Fransa tarixi səhvindən döndü

 

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayıb

 

Nəhayət, ədalətsizlik ortadan qalxdı. Fransanın Konstitusiya Şurası prezident Sarkozinin müəllifi olduğu “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını hüquqi qüvvəyə mindirəcək qanun layihəsini qəbul etmədi. Bununla da Fransa hökuməti və xalqı dünyanın ən barbar qanununu qəbul edən ilk dövlət olmaqdan son anda qurtuldu. Sarkozi və onun erməni dostlarının arzusu ürəyində qaldı. Sarkozi bu addımı ilə erməni diasporunun əlində oyuncaq olduğunu, onların dəstəyi olmadan hakimiyyətdə qala bilməyin mümkün olmadığı kimi cılız düşüncəyə sahiblik etdiyini sübuta yetidən ilk dövlət başçısı adını qazandı.

Layihəni dəstəkləyən senatorların təsnifatı da özündə maraqlı məlumatlar daşıyır. Layihənin müəllifi Əlcəzair əsilli Valerie Boyer Fransada doğulsa da, onun atası Şimali Afrika ölkəsindən bura deportasiya olunan minlərlə ailələrdən birinin üzvü olub. Fransa ordusunun Əlcəzairdə yerli xalqa qarşı törətdiyi soyqırımı tarixə öz damğasını vurub. Xanım Boyer öz xalqına qarşı törədilənləri unudub “erməni soyqırımı” ilə bağlı layihə hazırlaması bir qədər şübhəli məqamlardan xəbər verir. Görünür, Fransanın Konstitusiya Şurasında təmsil olunan şəxslər heç də “Sarkozi-erməni lobbisi-Boyer” üçbucağında təmsil olunanlar kimi düşünmürlər.

Digər tərəfdən Senatda hazırlanan, Fransa prezidenti tərəfindən dəstəklənən və Konstitusiya Şurası tərəfindən ləğv edilən “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi haqda qanun layihəsinin qüvvəyə minməməsinin səbəblərini təkcə Fransada axtarmaq düzgün olmazdı. Fransanın hakimiyyət dairələrini düşünməyə vadar edən amillərdən ən önəmlisi həm Türkiyədə, həm də Azərbaycanda qondarma erməni soyqırımının əsassız iddia olduğu barədə tutarlı faktların mövcudluğu və bununla bağlı aparılan təbliğatdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ermənilərin 70 -80 il ərzində irəli sürdükləri qondarma, əsassız iddiaları yalanlamaq, əksinə tarix boyu bu millətin türklərin, azərbaycanlıların başına açdığı müsibətlər barəsində ictimaiyyətə doğru məlumatın verilməsinə başlandı. 20 il ərzində görülən işlər dünyanı çaşdıran, yalanlar üstündə qurulan erməni təbliğatını ləngidə bildi. Düzdür Dağlıq Qarabağ münaqişəsi başlanandan bu yana dünyanın bir neçə dövləti “erməni soyqırımı”nı tələm-tələsik tanıdı. Amma bu ölkələrin sırası daha geniş ola bilərdi.

Hər kəs Fransanın Osmanlı dönəmində ermənilərlə bağlı baş verən hadisələrdə və qondarma soyqırımı iddialarının ayaq tutub yeriməsində hansı rola malik olduğunu yaxşı bilir. Bu səbəbdən Fransa Senatında qəbul edilmiş qanun layihəsinin sonra yaradacağı problemləri nəzərə alan Azərbaycan və Türkiyə bütün imkankarını uzlaşdıraraq soyqırımının olmadığını ilk öncə fransızlara başa salmağa çalışdılar. Təbii ki Fransada Sarkozi və Valerie Boyer kimi düşünməyən insanlar da var. Əgər belə olmasaydı aparılan təbliğat bəhrəsini verməzdi.   

“Erməni soyqırımı” qəbul edən dövlətlər az deyil. Amma Fransa bütün bəşəri qanunları tapdalayan, insan haqlarını kobud şəkildə pozan, söz azadlığına ağır zərbə vuran qanun qəbul etməyə çalışdı. Amma buna ilk reaksiyanı da Azərbaycan və Türkiyədən gördü. Ölkə ictimaiyyəti Fransanın səfirliyi önünə toplaşaraq rəsmi Parisdən insan haqlarına hörmətlə yanaşmağı tövsiyyə etdi və bunun ağır nəticələrə gətirib çıxaracağını bildirdi. Kütləvi informasiya vasitələri Osmanlı dönəmində baş verən hadisələrin həqiqi üzünü dünya birliyinə çatdırmaq üçün geniş fəaliyyətə başladı. Qeyri-hökumət təşkilatları, xarici ölkələrdəki diaspor təşkilarları, ayrı-ayrı qurumlar erməni yalanlarını üzə çıxarmaq üçün dünyanın əksər ölkələrində diskussiyalar, konfranslar, yığıncaqlar, yürüş-mitinqlər təşkil edir, insanları bir daha düşünməyə vadar edirdilər. Artıq xarici ölkələrdə keçirilən aksiyaların, tədbirlərin sayını dəqiq bilən yoxdur. Təbii ki, bütün bunların araya-ərsəyə gəlməsində Azərbaycanın dövlət başçısının, Heydər Əliyev Fondunun misilsiz xidmətləri olub. Bunun davamı olaraq Milli Məclisdə Fransa Senatının qərarını pisləyən bəyanat verilib, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfirinə etiraz notası təqdim edib. Əlbəttə, bütün bunlar Azərbaycan və Türkiyənin, hər iki qardaş xalqın yenilməz birliyindən xəbər verir. Hər iki dövlətin vətəndaşları başa düşür ki, artıq uduzmaq limiti çoxdan tükənib. İndi hücum şansı bizim əlimizdədir, erməni saxtakarlığını, qondarma iddiaları ifşa etmək üçün qüvvələrimizi birləşdirməliyik.

Nəhayət, türk dünyası erməni saxtakarlığını həqiqət kimi təqdim edən qüvvələr üzərində qələbə qazandı. Necə deyərlər ağıl ağılsızlığa üstün gəldi, Fransa tarixi səhvindən döndü.

Azərbaycan prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayıb, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənililiyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir.

Fransa Konstitusiya Şurasının qərarı ilə bağlı açıqlamalar Türkiyə hökumətindən də gəlib. Baş nazirin müavini Bülənt Arınç bildirib ki, tarixi mühakimə etmək həvəsində olan bir qrup qaragüruh fransız siyasətçilərinin inadına soyuqqanlı, amma qərarlı diplomatik mübarizə apardıq. Konstitusiya Şurası da siyasi qayğılardan uzaq, doğru bir qərar verib: “Bu qərar Fransa ilə Türkiyə arasında baş verə biləcək böhranın qarşısını alıb. Ümid edirəm ki, bu qərar hüquqa zidd təşəbbüslər üçün böyük bir dərs olar”.

Xarici işlər naziri Əhməd Davudoğlu isə: “Fransa Konstitusiya Şurasının Fransa Konstitusiyasının bəşəri insan haqları anlayışına və hamımızın müdafiə etdiyi Avropa dəyərlərinə uyğun qərar verib. Bu baxımdan Konstitusiya Şurasını təbrik edirik”, - deyib.

Avropa Birliyi naziri Egemen Bağış isə Fransada lazım olan addımın atıldığını bildirib: “Ağıl ağılsızlığa qalib gəldi və tarixi bir səhvdən dönüldü. Seçki təzyiqlərinə baxmayaraq hüquq və məntiq qazandı”.

“Azərbaycan Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarını alqışlayır”. Bunu açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib

“Bu, Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən ayrı-ayrı strukturların dünyada, o cümlədən Fransanın daxilində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki Fransa parlamenti qərarı qəbul etdiyi gündən, hətta ondan da qabaq Türkiyəni və Azərbaycanı təmsil edən müxtəlif strukturlar, o cümlədən dövlət qurumları, Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, Avropa Şurası, ATƏT və digər qurumlardakı nümayəndələri, həmçinin Azərbaycan hökumətinə bağlı olan dairələr, diaspor təşkilatları, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən dostlarımız fəaliyyətə keçdilər və bunun da nəticəsi olaraq antidemokratik, yalan məlumatlar üzərində qurulmuş saxta qərar ləğv olundu”, - deyə PA rəsmisi bildirib.

Buna görə Türkiyəni və Azərbaycanı təbrik edən Ə.Həsənov düşünür ki, bu, iki ölkənin bu tipli məsələlərdə birgə fəaliyyətinin ilk belə uğurlu nəticəsidir: “Düşünürük ki, artıq qondarma “erməni soyqırımı”nı siyasiləşdirərək ona qiymət verməyə çalışan dünya ölkələrinə Fransa Konstitusiya Şurasının çıxardığı bu qərar öz təsirini göstərəcək. Və yəqin ki, gələcəkdə, sözün həqiqi mənasında, bu tipli hadisələrin tarixdə baş vermiş hər hansı hadisələri siyasiləşdirməklə siyasilərin dili ilə deyil, məhz tarixi tədqiqatlar nəticəsində tarixçilərin dili ilə dəyərləndirilməsi baş verəcək. O zaman ayrı-ayrı ölkələr bundan siyasi faktor kimi istifadə etməyə qalxmayacaq”.

PA rəsmisi deyib ki, qondarma “erməni soyqırım”ı saxtadır, heç bir erməni soyqırımı baş verməyib: “Bu, ermənilərin uydurmasıdır, antitürk fəaliyyətinin tərkib hissəsidir. Onlar bu uydurma tarixdən istifadə edərək dünyada antitürk fəaliyyətlərini həyata keçirmək istəyirlər”.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətinin nəticəsi idi ki, Fransa parlamentinin aşağı palatasının, Senatının qəbul etdiyi bu qərar Fransanın Konstitusiya Şurası tərəfindən ləğv olundu: “Əlbəttə, Fransa parlamentində qəbul olunmuş bu qərarın əleyhinə səs verən deputatların imzasını toplamaq, onlarla iş aparmaq böyük bir fəaliyyət tələb edirdi. Bilirsiniz ki, həmin dövrdə biz Azərbaycanla dostluq qrupuna daxil olan bir qrup, o cümlədən Sarkozinin partiyasında təmsil olunan fransız deputatları Azərbaycana dəvət etdik, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq. Azərbaycanda bu məsələyə cənab Prezident də daxil olmaqla, həm parlamentdə, həm Prezident Administrasiyasında müxtəlif qiymətlər verildi”, - Ə.Həsənov qeyd edib.

PA-nın şöbə müdirinin sözlərinə görə, bütün bunlar ona gətirib çıxardı ki, Fransa cəmiyyətində bu qanunun qeyri-düzgünlüyünə inananların sayı artdı və bu ədalətsiz qərar aradan qalxdı.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında qeyd edib ki, ermənilər prezident seçkisi öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxarsalar da, onların bu addımı fiaskoya uğradı: “Fransa uydurma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu təsdiqləsəydi, bu, ölkənin imicinə böyük zərər gətirərdi”.  Azərbaycan Fransa Konstitusiya Şurasının məlum qanunu ləğv etmək barədə qərarını çox müsbət qarşılayır. 

 

 

Vəli Vəliyev

 

Səs.- 2012.- 1 mart.- S. 6.