Vilnüsdə “Vivattur-2012” Beynəlxalq Turizm Sərgisi

 

Cari ilin 2 - 4 mart tarixlərində Litvanın Vilnüs şəhərində keçirilən "VİVATTUR-2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əmkdaşları da iştirak edəcək. Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 25 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də, digər təbliğat materialları ilə təmin olunmuşdur. Azərbaycan ikinci dəfədir ki, "VİVATTUR" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 17ölkədən 192-yə yaxın şirkət təmsil olunacaqdır. Bununla yanaşı, Krım Muxtar Respublikasının Yalta (Ukrayna) şəhərində KMR-in Kurortlar və Turizm Nazirliyi tərəfindən keçiriləcək "Birinci Beynəlxalq Qara Dəniz Forumu"nda və 2012-ci ilin 7-11 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB-2012" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Forumda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini N.Səmədov "Azərbaycanın turizm potensialı: Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı" adlı məruzə ilə çıxış edəcək. Səfər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və KMR Kurortlar və Turizm Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan Krıma və əkş istiqamətdə turist axınının çoxaldılması, ikitərəfli yeni layihələr, Azərbaycanın yeni turizm imkanlarının aşkarlanması, Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı və digər məsələlər müzakirə ediləcək.

2004-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri hər il "İTB" beynəlxalq turizm sərgisində təmsil olunur. Səfər çərçivəsində Azərbaycan Respubükası ilə Almaniya Federativ Respublikası arasında mövcud əməkdaşlığın müzakirə olunması və gələcək əlaqələrin gücləndirilməsi məqsədilə N.Səmədovun bir sıra ikitərəfli görüşləri keçiriləcək. "ITB 2012" sərgisinin rəhbərliyi ilə keçiriləcək görüş zamanı ölkəmizin "İTB" Beynəlxalq Turizm Sərgisində iştirakı və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.

 

 

Zümrüd

 

Səs.- 2012.- 2 mart.- S.12.