikaların, yaradıcı təşkilatlarında
mövcud idi. Qurultayda özündən əvvəl
çıxış edən rus sovet dramaturqu Nikolay Poqodinlə,
ümumittifaq proletar yazıçılar cəmiyyətinin rəhbərlərindən
biri, dramaturq Vladimir Kirşonla razılaşmayan Cabbarlı
deyirdi: "Hər bir şairin, yazıçının və
dramaturqun ən böyük məziyyətlərindən birisi
- onun mövzu seçməyi bacarmasıdır. Yazıçının seçdiyi mövzu onu ilhama
gətirməli, onun gördüklərini, duyduqlarını,
dövrünün ondan tələb etdiklərini,
başqalarının hələ müşahidə etmədiklərini
və ya müşahidə edərək, bu barədə
danışa bilmədikləri şeyləri oxucuya söyləmək
imkanını yaratmalıdır. Dövrün
ictimai sifarişi adlanan şey budur. Lakin
bir çox yoldaşlar çox vaxt "ictimai sifarişi"
"xüsusi sifarişlə" əvəz edirlər.
Onlar "Şüşə zavodu və ipək
fabrikası haqqında nə üçün
yazmayırsan?" - deyə
yazıçıya müraciət edirlər...
Yalnız bir dəfə, mən müəyyən bir
mövzu üçün müqavilənamə bağlamalı
oldum, ondan sonra mən beş pyes
yazmışam, lakin sifariş olunan pyes hələ də
yoxdur". Cəfər Cabbalı Moskvada SSRİ
Yazıçılarının Birinci qurultayında, ən
yüksək tribunadan "sifariş olunan pyes hələ də
yoxdur" - deyəndə, şübhəsiz ki,
özünün ürəyincə olmayan, əslində isə,
ona kənardan sırınan ilk rəsmi sifarişi - "Əfqanıstan"
əsərini nəzərdə tuturdu. O "xüsusi
sifarişlə" ədəbiyyat, reseptlə müsbət qəhrəman
tipi yaratmaq olmaz - deyə hayqıranda siyasi məmurlara cavab
olaraq həmkarları sürəkli alqışlarla onu dəstəklədi.
Cabbarlının bu cəsarətli
çıxışı, əslində, ədəbiyyat, mədəniyyət
sahəsində at oynadan bolşevik düşüncə tərzinə,
inzibati-amirlik sisteminin öz iradəsini zorla qəbul etdirmək
üsuluna qarşı mədəni üsyan idi. Cəfər
Cabbarlı ümumittifaq yazıçılarının ilk ali məclisində "sifariş olunan pyes hələ
də yoxdur" - deməsi sənətkara, yaradıcı
insana "xüsusi sifariş" verənlərə
"yox!" - cavabı, teatrın "Əfqanıstan"
pyesinin quruluşu üzərində
çalış"dığını tələm-tələsik elan edənlərə,
respublika rəhbərliyinə yüksək tribunadan etiraz
mesajı idi. Cəfər Cabbarlının
yazıçılar qurultayında "xüsusi
sifariş"in əleyhinə sərt
çıxışı xarici mətbuatda da geniş yer
almış, müəllifə qarşı açıq və
gizli təpkilərə səbəb olmuşdur. Bu barədə
böyük dramaturqun yaşıdı və dostu, gizli
"Müsavat"da birgə
çalışdığı, 1923-cü ildə iki dəfə
birgə həbsdə olduğu, 9 il sovet rejiminin ölüm düşərgələrində
təhqir və işgəncələrə məruz qalan, nəhayət, 1932-ci
ildə azad olunaraq Türküstana, oradan da İrana gedərək,
ömrünün sonunadək mühacirətdə yaşayan Əbdül
Vahab Yurdsevərin qənaətləri maraqlıdır. Onun fikrincə, Cəfər Cabbarlının
yazıçılar qurultayında bədii ədəbiyyat sahəsində
sovet ideologiyasının əsaslarını sarsıdan
çıxışı onun sonrakı taleyində mənfi
rol oynayıb, ömrünün sona yaxınlaşmasını
sürətləndiribdi. Əbdül Vahab Ankarada
çap olunan "Azərbaycan dram ədiblərindən Cəfər
Cabbarlı" məqaləsində bu barədə
yazırdı: "Böyük ədib... həqarətə
dayanmayaraq, 1934 sənəsində Moskvada toplanan ədəbiyyatçılar
konqresində sovet zimamdarlarının üzünə
qarşı: "Sifarişlə sənət olmaz!" - deyə hayqırmışdır. Cəfərin
bu sözləri sonradan dünya mətbuatına əks
etmiş və kendisinə qarşı sovet təzyiqlərini
bir qat daha artırmışdır... Hadisəyə
yaxından vaqif olanlara görə Cəfər Moskva ədəbi
konqresindən sonra, çox şiddətli basqı və
işgəncələrə məruz qalmış və
bunlara dayanamıyaraq, kendi odasına çəkilmiş və
intihar etmişdir".
Əbdül Vahab Yurdsevərin son fikri ilə
fərqli mövqedə dayansaq da, ədalət naminə etiraf
olunmalıdır ki, natiqin qurultayda "xüsusi
sifariş"ə qarşı sərt münasibəti,
barışmaz mövqeyi sonralar da yumşalmadı.
C.Cabbarlı ona verilən bu ilk və
"xüsusi sifariş"i yerinə yetirməkdən boyun
qaçırtdı.
Araşdırıcıların "yarımçıq",
"natamam" pyes adlandırdığı "Əfqanıstan",
əslində, böyük sənətkardan bizə miras
qalmış, rus dilində yazılmış iki səhifəlik
qısa "plan"dan ibarət mətndir. Bəlkə də
bu əsərin illərlə yubadılmasının və nəticədə,
yazılmamasının bir səbəbi də Cəfər
Cabbarlının özgə, yad ölkələrlə
müqayisədə doğma vətəninə, sevimli
xalqına aid mövzulara üstünlük verməsi idi.
Əbədiyyətə qovuşan
böyük sənətkarın adının əbədiləşdirilməsi,
əsərlərinin nəşri, tədqiqi və təbliği
sahəsində təxirəsalınmaz işlər Ulu Öndər
Heydər Əliyevin birinci hakimiyyət illərində daha da
geniş vüsət aldı. Xüsusilə, 1982-ci ildə
C.Cabbarlının 80 illiyi münasibətilə respublikada
geniş yubiley tədbirləri keçirildi. Dramaturqun şəhərin mərkəzində
ucaldılmış möhtəşəm heykəli və
gözəl ev-muzeyi açıldı. Sonralar o illəri
iftixarla xatırlayan Heydər Əliyev 1997-ci il
aprelin 22-də Bakıda mədəniyyət və incəsənət
xadimləri ilə görüşündə dedi: "Cəfər
Cabbarlı 1934-cü ildə vəfat etmişdir. Mən bunu bir dəfə demişəm, Azərbaycan
ədəbiyyatının, Azərbaycan milli şüurunun
inkişafında onun nə qədər böyük xidmətləri
olubdur. Onun yaratdığı əsərlər
neçə-neçə nəsilləri tərbiyə edib və
yüksəldibdir. ...Onun abidəsini 1982-ci ildə biz
qoyduq. Onun yaşadığı binada
ev-muzeyini 1982-ci ildə biz yaratdıq. Mən bu işlərlə
fəxr edirəm".
Asif Rüstəmli
haqlı olaraq, qeyd edir ki, Ulu Öndər qədrşünaslıqla
qeyd etdiyi kimi, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin incəsənətinin təkamülünə,
mənəvi sərvətlərimizin zənginliyinə, milli
şüurun təşəkkülünə, vətənpərvər
duyğularının oyanışına, dilimizin
saflığına, azadlıq və istiqlal məfkurəsinin,
o cümlədən, azərbaycançılıq
ideyasının - intişarına misilsiz xidmətlər
göstərmiş milli sənətkardır. Onun
tədəbbülatlara qərq olmuş mürəkkəb və
ziddiyyətli mühiti, keşməkeşlər məcrasından
boy göstərən, milli idealların gerçəkləşməsinə
həsr edilən qısa və mənalı həyatı, zəngin,
çoxşaxəli yaradıcılığı hələ
uzun əsrlər Azərbaycan
ədəbiyyatşünaslığının gündəmində
cazibədar tədqiqat mövzusu olaraq yaşayacaqdır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 21 iyun.- S.14.