Azərbaycançılığın müasir tədqiqi: ədəbi-estetik yanaşma

 

Azərbaycançılığı ədəbi-estetik cəhətdən araşdıran tədqiqatçılardan biri olan Sona xanım Vəliyeva "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" əsərində aşağıdakı məsələləri hərtərəfli araşdırmışdır:

Azərbaycançılığı ədəbi-estetik cəhətdən araşdıran tədqiqatçılardan biri olan Sona xanım Vəliyeva "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" əsərində aşağıdakı məsələləri hərtərəfli araşdırmışdır:

1. Azərbaycan maarifçiləri və azərbaycançılıq.

2. Azərbaycançılıq ideyası və milli-dövlətçilik hərəkatının ictimai-siyasi xadimləri.

3. Cəlil Məmmədquluzadə və milli ideya.

4. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyasının həyata keçirilməsi və milli mədəniyyətin inkişafı.

5. Azərbaycançılıq ideyası Azərbaycan Sosialist Respublikası dövründə.

6. Azərbaycançılıq ideyası, milli azadlıq hərəkatı və müstəqil Azərbaycan dövlətinin qurulması.

7. Azərbaycanın müasir ədəbi-estetik və ictimai fikrində azərbaycançılıq məfkurəsi.

AMEA-nın müxbir üzvü N.Cəfərov yazır: "Sona Vəliyevanın oxuculara təqdim olunan bu əsəri də azərbaycançılığın ideologiyadan elmə, mükəmməl bir təlimə çevrilməsi sahəsində uğurlu bir addım, dəyərli bir töhfədir".

Tədqiqatçı Sona xanım Vəliyeva öz əsərində bir məsələni xüsusi diqqətə çatdıraraq belə nəticəyə gəlir: "...azərbaycançılıq ideyasının, qabaqcıl düşüncə, maarif və ictimai-siyasi xadimlərin milli ideya sahəsindəki mühakimələrinin qısa təhlili göstərir ki, Azərbaycanda müstəqil və spesifik dünyagörüşün, insan-dünya münasibətlərinə özünəməxsus milli dəyərlər və düşüncə tərzi ilə yanaşmanın təzahürü ilk dəfə "Kitabi Dədə-Qorqud"dan başlayaraq, günümüzə qədər inkişaf etmiş, təkmilləşmiş və sistemli bir milli ideyaya çevrilə bilmişdir.

Milli ideya, milli-estetik düşüncə böyük Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin yaradıcılığında XVII-XVIII əsrin şifahi xalq ədəbiyyatında, məhəbbət və qəhrəmanlıq dastanlarında getdikcə daha geniş təzahür etmişdir.

Milli ideyanın sistemli inkişafı və getdikcə ümumtürk, ümumislam kontekstindən ayrılaraq, tədricən azərbaycançılıq ideologiyasına çevrilməsi, əsasən, son iki əsrdə baş vermişdir. Bu iki əsrin formalaşma dövrünün ən ardıcıl, məhsuldar və məqsədyönlü inkişaf dövrü, sözsüz ki, Azərbaycanda marifçilik hərəkatının vüsət aldığı XIX əsrin sonu, XX əsrin əvvəlləri hesab olunmalıdır. Qabaqcıl maarifçilərin Azərbaycana gətirdikləri azərbaycançılıq və istiqlal düşüncəsi sonrakı illərdə əməli hərəkata keçmiş və ictimai-siyasi xadimlərin düşüncələrinə və fəaliyyətlərinə bilavasitə istiqamət vermişdir.

XIX əsrin axırları, XX əsrin əvvəllərində mədəni və sosial-siyasi düşüncənin tədricən formalaşması Azərbaycanda milli-dövlət ideyasının yetişməsinə və müstəqil dövlətçilik uğrunda mübarizənin formalaşmasına gətirmişdir.

Birinci Dünya müharibəsinin planetimizdə yaratdığı dərin böhranlardan istifadə edərək, 1918-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyinə nail olması nəticəsində, azərbaycançılıq ədəbi-bədii və milli-mənəvi fəaliyyət dairəsini aşaraq, siyasi-sosial məzmun kəsb etmiş və getdikcə dövlət doktrinasına çevrilmişdir. Bu isə özünün bütün cəhətləri ilə azərbaycançılığın bütöv və tam şəkildə meydana çıxmasına, siyasi-ictimai faktora çevrilməsinə şərait yaratmışdır. Deməli, bu zaman azərbaycançılıq ənənəvi etnomədəni dəyərdən başqa, birləşdirici, səfərbəredici bir ideologiyaya çevrilmiş və özünün məxsusi siyasi-konseptual mahiyyətini daşımağa başlamışdır.

Hələ xeyli əvvəlki illərdən etibarən tədricən yüksələn xətlə güclənən ümummilli şüur Azərbaycan Xalq Cümhuriyyəti dövründə inkişafın yeni müstəvisinə keçmiş, azərbaycançılıq ümumşərq, ümummüsəlman mücərrədliyindən ayrılaraq artıq ayrıca götürülmüş bir xalqın düşünən hissəsinin fikir və əqidəsində özünə möhkəm, əvəzolunmaz yer tutmuşdu. Azərbaycanlıların müstəqil dövlət qurmaq şansı milli düşüncənin daha da güclənməsinə, etnik-milli hisslərin milli-siyasi hisslərlə tamamlanmasına səbəb olmuşdu. Milli-dövlət quruculuğunda bilavasitə iştirak edən insanların düşüncə tərzi də dəyişmiş və bu da, nəticədə, yeni qurulan milli dövlətin aparıcı ideologiyasının yaradılmasına təkan vermişdir. Həmin dövrdə milli mənlik şüuru artıq getdikcə qarşısıalınmaz determinanta çevrilmiş, onun inkişafı düzgün, yaradıcı istiqamətə yönəlmişdi.

Müəllif belə qənaətə gəlir ki, azərbaycançılıq ideyası ilk dəfə dövlət siyasəti səviyyəsində 1918-ci ildə qaldırıldı və Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasətinin əsasını təşkil etdi. Xalq Cümhuriyyəti liderlərinin, hökumət rəhbərlərinin və ideoloqlarının millət və milli məsələ, milli siyasət, millət və sinif, millətçilik və beynəlmiləlçilik və s. haqqında olan nəzəri müddəaları əsasən azərbaycançılıq (türkçülük) üzərində qurulmuşdu və milli-dövlət quruculuğuna yönəlmişdi.

Azərbaycanda sosialist inqilabının baş verməsi siyasi anlamda milli dövlət quruculuğu prosesini dayandırsa da, azərbaycançılıq məfkurəsinin inkişafını dayandıra bilmədi. Düzdür, sovet dövründə milli fikir ən çox bədii ədəbiyyat kontekstində özünü təsdiq edə bilirdi. Burada bədii təfəkkürün dolanbac yolları milli məqamların asanlıqla üzə çıxmasına imkan vermirdi. Milli-fəlsəfi fikir isə marksist ideologiyasının hüdudlarına sığmadığından, inkişaf edə bilmirdi. Hətta bədii ədəbiyyatın da, ədəbi tənqidin də qarşısında maneəyə çevrilən marksizm-leninizm ehkamı bütövlükdə azərbaycançılıq üçün bir buxov idi.

Buna baxmayaraq, Azərbaycanın şifahi xalq ədəbiyyatının, milli, mədəni-mənəvi irsin öyrənilməsi kontekstində bəzən milli-fəlsəfi və ictimai fikrin də tədqiqinə yer verilirdi. Orta əsr peşəkar Azərbaycan filosoflarının əsərləri azərbaycanca olmasa da, Sovet Şərqşünaslıq İnstitutu tərəfindən ruscaya tərcümə olunur və bununla azərbaycanlıların özünün də istifadəsinə verilmiş olurdu. Azərbaycan fəlsəfə tarixinin estetik və mənəvi-etik qaynaqların öyrənilməsi prosesi də getdikcə müntəzəm xarakter alırdı.

S.Vəliyevanın fikrincə, XX əsrin 30-40-cı illərində Azərbaycanda Heydər Hüseynov kimi peşəkar filosofun yetişməsi azərbaycançılığın inkişafında bütöv bir mərhələ idi. O, böyük Azərbaycan ədiblərinin əsərlərindəki fəlsəfi və ictimai-siyasi fikirləri təbliğ edir, Azərbaycan gerçəkliyini əks etdirən bir məfkurənin inkişaf yolunu izləyirdi. Onun "XIX əsrdə Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixi" kitabı bütün ideoloji buxovları keçərək azərbaycançılığın fəlsəfi özünütəsdiqi kimi o dövrün ictimai fikrində bir oyanış məqamı oldu. Əsərin əsil mahiyyətini, alt qatdakı milli mündəricəni azərbaycançılıq missiyasına birinci yaxınlaşmada anlamayanlar əvvəlcə onu Stalin mükafatına təqdim etdilər və üstündən bir il keçməmiş onun oxunmasına qadağa qoyuldu. Və müəllif intihar etmək məcburiyyətində qaldı. Lakin Azərbaycanda görkəmli ziyalılarımızın ictimai-siyasi dünyagörüşlərini, milli-fəlsəfi fikrin öyrənilməsi prosesini dayandıra bilmədilər. 1969-cu ildə Azərbaycanın böyük siyasi xadimi və azərbaycançılıq ideallarının himayədarı Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan azərbaycançılığın inkişafı üçün yaranmış əlverişli zəmindən  tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar geniş  istifadə etdilər. Bu illərdə yazılmış çoxsaylı əsərlərdə Azərbaycanın ədəbi-estetik və ictimai-siyasi fikir tarixi milli ideyanın geniş yayılmasına, milli irsin yeni nəslə çatdırılmasına töhfələr vermişdir.

Müəllif qeyd edir ki, azərbaycançılıq ideyasının formalaşmasında XX əsrin 80-90-cı illərində, dövlət müstəqilliyimizin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, 1990-cı ilin yanvar ayında isə milli-azadlıq hərəkatının xüsusi rolu olmuşdur. Bu illərdə həm qabaqcıl düşüncə sahiblərinin əsərləri, məqalə və çıxışları bütövlükdə milli ruhun inkişafına yönəlmiş, həm də yüksələn xətlə inkişaf edən xalq hərəkatı bu ideyanı bütöv insanların kütləvi düşüncə tərzinə çevirmişdir. Düzdür, bu illərdə meydan əhval-ruhiyyəsilə bəzən azərbaycançılıq ideyası ilə ümumtürkçülük ideyası qarışdırılmış və eyniləşdirilmişdir ki, bu da Azərbaycandaxili vətəndaş münasibətlərini bir qədər kəskinləşdirmiş və müəyyən müddətdə bu ideyanı iflasa doğru yönəltmişdir. Lakin bütün Azərbaycan əhalisinin istiqlal arzusu, azərbaycançılığın təbii şəkildə bir müstəqil dövlətin bütün vətəndaşlarının ali ideologiyasına çevrilməsi, bütün ölkə vətəndaşlarının birləşdirilməsi zərurəti tezliklə düşüncə adamlarını bu həssas və taleyüklü məsələyə yenidən baxmağa sövq etmişdir.

Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət quruculuğu praktikasında həyata keçirilməsi 1993-cü ildən başlanır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək, ümumi ideyaları sistemi kimi milli dövlət quruculuğunun ayrılmaz komponentinə çevrilir.

Sona xanım Vəliyeva əsərində göstərir: "Beləliklə, biz 1993-cü ildən başlayaraq milli ideologiyanın - azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri standartlar səviyyəsində formalaşmasının və tətbiq olunmasının şahidləriyik. Keçən illərdə azərbaycançılıq ideologiyası həm milli dövlət quruculuğu strategiyasının ideya-siyasi əsası kimi praktikada tətbiq olunur, həm düşüncə adamlarının, ziyalıların, milli elitanın düşüncələrinə hakim kəsilib, həm də bütün dövlət hüdudlarında kütləvi milli məfkurəyə çevrilib".

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 26 iyun.- S.14.