Novruz-milli birlik bayramıdır

 

Yurdumuza Novruz gəlir! Elimizin nazlı qızı bahar gəlir obamıza. Gəlişiylə ölkəmizə şənlik, birlik, həmrəylik gətirir. Güllər kimi arzular da çiçək açır bu bayramda. Təbiət dilə gəlir, bülbül gülə, gül bülbülə layla çalır Novruzda. İncə nərgizgülü, boynubükük bənövşə xoş ətirli baharın gəlişindən müjdə verir bizlərə. Qatar-qatar sıralanan qaranquşlar baharla bərabər yurdumuza qədəm qoyur. Əsən küləklərin vahiməsindən titrəyən təzə-tər çiçəklərin rəqsi ilə açılır dan yeri bəzən...Göylərdən süzülən gah narın, gah da şıltaq yaz yağışları köhnə ilin qəm-qüssəsini yuyur sanki. Uca dağların başında əriyən qarlar çaylara sel, torpaqlara bərəkət gətirir. Bahar ətirli ilıq nəfəsiylə oyadır təbiəti... Elimizə Novruz gəlir!

Novruz bayramı baharın, yazın gəlişini simvolizə edən qədim xalq bayramımız olmaqla birlikdə, milli birlik və həmrəylik bayramıdır. Sevindirici haldır ki, bu gün Novruz ölkəmizdə rəsmi-milli bayram kimi qeyd olunur. Novruzun gəlişi təzə ilin köhnə ili yola salması olmaqla bərabər, həm də hər birimiz üçün təzə arzu, təzə ümid deməkdir. Bəlkə elə buna görədir ki, baharın gəlişini hamımız səbirsizliklə gözləyirik...

Qədim tarixi olan Novruz şimal yarımkürəsində astronomik yazın başlanması, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Hələ qədim vaxtlardan bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Bir çox Şərq xalqları ilə yanaşı, azərbaycanlılar da baharın - Yeni İlin gəlişini şənliklərlə qarşıamış, adət-ənənələrini bugünəcən qoruyub saxlamışlar. Sevindirici haldır ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Novruz milli birlik bayramı olmaqla yanaşı, hələ qədim zamanlardan dünya xalqlarının bayramı kimi də qeyd olunub. Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus movsüm nəğmələri yaratmış və bu ənənələr bugünümüzə qədər gəlib çatmışdır. Belə ki, Novruz Cənubi Azərbaycanda, Qafqazda, Mərkəzi Asiyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızıstanda da qeyd edilir. Qeyd edək ki, Novruz bayramının ilk günü İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz, həmçinin, Bəhai təqvimində də ilin ilk günüdür.

Kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Elə Novruz çərşənbələri də bu ünsürlər üzərində qurulub. Çərşənbələr hər il Novruz bayramından, yəni, günün bərabərləşməsindən bir ay əvvəl qeyd olunur.

Birincisi su çərşənbəsi adlandırılır. Yəni, bahara doğru dağların buz bağlayan yerləri əriyib çaylara tökülər, torpaq yavaş-yavaş islanmağa başlayar. İlk çərşənbədə qızlar bulaqlardan su gətirər, evin ətrafına çiləyərlər. İkinci çərşənbə od çərşənbəsidir. Bu çənşənbədə bahara doğru günəş tədricən torpağı qızdırır, onu oyatmağa başlayır. Od çərşənbəsində tonqallar qalayar, hər ailə üzvünün adına bir şam yandırarlar. Xonçalar bəzədilər, şirniyyatlar bişirilər...

Üçüncü çərşənbə torpaq çərşənbəsidir. Bu çərşənbə günü günəş torpağı isidir, ona can verir. Buna görə, ilk yaz əkininə məhz torpaq çərşənbəsi günündə başlayarlar. Axırıncı çərşənbə yel çərşənbəsidir. Bəzi bölgələrimizdə bu günə xüsusi diqqət göstərirlər. Yel çərşənbəsində tədricən  isinən hava artıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağaclara sanki layla çalır....

Novruzun ən sevimli günlərindən biri də bayram axşamıdır. Ölkəmizdə bayram axşamı xüsusiylə qeyd olunar. Belə ki, qadınlar aş süzər, kişilər həyətdə tonqal qalayar, od üstündən tullanarlar. Qədim inanclara görə, od üstündən tullananlar il boyu qada-bəladan, ağrı-acıdan uzaq olar.

Bayram günləri, əsasən, 3 gün davam edər. Novruzun ən gözəl xüsusiyyətlərindən biri də odur ki, insanlar bayram günlərində tənha yaşayan, kimsəsiz və xəstə olanlara baş çəkər, bayramlaşar və ehtiyacı olanlara Novruz sovqatı apararlar. Novruzda küsülülər barışar, təzə ilə yaxşı ovqat, xoş arzularla başlayarlar. Sovqat istəyən uşaqlar qapılara torba atar, bayram payı yığar, qız-gəlinlər qulaq falına çıxar, şirniyyat və meyvələrlə bəzədilmiş süfrələr açarlar. Bu ənənə bayram bitənə qədər davam edər. Nəsildən-nəsilə keçən bu adət-ənənələr insanları birləşdirir, xalqı həmrəliyə, birliyə dəvət edir. Odur ki, Novruz həm də milli birlik bayramıdır.

Ölkəmizdə keçirilən Novruz ənənələri də çox maraqlı və cazibədardır. Adətə görə, bayram süfrəsinə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyular. Dadlı, ləzzətli yeməklər bişirilər, qohumlar, tanışlar bir-birini ziyarət edib bayramlaşarlar. Bayram süfrələri ay rəmzi olan şəkərbura, ulduz rəmzi olan paxlava, günəş rəmzi olan   qoğalla bəzədilər, rəngbərəng yumurtalar boyanar. Səməni cücərtmək, ev-eşiyi təmizləmək, ictimai yerləri çıraqlarla bəzəmək Novruza məxsus tamaşaların icrası xalqımızın Novruz adət-ənənələrinin əsasını təşkil edir. Novruz bayramının ən məşhur mərasimini “Koskosa” oyunu hesab etmək olar. Bəzi bölgələrdə meydanlar  bəzədilər, 3 gün davam edən musiqili şənlikdə yallı, ip üstündə gəzmək, at çapmaq, pəhləvanların güləşməsi kimi maraqlı oyunlar nümayiş olunar.

Novruz bayramının mənşəyi, onunla bağlı əfsanələr qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramını ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Kəyumərs, Avestada Qaye Mərdan, Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıdıqdan sonra ərəb xilafəti bu ölkə xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başlamış, əsrlər boyu din xadimləri, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər.

 XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyini qurmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə, başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən, 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə, Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.

Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş Qədim Şumer, Akkard və Assur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş və bugünümüzə qədər gəlib çıxmışdır. Bəzi araşdırmalara görə, isə Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zamanəsinə gedib çıxır. Bu isə, təqribən 3700-5000 il deməkdir. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizaminin “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” əsərlərini göstərmək olar.

Bu gün doğma Azərbaycanımız qədim mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmaqdadır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları arasında fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Məhz ona görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir, qədim mədəniyyətimiz dünya xalqları arasında yüksək səviyyədə təbliğ olunur. Bu sahədə Mehriban xanım Əliyevanın xidmətləri də əvəzsizdir. Onun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi çoxsaylı tədbirlər əhəmiyyətli və tərifəlayiqdir.

Ümumilikdə, Novruz İranda, Qafqazda, Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə təntənəli şəkildə keçirilir. Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Belə məkanlar arasında Los-Anceles, Toronto və Londonu göstərmək olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var. Heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir.  Novruz bayramında ocaq qalamaq və od üstündən tullanmaq istəyən Cənubi Kaliforniyada yaşayan iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir, od yandırmağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

Novruz bayramının beynəlxalq ənənəyə çevrilməsi və bayram mərasimlərinin müxtəlif xalqlar arasında dostluq və qardaşlığa zəmin yaratması xalqlar arasında həmrəyliyə səbəb olmaqla yanaşı, dünya xalqları arasında sülh və səmimilik yaradır. Gəlişiylə elimizə bərəkət, ömrümüzə təravət gətirən Novruz həmrəylik, dostluq   milli birlik bayramıdır. Bayramınız mübarək!

 

 

Jalə Rzabəyli

 

Səs.- 2012.- 2 mart.- S.14.