Azərbaycançılığın
qaynaqları: “Kitabi Dədə Qorqud”
dastanı və azərbaycançılıq ideyası
Məlumdur ki, azərbaycançılıq ideyası
öz əksini “Kitabi-Dədə Qorqud” dastanında da
tapmışdır. Dastan ayrı-ayrı xalqların müxtəlif
tarixi dövrlərdəki ədəbi-bədii, ictimai-fəlsəfi
düşüncəsinin bir sıra cəhətlərini əks
etdirən yaradıcılıq sahəsidir. Bu şifahi irs aləmində
türkdilli xalqların, o cümlədən, azərbaycanlıların
dastan yaradıcılığının xüsusi yeri
vardır. Dastan yaradıcılığı dünya
xalqlarının şifahi sənətinin zəngin bir qolunu təşkil
edir. Dastanlar bəşər mədəniyyətinin nadir incilərindən
biri kimi, şifahi söz xəzinəsinin ayrılmaz tərkib
hissəsidir.
“Kitabi- Dədə Qorqud” dastanlar toplusu, müxtəlif
məzmunlu oğuznamələr və “Boz Qurd” kimi qiymətli
epos nümunələri indi də dünya mədəniyyətinin
sayılıb-seçilən inciləri sırasında
özünəməxsus və diqqətəlayiq yer tutur.
Dastanlarda xalqın gündəlik məişəti və
həyat tərzi, təsəvvürləri, cəmiyyətə
baxışları, milli adət-ənənələri,
psixoloji-mənəvi keyfiyyətləri, məşğuliyyəti
və həyatda apardığı mübarizənin təsviri
mühüm yer tutur. Elə bu səbəbdəndir ki,
dastanları xoşbəxt həyat uğrunda aparılan
mübarizəsiz təsəvvür etmək çətindir.
A.N.Veselovski yazırdı: “Epos həmişə beynəlxalq
xarakterindəki əlamətinə görə seçilir: o,
bir qəbilənin digəri ilə mübarizəsini tərənnüm
edir. Buna görə də həmin mübarizədən bəhs
edən hekayət mübarizə aparan hər iki tərəf
üçün maraqlı olur. Buradan da eposun qəbilələrin
mübarizəsindən yarandığı məlum olur”.
“Kitabi- Dədə Qorqud” və “Manas” belə
epos-dastanlardan hesab olunur. Qəhrəmanlıq motivləri ilə
zəngin olan bu dastanlarda milli adət-ənənələr, əxlaq
normaları və davranış qaydalarının təsviri də
mühüm yer tutur.
“Kitabi-Dədə Qorqud” tayfa-qəbilə birləşmələri
çağındakı bahadırlıq ənənələrindən
tutmuş, XIII-XIV əsrlər də daxil olmaqla, böyük
bir tarixi kəsimin mifoloji elementləri ilə səsləşən
bədii salnamədir. “Kitabi-Dədə Qorqud” həm də Azərbaycan
xalqının tarixidir, onun ictimai-siyasi
varlığının poetik inikasıdır. Ensiklopedik mahiyyət
daşıyan bu abidənin VI-VII əsrlərdə
yarandığı ehtimal edilməkdədir.
İstər ən
qədim dövrlərdə, istərsə də, erkən orta yüzilliklərdə türkdilli
xalqların, o cümlədən, azərbaycanlıların
yaradıcı düşüncə və təfəkkürünün
dəyərli abidələrindən biri olan dastanlar sosial-siyasi və hüquqi
fikrimizin zənginləşməsində mühüm tarixi rol
oynamışdır. Çox maraqlı və
diqqətəlayiq bir haldır ki, epos-dastanlarda, o cümlədən, “Kitabi-Dədə Qorqud”da ehtiva
olunmuş ideyaların bəziləri bu günlə də səsləşir. Ədalətli
hökmdar, ədalətli qanun
və ədalətli cəmiyyət və s.
bu kimi ideyalar
deyilənlərə nümunə ola bilər.
Sosial ədalət problemi
bəşəriyyəti müasir mərhələdə
və dərindən düşündürən məsələlərdən
biridir. O, indi beynəlxalq
xarakter olmaqla, qlobal problemlərdən birinə çevrilmişdir.
“Kitabi-Dədə Qorqud” türk
xalqlarının, xüsusilə, oğuz
tayfalarının bədii təfəkküründən doğan folklar incisidir. Lakin eposun ideya məzmunundan onun, eyni zamanda
da, möhtəşəm ictimai-siyasi
fikir abidəsi olduğu
aydın olur. “Kitabi -Dədə
Qorqud” azərbaycanlıların və
bütövlükdə, bütün
oğuzların ictimai-siyasi
görüşlərinin klassik və parlaq aynasıdır. Eposda
türkdilli xalqların azadlıq,
istiqlaliyyət qazanmaq, qurub-yaratmaq
meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlıq uğrunda
mübarizə aparmaq, habelə,
işğalçı qüvvələri dəf etmək istəyi
öz dolğun ifadəsini
tapmışdır. Bütün bunlar “Kitabi- Dədə Qorqud” eposunu həm də
Azərbaycan xalqının ictimai-siyasi fikir abidəsi olduğu
aydın olur. “Kitabi-Dədə Qorqud” azərbaycanlıların və
bütövlükdə, bütün
oğuzların ictimai-siyasi
görüşlərinin klassik və parlaq aynasıdır. Eposda
türkdilli xalqların azadlıq,
istiqlaliyyət qazanmaq, qurub-yaratmaq
meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlıq uğrunda
mübarizə aparmaq, habelə,
işğalçı qüvvələri dəf etmək istəyi
öz dolğun ifadəsini
tapmışdır. Bütün bunlar “Kitabi-Dədə Qorqud”
eposunu həm də Azərbaycan
xalqının ictimai-siyasi fikir
tarixinin əzəmətli abidələrindən
biri kimi dəyərləndirməyə
əsas verir. Eposun dərin vətənpərvərlik
ruhunda olması, Oğuz
elinin öz suverenliyi uğrunda qəhrəmanlıq
mübarizəsi, cəmiyyətdə mövcud
olan davranış qaydalarının və
əxlaq normalarının müqəddəsliyi və möhkəmliyinin
qorunması sahəsində nümayiş
etdirilən mütəşəkkillik, bütövlükdə,
oğuzların əxlaqi düşüncəsini, ictimai-siyasi təfəkkürünü və
dünyagörüşünü əks etdirir.
“Kitabi-Dədə Qorqud”dakı ictimai-siyasi hadisələr qədim
oğuzların ictimai və dövlət
həyatı, cəmiyyətdə mövcud
olan bəzi sosial-siyasi
təsisatlar və s. haqqında təsəvvürlər
əldə etməyə imkan verir. Belə ki,
oğuzlarda qəbilədaxili hakimiyyət
və cəmiyyətin idarəetmə rejimi
o dövrdə məhdud məkanda kifayət
qədər möhkəmliyə malik olmuş, lakin
yazılmamış adət-ənənələr və hüquq normaları ilə tənzimlənmişdir.
Cəmiyyətdə hökm sürən
adət-ənənə normaları, davranış qaydaları,
eləcə də, idarəetmənin ədalət mühakiməsinin
həyata keçirilməsində tətbiq edilən normalar, hər şeydən əvvəl, əxlaqi
köklərə bağlı olmuşdur.
Belə quruluşa malik
cəmiyyətdə sosial ədalətin
yüksək səviyyədə olduğu
bir daha təsdiq olunur. Ədalət şərtlərinə əməl
edilməsinin özünün də əsasını
əxlaqi dəyərlər təşkil edirdi.
Bütün bunlar Oğuz elinin yüksək
mənəviyyatlı bir cəmiyyət
olmasına şəhadət verir.
“Kitabi-Dədə Qorqud” boylarının ideya-məzmunu göstərir
ki, qədim oğuzlarda
azərbaycançılıq “yurd”, “vətən”,
“cəmiyyət” və “dövlət”
anlayışlarının vəhdəti şəklində öz inikasını tapmışdır. Qədim
oğuzlar bir məkan
tanıyırdı. Bu məkan onlar üçün həm
doğma yurd, el-oba, vətən, həm də heç zaman basılmaz olan möhtəşəm və qüdrətli
bir dövlət idi. Ona görə də dastanlarda
nəzərə çarpan vətən
istəyi, eləcə də, xalqın və dövlətin taleyi uğrunda mübarizə
aparmaq əzmi təsadüfi və ötəri
hisslərdən ibarət olmamışdır. Bu
istəkdə mənəvi paklıq və dərin bir inam var
idi. Çünki Oğuz dövlətinin mayası ədalətdən
yoğrulmuşdu. Onun
təsisinə Dədə Qorqud, Bayandur xan və Salur Qazan kimi
ər igidlər yenilməzlik və sarsılmazlıq möhürü vurmuşdu.
A.Quliyevin
fikrincə, Oğuz dövlətinin
başlıca amalı və məqsədi cəmiyyətdə
insanlar və bütün
xalqlar arasındakı münasibətlərdə
birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik, əmin-amanlıq verməkdən,
insanların xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Biz sonralar ictimai-siyasi
və hüquqi fikir
tariximizdən görəcək və öyrənəcəyik
ki, dövlətlərin uzun
müddət yaşaması möhkəmliyinin ədalətlə
bağlı ilk ideyalarının
rüşeymlərini siyasi-hüquqi fikir tariximizə Oğuz cəmiyyətinin
tarixi təcrübəsi ərməğan
vermişdir. Belə
tarixi təcrübənin və tarixi reallığın orijinallığı
öz dəyərini bu
gün də itirməmişdir. Bəlkə neçə-neçə nəsillər,
tayfa və xalqlar Oğuz cəmiyyətinin dövlətçilik
təcrübəsindən və idarəetmə ənənələrindən
bəhrələnmiş, onun hərb mədəniyyətini,
düşmənə qalib gəlmək və
onunla sülh yaratmaq siyasətini əxz və özünə
örnək etmişdir.
Vətəndaş mərdliyini folklorda şəxsi və ümumi
mənafelərin qarşılıqlı münasibətlərinin
nəticəsi kimi nəzərdən
keçirmək olar. Məlumdur ki, folklorun
yarandığı dövrlərdə mənafelər ümumiliyi xalqın daxilində ziddiyyətlər
olduğuna görə nisbi
xarakter daşıyır. Müəyyən
tarixi dövrlərdə “xalq”
anlayışı zəhmətkeş kütlələrlə
yanaşı, aralıq qrupları və hakim
siniflərin bir hissəsini də əhatə
edir. Xalqın mərdlik
anlayışının öyrənilməsi xalq
yaradıcılığının sosial-tarixi
xarakterinin dərk olunmasında, xalqla qəhrəmanın
qarşılıqlı münasibətinin
aydınlaşdırılmasında mühüm
rol oynayır.
Xalq mərdlik
haqqında (xüsusən, vətəndaş mərdliyi
haqqında) düşüncə və
baxışlarını axıradək öz
vətəninə sadiq qalan,
kamil qəhrəman obrazları vasitəsilə
ifadə etmişdir. Belə
qəhrəmanların ləyaqətinin əsas
meyarını, məzmunu doğma təbiətə,
elə, vətənə məhəbbətdən və
xalqın azadlığına qəsd etmək istəyənlərə
nifrətdən ibarət olan vətənpərvərlik
təşkil edir.
Vətənpərvərliyin maddi əsası olan “vətən”
anlayışı ictimai-siyasi və mədəni
mühiti, ərazini, insanların tarixi birlik
formalarını, dilini də əhatə
edir. Folklor müxtəlif
tarixi dövrlərin məhsulu olduğu üçün
“vətən”, vətəndaş mərdliyi (vətənpərvərlik)
anlayışları da müxtəlif məzmun
kəsb etmişdir. “Kitabi-Dədə
Qorqud” dastanında oğuzlar
nisbətən məhdud ərazini - bir tərəfi
Dərbənd, bir tərəfi Bərdə,
digər tərəfi Ağrı dağı və
Göyçə gölünün də
daxil olduğu ərazini
özlərinə “vətən tutmuşlar”.
Oğuzlar yaşadıqları mühitə
- Vətənə kortəbii, şüursuz
formalaşan vətənpərvərliklə
bağlanmışlar. Göstərilən sərhədlər
oğuzların Azərbaycanda yaşamasına dəlalət edir. Təsadüfi deyildir
ki, tədqiqatçılar dastanın Azərbaycanla
sıx bağlı olduğunu göstərirlər.
V.V.Bortold dastanın Qafqazda
yarandığı təsdiq edir.
Akademik H.Araslı bu fikri inkişaf
etdirərək oğuzların, gürcülər, və abxazlarla qonşu olduğunu göstərmişdir. “Koroğlu və “Oğuz qəhrəmanlıq
eposu” əsərində oğuzların Azərbaycanda
yaşaması ideyasını əsaslandırmışdır.
Eposda Oğuz eli (“Kalın oğuz”) “İç oğuz” və “Taş oğuz” olmaqla iki yerə bölünmüşdür.
Doğma elə məhəbbətdən doğan əxlaqi hisslər güclü
mənəvi stimul kimi
oğuz tayfalarının ağır
günlərində oğuz qəhrəmanlarına
dayaq olur. Bu hisslər, xüsusən, qonşu
tayfaların basqınına qarşı mübarizədə
oğuzların mərdliyində ifadə olunur.
Tarixi ədəbiyyatda oğuzlara
peçeneqlərin, karlukların, başqır və xəzərlərin
basqını haqqında məlumat verilir.
Cəmiyyətin
sonrakı inkişafı vətəndaş mərdliyinin məzmununa
təsir etməyə bilməzdi. Əvvəllər ancaq kişilərin əxlaqi keyfiyyəti kimi təşəkkül tapan
mərdlik cəmiyyət və onun mənəviyyatının
daha da inkişaf
etməsi sayəsində, adamların cinsindən asılı olmayaraq, həm də yalnız ayrı-ayrı
şəxsiyyətlərin deyil, kollektivin əxlaqi keyfiyyətinə çevrilir. “Kitabi-Dədə-Qorqud”da
qadınların əldə silah
vuruşmalarına (Burla xatun)
dair epizoda təsadüf
olunsa da, mərdliyin kollektiv keyfiyyət kimi özünü büruzə verməsi hiss olunmur.
Tədqiqatçı Sona
xanım Vəliyevanın çox doğru olaraq göstərdiyi
kimi bu dastanda
xalqımızın ümummilli ruhu, azərbaycançılıq ideyası, ana kultu, qadın - kişi bərabərliyi, etnik
birlik, icma birliyi, etnik təhlükəsizlik
ideyaları ilə vəhdət təşkil edir.
Ulu Öndər Heydər Əliyev 1997-ci
ildə “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illik yubileyindəki
çıxışında dastanın azərbaycançılıq
ideyalarının əhəmiyyətindən bəhs edərək
demişdir: “Biz indi - birincisi, “Kitabi-Dədə
Qorqud” dastanını xalqımıza
yaxşı tanıtdıq, ikincisi, dünyaya tanıtdıq, üçüncüsü,
tam təsdiq etdik ki, bu, Azərbaycana məxsusdur.
Bəli, bu, türk
xalqlarına məxsusdur, ancaq Azərbaycana
məxsusdur. Onun vətəni Azərbaycandır
və varisi, sahibi Azərbaycandır,
yəni Azərbaycan xalqıdır. Biz gələcək
işlər üçün böyük yol
açdıq.
Bizim
tariximiz - ümumi tariximiz, o cümlədən,
mədəniyyətimizin və ədəbiyyatımızın
zəngin tarixi indiyədək lazımi qədər
tədqiq olunmadığına görə bu
yubiley tədbirləri bizə məlum olmayan məsələləri açır, aşkar edir. Beləliklə,
biz zənginləşirik, yəni tariximizin zənginliyini hiss
edirik və onun nə
qədər zəngin olduğunu ictimaiyyətə
çatdıra bilirik. Tarixi
şəxsiyyətlər və xüsusən, qədim
dövrdə Azərbaycan xalqının tarixi
şəxsiyyətləri, ümumiyyətlə az öyrənilib, tədqiq olunub
və müasir nəsillərə çox az məlumdur. Buna görə də belə tədbirlərin
keçirilməsi o demək deyildir ki, yubiley
keçirib hansısa konsert
dinləyəsən, yaxud hansısa bir şənliyin iştirakçısı olasan. Bunların əsas mənası
və məqsədi zəngin tariximizin hər
bir səhifəsini açmaq,
geniş tədqiq etmək, onu xalqımıza və dünyaya
təqdim etmək və beləliklə də, əsrlər boyu tarixşünaslıq nöqteyi-nəzərindən
itirdiyimiz şeyləri bərpa etməkdir”.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 1 mart.- S.10.